Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1014/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı bank qarantiyalarının verilmiş olduğunun təsdiq edilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, e-2-2(113)-5971/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “İddiaçı” Şirkəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı “İddiaçı” şirkətinin xeyrinə 28 oktyabr 2019-cu il tarixində verilmiş 1 nömrəli X2, 28 oktyabr 2019-cu il tarixində verilmiş 2 nömrəli X2, 28 oktyabr 2019-cu il tarixində verilmiş 3 nömrəli öhdəliyin icrası qarantiyasının, 13 dekabr 2021-ci il tarixində verilmiş 4343 nömrəli X2, 13 dekabr 2021-ci il tarixində verilmiş 4344 nömrəli X2 və 2 noyabr 2018-ci il tarixində verilmiş 2235 nömrəli öhdəliyin icrası Qarantiyasın verilmiş olduğunun təsdiq edilməsi, adıçəkilən bank qarantiyaları üzrə iddiaçı “İddiaçı” şirkətinin benefesiar olduğunun təsdiq edilməsi, adıçəkilən bank qarantiyaları üzrə ödəniş tələbinin bank qarantiyalarında nəzərdə tutulmuş müddətdə və nəzərdə tutulmuş qaydada iddiaçı “İddiaçı” şirkəti tərəfindən cavabdeh "xxxx" ASC-yə verildiyinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, e-2-2(113)-5971/2024 saylı qərardadı ilə iddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı bank qarantiyalarının verilmiş olduğunun təsdiq edilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hesab edilir ki, məhkəmə hazırkı işdə ümumiyyətlə tətbiq edilməli olmayan “Müflisləşmə və iflas haqqında” Qanuna istinad etməklə hazırkı iddia tələbinə məhkəmə qaydasına baxıla bilməməsi barədə əssassız nəticəyə gəlmişdir. Belə ki, “Müflisləşmə və iflas haqqında” Qanunun 2-ci maddəsinin 2-ci hissəsində açıq və aşkar şəkildə qeyd edilir ki, bu Qanun banklara şamil edilmir. Cavabdeh bank olduğundan, “Müflisləşmə və iflas haqqında” Qanunu hazırkı iddia tələbinə şamil edilmir. Göründüyü kimi, məhkəmə hazırkı işdə tətbiq edilməli olmayan normativ hüquqi akta istinad etməklə iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Digər tərəfdən, hazırkı iddiaya məhkəmə qaydasında baxılmalı olması birbaşa olaraq Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarında göstərilmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; və 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar”. X3 Məhkəməsi qeyd edir ki, “iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraati qaydasında baxılmalıdır.” Hazırkı iddia ləğv etmə prosesində olan "xxxx" ASC-nin hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn iddia olduğundan bu iddiaya üzrə işə mülki məhkəmə icraatında qaydasında baxılmalıdır. Göründüyü kimi, məhkəmənin qərardadı həmçinin Konstitusiya Məhkəməsinin ifadə etdiyi mövqeyə də ziddir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən borclunun müflis elan olunmasının məqamları aşağıdakılardır: a) borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixi və ya; b) bu Qanunun tələblərinə uyğun olaraq kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixi. Həmin Qanunun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən borclunun əmlakını təşkil edən aktivlər bu Qanunun İX fəslinin müddəalarına uyğun olaraq aşağıdakı növbəlik qaydasında bölünməlidir: a) birinci növbədə iflas prosesinə çəkilən bütün məsrəflər və xərclər (o cümlədən müflisolmanın mediada elan edilməsi xərcləri, məhkəmə xərcləri, əmlak inzibatçısının və müvəqqəti əmlak inzibatçısının haqqı və xərcləri, habelə müflisolma məqamından sonra əmlak inzibatçısının qəbul etdiyi və ya davam etdirdiyi öhdəliklərdən irəli gələn tələblər) ödənilir; b) ikinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması barəsində tələbləri ödənilir; c) üçüncü növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi barədə tələblər ödənilir, həm də bu tələblər borclunun müflisolma məqamından əvvəlki 6 ayadək müddətlə məhdudlaşdırılır; ç) dördüncü növbədə aşağıdakılar ödənilir: dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişlər. Bu tələblər borclunun müflis elan olunması tarixindən əvvəlki bir il ərzində yaranmış öhdəlikləri əhatə edir; kredit təşkilatlarının, o cümlədən qeyri-rezidentlərin bu Qanunun qüvvəyə mindiyi tarixədək ödənilməmiş təminatsız borcları və onların faizləri barəsində tələbləri; d) beşinci növbədə təminatsız kreditorların tələbləri ödənilir; e) altıncı növbədə borclu müəssisənin mülkiyyətçilərinin tələbləri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən məhkəmənin gəldiyi nəticə bundan ibarət olmuşdur ki, göründüyü kimi, borclu müflis elan olunandan sonra bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur və borcluya qarşı tələblər yalnız “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. Ona görə də hazırkı iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ləğvedicidən daxil olan şifahi məlumata əsaslanaraq qarantiyanın bankda uçota alınmadığını bildirmiş və mənafeyini müdafiə etmək məqsədilə təsbit etmə iddiası ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd edilən məlumatı yazılı qaydada təqdim etdiyi halda yeni əsasla təsbit etmə iddiası ilə yenidən məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiya qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən yolverilməzliyə görə geri qaytarılmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “İddiaçı” Şirkəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, e-2-2(113)-5971/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-1014/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1014/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qarantiya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver