Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1025/2024 26.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “illik 5 faiz pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-3344/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) Cavabdeh (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 72705 manat məbləğində pul vəsaitinin və 309 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 63 705 manat məbləğində pul vəsaitinin və 309 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3344/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 63705 manat məbləğində pul, 309 manat dövlət rüsumu, ümumilikdə 64014 (altmış dörd min on dörd) manat məbləğində pulun tutularaq iddiaçılar İddiaçı2, İddiaçı1 ödənilməsi qət edilmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3344/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçıların mövqeyi ilə razılaşaraq, hazırki mübahisəyə Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gələn illik 5% olmaqla vəsaitin tələb edilməsini qanuni hesab etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, istinad etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında da qeyd edildiyi kimi sözügedən maddə tərəflər arasında müqavilə münasibətləri olduğu halda tətbiq edilir. Hazırki kommersiya mübahisəsinin mahiyyətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-27/2019 saylı qətnaməsi ilə Cavabdeh ******* manat məbləğində pul tutularaq, iddiaçılara ödənilməlidir və həmin mübahisə müqavilə münasibətlərindən doğan öhdəlik üzrə yaranmış və təsisçinin şirkətə yatırmalı olduğu pulu yatırmamasından yaranmışdır. Bununla hesab edilir ki, məhkəmə iddianın hüquqi əsasını düzgün müəyyən etməmiş və tətbiq edilməli hüquq hissəsində yanlışlığa yol verərək, maddi hüquq normasının tələbini kobud şəkildə pozmuşdur. İş üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(103)-324/2021 saylı qərardadından görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasının təmin edilməsi üçün borclu Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin (borclu Cavabdeh aid hissədə) və ünvan 3 ünvanında yerləşən “Mehriban” kafesinin (borclu Cavabdeh aid hissədə) üzərinə həbs qoyulması qərara alınmışdır. İcra vərəqəsinin icrasının təmin edilməsi məqsədi lə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin borclu Cavabdeh aid hissədə torpaq sahəsi və tikintiləri hərracdan cəmi 690000 manata satılmış və qətnamənin icrasına yönəldilmişdir. Bununla da icra məmurunun icra sənədi üzrə hərəkətləri dayanmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin hərracın nəticələri Cavabdeh tərəfindən mübahisələndirilmişdir. Belə ki, hərracın nəticələrinin mübahisələndirilməsinə dair mülki iş üzrə (İş 2(103)-2874/2023, sədrlik edən İkram Şirinov, tərkib üzvləri Elşən Kazımov və Namiq Cəfərov) təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16- 16/2-10/6892-9/6890 saylı ekspert rəyindən görünür ki, Cavabdeh adına Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə mövcud olan toraq sahəsinin üzərində yerləşən əmlakın 3/8 hissəsinin hazırki orta bazat qiymətlərinə uyğun dəyəri təqribən 1.034.250 manat və torpaq sahəsinin ¼ hissəsinin dəyəri 5.126.500 manat təşkil edir. Bundan başqa məhkəmənin həmin iş üzrə əmtəəşünaslıq ekspertizası keçirilməsi həvalə edilən ABM˝ LTD˝ MMC-nin sözügedən ünvanda Cavabdeh aid tikinti sahəsinin (3/8 hissə) dəyəri 2.325.000 manat, torpaq sahəsinin (1/4 hissə) 5.250.000 manat təşkil edir. Göründüyü kimi əgər Nəsimi rayon İcra şöbəsi zamanında qanundan irəli gələn tələbə cavab verən qiymətləndirmə şirkəti ilə həmin əmlakların dəyərləndirməsini təşkil etmiş olsaydı daha düzgün nəticə əldə etməklə, hərracın qanuni keçirilməsinə nail ola bilərdi. Lakin hazırki halda şahidi oluruq ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası məqsədilə əmlakları üzərinə həbs qoyulmuş Cavabdeh əmlakın həqiqi dəyərindən on dəfə aşağı məbləğə özgəninkiləşdirilmişdir. Bunun səbəbi isə icra orqanın qanuna zidd hərəkət etməsi olmuşdur. Göründüyü kimi Cavabdeh əməlində qətnamənin icrasının qarşısını alan və ya onun icrasından yayınmaqla bağlı təqsirli hərəkətlər mövcud deyildir. Üstəlik Cavabdeh adına olan bütün əmlaklarının üzərinə iddiaçıların qaldırmış olduğu mülki və kommersiya iddiaları ilə əlaqədar, o cümlədən icra işləri ilə bağlı həbs qoyulmuşdur. Bundan başqa iddiaçılarla birgə təsisçisi olduğu şirkətlərin 2015-ci ildən başlayaraq, gəlirləri barədə Cavabdeh hesab verilməməklə, onun növbəti və növbədən kənar (əgər keçirilibsə) ümumi yığıncıqlarda iştirakı təmin edilməməklə, onların qərarları verilməməklə, həmin şirkətlərdən dividentlər verilməməklə hüquqları pozulmuş və pozulmaqda davam edir. Bütün gəlir vasitələri əlindən alınmışdır. Eyni zamanda pul olan bank hesabı mövcud deyildir, icra hərəkətləri nəticəsində bu hala qiymət verilmişdir. Göründüyü kimi Cavabdeh əməlində nə hüququ zidd əməli, nə başqa şəxsə bununla ziyan və ya zərər vurması halı, nə də onlar arasında səbəbli əlaqə mövcud deyildir. Məhkəmə hüququn tətbiqində yanlışlığa yol vermiş və maddi hüquq normasının düzgün şərh etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
12. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
13. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
14. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
17. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.
21. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-27/2019 nömrəli icra sənədi üzrə Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlanılmış, həmin tarixdə borcluya (cavabdehə) tələbin icrası barədə bildiriş göndərilmiş, sonuncu tərəfindən bildiriş alınmasından imtina edilmiş (Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən – i.v.77), tələb könüllü şəkildə icra edilmədiyi üçün borcluya məxsus əmlaklar üzərinə həbs qoyulmuş, keçirilmiş hərrac nəticəsində borcun bir qismi ödənilmiş, qalıq borc (424703 manat) borclu tərəfindən tələbkarlara ödənilməmişdir. İddiaçılar qalıq borca illik 5 faizlə hesablanmış ümumilikdə 63705 manat pulun tutulmasını tələb etmişlər.
22. Cavabdeh iddiaya qarşı etiraz edərək, icra sənədinin icrasına tərəfindən hər hansı maneçilik törədilmədiyini, icra sənədi üzrə keçirilmiş hərracın qanunun tələblərini pozmaqla keçirildiyi üçün tərəfindən mübahisələndirildiyini, cavabdehə məxsus əmlak vaxtında düzgün qiymətləndirildiyi halda, əmlakın satışından əldə edilmiş vəsaitin borcun ödənilməsi üçün yetərli olduğunu göstərməsini bildirmişdir.
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
24. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
25. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
26. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
27. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir.
28. Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, qətnamə ilə müəyyən edilən pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
29. İddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normaları ilə bu iddia tələbini irəli sürmək hüququ verilmişdir.
30. Qeyd olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, materiallardan görünür ki, icra sənədi üzrə borcun ödənilməsi istiqamətində cavabdeh tərəfindən ümumiyyətlə hər hansı addım atılmamış, icra sənədi üzrə borcun hissə-hissə icrası, icrasına möhlət verilməsi barədə ərizə verilməmiş, habelə icra məmuru tərəfindən əmlak qiymətləndirilən zaman qiymətləndirmə hesabatı mübahisələndirilməmişdir.
31. Lakin məhkəmə kollegiyasının sorğusu əsasında icra işinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, icra məmuru cavabdehin bildirdiyi kimi hərəkətsizlik etməmiş, əksinə qətnamənin icrası üçün hərəkətlər etmiş və borcun yarıdan çox hissəsini məcburi icra tədbirləri nəticəsində ödətdirmişdir. İşdən görünür ki, cavabdeh keçirilmiş hərracları məhkəmə qaydasında mübahisələndirmişdir. Hətta bu əsasla icraatın dayandırılmasını xahiş etmişdir.
32. Məhkəmə kollegiyası iddia tələbinin zərərin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə, öhdəliyin icrasının gecikdirilməsinin mübahisə doğurmadığı halda, kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Odur ki, şikayətin aidiyyəti dəlili əsassızdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hərracın nəticələri ilə razı olmaması, onun nəticələrini mübahisələndirməsi onun mülkiyyət hüququndan doğan təməl hüquqlarıdır. Lakin daşınmaz əşyalar ipoteka predmeti olmadığına görə hərracın mübahisələndirilməsi cavabdehi qətnaməni icra etmək vəzifəsindən azad etmir. İşdən görünür ki, qətnamə üzrə 690000 manat ödətdirilmiş, 424703 manat borc ödənilməmişdir. Mübahisələndirilən hərraclar 690000 manat ödətdirilmiş borca aiddir. Qanuni qüvvəyə minmiş qətnamə ilə 424703 manat borcun cavabdeh tərəfindən indiyədək təqsirli olaraq ödəməməsi işin mübahisəsiz halıdır.
34. Tərəflər arasında olan mübahisənin müqavilə münasibətlərindən yaranması işdə olan qətnamələrdən görünür. Odur ki, məhkəmə haqlı olaraq işə Mülki Məcəllənin 445.7-ci maddəsini tətbiq etmişdir. Şikayətin müvafiq dəlili əsassızdır.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3344/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.