Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1008/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: öhdəliklərin icrası, pul tələbi, alqı-satqı müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-1833/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 716Zp saylı alqı-satqı müqaviləsinə əsasən:
2. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı İddiaçı MMC Alıcı "xxxx" MMC-nin sifarişinə (tələbatına) uyğun olaraq ona məxsus olan alqı-satqı obyektini (bundan sonra ismin müvafiq halında mal adlandırılacaq) satmaqla Alıcının mülkiyyətinə verir, Alıcı isə malı qəbul edərək bunun müqabilində bu müqavilənin şərtlərinə uyğun qaydada və məbləğdə pul vəsaitini Satıcıya ödəməyi öhdəsinə götürür.
3. Müqavilənin 1.2-ci bəndinə əsasən mallar Alıcının sorğularına (tələbatına) uyğun olaraq bir və/ya bir neçə ayrı-ayrı hissələrlə (partiyalarla) təchiz edilə bilər.
4. Müqavilənin 1.3-cü bənidnə əsasən bu Müqavilənin şərtlərindən irəli gələn alqısatqı obyekti malın ayrı-ayrı partiyalarının adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri Tərəflər arasında tərtib və təsdiq edilmiş faktura (qiymət razılaşdırılması protokolu) ilə müəyyən edilir.
5. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti Alıcının sifarişinə (tələbatına) uyğun olaraq Tərəflər arasında tərtib və təsdiq edilmiş faktura (qiymət razılaşdırılması protokolu) ilə müəyyən edilir.
6. Müqavilənin 2.2-ci bəndinə əsasən Alıcı malın qiymətini ödəniş qaydalarına uyğun olaraq tərəflərin qarşılıqlı razılığı əsasında nəğd hesablaşma və/və ya köçürmə yolu ilə Satıcıya ödəyir.
7. Müqavilənin 2.3-cü bəndinə əsasən Alıcı faktura üzrə Satıcıdan qəbul etdiyi malın dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə faktura (təhvil-təslim aktı) ilə malın təslimindən sonra bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində Satıcıya ödənilməsini təmin edir.
8. Müqavilənin 2.4-cü bəndinə əsasən malın dəyərinin hissə-hissə ödənilməsi şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında aşağıdakı kimi müəyyən edilmişdir: Malın ümumi dəyəri altı bərabər hissəyə bölünərək altı ay müddətində Alıcı tərəfindən Satıcıya ödəniləcəkdir; -Alıcı hər ay malın ümumi dəyərinin altı hissədən birinin ödənişini təmin edəcəkdir. Hər növbəti ay üçün pulun hissə-hissə ödənişi günü malın Alıcı tərəfindən təhvil alındığı gün sayılır.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcının hüquq və vəzifələri;
10. Müqavilənin 3.1.1-ci bəndinə əsasən Satıcının hüquqları:
11. Müqavilənin 3.1.1.1-ci bəndinə əsasən alıcıdan müqavilənin 1-ci bəndində göstərilən malı Müqavilənin bəndləri ilə müəyyən edilmiş müddətdə və qaydada qəbul etməsini tələb etmək;
12. Müqavilənin 3.1.1.2-ci bəndinə əsasən alıcıdan Müqavilənin 2.-ci bəndində göstərilən malın qiymətini Müqavilənin bəndlərində müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək;
13. Müqavilənin 3.1.1.3-ci bəndinə əsasən Alıcıdan Müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Müqavilənin 7.2.-ci bəndində müəyyən edilmiş öhdəliyin icrasının təmin edilməsi üsullarını tətbiq etmək;
14. Müqavilənin 3.1.1.4-ci bəndinə əsasən Alıcı Müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Müqavilənin icrasından birtərəfli imtina etmək.
15. Müqavilənin 6.2-ci bəndinə əsasən mal faktura və ya təhvil-təslim aktı əsasında Alıcıya verildiyi an təhvil verilmiş sayılır.
16. Müqavilənin 7.2-ci bəndinə əsasən, Alıcı malın dəyərini bu müqavilənin 2-ci bəndi ilə müəyyən edilmiş şərtlərinə uyğun olaraq vaxtında və/və ya tam ödəmədikdə pulun verilməsinin gecikdirildiyi hər gün üçün malın dəyərinin 1 (bir) %-i məbləğində, gecikdirilən günlərin sayı 5 (beş) gündən artıq olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün malın qiymətinin 10 (bir on) %-i məbləğində Satıcıya cərimə ödəməlidir. Cərimənin məbləği malın ümumi dəyərinin 100 (bir yüz)%-dən artıq ola bilməz.
17. Alğı-satqı müqaviləsinə əsasən “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə Seriya EBBL827131 saylı xx.xx.2023-cü il tarixli qaimə (şirkətin özü tərəfindən təsdiqlənmiş) ilə 54000 manat, Seriya EBBY 699162 saylı xx.xx.2022-ci il tarixli qaimə (şirkətin özü tərəfindən təsdiqlənmiş) ilə 5000 (ƏDV 900), Seriya EBCD 222952 saylı xx.xx.2022-ci il tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 9000 manat (ƏDV 1620), Seriya EBCD 584354 saylı xx.xx.2022-ci il tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 122208 manat (ƏDV 21997,44), Seriya EBCD 584337 saylı xx.xx.2022-ci il tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 49710 manat (EDV 8947,80), Seriya EBDD 675121 saylı, xx.xx.2023-cü il tarixli qaimə (şirkətin özü tərəfindən təsdiqlənmiş) ilə 17324,73 manat (3118,45), Seriya EBDG 328132 saylı xx.xx.2023-cü il tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 19067,80 manat (ƏDV 3432,20), Seriya EBDG 904934 saylı xx.xx.2023-cü il tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 263,14 (ƏDV 47,36) manat məbləğində olmaqla ümumilikdə 276573,67 manat (ƏDV 40063,25) məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş. Bütün qeyd edilən e-qaimələr çap edilərək imza və Cavabdeh MMC-nin möhürü ilə, sonuncu iki Seriya EBDG 328132 saylı və Seriya EBDG 904934 saylı e-qaimələr isə imza və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. Buna baxmayaraq, ƏDV ödənişi çıxarışından görünür ki, Seriya EBDG 328132 saylı e-qaimə üzrə Cavabdeh MMC tərəfindən qismən ədv ödənişi həyata keçirilmişdir.
18. "xxxx" QSC-nin əməliyyat təfərrüatı adlı sənədlərə əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 42,330 manat, xx.xx.2021-ci il tarixdə 8000 manat, xx.xx.2022-ci il tarixdə 3813,56 manat, xx.xx.2022-ci il tarixdə 686,44 manat, xx.xx.2022-ci il tarixdə 2983,56 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 12016,44 manat, xx.xx.2022-ci il tarixdə 84000 manat, xx.xx.2023-cü il tarixdə 7000 manat, xx.xx.2023-cü il tarixdə 2400 manat olmaqla ümumilikdə 168230 manat (ƏDV 36729,4) pul vəsaiti ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli, 716ZP nömrəli alğı-satqı müqaviləsinə və “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə qaimələrə əsasən cavabdeh tərəfindən alınmış malların ödənilməyən hissəsi olaraq 108343,67 manat və ƏDV 3333,85 manat, o cümlədən Müqavilənin 7.2-ci bəndinə əsasən malın dəyərinin gecikdirildiyi ilk 5 gün üçün 5% (5417,15 manat), ondan sonrakı hər gün üçün 10% (108343,67), mediasiya üçün iddiaçının ödədiyi 400 manat, işin məhkəməyə verilməsi üçün ödənilmiş 515,84 manat dövlət rüsumu olmaqla ümumilikdə 226.354,18 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 06 sentyabr 2021-ci il tarixdə 716ZP nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Qeyd olunan müqaviləyə uyğun olaraq Alıcının sifarişinə əsasən Satıcı ona Mal gətirmiş, müqaviləyə uyğun olaraq malın təhvil verilməsinə görə qaimə faktura tərtib edilib Alıcıya təqdim edilmişdir. Satıcı tərəfindən malların təhvil verilməsindən sonra həmin mallara uyğun tərtib edilmiş qaimə-faktura Alıcıya təqdim edilmiş, Alıcı malları və buna uyğun tərtib edilərək təqdim edilmiş qaimə fakturaları qəbul etmişdir. Lakin Alıcı aldığı malların dəyərini tam ödəməmiş, müqavilə üzrə verdiyi sifarişə uyğun olaraq aldığı malların dəyərini hissə-hissə olmaqla qismən ödəmiş, qalan məbləğ ödənilməmiş qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış 06 Sentyabr 2021-ci il tarixli, 716ZP nömrəli alğı-satqı müqaviləsinə əsasən “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə Seriya EBBL, 827131 saylı,xx.xx.2023-cü il tarixli qaimə ilə 54000 manat, Seriya EBBY, 699162 saylı,xx.xx.2022-ci il tarixli qaimə ilə 5000 (ƏDV 900), Seriya EBCD, 222952 sayl,ı xx.xx.2022-ci il tarixli qaimə ilə 9000 manat (ƏDV 1620), Seriya EBCD, 584354 saylı, xx.xx.2022-ci il tarixli qaimə ilə 122208 manat (ƏDV 21997,44), Seriya EBCD, 584337 saylı,xx.xx.2022-ci il tarixli qaimə ilə 49710 manat (EDV 8947,80), Seriya EBDD, 675121 saylı, xx.xx.2023-cü il tarixli qaimə ilə 17324,73 manat (3118,45) Seriya EBDG, 328132 saylı, xx.xx.2023-cü il tarixli qaimə ilə 19067,80 manat (ƏDV 3432,20), Seriya EBDG, 904934 saylı,xx.xx.2023-cü il tarixli qaimə ilə 263,14 (ƏDV 47,36) manat məbləğində olmaqla ümumilikdə 276573,67 (iki yüz yetmiş altı min beş yüz yetmiş üç manat, altmış yeddi qəpik) manat (ƏDV 40063,25) məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdeh də həmin mallara uyğun qaimələri imza və möhürlə təsdiq edərək qəbul etmişdir. Qeyd olunan qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 276573,67 manat (ƏDV 40063,25) məbləğində mal verilmiş,cavabdeh tərəfindən həmin mallar üzrə hissəhissə AccessBank vasitəsilə iddiaçının hesabına köçürmə yolu ilə xx.xx.2021-ci il tarixdə 42,330 manat, xx.xx.2021-ci il tarixdə 8000 manat, xx.xx.2022-ci il tarixdə 3813,56 manat, xx.xx.2022-ci il tarixdə 686,44 manat, xx.xx.2022-ci il tarixdə 2983,56 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 12016,44 manat, xx.xx.2022-ci il tarixdə 84000 manat, xx.xx.2023-cü il tarixdə 7000 manat, xx.xx.2023-cü il tarixdə 2400 manat olmaqla ümumilikdə 168230 manat (ƏDV 36729,4) pul vəsaiti ödənilmişdir. Beləliklə göründüyü kimi cavabdehin 108343,67 manat (ƏDV 3333,85) manat borcu qalmışdır (276573,67- 168230=108343,67). Satıcı tərəfindən qaimə fakturaların göndərilməsinə və Alıcı tərəfindən həmin qaimələrin qəbul edilməsinə baxmayaraq keçən müddət ərzində ödənilməmiş borcu Satıcı dəfələrlə şifahi olaraq tələb etmiş, hər hansı ödəniş olmadığından iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya göndərərək bildirmişdir: “06 sentyabr 2021-ci il tarixli N716ZP saylı Müqavilənin şərtlərini birtərəfli qaydada pozmaqla öhdəliklərin icrasından yayınılmışdır. Həmin müqavilə əsasında, ümumilikdə cavabdehin 108000 manat borcu yaranmışdır. Dəfələrlə şifahi qaydada cavabdehdən borc məbləğinin ödənilməsi xahiş edilsə də, nəticə dəyişməmiş, öhdəlik yerinə yetirilməmişdir. Müqavilənin 7.2-ci bəndinə əsasən, Alıcı malın dəyərini bu müqavilənin 2-ci bəndi ilə müəyyən edilmiş şərtlərinə uyğun olaraq vaxtında və/və ya tam ödəmədikdə pulun verilməsinin gecikdirildiyi hər gün üçün malın dəyərinin 1 (bir) %-i məbləğində, gecikdirilən günlərin sayı 5 (beş) gündən artıq olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün malın qiymətinin 10 (bir on) %-i məbləğində Satıcıya cərimə ödəməlidir. Müqavilənin 8.2-ci bəndinə əsasən, müqavilənin icrasından irəli gələn və qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr, ixtilaflar Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Azərbaycan məhkəmələrində həll edilir. Bundan başqa cavabdehin aldığı malların pulunu vaxtında verməməsi səbəbindən iddiaçı maliyyə çətinliyi çəkmiş və məcbur qalıb işçilərini işdən azad etmişdir. O cümlədən iddiaçı cavabdehin sifarişi ilə xarici ölkəyə mal sifariş vermiş, həmin malların bir hissəsinin pulunu ödəmişdir. Lakin cavabdeh əvvəlki mallar üzrə borcunu ödəmədiyindən iddiaçı xarici ölkədən sifariş etdiyi malları gətirə bilmir, üstəgəl qaytara da bilmir. Cavabdeh aldığı malların dəyərini vaxtında ödəmədiyindən iddiaçının dövriyyəsi aşağı düşmüş, iddiaçı qazana biləcəyi faydalardan məhrum olmuşdur. Ona görə də tərəflər arasında bağlanmış 06 Sentyabr 2021-ci il tarixli, 716ZP nömrəli alğı-satqı müqaviləsinə əsasən və “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə qaimələrlə cavabdeh tərəfindən alınmış malların ödənilməyən hissəsi olaraq 108343,67 manat və ƏDV 3333,85 manat, o cümlədən Müqavilənin 7.2-ci bəndinə əsasən malın dəyərinin gecikdirildiyi ilk 5 gün üçün 5% (5417,15), ondan sonrakı hər gün üçün 10% (108343,67), mediasiya üçün iddiaçının ödədiyi 400 manat, işin məhkəməyə verilməsi üçün ödənilmiş 515,84 manat dövlət rüsumu olmaqla ümumilikdə 226354,18 manat (iki yüz iyirmi altı min üç yüzəlli dörd manat on səkkiz qəpik) pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
21. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, “tərəflər arasında 06 Sentyabr 2021-ci il tarixli, 716ZP nömrəli alğı-satqı müqaviləsi imzalanmış, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə mallar verilmiş, müqavilə şərtlərinə uyğun olaraq alınmış malların dəyəri ödənildikdən sonra, növbəti partiya mallar cavabdehə verilmişdir. Yəni, verilmiş malların dəyəri ödənilmədən, yeni malların verilməsi mümkün olmamışdır. Alınmış malların dəyərinin bir hissəsi ödəniş tapşırığı, bir hissəsi isə nağd şəkildə iddiaçının rəhbərinə ödənilmişdir və bunu çoxsaylı şahidlər məhkəmədə təsdiq edəcəklər. Malların dəyərinin nağd şəkildə ödənilməsi müqavilədə nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimə fakturaların heç biri şirkətin rəhbəri tərəfindən imza edilməmişdir. Eyni hal tərəflər arasında bağlanılan müqavilədə də öz əksini tapmışdır, belə ki, müqavilədə şirkətin rəhbəri tərəfindən imzalanmamışdır. Tərəflər arasında bağlanılan müqavilənin iqtisadı, maddi və biznes marağı ondan ibarət olmuşdur ki, GREEN FARM bazarda kifayət qədər biznes kontaktlarına malikdir. Bu baxımdan "xxxx" MMC-nin rəhbəri birgə biznes əməkdaşlığını eləməyi, xaricdən gətirdiyi dərman əlavələri və vasitələrinin satışına köməklik göstərilməsini "xxxx" MMC-nin rəhbərindən dəfələrlə xahiş etmiş, nəticə etibarilə tərəflər arasında formal müqavilə bağlanmasına razılıq verilmiş, lakin həmin müqavilənin kim tərəfindən imzalanması da şirkət rəhbərinə məlum deyildir. Həmin qaimə fakturaların MMC-nin möhürü təsdiq olunmasına gəldikdə isə həmin sənədlərə möhürü MMC-nin mühasibi vurmuşdur. Mühasib eyni zamanda iddiaçının da mühasibi olduğundan etibardan sui-istifadə etmiş, cavabdeh MMC-nin xəbəri olmadan və şirkətin rəhbərinin imzası saxtalaşdırılaraq qaimə fakturaları şirkətin möhürü ilə təsdiq etmişdir.
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1833/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 716ZP saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 108.343,67 manat əsas borc məbləği, 3.333,85 manat ƏDV məbləği, 5584 manat dəbbə pulu və mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 408 manat, cəmi 117.669,52 manat (bir yüz on yeddi min altı yüz altmış doqquz manat əlli iki qəpik) tutularaq iddaçı İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
23. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 443.1, 462.1, 467, 567, 568.1, 579.1-cu maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-1833/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəflər arasında müqavilə öhdəliyinin mövcud olmasını, cavabdehə elektron qaimə göndərilməsini əsas gətirmiş və bununla da hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmasını qeyd etmişdir. Belə ki, “tərəflər arasında 06 Sentyabr 2021-ci il tarixli, 716ZP nömrəli alğı-satqı müqaviləsi imzalanmış, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə mallar verilmiş, müqavilə şərtlərinə uyğun olaraq alınmış malların dəyəri ödənildikdən sonra, növbəti partiya mallar cavabdehə verilmişdir. Yəni, verilmiş malların dəyəri ödənilmədən, yeni malların verilməsi mümkün olmamışdır. Alınmış malların dəyərinin bir hissəsi ödəniş tapşırığı, bir hissəsi isə nağd şəkildə iddiaçının rəhbərinə ödənilmişdir və bu məhkəmə iclasında şahidlərin ifadəsi ilə təsdiq olunmuşdur. Məlumat üçün bildirim ki, malların dəyərinin nağd şəkildə ödənilməsi müqavilədə nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd edim ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimə fakturaların heç biri şirkətin rəhbəri tərəfindən imza edilməmişdir. Eyni hal tərəflər arasında bağlanılan müqavilədə də öz əksini tapmışdır, belə ki müqavilə də şirkətin rəhbəri tərəfindən imzalanmamışdır. Tərəflər arasında bağlanılan müqavilənin iqtisadı, maddi və biznes marağı ondan ibarət olmuşdur ki, GREEN FARM bazarda kifayət qədər biznes kontaktlarına malikdir. Bu baxımdan "xxxx" MMC-nirnə hbəri birgə biznes əməkdaşlığını eləməyi, xaricdən gətirdiyi dərman əlavələri və vasitələrinin satışına köməklik göstərilməsini "xxxx" MMC-nin rəhbərindən dəfələrlə xahiş etmiş, nəticə etibarilə tərəflər arasında formal müqavilə bağlanmasına razılıq verilmiş, lakin həmin müqavilənin kim tərəfindən imzalanması da şirkət rəhbərinə məlum deyildir. Həmin qaimə fakturaların MMC-nin möhürü təsdiq olunmasına gəldikdə isə həmin sənədlərə möhürü MMC-nin mühasibi vurmuşdur. Mühasib eyni zamanda iddiaçının da mühasibi olduğundan etibardan sui istifadə etmiş, bizim xəbərimiz olmadan və şirkətin rəhbərinin imzası saxtalaşdırılaraq qaimə fakturaları şirkətin möhürü ilə təsdiq etmişdir. Məhkəməyə malın məhz cavabdehə və yaxud da səlahiyyətli nümayəndəsinə təhvil verilməməsi barədə kifayət qədər mötəbər sübutlar təqdim olunsa da və eyni zamanda bunu iddiaçının özü etraf etsə də, məhkəmə bunu nəzərə almamışdır. Belə ki, məhkəmə iclasında iddiaçının direktoru E.Əliyeva etiraf etmişdir ki, malları GREEN FARM-a deyil, X2 təhvil vermişdir. Lakin, X1 GREEN FARM-a aidiyyəti müəyyən olunmamışdır. Məhkəmə iclasında ifadə verən X3 bildirmişdir ki, GREEN FARM-da hər hansı vəzifəni icra etmir, malları iddiaçıdan özü almış və dəyərini də nağd şəkildə ödəmişdir. Cərimənin hesablanmasında isə məhkəmə qeyd edir ki, məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 5584 manat məbləğində müəyyən edilməlidir. Yəni məhkəmə hesab etmişdir ki, cərimə məbləğinin iddiaçının tələb etdiyi 108 000 manatdan – 5584 manata azaltmaq ədalətlidir. Hesab edirəm ki, həmin hissədə də qətnamə qanunsuzdur. Çünki, məhkəmə ilk növbədə tələb olunan dəbbə pulunun şişirdilmiş məbləğ olmasına qiymət verməli idi.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş edir.
26. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydad məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 357-ci maddənin tələblərinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358-ci maddənin tələblərinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh MMC tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1833/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 716ZP saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı İddiaçı MMC Alıcı "xxxx" MMCnin sifarişinə (tələbatına) uyğun olaraq ona məxsus olan alqı-satqı obyektini (bundan sonra ismin müvafiq halında mal adlandırılacaq) satmaqla Alıcının mülkiyyətinə verir, Alıcı isə malı qəbul edərək bunun müqabilində bu müqavilənin şərtlərinə uyğun qaydada və məbləğdə pul vəsaitini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən mallar Alıcının sorğularına (tələbatına) uyğun olaraq bir və/ya bir neçə ayrı-ayrı hissələrlə (partiyalarla) təchiz edilə bilər. Alıcı malın tələb olunan miqdarı və çeşidi haqda 03 ay qabaqcadan Satıcıya sifariş verməlidir. Müqavilənin 1.3-cü bənidnə əsasən bu Müqavilənin şərtlərindən irəli gələn alqı-satqı obyekti malın ayrı-ayrı partiyalarının adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri Tərəflər arasında tərtib və təsdiq edilmiş faktura (qiymət razılaşdırılması protokolu) ilə müəyyən edilir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti Alıcının sifarişinə (tələbatına) uyğun olaraq Tərəflər arasında tərtib və təsdiq edilmiş faktura (qiymət razılaşdırılması protokolu) ilə müəyyən edilir. İddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimələr (cavabdeh tərəfindən təsdiqlənmiş qaimələr) və qismən ödənişlər ilə təsdiq olunduğu üçün 108.343,67 manat borcun mövcud olduğu müəyyən edilir. Qeyd olunan borca görə birinci instansiya məhkəməsi tərəfindən tutulan 5558 manat dəbbə pulu AR MM-nin 467-ci maddəsinə əsasən ədalətli və ağlabatan miqdarda müəyyən edilmişdir.
32. Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil etdiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən bu dəlillərin araşdırılmasını və müəyyən edilməsini qeyd edir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin istinad etdiyi dəlil kimi müqavilənin formal olaraq bağlanması iş materialları ilə təsdiq edilmir, əksinə iş materiallarında olan qeyd olunan müqavilə üzrə qismən ödənişlər müqavilənin həqiqi niyyətlə və müqaviləyə uyğun hüquqi nəticə gözləntinisinə müvafiq olaraq bağlandığı müəyyən edilir. Bundan əlavə, cavabdehin həm etirazında, həm apellyasiya şikayətində ziddiyyətli mövqeyi də cavabdehin öz dəlillərini şübhə altına alır. Belə ki, cavabdeh həm müqavilənin formal olaraq bağlandığını, həm də müqavilə üzrə müxtəlif növ malların iddiaçı tərəfindən cavabdehə təhvil verildiyini bildirir. Müqavilədəki imzanın qanuni təmsilçiyə deyil, başqa şəxsə məxsus olması dəlili AR MM-nin 357, 358-ci maddəsinin tələblərinə əsasən əsaslı sayılmır. Müqavilənin səlahiyyətli olmayan şəxs tərəfindən imzalanması halında da malların cavabdeh tərəfindən təhvil alınması, malların satışı üzrə qismən ödəmənin həyata keçirilməsi, elektronqaimələrin cavabdeh tərəfindən təsdiq edilməsi əqdin bəyənilməsini təsdiq edir. Şahid ifadələri isə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən üstün hüquqi qüvvəsi yoxdur, digər sübutlarla yanaşı qiymətləndirilir. Borcun mövcud olması barədə müqavilə, elektron-qaimələr və digər sübutlar mövcud olduğu halda sadalanan sübutların təkzib edilməsi üçün şahid ifadələri yetərli deyil. Cavabdeh tərəfindən isə borcun ödənilməsi, müqavilənin formal olması barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1833/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.