Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-101/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı subpodrat müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya işi Açar söz: podrat müqaviləsi üz borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı subpodrat müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4439/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2019-cu il tarixli, HX 008/0319 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış subpodrat müqaviləsindən görünür ki, İddiaçı MMC "X1 Company" MMC-nin təsdiq etdiyi və/və ya təqdim etdiyi iş layihəyə uyğun olaraq “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində ASY1,ASY2,ASY3,ASY4,ASY3-1,ASY3-2 kanallarının qazılması, paylayıcı dəmir/beton kanallarının əsasının qurulması üçün torpağın daşınması işlərini bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən iş həcmlərinə və vahid qiymətlərə uyğun yerinə yetirməyi, başa çatdırmağı və Cavabdeh MMC ilə birlikdə İddiaçı MMC-yə təhvil verməyi, Cavabdeh MMC isə İddiaçı MMC-nin gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2020-ci il tarixli EBAH seriyalı 029882 nömrəli, xx.xx.2020-ci il tarixli EBAİ seriyalı 278053 nömrəli, xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 328048 nömrəli, xx.xx.2020ci il tarixli 544373 nömrəli və xx.xx.2020-ci il tarixli 782666 nömrəli elektron qaimələrdən, subpodradçının görülmüş işlərə dair qəbul aktlarından görünür ki, İddiaçı MMC “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində ümumilikdə ƏDV daxil 846568,58 manat (717431 +129137,58 ƏDV) məbləğində işlər görülməklə xidmət göstərilmiş, bu işlərin dəyərindən ƏDV daxil 556141,08 manat ödənilmiş, ƏDV daxil 290427,50 manat (246125 +44302,50) borc qalmışdır.
3. Borcun ödənilməsi üçün qarşı tərəfə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC cavabdeh " X1 Company" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, HX 008/0319 saylı subpodrat müqaviləsinə əsasən icraçı tərəfindən yerinə tam yetirilmiş xidmətlərə görə sifarişçi tərəfindən ödənilməmiş 290427,50 manat (18% ƏDV-si daxil) manat borc, mediasiya xidmətinə görə 400 manat və dövlət rüsumu kimi ödənilmiş 190,43 manat məbləğində pulun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "X1 Company" MMC arasında xx.xx.2019-cu il tarixli, HX 008/0319 saylı subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi yəni "X1 Company" MMC-nin tapşırığı əsasənda icraçı yəni İddiaçı MMC “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində ASY1,ASY2,ASY3,ASY4,ASY3-1,ASY3-2 kanallarının qazılması, paylayıcı dəmi/beton kanallarının əsasının qurulması üçün torpağın daşınması və qafrilənmiş d160-d110 mm-lik dren polietilen borularının və dəmir beton quyuların layihəyə uyğun quraşdırılması işlərini həyata keçir. Sifarişçi isə göstərilən işlərin razılaşdırılmış dəyərini icraçıya ödəyir. Müqaviləyə əsasən xidmətlər sifarişçi tərəfindən təhvil-təslim Asktları (Forma-2 və Forma3) əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır. Görülən işlərin müqabilində Təhvil-təslim aktları (Forma-2 və Forma-3) əsasında elektron qaimələr tərtib edilmiş və tərəflər tərəfindən imzalanmışdır. Sifarişçiyə təqdim edilərək təsdiqlənmiş EBAH seriyalı, 029882 nömrəli, xx.xx.2020-ci il tarixli Elektron Qaimə üzrə 184080,00 manat, EBAİ seriyalı, 278053 nömrəli, xx.xx.2020-ci il tarixli Elektron Qaimə üzrə 229164,26 manat, EBAJ seriyalı, 328048 nömrəli, xx.xx.2020-ci il tarixli Elektron Qaimə üzrə 300081,08 manat,EBAK seriyalı, 544373 nömrəli, xx.xx.2020-ci il tarixli Elektron Qaimə üzrə 103330,24 manat,EBAL seriyalı, 782666 nömrəli, xx.xx.2020-ci il tarixli Elektron Qaimə üzrə 29913,00 manat olmaqla ümumi məbləği (18 % ƏDV-s idaxil) 846568,58 manatlıq işlər görülmüşdür. Elektron Qaimələr üzrə sifarişçi tərəfindən icraçıya ƏDV 556141,08 manat ödənilmiş və sifarişçi tərəfindən icraçıya ƏDV daxil 290427,50 manat məbləğində ödənilməmiş pul borcu qalmışdır (təqdim olunmuş Elektron Qaimələr ilə, təhvil-təslim aktı, həyata keçirilən ödənişlər və ödənilməyən borclar barəsində ətraflı məlumat arayış formasında hazırki iddia ərizəsinə əlavə olunur). Beləliklə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, HX 008/0319 saylı Subpodrat müqaviləsi üzrə 246125,00 manat əsas borc, 44302,50 manat məbləğində ƏDV-si ilə birlikdə 290427,50 manat ödənilməmiş qalır. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə xx.xx.2022-ci il tarixdə müqavilədən irəli gələn öhdəlkiklərin icrası barədə pretenziya məktubu göndərilmiş yaranmış borcun ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 10 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4439/2022 saylı qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilərək Cavabdeh MMC-dən ƏDV daxil 290427,50 manat əsas borcun, 400 manat mediasiya xərcin və 180,43 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində subpodrat müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh göstərilən xidmətlərə görə ƏDV daxil qalıq borc olan 290427,50 manat məbləğində pulu İddiaçı MMC-yə ödəməmişdir.
8. Məhkəmə 190,43 manat məbləğində iddia tələbinin dövlət rüsumu hissəsi ilə bağlı isə qeyd etmişdir ki, həmin tələb qismən təmin edilməlidir, belə ki, iddia qiyməti 290428 manat məbləğində olan iddialar üçün 580,43 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda iddiaçı mediasiya xərci olaraq 400 manat, dövlət rüsumu olaraq isə 190,43 manat, cəmi 590,43 manat məbləğində pul ödədiyindən həmin tələb yalnız 180,43 manat hissədə təmin edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4439/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı görülmüş işlərin sübütedici sənədlər kimi tərəflər arasında imzalanmış təhvil-təslim aktları (Forma-2 və Forma-3) və e-qaimələri məhkəməyə təqdim etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə bildirmişdir ki, görülmüş işlər müqabilində, cavabdeh tərəfindən cəmi ƏDV daxil 556141,08 manat ödəniş edilmiş və ƏDV daxil 290427,50 manat borc cavabdeh tərəfindən ödənilməmişdir. Təsdiqedici sənəd kimi də iddiaçının bank hesabından çıxarışı yox, iddiaçi tərəfindən tərtib edilmiş və imzalanmış maliyyə arayışı təqdim etmişdir. Lakin sözügedən maliyyə arayışda cavabdeh tərəfindən ödənilən 726568,08 manatı azaldılaraq 556141,08 manat olaraq səhv göstərilmişdir. Məhkəmədə sübutlara obyektiv və hərtərəfli baxmamış, iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışını əsas götürərək iddiaçının iddiasını tam təmin etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi Nümayəndə2 və Nümayəndə3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.
12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
13. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 752.1-ci maddə-podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddə-sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 760.2-ci maddə-əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762.2-ci maddə- Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 770-ci maddə-əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddə- Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddə-Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
14. Qətnamə cavabdeh tərəfindən qismən-iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4439/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Cavabdehin apellyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh subicarə müqaviləsi əsasında iddiaçı tərəfindən görülmüş işin həcmini mübahisələndirmir. Apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, cavabdeh tərəfindən 726568.08 manat ödəniş edildiyi halda, iddiaçı bu məbləği azaldaraq azaldılaraq 556141.08 manat göstərmişdir.
17. Məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 77.1-ci maddəsinə əsasən ödəniş məbləğinin iddiaçının göstərdiyi məbləğdən daha artıq olduğunu sübut etmək cavabdehin vəzifəsi olduğu halda cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən işdə olan sübutlar əsasında mübahisə məhkəmə tərəfindən düzgün həll edilmişdir.
18. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4439/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4439/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.