Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1020/2025 12.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Azərbaycan X8 Agentliyi” X10rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X11 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndə və vəkilləri Nümayəndə1 və Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh «Azərbaycan X8 Agentliyi» X10rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3300/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Sifarişçi qismində "xxxx" ASC (cavabdehin hüquqi sələfi) ilə podratçı qismində “X13” ASC (iddiaçının hüquqi sələfi) arasında xx.xx.2010-cu il tarixli, 09/31 nömrəli Bakı şəhəri Qələbə Meydanında (X6 Qarşısında) müxtəlif səviyyəli yol qovşağının tikintisi barədə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən sifarişçi tikinti zamanı meydana çıxa bilən çatışmazlıqların aradan qaldırılması şərtilə işlərin yerinə yetirilməsi və başa çatdırılması ilə əlaqədar qarşılıqlı müqavilə əsasında razılaşdırılan ********* (iki yüz iyirmi beş milyon) (ƏDV ilə birlikdə) manat məbləğində Bakı şəhəri Qələbə meydanında (Gənclik metro stansiyasının qarşısında) müxtəlif səviyyəli yol qovşağının tikintisini həyata keçirmək barədə razılığa gəlinmişdir. Müqavilənin 36-cı bəndinə əsasən sifarişçi qrup rəhbəri tərəfindən təsdiq edilmiş ödəmə sertifikatının tarixindən 28 gün ərzində podratçıya həmin setifikatda qeyd edilmiş məbləği ödəməlidir.
2. Sifarişçi qismində "xxxx" ASC (cavabdehin hüquqi sələfi) ilə podratçı qismində “X13” ASC (iddiaçının hüquqi sələfi) arasında xx.xx.2011-ci il tarixli, 09/54 nömrəli “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi barədə” müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən sifarişçi tikinti zamanı meydana çıxa bilən çatışmazlıqların aradan qaldırılması şərtilə işlərin yerinə yetirilməsi və başa çatdırılması ilə əlaqədar qarşılıqlı müqavilə əsasında razılaşdırılan 43000000 (qırx üç milyon) (ƏDV ilə birlikdə) manat məbləğində Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisini həyata keçirmək barədə razılığa gəlinmişdir. Müqavilənin 36-cı bəndinə əsasən sifarişçi qrup rəhbəri tərəfindən təsdiq edilmiş ödəmə sertifikatının tarixindən 28 gün ərzində podratçıya həmin sertifikatda qeyd edilmiş məbləği ödəməlidir.
3. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə 25 may 2011-ci il tarixli, 09/54 saylı müqaviləyə xx.xx.2015-ci il tarixli, 01 nömrəli Əlavə razılaşmada qeyd edilmişdir ki, bu əlavə razılaşma ilə “sifarişçi” “podratçı”dan Azərbaycan Respublikası Dövlət büdcəsi tərəfindən maliyyələşdirilən “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” işlərini yerinə yetirməyi tələb edir. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə bağlanılmış müqavilədəki bütün terminlər bu Əlavə Razılaşmaya da şamil edilir. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə iş həcmləri dedikdə həmin yol qovşağının tikintisi üzrə yerinə yetiriləcək işlər nəzərdə tutulur. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə bağlanılmış müqavilədən keçən müddət ərzində iş həcmlərinə müvafiq dəyişikliklər və əlavə işlərin artması ilə əlaqədar olaraq “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə iş həcmləri dedikdə həmin yolun tikintisi üzrə yerinə yetiriləcək işlərin smeta dəyəri ayrı-ayrı iş növləri üzrə vahid qiymətlər tətbiq edilməklə hesablanır. Ayrı iş növləri üzrə vahid qiymətlər “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə yerinə yetiriləcək işlərin qiymətləndirilməsi zamanı da tətbiq ediləcəkdir. “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində yol qovşağının tikintisi” üzrə əlavə müqavilə dəyəri ******* (altı milyon üç yüz altmış beş min iki yüz doxsan beş) manat (18% ƏDV daxildir) təşkil edir. Əlavə razılaşma №1 25 may 2011ci il tarixli 09/54 saylı əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə 26 fevral 2010-cu il tarixli müqaviləyə xx.xx.2015-ci il tarixli, 01 nömrəli Əlavə razılaşmada qeyd edilmişdir ki, bu əlavə razılaşma ilə “sifarişçi” “podratçı”dan Azərbaycan Respublikası Dövlət büdcəsi tərəfindən maliyyələşdirilən “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” obyekti üzrə əlavə təmir-tikinti işlərini yerinə yetirməyi tələb edir. “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə bağlanılmış Müqavilədəki bütün terminlər bu Əlavə Razılaşmaya da şamil edilir. “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə iş həcmləri dedikdə həmin yolun tikintisi üzrə yerinə yetiriləcək işlər nəzərdə tutulur. Ayrı iş növləri üzrə yeni vahid qiymətlər “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə yerinə yetiriləcək işlərin qiymətləndirilməsi zamanı da tətbiq ediləcəkdir. “Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi” üzrə əlavə müqavilə dəyəri 22000000 (iyirmi iki milyon) manat (18% ƏDV daxildir) təşkil edir. Əlavə Razılaşma №1 26 fevral 2010-cu il tarixli Əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikintisi” iizrə 26 fevral 2010-cu il tarixli 09/31 nömrəli müqaviləyə xx.xx.2013-cü il tarixli, 02 nömrəli Əlavə razılaşmada qeyd edilmişdir ki, bu əlavə razılaşma ilə “sifarişçi” “podratçı”dan Azərbaycan Respublikası Dövlət büdcəsi tərəfindən maliyyələşdirilən “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” obyekti üzrə əlavə təmir-tikinti işlərini yerinə yetirməyi tələb edir. “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” üzrə bağlanılmış Müqavilədəki bütün terminlər bu Əlavə Razılaşmaya da şamil edilir. “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” üzrə iş həcmləri dedikdə həmin yolun tikintisi üzrə yerinə yetiriləcək işlər nəzərdə tutulur. Ayrı iş növləri üzrə yeni vahid qiymətlər “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” üzrə yerinə yetiriləcək işlərin qiymətləndirilməsi zamanı da tətbiq ediləcəkdir. “Azərbaycan Diplomatik Akademiyasının əsas giriş hissəsinin avtomobil yollarının yenidən qurulması, Vaqif prospekti boyunca relyef fərqi olan yolun svay bərkitmə işləri, Əhməd Ağa oğlu küçəsi ilə birləşmədə hərəkətin tənzimlənməsi üçün bir səviyyəli qovşağın tikilməsi” üzrə əlavə müqavilə dəyəri 34500000 (otuz dörd milyon beş yüz min) manat (18% ƏDV daxildir) təşkil edir. Əlavə razılaşma №2 26 fevral 2010-cu il tarixli, 09/31 saylı Əsas müqavilənin ayrılmaz tərkib hissəsidir.
6. Sifarişçi qismində "xxxx" ASC (cavabdehin hüquqi sələfi) ilə podratçi "xxxx" ASC (iddiaçının hüquqi sələfi) arasında Bakı şəhərində müxtəlif ünvanlarda asfalt örtüyünün əsaslı təmirinə dair bağlanmış 2007-2008-ci il tarixli podrat müqavilələrinə əsasən posratçı asfalt beton örtüyünün əsaslı təmiri işlərinin görülməsini öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 17-ci bəndlərinə əsasən görülmüş işlərin dəyəri podratçının hesabına hesabat ayında 2 nömrəli formalar sifarişçi tərəfindən təsdiq edildikdən sonra ödənilir.
7. Bakı şəhəri, Nərimanov rayonu “Qələbə” meydanında tunel tipli müxtəlif səviyyəli yol qovşağının istismara qəbul edilməsi haqqında Dövlət Qəbul Komissiyasının xx.xx.2015-ci il tarixli aktında qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu “Qələbə” meydanında tunel tipli müxtəlif səviyyəli yol qovşağının tikintisi layihəyə uyğun tam başa çatdırılmışdır və istismara qəbul edilir.
8. xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixinə “Azərbaycan X8 Agentliyi” PHŞ-nin sifarişi əsasında “Qələbə meydanı yol qovşağının tikintisi” üzrə "xxxx" ASC-nin qarşısında 1032834,60 manat ƏDV daxil (bir milyon otuz iki min səkkiz yüz otuz dörd manat altmış qəpik) borcu mövcuddur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixinə “Azərbaycan X8 Agentliyi” PHŞ-nin sifarişi əsasında “Bakı şəhərinin ətraf qəsəbələrinin, Bakı şəhərinin ətraf yollarının və Bakı şəhərinin daxili küçələrinin əsaslı təmiri, asfaltbeton örtüyünün yenidən qurulması, daş örtüyü ilə örtülməsi” işləri üzrə "xxxx" ASC-nin qarşısında 16391170 manat ƏDV daxil (on altı milyon üç yüz doxsan bir min yüz yetmiş) borcu mövcuddur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixinə “Azərbaycan X8 Agentliyi” PHŞ-nin sifarişi əsasında “Ziya Bünyadov prospekti ilə Böyük-Şor küçəsinin kəsişməsində müxtəlif səviyyəli avtomobil yolunun və tunelin tikintisi, tikinti sahəsinə düşən kommunikasiya xətlərinin (su, qaz, elektrik, rabitə və əlavə işlər) köçürülməsi” işlərinin görülməsi üzrə "xxxx" ASC-nin qarşısında 6436895,32 manat ƏDV daxil (altı milyon dörd yüz otuz altı min səkkiz yüz doxsan beş manat otuz iki qəpik) borcu mövcuddur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. "xxxx" ASC ilə "xxxx" ASC arasında tərtib edilmiş xx.xx.2009-cu il tarixli hesabların üzləşmə aktından görünür ki, xx.xx.2009-cu il tarixə "xxxx" ASC-nin "xxxx" ASC-yə 18438303 manat (ƏDV ilə birlikdə) borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı tərəfindən iş materiallarına podrat müqavilələri, arayışlar əlavə edilmişdir.
13. AR FHN X3 X4 Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 17195 nömrəli rəydə qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu “Qələbə” meydanında tunel tipli müxtəlif səviyyəli yol qovşağının bu rəyin 9-cu bölməsinin tələbini yerinə yetirməklə, 1991-ci ilin bazis qiymətləri ilə toplu smeta üzrə ƏDV-siz cəmi 8530,058 min manat, o cümlədən TQİ7873,603 min manat və qaytarılan məbləğ – 105,719 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılır.
14. AR Maliyyə Nazirliyi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda (xx.xx.2022-ci il tarixli, 03-01/133 nörməliyə) qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Avtomobil X7 (keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti) və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sifarişləri əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yerinə yetrilmiş tikinti-quraşdırma işləri üzrə yaranmış borcun maliyyələşdirilməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır və bildirilir ki, məktublarında qeyd olunan və dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən obyektlər üzrə maliyyələşmələr sifarişçi qurumların müraciətləri əsasında təmin edilmişdir. Odur ki, məsələ ilə bağlı bilavasitə obyektlərin sifarişçiləri və bu məqsədlə ayrılmış maliyyə vəsaitinin sərəncamçıları olan qurumlara müraciət edilməsi tövsiyə olunur.
15. AR Maliyyə Nazirliyi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda (xx.xx.2023-cü il tarixli, 03-01/101 nörməliyə) qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Gənclər və İdman Nazirliyinin Azərbaycan Avtomobil X7 (keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ve “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sifarişləri əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən əvvəlki illərdə yerin yetirilmiş tikinti-quraşdırma işləri üzrə yaranmış borcun maliyyələşdirilməsi barədə məktubuna aidiyyəti üzrə baxılmışdır və bildirilir ki, qeyd edilən məsələ barədə Maliyyə Nazirliyinin rəyi 31 mart 2022-ci il tarixli MİHO/1.1-2-2022-1954 nömrəli məktubla “Akkor Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə bildirilmişdir.
16. AR Maliyyə Nazirliyi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda (xx.xx.2024-cü il tarixli, 07 nörməliyə) qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Azərbaycan Avtomobil X7 (keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti) sifarişlər əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən əvvəlki illərdə yerinə yetirilmiş tikinti-quraşdırma işləri üzrə yaranmış borcun maliyyələşdırılməsi barədə məktublarına aidiyyəti üzrə baxılmışdır və bildirilir ki, qeyd edilən məsələ barədə Maliyyə Nazirliyinin rəyi 31 mart 2022-ci il tarixli MİHO/1.1-2-2022- 1954 nomrəl məktubla "xxxx" ASC-yə təqdim edilmişdir.
17. "xxxx" ASC tərəfindən AR Maliyyə Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 241 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Avtomobil X7 (keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti) və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (hüquqi varisi Azərbaycan Respublikası Dövlət X9) sifarişləri əsasında "xxxx" ASC tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işləri üzrə yaranmış borcun maliyyələşdirilməsi ilə bağlı ünvanlanmış 25 fevral 2022-ci il tarixli, 03-01 133 saylı və 12 yanvar 2024-cü il tarixli, 07 saylı müraciətlərə müvafiq olaraq 31 mart 2022-ci il tarixli, № MİNO/1.1-2-2022-1954 saylı və 02 fevral 2024-cü il tanxli, 3-23/2- 739/2024 saylı məktublarla cavab verilmişdir. Hər iki məktubda qeyd edilən maliyyələşmələrin sifarişçi qurumların müraciətləri əsasında təmin edildiyi vurğulanmışdır. Aradan uzun zaman keçdiyi nəzərə alınsa, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ödənilmiş büdcə vəsaitinin təyinatından kənarlaşdırılaraq sifarişçi qurumlar tərəfindən başqa məqsədlər üçün istifadə edildiyi açıq-aydın görünür. Lakin sifarişçi təşkilatlara dəfələrlə müraciət etməyimizə baxmayaraq, məlumatı nə təsdiq, nə də təkzib edirlər. Göstərilən məsələnin aydınlaşdırılması, habelə köçürülmüş vəsaitin təyinatı üzrə həqiqi sahibinə ödənilməsi məqsədi ilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinin tələblərini rəhbər tutaraq tədbirlər görülməsi xahiş edilir.
18. "xxxx" ASC tərəfindən “Azərbaycan X8 Agentliyi” PHŞ-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borcun 7 (yeddi) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
19. İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan X1rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə məhkəmənin həmin hüquqi şəxslər arasında bağlanmış xx.xx.2010-cu il və xx.xx.2011-ci il tarixli müqavilələr üzrə işlərin görülməsi ilə bağlı iddiaçıya dövlət büdcəsindən vəsait ayrılıb-ayrılmaması barədə məlumatların təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq AR Maliyyə Nazirliyi xx.xx.2025-ci il tarixdə yazılı olaraq bildirmişdir ki, sorğuda qaldırılan məsələ ilə əlaqədar Azərbaycan X8 Agentliyinə müraciət olunması məqsədəmüvafiqdir. Birinci instansiya məhkəməsindəki icraat:
20. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdeh “Azərbaycan X8 Agentliyi” X12 (“Azərbaycan X8 Agentliyi” PHŞ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23860899,92 manat borc və ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" ASC arasında müvafiq müqavilələr bağlanmış, onların icrası qaydasında "xxxx" ASC müqavilə ilə müəyyən edilmiş işlər görmüş və xidmətlər göstərmişdir. Qeyd edilənlərə müvafiq olaraq cavabdehin: “Ziya Bünyadov prospekti ilə Böyükşor küçəsinin kəsişməsində müxtəlif səviyyəli avtomobil yolunun və tunelin tikintisi, tikinti sahəsinə düşən kommunikasiya xətlərinin köçürülməsi” işləri üzrə 6436895,32 manat ƏDV daxil; “Bakı şəhərinin ətraf qəsəbələrinin, Bakı şəhərinin ətraf yollarının və Bakı şəhərinin daxili küçələrinin əsaslı təmiri, asfalt beton örtüyünün yenidən qurulması, daş örtüyü ilə örtülməsi” işləri üzrə 16391170 manat ƏDV daxil; “Qələbə meydanı yol qovşağının tikintisi” üzrə 1032834,60 manat olmaqla, cəmi 23860899,92 manat borcu vardır. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2017-ci il tarixli 1638 saylı fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan X8 Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Borcun ödənilməsi tələbi ilə əlaqədar cavabdeh tərəfindən bildirilmişdir ki, dövlət büdcəsindən vəsait ayrılması üçün müraciət edilmişdir və vəsait ayrılanda borc ödəniləcəkdir. Bu səbəbdən əməkdaşlığı da nəzərə alaraq, xeyli müddət gözlənilmişdir. Buna baxmayaraq, təəssüf ki, borc öhdəliyi icra edilməmişdir.
22. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 448.1, 752.1, 753.1-ci maddələrinə istinad olunmuşdur.
23. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan X1rşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Agentlikdən dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilir ki, iddiaçı əsassız iddia qaldırmaqdan əlavə həmçinin bu növ iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə göstərilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Odur ki, işə baxılarkən eyni zamanda mübahisəli hüquq münasibətinə iddia müddətini də tətbiq edərək, iddianın tamamilə rədd olunması xahiş edilir.
24. İddiaçı tərəfindən cavabdehin vermiş olduğu iddia müddətinin tətbiqi barədə ərizəyə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, ərizə əsassızdır: 1. Ərizə qeyri-müəyyəndir. Tərəflərin arasında müddətləri müxtəlif olan müqavilələr, icra müddətləri müxtəlif olan iş və xidmətlər vardır. Cavabdeh ərizəsində iddia müddətinin axımının başlanması hüquqi faktı ilə bağlı heç nə qeyd etməmişdir (ərizə əsaslandırılmamışdır, çünki əsas yoxdur). 2. Cavabdeh ərizədə qeyd edir ki, “iddiaçı əsassız iddia qaldırmaqdan əlavə”. Bu ifadə “söz olsun xətrinə” yazılmışdır. Heç bir əsaslandırması yoxdur (ola da bilməz). Belə ki, Mülki Prossesual Məcəllənin müvafiq maddələrinə əsasən: - 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.2. İddiaya etirazda aşağıdakılar göstərilməlidir: 154.2.4. iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar; 154.2.5. istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı; 154.3. İddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. Cavabdeh nəinki bunları vaxtında etməmiş, ümumiyyətlə etməmişdir. Cavabdeh həm də iddia müddətinin tətbiq edilməsi barədə ərizəni qanunla müəyyən edilmiş müddətdə verməmişdir (MPM-nin 154-cü maddəsi). Müqavilə şərtlərinə əsasən iddia müddəti ötməmişdir. Mülki Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Tərəflərin arasındakı müqavilə şərtləri Mülki Məcəllənin müddətlərin ötməsi ilə bağlı hesablama qaydasını (müqavilədə başqa hal nəzərdə tutulmadıqda) tətbiq etməyi istisna edir. Mülki Məcəllənin tələblərinə əsasən də iddia müddəti ötməmişdir.
25. Cavabdeh büdcə təşkilatı olduğu üçün ödənişlər edə bilməsi üçün büdcədən vəsait ayrılmalı olduğunu bildirmiş, buna görə də iddiaçı ona tələbin icrası üçün müddət vermişdir. 6. MM 380.1-ci maddəsinə əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Cavabdeh borcunu inkar etməmiş, əksinə, büdcə təşkilatı olduğu üçün ödənişlər edə bilməsi üçün büdcədən vəsait ayrılmasını gözlədiyini bildirmişdir. Yox əgər iddiaçıya ödənilməli vəsait büdcə qanunvericiliyinə uyğun olaraq dövlət orqanı tərəfindən ayrılmış (bu anda həmin vəsait iddiaçının mülkiyyətinin predmetidir), lakin cavabdeh təşkilat bu vəsaiti başqa təyinat üzrə xərcləyibsə, bu iddiaçının mülkiyyət hüququnun (qanuni gözlənti) pozulmasıdır və iddia müddəti tətbiq edilə bilməz.
26. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3300/2025 saylı qətnaməsi ilə təmin edilməmişdir. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.
27. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh ("xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan X8 Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir) öz öhdəliklərini lazımınca icra etməmişdir. Belə ki, cavabdehin “Ziya Bünyadov prospekti ilə Böyükşor küçəsinin kəsişməsində müxtəlif səviyyəli avtomobil yolunun və tunelin tikintisi, tikinti sahəsinə düşən kommunikasiya xətlərinin köçürülməsi” işləri üzrə ƏDV daxil 6436895,32 manat, “Bakı şəhərinin ətraf qəsəbələrinin, Bakı şəhərinin ətraf yollarının və Bakı şəhərinin daxili küçələrinin əsaslı təmiri, asfaltbeton örtüyünün yenidən qurulması, daş örtüyü ilə örtülməsi” işləri üzrə ƏDV daxil 16391170 manat, “Qələbə meydanı yol qovşağının tikintisi” üzrə 1032834,60 manat olmaqla, ümumilikdə 23860899,92 manat məbləğində işlərin dəyəri ödənilməmişdir. Ona görə də iddiaçı cavabdehə qarşı görülmüş işlərin dəyərinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin borcun mövcudluğu işdə olan, yuxarıda qeyd olunan sübutlarla (müqavilələr, üzləşmə aktları və s.) öz təsdiqini tapır.
28. Məhkəmə işdə olan sübutları tədqiq edərək, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlmişdir ki, iddiaçı hazırkı iddia tələbini cavabdehə qarşı irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur və cavabdeh tərəfindən görülmüş işlərin dəyərinin ödənilməməsi ilə iddiaçının hüququ pozulmuşdur. Beləliklə, iddia əsaslıdır və iddiaçının tələb etdiyi borc məbləği mövcuddur və ödənilməmiş qalmışdır. Eyni zamanda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə verdiyi ərizədə iddianı əsassız hesab etdiyini bildirsə də, bu, ümumi şəkildə qeyd olunmuş, bununla bağlı əsaslar göstərilməmişdir. Məhkəmə iclasında nümayəndə iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Məhkəmə tərəflər arasında bağlanmış müqavilələrə əsasən işlərin görülüb təhvil verildiyini, eləcə də sonradan tərəflər arasında 2019-cu ildə mövcud borc məbləğləri ilə bağlı üzləşmə aktlarının tərtib edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı iddia müddətinin axımının başladığı tarixdən 3 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməklə (2025-ci ildə) müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. İddiaçının iddia müddətinin tətbiqi ilə bağlı ərizədə göstərdiyi əsaslara münasibətdə qeyd edilib ki, əvvəla, qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (20 günlük müddət hazırkı hala şamil edilmir) və mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, üzləşmə aktları tərtib olunub təsdiq olunduğu vaxtdan iddiaçı bilirdi ki, qeyd olunan borc ona ödənilməlidir. İddiaçının nümayəndəsinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafiq məktublarla müraciətlər edildiyini, cavabdehin borcunu inkar etmədiyini, əksinə, ödənişlər edə bilməsi üçün vəsait ayrılmasını gözlədiyini bildirməsi də iddia müddətinin tətbiq edilməməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında mübahisə həllini tapa bilmirdisə, iddiaçı iddia müddətini ötürmədən məhkəməyə müraciət edə bilərdi. AR Maliyyə Nazirliyi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda da qeyd olunur ki, məsələ ilə bağlı bilavasitə obyektlərin sifarişçiləri və bu məqsədlə ayrılmış maliyyə vəsaitinin sərəncamçıları olan qurumlara müraciət etməyiniz tövsiyə olunur. İddiaçıya məlum olmalıydı ki, tərəflər arasında olan münasibətlər mülkihüquqi münasibətlərdir və gələcəkdə məhkəmə mübahisəsi yaranarsa, mübahisəyə iddia müddəti tətbiq oluna bilər. Ona görə də iddiaçının nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəyə etirazı əsassız sayılmalıdır. Eyni zamanda iddia təmin edilmədiyindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.
30. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 448.1, 372.1, 372.2, 373.2, 375.2, 377.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
31. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsi qeyri - müəyyəndir. Tərəflərin arasında müddətləri müxtəlif olan müqavilələr, icra müddətləri müxtəlif olan iş və xidmətlər vardır. Cavabdeh ərizəsində iddia müddətinin axımının başlanması hüquqi faktı ilə bağlı heç nə qeyd etməmişdir (ərizə əsaslandırılmamışdır, çünki əsas yoxdur). Cavabdeh ərizədə qeyd edir ki, “iddiaçı əsassız iddia qaldırmaqdan əlavə”. Bu ifadə “söz olsun xətrinə” yazılmışdır. Heç bir əsaslandırması yoxdur (ola da bilməz). Müqavilə şərtlərinə əsasən iddia müddəti ötməmişdir. Cavabdeh büdcə təşkilatı olduğu üçün ödənişlər edə bilməsi üçün büdcədən vəsait ayrılmalı olduğunu bildirmiş, buna görə də iddiaçı ona tələbin icrası üçün müddət vermişdir. Cavabdeh borcunu inkar etməmiş, əksinə, büdcə təşkilatı olduğu üçün ödənişlər edə bilməsi üçün büdcədən vəsait ayrılmasını gözlədiyini bildirmişdir. Yox əgər iddiaçıya ödənilməli vəsait büdcə qanunvericiliyinə uyğun olaraq dövlət orqanı tərəfindən ayrılmış (bu anda həmin vəsait iddiaçının mülkiyyətinin predmetidir), lakin cavabdeh təşkilat bu vəsaiti başqa təyinat üzrə xərcləyibsə, bu iddiaçının mülkiyyət hüququnun (qanuni gözlənti) pozulmasıdır və iddia müddəti tətbiq edilə bilməz. Ümumiyyətlə büdcə təşkilatının milyonlarla manatlıq dövlət layihəsini podratçıya icra etdirib sonra iddia müddəti adı ilə milyonlarla manat öhdəlik icrasından yayınmağa cəhd etməsi dövlətin nüfuzuna xələl gətirən, mütərəqqi məntiqə sığmayan, potensial investorları Azərbaycana investisiya etməkdən çəkindirən davranışdır(MM-in 372, 373, 375, 377 və 380). Cavabdeh həm də iddia müddətinin tətbiq edilməsi barədə ərizəni qanunla müəyyən edilmiş müddətdə verməmişdir. İddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. Cavabdeh iddiaçının iddia müddətinə dair hətta yazılı şəkildə qeyd etdiklərinə qanunla tələb edilən münasibət bildirməmiş, iddiaçının mövqeyinə əks dəlillər təqdim etməmiş, iddiaçının göstərdiyi hallarla razılaşmama səbəblərini və əsaslandırılmış dəlillərini göstərməmişdir (MPM 154).
33. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
35. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilləri apellyasiya şikayətini müdafiə etmişlər, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdirlər.
36. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
37. Üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
38. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. -372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. -377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
39. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
41. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
42. Apellyasiya baxışının hədləri
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər (tərəflərin hüquqi sələfləri) arasında bağlanmış podrat müqavilələrinə əsasən iddiaçı cavabdehin sifarişi ilə “Ziya Bünyadov prospekti ilə Böyükşor küçəsinin kəsişməsində müxtəlif səviyyəli avtomobil yolunun və tunelin tikintisi, tikinti sahəsinə düşən kommunikasiya xətlərinin köçürülməsi”; “Bakı şəhərinin ətraf qəsəbələrinin, Bakı şəhərinin ətraf yollarının və Bakı şəhərinin daxili küçələrinin əsaslı təmiri, asfalt beton örtüyünün yenidən qurulması, daş örtüyü ilə örtülməsi”; “Qələbə meydanı yol qovşağının tikintisi” işlərini görmüş, lakin cavabdeh həmin işlərin görülməsinə görə muzdu tam şəkildə ödəməmişdir. Cavabdehin iddiaçıya sözügedən müqavilələr üzrə cəmi 23860899,92 manat məbləğində borcun olması faktı hər iki tərəfin imzalanmış və möhürlənmiş xx.xx.2019-cu il tarixli borcların qarşılıqlı üzləşmə aktları ilə öz təsdiqini tapır.
48. Odur ki, iddiaçı Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələrinə əsasən mübahisəli müqavilələr üzrə görülmüş podrat işlərinə görə muzdun cavabdehdən tutulmasını tələb etmək hüququna malikdir.
49. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
50. Bununla bağlı kollegiya qeyd edir ki, işin mübahisəsiz hallara görə asfalt örtüyünün təmiri ilə bağlı müqavilələr üzrə podrat işlərinin görülməsi 2007-2008-ci illərdə, xx.xx.2010-cu il tarixli, 09/31 nömrəli müqavilə (Qələbə dairəsi) üzrə 2015-ci il tarixdə, xx.xx.2011-ci il tarixli, 09/54 nömrəli müqavilə (Ziya Bünyadov prospekti lə Böyükşor prospektinin kəsişməsi) üzrə isə ən geci 2016-cı ildə yekunlaşmış, belə olan halda 2007- 2008-ci il tarixli müqavilələrin 17-ci bəndlərində və 2010-2011-ci il tarixli müqavilələrin 36cı bəndlərində əks olunmuş şərtlər nəzərə alınmaqla cavabdehin muzd ödənilməsinə dair öhdəliklərinin icrası müddəti ən geci müvafiq olaraq həmin illərdə bitmiş və muzdun ödənilməsi tələbləri üzrə iddia müddətlərinin axımı ən geci növbəti illərdən başlamışdır.
51. Bundan sonra xx.xx.2019-cu il tarixdə iddiaçı həmin müqavilələr üzrə qarşılıqlı borcların üzləşdirilməsi aktlarını təsdiq etməklə borcu etiraf etdiyini göstərən hərəkət etmişdir.
52. Kollegiya ilk növbədə qeyd edir ki, mübahisəli müqavilələr üzrə görülmüş işlərin dəyərinin ödənilməsi tələbi üzrə iddia müddətinin axımının başladığı tarixlərdən üzləşmə aktının təsdiq edildiyi tarixədək olan müddətdə cavabdeh tərəfindən borcu etiraf edən hərəkətlərin edilib-edilməməsi (qismən ödənişlər, üzləşmə aktının təsdiqi və s.) ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, iş materiallarında olan sübutlara əsasən xx.xx.2019-cu il tarixli üzləşmə aktlarının iddia müddətləri daxilində və ya iddia müddətləri bitdikdən sonra imzalanmasını müəyyən etmək də qeyri-mümkündür.
53. Digər tərəfdən sözügedən üzləşmə aktlarının iddia müddəti daxilində imzalanması ehtimal edilsə və belə olan halda həmin aktların iddia müddətinin axımının kəsilərək yenidən başlanmasına əsas qismində çıxış etməsi qəbul edilsə belə qeyd edilməlidir ki, xx.xx.2019-cu il tarixdən sonra cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə hər hansı ödəniş, eləcə də borcu etiraf etdiyini göstərən digər hərəkətlər edilmədiyindən iddiaçının hazırkı iddianı xx.xx.2025-ci il tarixdə qaldırmaqla müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş üç illik iddia müddətini ötürməsi açıq-aşkardır.
54. Odur ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
55. Müddətin ötürülməməsini sübuta yetirmək üçün iddiaçının təqdim etdiyi cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməsini təsdiq edən sənədlərə münasibətdə kollegiya qeyd edir ki, sözügedən ödənişlər tərəflər arasında bağlanmış mübahisəli podrat müqavilələri ilə hər hansı bağlılığı olmayan başqa podrat müqavilələri üzrə həyata keçirilmişdir, odur ki, həmin ödənişlərin mübahisəli müqavilələr üzrə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkət kimi qiymətləndirilməsi üçün əsas yoxdur.
56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə kimi qiymətləndirərək hesab edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
57. Eyni zamanda apellyasiya şikayətinin təmin edilmədiyini nəzərə alaraq kollegiya məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
58. İşə apellyasiya qaydasında baxılması üçün çəkilmiş məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
59. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3300/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov