Məhkəmə qərarları › İş №2-2(103)-1017/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1017/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1017/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-326/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.BA seriyalı, 870111 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsindən görünür ki, sığortalı - "xxxx" MMC-nin qanuni təmsilçisi olan İddiaçı tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 05 iyun 2018-ci il tarixdən xx.xx.2018-ci il tarixdən 04 iyun 2019-cu il tarixədək sığortalanmış, sığorta məbləği 180.923 manat, sığorta haqqı 500 manat, azadolma məbləği 150 manat məbləğində müəyyən olunmuşdur.

2. İşdəki xx.xx.2018-ci tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən "xxxx" MMC-nin mülkiyyətində olan sahəsi 8920,45 kv.m olan obyekt "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir.

3. İşin mübahisəsiz halıdır ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən obyektdə yanğın hadisəsi baş vermişdir. Hadisənin sığorta hadisəsi olduğu "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mübahisələndirilmir.

4. 17 mart 2021-ci il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında Qərarda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı barəsində cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilmiş, əməllərində cinayət tərkibinin əlamətləri olan şəxslər barəsində cinayət təqibi davam etdirilməsi qərara alınmışdır.

5. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-11/2022 saylı hökmü ilə X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X6 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 90.000 manat pulun 40.000 manatı zərərçəkmiş şəxs X3, 50000 manatı zərərçəkmiş şəxs X4 verilməsi, zərərçəkmiş şəxs – mülki iddiaçı X7 mülki iddiası baxılmamış saxlanılması və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilməsi, cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan "xxxx" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi nəticəsində hadisə yerindən götürülmüş yanğından sonrakı qalıqlar və yanğına məruz qalmış elektrik naqilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 1075,52 manat ekspertiza xərci X1 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməsi hökm edilmişdir.

6. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022- ci il tarixli pretenziya məktubundan görünür ki, 180.773 manat həcmində sığorta ödənişinin və sığorta ödənişinin gecişdirilməsinə görə 230.000 manat dəbbə pulunun 5 (beş) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180773 manat həcmində sığorta ödənişinin, sığorta ödənişinin gecişdirilməsinə görə 230.000 manat dəbbə pulunun və 701 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BA seriyalı, 870111 nömrəli daşınmaz əmlakın sığorta şəhadətnaməsinə əsasən "xxxx" ticarət mərkəzi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 05 iyun 2018-ci il tarixdən 04 iyun 2019-cu il tarixədək sığortalanmışdır. Sığorta məbləği 180.923 manat, sığorta haqqı 500 manat, azadolma məbləği 150 manat müəyyən olunmuşdur. Həmin ticarət mərkəzi “Cin Bazarı” adlandırılmış və İddiaçı həmin bazarın faktiki rəhbəri olmaqla idarəçiliyi həyata keçirmiş və oradan faydalanmışdır. X15 isə həmin ticarət sahəsini idarə edərək İddiaçı göstərişi ilə icarə haqlarını yığmışdır. 11 aprel 2006-cı il tarixdə təsis edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində qeydiyyata alınmaqla Vergilər Nazirliyində ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış "xxxx" və 03 mart 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin birgə mülkiyyətlərində olan, müxtəlif növ kommersiya sahələrinin icarəyə verilməsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzinin 26 mart 2019-cu il tarixdə yanması nəticəsində cəmi 384 nəfər icarəçiyə məxsus ümumilikdə 26511289 manat dəyərində tikinti, elektrik, yüngül sənaye, təsərrüfat və sair mallardan ibarət əmlak yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işinin istintaqı aparılan zaman "xxxx" MMC-də fəaliyyət göstərmiş icaraçilərə cəmi 8.422.063 manat, "xxxx" və "xxxx" MMC-də fəaliyyət göstərmiş icarəçilərə cəmi 8.859.888 manat, “Cin Bazarı” adlandırılan ticarət sahəsində fəaliyyət göstərən icarəçilərə cəmi 2.123.726 manat maddi ziyanın dəyməsi müəyyən olunmuşdur. "xxxx" MMC-də fəaliyyət göstərmiş 106 icarəçiyə cəmi 3.394.400 manat, "xxxx" MMC-də fəaliyyət göstərmiş 144 icarəçiyə cəmi ******* manat, “Cin Bazarı” adlandırılan ticarət sahəsində fəaliyyət göstərən 130 icarəçiyə qarşılıqlı razılıq əsasında ******* manat vəsait ödənilmişdir. Bаş vеrmiş hаdisəyə görə "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləyən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bаş vеrmiş hаdisə zаmаnı 05 iyun 2018-ci il tarixdən 04 iyun 2019-cu il tarixədək 180923 mаnаt məbləğində sığоrtа оlunmuş "xxxx" ticarət mərkəzinə (“Cin Bazarı” adlandırılmış) külli miqdаrdа mаddi ziyаn dəymişdir. Sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat vеrmiş və tələb оlunаn bütün sənədlər sığоrtа şirkətinə hаdisədən sоnrа 1 аy müddətində təqdim оlunmuşdur. Lаkin sığorta hadisəsinin baş verməsindən 3 il 6 аy vахt kеçməsinə bахmаyаrаq, sığоrtа şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilməmiş, nə də sığorta ödənişi vеrilməsindən rəsmi imtinа оlunmаmışdır. Hаlbuki sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməli idi. Bununla bağlı "xxxx" ticarət mərkəzindən (“Cin Bazarı” adlandırılan ticarət mərkəzi) faydalanan şəxs olaraq İddiaçı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi ilə bağlı ərizə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin ərizə qəbul edilməsinə baxmayaraq, ərizəyə rəsmi cavab verilməmişdir. Bundan sonra İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təklif göndərilərək təklifdə qeyd olunanların 10 gün ərzində qəbul edilməsi və ya tərəflərin mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlməsi təklif olunmuş, razılığa gəlmədikdə isə ilkin mediasiya sessiyasının mediasiya təşkilatı tərəfindən aparılacağı nəzərə çatdırılmışdır. Lakin təklifin 29 sentyabr 2022-ci il tarixdə qəbul olunmasına baxmayaraq, təklifə münasibət bildirilməmişdir. Buna görə də 10 rəsmi iş günündən sonra İddiaçı tərəfindən Bakı şəhəri 11 saylı Mediasiya təşkilatına müraciət olunaraq, 180423 manat sığorta ödənişinin və 230000 manat dəbbə pulunun tutulması ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldırmaq istədiyi bildirilmişdir. Həmçinin İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin e-poçtuna elektron məhkəmə sistemi vasitəsi ilə pretenziya göndərilərək orada qeyd olunanlara 5 gün müddətində rəsmi münasibət bildirilməsi xahiş olunmuşdur. Lakin pretenziyaya baxılmasına baxmayaraq, buna da münasibət bildirilməmişdir. İlkin mediasiya sessiyasının 24 oktyabr 2022-ci il tarixə təyin olunmasına baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iştirak etməmişdir. Buna görə də Bakı şəhəri 11 saylı Mediasiya təşkilatı tərəfindən İddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Qeyd edilən sığorta hadisəsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ödəməli olduğu sığorta ödənişi 180773 manat (150 manat franşiza çıxıldıqdan sonra), 26 mart 2019-cu il tarixdən 3 il 6 ay müddət üçün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulu 230000 manat təşkil edir.

9. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-326/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sığortalı - İddiaçı olmaqla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 05 iyun 2018-ci il tarixdən 04 iyun 2019-cu il tarixədək sığortalanmışdır. Bundan sonra sözügedən ticarət mərkəzində yanğın, sığorta hadisəsi baş vermişdir. Sığorta obyektinin İddiaçı mülkiyyətində olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı ticarət mərkəzində ticarət obyektlərinə faktiki idarəçiliyi həyata keçirməklə, oradan faydalanmışdır.

12. Məhkəmə cavabdehin iddiaçının müvafiq subyektiv hüquqa malik olmaması əsası ilə iddianın rədd edilməli olması mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. Məhkəmənin qənaətinə əsasən MM-nin 886.2-ci maddəsinin mənası baxımından hazırkı sığorta obyekti sığorta obyekti ola bilməyən obyektlər siyahısına daxil deyil. Tərəflər arasında icbari sığorta müqaviləsi bağlanmış, iddiaçıya icbari sığorta şəhadətnaməsi verilmiş və sığorta haqqı ödənilmişdir. Ona görə də məhkəmə hazırda cavabdehin iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianın rədd edilməli olmasına dair mövqeyi ilə razılaşmır.

13. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə əsasən qeyd etmişdir ki, sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat vеrmiş və tələb оlunаn bütün sənədlər sığоrtа şirkətinə hаdisədən sоnrа 1 аy müddətində təqdim оlunmuşdur. Lаkin sığorta hadisəsinin baş verməsindən 3 il 6 аy vахt kеçməsinə bахmаyаrаq, sığоrtа şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilməmiş, nə də sığorta ödənişi vеrilməsindən rəsmi imtinа оlunmаmışdır. Beləliklə, sığorta hadisəsi xx.xx.2019-cu il tarixdə baş vermiş, sığorta hadisəsi baş verdikdən sonra bir ay ərzində sığorta ödənişinin verilməsi üçün tələb edilən sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsinə əsasən "xxxx" ticarət mərkəzi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 05 iyun 2018-ci il tarixdən 04 iyun 2019-cu il tarixədək sığortalanmışdır. Sığorta hadisəsi 26 mart 2019-cu il tarixdə baş vermişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-326/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində guya tərəfimizdən qanunla müəyyən olunmuş iddia müddətinin ötürülməsini əsas gətirərək iddia tələbimizi təmin etməmişdir. Ancaq birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını düzgün araşdırmayaraq ədalətsiz bir qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə hazırkı iş üzrə sübutlara qiymət verərkən yanğının baş verdiyi zaman təqsirləndirilən şəxslərin olmasına diqqət etməmişdir. Qeyd edim ki, hadisə baş verdikdən sonra "xxxx" MMC-in direktoru X9, "xxxx" MMC-in direktoru İddiaçı, “Cin Bazarı” adlanan ticarət sahəsində İddiaçı göstərişi əsasında icarə haqlarını yığan X10 barəsində cinayət təqibi həyata keçirilmiş, hər üç şəxs barəsində həyata keçirilən cinayət təqibinə Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, istintaq qrupunun rəhbəri X8 17 mart 2021-ci il tarixli qərarına əsasən CPM-in 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. Eyni zamanda yanğın baş verən zaman elektrik montyoru vəzifəsində işləmiş X6 Bakı şəhər, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə CM-in 225.2-ci maddələri ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nəzərinizə çatdırıram ki, sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə hüquqlarını müdafiə etdiyim sığortalı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat vermiş və tələb olunan bütün sənədlər sığorta şirkətinə hadisədən sonra 1 ay müddətində təqdim olunmuşdur. Ancaq tərəfimizdən edilmiş müraciətə cavabdeh tərəfindən rəsmi cavab verilməmişdir. Qeyd edim ki, “İcbari Sığorta Haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə əsasən müvafiq sığorta ödənişinin ödənilməsi üçün iş üzrə təqsirli şəxslər barəsində səlahiyyətli orqanının təqdim etdiyi arayış tələb olunan sənədlər siyahısındadır. Hazırkı iş üzrə təqsirlənidirlən şəxslər barəsində cinayət təqibi davam etdirildiyindən, tərəfimizdən ilk öncə təqsirləndirilən şəxslər barəsində məhkəmənin qəbul etdiyi hökm gözlənilmiş, sonradan yenidən "xxxx" ASC-yə müraciət edilmişdir. Ancaq birinci instansiya məhkəməsi işə qeyriobyektiv və səthi yanaşaraq qeyd etdiyimiz xüsusatları nəzərə almamışdır. İddiaçı "xxxx" ASC-yə xx.xx.2022ci il tarixli pretenziya məktubu ünvanlayaraq 180773 manat həcmində sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilməsinə görə 230000 manat dəbbə pulunun 5 (beş) iş günü müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Ancaq cavabdeh tərəfindən nə mediasiya təklifinə, nə də pretenziya məktubuna cavab verilməmişdir. Bundan başqa nəzərinizə çatdırıram ki, hazırkı işin hərtərərfli, tam, obyektiv araşdırılmasının təmin edilməsi üçün tərəfimizdən məhkəməyə dəfələrlə vəsatətlər verilsə də, məhkəmə tərəfindən əsassız olaraq vəsatətlərimiz təmin olunmamışdır. Həmçinin bildirirəm ki, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Qeyd edilən sığorta hadisəsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqlarını müdafiə etdiyi İddiaçı ödəməli olduğu sığorta ödənişi 180.773 manat həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulu 230.000 təşkil edir. Məhkəmə isə bu ziddiyyətin fərqinə varmamış və işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Məhkəmə sanki cavabdehin müdafiəçisi mövqeyindən çıxış etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən əsassız və qanunsuz olaraq tərəfimizdən iddia müddətinin ötürüldüyü əsas gətirilərək tamamilə ədalətsiz bir qətnamə qəbul edilmişdir. Ancaq birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.2-ci maddəsinin tələblərini unutmuşdur. Belə ki, Mülki Məcəlləsinin 933.1.2- ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd sığorta ödənişinin həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd qismində çıxış edir. Ancaq hazırki iş üzrə təqsirli şəxs barəsində qanuni qüvvəyə minmiş hökm 2022- ci il tarixində qəbul edilmişdir. Yəni qanunun tələbindən də aydın şəkildə görünür ki, tərəfimizdən iddia müddəti ötürülməmişdir. Ancaq birinci instansiya məhkəməsi tərəfindən göstərdiyimiz xüsusatlara düzgün hüquqi qiymət verilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

17. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

18. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1-ci maddə- başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddə- hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddə- müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddə- məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddə-iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddə-icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-cü maddə-icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 886.1-ci maddə- sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. 886.3-cü maddə- sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır. 884.3-cü maddə- sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda, könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 922.1-ci maddə- sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 934.1-ci maddə- bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1-ci maddə- icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. 18.1-ci maddə- bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2-ci maddə- sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası haqqında Qanun 35.1-ci maddə-mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

19. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-326/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən BA seriyalı, 870111 nömrəli “Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsi”nə əsasən sığortalanmış Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən obyektdə xx.xx.2019-cu il tarixdə yanğın-sığorta hadisəsi baş vermiş, iddia ərizəsində qeyd edilənlərə əsasən iddiaçı sığorta hadisəsi baş verdikdən bir ay sonra sığorta ödənişi almaq üçün sığorta şirkətinə müraciət edərək sənədləri təqdim etmiş, sığorta şirkəti MM-nin 934.1-ci maddəsinə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 18.1-ci maddəsinə əsasən 7 iş günündən gec olmayaraq sığorta ödənişini ödəməli olduğu halda ödəniş həyata keçirilməmişdir. Belə olan halda müəyyən olunur ki, ən azı 2019-cu ilin may ayında sığorta ödənişi almamış iddiaçı hüququnun pozulduğunu bildiyi halda hüququnun müdafiəsi üçün 2022-ci ilin oktyabr ayında mediasiyaya təşkilatına, 2022-ci ilin noyabr ayında isə məhkəmədə iddia qaldırmışdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı tərəfindən MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir.

23. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, MM-nin 379-cu maddəsində iddia müddətinin dayandırılması əsasları nəzərdə tutulmuşdur. Hazırkı halda həmin əsaslardan hər hansı biri mövcud olmadığından iddia müdəti dayanmamışdır. İddiaçının hüquqlarının müdafiəsi üçün X2 Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin yekunlaşmasına zərurət olmadığından iddia müddətinin bağlanğıcının hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır.

24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 326/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-326/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar