Məhkəmə qərarları › İş №e-2-2(1-8)-401/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-401/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qarantiya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-401/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı

1. İddiaçı BOKT MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il ## ##### tarixli müqaviləyə əsasən qarantiyanın verilməsi və sənədləşdirilməsi üçün 50 manat komissiya haqqı, qarantiya məbləğinə illik hesablanan 3% həcmində 14.873,52 manat haqq, iddiaçı tərəfindən ödənilmiş 134,77 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ###### tarixli e-2-2(113)- ****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 3.614,60 manat pul, 50 manat sənədləşmə üçün komissiya haqqı və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 56.64 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim – G.Həşimova).

3. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir (sədrlik edən hakim - T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).

5. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 361.1-ci maddəsində apellyasiya şikayətinin bu məcəllə ilə müəyyən olunmuş formada verilməsi nəzərdə tutulmuş, həmin forma məcəlləyə * saylı Əlavədə göstərilmişdir.

6. MPM-in “Apellyasiya şikayətinin forması” adlı * saylı əlavəsində müəyyən olunmuşdur ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq olunmadığı iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv olunmasına və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

7. Lakin iddiaçı prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmiş, apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində öz tələbini aydın ifadə etməmiş, yalnız qeyd edilənləri və MPM-in 384.0.2-ci maddəsini rəhbər tutaraq, bütün faktiki halları yenidən qiymətləndirərək yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Lakin MPM-in “Apellyasiya şikayətinin forması” adlı * saylı əlavəsinə əsasən apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul olunmasına dair tələblərini dəqiq bildirməlidir.

9. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in “Apellyasiya şikayətinin forması” adlı * nömrəli əlavəsinə, həmçinin 361.1, 363.1.1-1, 366.1 və 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunması və işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

11. MPM-in 361.1-ci maddəsi üzrə - qətnamədən verilmiş apellyasiya şikayətində MM-in 373.2, 373.3 və 479-cu maddələri üzrə ətraflı izah verilərək göstərilmişdir ki, “məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmçinin, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir”.

12. Qarantiya müqaviləsi 2020-ci il ## ##### tarixində bağlanmış, müqavilənin 1.1ci maddəsində də “prinsipialın benefisiar qarşısında “2023-cü il ## ### tarixinədək” 160.650 manat məbləğində öhdəliklərin lazımınca icrasının təmin edilməsi” tərəflər arasında razılaşdırılmışdır. Yəni müqavilə 3 il 1 ay 1 gün – 37 ay 1 gün müddətinə bağlanmışdır. Beləliklə iddiaçı Bakı Kommersiya Məhkəməsinə 2025-ci il ## ######## tarixində iddia ərizəsi ilə müraciət edərkən iddia müddətini ötürməmişdir. Belə ki, 2020-ci il ## ##### tarixində 3 il 1 ay müddətinə bağlanmış müqavilə qeyd olunarkən, 2021-ci il ## ##### tarixində 1il, 2022-ci il ## ##### tarixində 2 il, 2023-cü il ## ### tarixində isə 3 il 1 ay 1 gün nəzərdə tutulur. Müqavilənin predmetində də 2023-cü il ## ### tarixinədək əsas öhdəliyin icrası nəzərdə tutulmuşdur. Cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəyə iddiaçı şifahi şəkildə etirazını bildirsə də, məhkəmə həmin ərizəni müsbət qiymətləndirərək yanlış nəticəyə gəlmişdir.

13. MM-in 479-cü maddəsi üzrə - qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. Qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. Qətnamə ilə qarantın müqavilə, Mülki Məcəllə və digər qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlarını pozulmuşdur. Qarantiya münasibəti hüquqi mahiyyətinə görə müstəqil öhdəlik daşıyır və bu münasibət çərçivəsində qarant benefisiar qarşısında prinsipialın öhdəliyinin icrasını təmin etmək məqsədilə öz vəsaiti və nüfuzu hesabına risk götürür. Qarant tərəfindən qarantiya verilməsi təmənnasız öhdəlik deyil, əksinə maliyyə riski, məsuliyyət və təşkilatı xərclərlə müşayiət olunan ödənişli xidmət növüdür.

14. Məhkəmə iddia müddəti tətbiq edilməsi və cavabdehdən yalnız 2022-ci il ## ######## tarixindən sonra ödəməli olduğu muzd məbləği tutulması qənaətinə gəlmişdir.

15. Iddiaçı həmin mövqe ilə razılaşmayaraq bildirir ki, müqavilə üzrə komissiya haqqı və illik hesablanan 3% həcmində haqq müqavilənin qüvvədə olma müddətində hesablanmışdır (yəni 2020-ci il ## ##### tarixindən 2023-cü il ## ### tarixinədək). Cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi ilə bağlı heç bir xəbərdarlıq, ərizə daxil olmadığına görə müqavilə öz qüvvəsini saxlamış və 2020-ci il ## ##### tarixdən 2023-cü il ## ### tarixinədək müqavilə üzrə nəzərdə tutulmuş qarantiya ödənişi hesablanmışdır (hesab fakturada öz əksini tapmışdır).

16. MPM 76.1-ci maddəsi - iddiaçı tərəfindən təqdim edilən sübutlar (hesab faktura, müqavilə və s.) məhkəmə tərəfindən qiymətləndirilməmişdir.

17. MPM-in 218.1-ci maddəsi üzrə - təqdim olunmuş sübutlar düzgün qiymətləndirilməmiş, iş üçün əhəmiyyətli olan bütün hallar ətraflı araşdırılmadan qətnamə qəbul edilmişdir.

18. Prosessual normaların pozulması ilə bağlı iddiaçı sübutların məhkəmə tərəfindən qiymətləndirilməməsi, iddia müddətinin tətbiq edilməsi və müqavilə üzrə hesablanmanın düzgün aparılmaması barədə dəlillərini bildirmişdir.

19. Beləliklə maddi və prosessual hüquq normaları sıralanmaqla və qarşısında ətraflı izah verilməklə, apellyasiya şikayəti tərtib olunaraq dəlillər və mübahisələndirilən hallar təqdim edilmişdir. Mahiyyəti üzrə daha geniş izahatın verilməsi, təqdim olunmuş sübutların təhlili və məhkəmənin suallarının cavablandırılması məhkəmə iclası zamanı həyata keçirilməli idi. Iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən dinlənilmək hüququndan istifadə etmək niyyətində olmuşdur.

20. Həmçinin apellyasiya şikayətinin tələb hissəsində - maddi və hüquq normaları üzrə qeyd edilənləri və MPM-in 384.0.2-ci maddəsini rəhbər tutaraq, bütün faktiki hallar yenidən qiymətləndirilərək yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə bu hissədə tələbin tam və aydın ifadə olunmasını qeyd etmişdir. Iddiaçı göstərilənləri ifadə etməklə, qətnamənin ləğv edilərək yeni qətnamə qəbul olunmasını nəzərdə tutmuşdur. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul olunmuş məhkəmə aktının qüvvədə saxlanılması qanunun aliliyinə xələl gətirməklə yanaşı, gələcəkdə oxşar işlər üzrə yanlış hüquqi yanaşmaların formalaşmasına zəmin yaradır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Kassasiya baxışının hədləri

22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: ... 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; ...”

“Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. ...”

“Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: ... 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə * nömrəli əlavə: Apellyasiya şikayətinin forması ...

6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. ...

7. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. ...

12. Apellyasiya şikayəti verən şəxsin tələbi Bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. ...”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialı ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməlidir.

25. Belə ki, apellyasiya məhkəməsi iddiaçının qətnamədən verdiyi apellyasiya şikayətini geri qaytararkən ona əsaslanmışdır ki, prosessual qanunvericiliyin tələbinə zidd olaraq, şikayət müvafiq formaya uyğun tərtib edilməmiş, apellyasiya şikayəti verən şəxsin tələbi aydın ifadə olunmamışdır.

26. Məhkəmənin həmin nəticəsini mübahisələndirən iddiaçının dəlili ondan ibarətdir ki, apellyasiya şikayətində maddi (Mülki Məcəllənin 373, 479-cu maddələri) və prosessual (MPM-in 76, 218-ci maddələri) hüquq normaları sıralanmaqla və qarşısında ətraflı izah verilməklə tərtib olunaraq, mübahisələndirilən hallar təqdim edilmişdir. Apellyasiya şikayətinin tələb hissəsinə gəldikdə iddiaçı MPM-in 384.0.2-ci maddəsi rəhbər tutulmaqla, qətnamənin ləğv edilərək yeni qətnamə qəbul olunmasını nəzərdə tutmuşdur.

27. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd edilən və iddiaçının apellyasiya şikayətinin mümkünlüyünə dair dəlilləri əsaslı olmuşdur. Belə ki, həmin şikayətin tələb hissəsində apellyasiya instansiya məhkəməsinin səlahiyyətini müəyyənləşdirən normaya istinad edilməklə (MPM-in 384.0.2-ci maddəsi), qətnamənin ləğv olunması xahiş edilmişdir. Iddiaçının əsaslandığı bu norma qətnamənin ləğvi ilə bağlı apellyasiya məhkəməsinin səlahiyyətini özündə əks etdirməklə, iddiaçının tələbini ifadə etmiş olur. Digər tərəfdən isə apellyasiya şikayətinin məzmunundan iddiaçının qətnaməni hansı hissələrdə mübahisələndirdiyi görünür.

28. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il ## ##### tarixli Qərarı).

29. Həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli Qərar).

30. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin 2026-cı il ## ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməlidir. Iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin 2026-cı il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olaraq elektron qaydada imzalanaraq verildiyindən, iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, Qərar aldı: Iddiaçı İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar