Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-103/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4217/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC (icraçı) və Cavabdeh MMC (sifarişçi) arasında 24 iyul 2021-ci il tarixli FNX-AMZ-01 nömrəli xidmət müqaviləsinə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçinin sifariş verdiyi Crescent Development layihəsi üzrə xidmətləri (təməl və divarların ECB membranla hidroizolyasiyası) yerinə yetirməyi, sifarişçi isə bu xidmətlərin müqabilində icraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 123.900 manat əsas borc kimi, 185.850 manat əsas borcu gecikdirməyə görə, 33.992 manat qarantiyaya (zəmanət kəsintisi) görə, 400 manat mediasiya xərci, 635 manat dövlət rüsumu, cəmi 344.142 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, icraçı olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, müxtəlif tarixli təhvil-təslim aktları (2 nömrəli forma) əsasında görülmüş işlər sifarişçiyə təhvil verilmiş və cavabdeh tərəfindən görülmüş işlərə görə ödənilməli olan məbləğin təxminən 5/6 hissəsi ödənilmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixdən ödəməli olduqları məbləğin 123900 manat hissəsini ödəməmişdir. İddiaçı ilə cavabdeh xx.xx.2021–xx.xx.2022-ci il tarixləri arasındakı dövr üçün üzləşmə aktı tərtib etmiş, hər iki MMC-nin direktorunun imzası MMC-lərin möhürü ilə cavabdehin iddiaçıya 123.900 manat borclu olması təsdiq olunmuşdur. Lakin buna baxmayaraq həmin borc hal-hazıra kimi ödənilməmişdir. İddiaçı xidmətin dəyərinin ödənilməsinin gecikdirilməsini cavabdeh tərəfindən sonuncu ödənişin aparıldığı xx.xx.2022-ci il tarixdən hal-hazıra kimi olan müddət 10 ay və ya 300 gün təşkil edir. 300 gün üçün hər günə 0,5 faiz olmaqla borc məbləğinin 150 faizi məbləğində gecikdirilməyə görə ödəniş ödənilməlidir. 123900 manatın 150 faizi isə 185.850 manata bərabərdir. Bundan əlavə, 24 iyul 2021-ci il tarixdə FNX-AMZ01 saylı “Xidmət müqaviləsi”nə Əlavənin (Qiymət razılaşma Protokolu №1) sonunda 4-cü bənddə qeyd olunanlara əsasən “Retention (zəmanət kəsintisi) 5 % olmaqla müqavilə imzalandığı tarixdən etibarən 12 ay müddətə kimi nəzərdə tutulmuşdur. İddiaçı müqavilədə nəzərdə tutulan və nəzərdə tutulmayan, lakin “Sifarişçi” tərəfindən icrası tələb olunan işləri yerinə yetirmişdir. Müqavilənin 3.2.4-cü maddəsinə əasəsn “Sifarişçi” həmin müqavilədə nəzərdə tutulmayan işlərin görülməsini “İcraçı”dan tələb etdikdə əlavə işlərə görə muzd ödəmək öhdəliyi daşıyır. Təhvil-təslim aktları və üzləşmə aktından da müəyyən edildiyi kimi iddiaçı cavabdehin sifarişi ilə cəmi 679.852,26 manat məbləğində işi yerinə yetirmiş və son işlərin yerinə yetirilib təhvil verilməsindən 16 ay müddət keçmişdir. Ona görə də cavabdeh zəmanət kəsintisi kimi iddiaçıya 679.852, 26 manatın 5% məbləğində, yəni 33.992 manat əlavə pul ödəməlidir.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4217/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 123900 (bir yüz iyirmi üç min doqquz yüz) manat məbləğində əsas borc, 6000 (altı min) manat dəbbə pulu və ödənilmiş 635 (altı yüz otuz beş) manat məbləğində dövlət rüsumu, ümumilikdə 130535 (bir yüz otuz min beş yüz otuz beş) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamış, iddiaçı tərəfindən görülən işlərin qüsursuz icra edilib-edilməməsi araşdırılmamış, ödənilməli olan məbləğin mübahisəli olması nəzərə alınmamış və bununla bağlı iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimə-fakturalara qiymət verilməmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, iddiaçı tərəfindən görülmüş işlər qüsurlu olmuş, gördükləri işlər (izolasiya işləri) yenidən başqa podratçı şirkət tərəfindən icra edilmişdir. Məhz buna görə də Cavabdeh MMC əsas sifarişçi qarşısında öhdəliyi yerinə yetirə bilməmiş, Cavabdeh MMC-dən həmin işlər qəbul edilməmiş və dəyəri ödənilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə yerinə yetirilmiş işin haqqı o zaman tələb edilə bilərdi ki, yerinə yetirilmiş iş qüsursuz olsun və həmin işdə sifarişçinin marağı olsun. İddiaçı tərəfindən yerinə yetirilmiş işlər qüsurlu olduğuna görə tərəfindən qəbul edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş görülmüş işlərin təhvil təslim aktları və üzləşmə aktından görünür ki, iddiaçı işləri qüsursuz icra etmiş və təhvil vermiş, cavabdeh isə həmin təhvil-təslim aktlarına əsasən işləri qəbul etmiş və təhvil almışdır. Bundan başqa yerinə yetirilmiş işlərin qüsurlu olması ilə bağlı cavabdehin heç bir iradı olmamışdır. Həmçinin, iddiaçı bütün elektron qaimə və borcü təsdiq edən üzləşmə aktı məhkəməyə təqdim etmiş, məhkəmə bu sənədləri araşdırmış və qətnamədə buna qiymət vermişdir. Bundan başqa, ödənilməli olan məbləğin mübahisəli olması və elektron qaimələrin qəbul edilməməsi barədə cavabdehin heç bir etirazı olmamışdır. Yəni iddiaçı tərəfindən göndərilən elektron qaimə cavabdeh tərərfindən qəbul edilmiş və yekun borcu təsdiq edən üzləşmə aktı cavabdeh tərəfindən təsdiq edilmişdir. Cavabdehin iclasın vaxtı barədə məlumatın olmamasını qeyd etməsi isə tam olaraq əsassızdır, ona görə ki, cavabdeh elektron məhkəmə sistemi və SMS vasitəsilə məlumatlandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
12. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Həmin Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
15. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, baxılan hissədə iddia əsaslıdır.
19. Belə ki, tərəflər arasında bağlanmış 24 iyul 2021-ci il tarixli FNX-AMZ-01 nömrəli xidmət müqaviləsi mahiyyət etibarı ilə podrat müqaviləsidir.
20. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir.
21. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.
22. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə 01 saylı xx.xx.2021-ci il tarixli X3 Protokolundan görünür ki, tərəflər görüləcək işlərin qiymətləri barədə razılaşmışlar. Elektrik, su, işıqlandırma, ayaqaltı və yemək xərcləri sifarişçi tərəfindən təmin edilir. Retention (zəmanət kəsintisi) 5 % olmaqla müqavilə imzalandığı tarixdən etibarən 12 ay müddətə nəzərdə tutulmuşdur.
23. Müqaviləyə 02 saylı xx.xx.2021-ci il tarixli X3 Protokolundan görünür ki, ümumilikdə 31762,59 ABŞ dolları (ƏDV daxil) xidmətlərin göstərilməsi razılaşdırılmışdır.
24. Müqaviləyə 03 saylı xx.xx.2021-ci il tarixli X3 Protokolundan görünür ki, ümumilikdə 8890,10 ABŞ dolları (ƏDV daxil) xidmətlərin göstərilməsi razılaşdırılmışdır.
25. İddiaçı və cavabdeh arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixində yerinə yetirilən işlər haqqında 01 nömrəli arayışdan görünür ki, 24 iyul 2021-ci il tarixli FNX-AMZ01 nömrəli xidmət müqaviləsinə əsasən 236000 manat məbləğində mal təhvil verilmişdir.
26. İddiaçı və cavabdeh arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixində yerinə yetirilən işlər haqqında 02 nömrəli arayışdan görünür ki, 24 iyul 2021-ci il tarixli FNX-AMZ01 nömrəli xidmət müqaviləsinə əsasən 59000 manat məbləğində mal təhvil verilmişdir.
27. İddiaçı və cavabdeh arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixində yerinə yetirilən işlər haqqında 03 nömrəli arayışdan görünür ki, 24 iyul 2021-ci il tarixli FNX-AMZ01 nömrəli xidmət müqaviləsinə əsasən ümumilikdə 76700 manat məbləğində mal təhvil verilmişdir.
28. İddiaçı və cavabdeh arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixində yerinə yetirilən işlər haqqında 04 nömrəli arayışdan görünür ki, 24 iyul 2021-ci il tarixli FNX-AMZ01 nömrəli xidmət müqaviləsinə əsasən ümumilikdə 100300 manat məbləğində mal təhvil verilmişdir.
29. İddiaçı və cavabdeh arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixində yerinə yetirilən işlər haqqında 05 nömrəli arayışdan görünür ki, 24 iyul 2021-ci il tarixli FNX-AMZ01 nömrəli xidmət müqaviləsinə əsasən ümumilikdə 100300 manat məbləğində mal təhvil verilmişdir.
30. İddiaçı və cavabdeh arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixində yerinə yetirilən işlər haqqında 06 nömrəli arayışdan görünür ki, 24 iyul 2021-ci il tarixli FNX-AMZ01 nömrəli xidmət müqaviləsinə əsasən ümumilikdə 48373,71 manat məbləğində mal təhvil verilmişdir.
31. İddiaçı və cavabdeh arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixində yerinə yetirilən işlər haqqında 07 nömrəli arayışdan görünür ki, 24 iyul 2021-ci il tarixli FNX-AMZ01 nömrəli xidmət müqaviləsinə əsasən ümumilikdə 59178,55 manat məbləğində mal təhvil verilmişdir.
32. İddiaçı tərəfindən cavabdehə EBCM 309528 nömrəli xx.xx.2022-ci il tarixli, EBCM 308654 nömrəli xx.xx.2022-ci il tarixli, EBBM 509846 nömrəli xx.xx.2021-ci il tarixli, EBCM 308262 nömrəli xx.xx.2022-ci il tarixli, EBBL 000692 nömrəli xx.xx.2021-ci il tarixli, EBBK 534015 nömrəli xx.xx.2021-ci il tarixli, EBBJ 995189 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələr göndərilmişdir.
33. İddiaçıya məxsus sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdehin ƏDV subuçot hesabından iddiaçının sub-uçot hesabına xx.xx.2021-ci il tarixdə 36000 manat, xx.xx.2021-ci il tarixdə 9000 manat, xx.xx.2021-ci il tarixdə 11700 manat, xx.xx.2021ci il tarixdə 153000 manat, xx.xx.2022-ci il tarixdə 3600 manat,xx.xx.2022-ci il tarixdə 1800 manat, xx.xx.2022-ci il tarixdə 7406,28 manat köçürülmüşdür.
34. Cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə 41145,98 manat, xx.xx.2022-ci il tarixli ********** nömrəli əməliyyat üzrə məlumata əsasən 10000 manat, xx.xx.2022-ci il tarixli ********** nömrəli əməliyyat üzrə məlumatla 20.000 manat, xx.xx.2021-ci il tarixli **********95 nömrəli qəbzlə 85000 manat, xx.xx.2021-ci il tarixli 000İCZ********** nömrəli ödəniş tapşırığı ilə 65000 manat, xx.xx.2021-ci il tarixli FT21285MXDA1/BNK nömrəli ödəniş tapşırığı ilə 50000 manat, xx.xx.2021-ci il tarixli 000İCZ********** nömrəli ödəniş tapşırığı ilə 200000 manat ödəniş edilmişdir.
35. İddiaçı ilə cavabdeh tərəfindən imzalanıb möhürlənmiş xx.xx.2021-xx.xx.2022-ci il dövrü üzrə üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixli FNX-AMZ-01 saylı xidmət müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya borcu 123900 manat təşkil edir.
36. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin iddiaçıya 123900 manat məbləğində borclu olması yuxarıda sadalanan təhvil-təslim aktları, cavabdeh tərəfindən heç bir etiraz edilməmiş elektron qaimələr və ən əsası xx.xx.2021-xx.xx.2022-ci il dövrünə dair üzləşmə aktı ilə tam təsdiq olunur.
37. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı görülmüş işlərin dəyərini təşkil edən 123900 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
38. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən xidmətin dəyəri bu müqavilənin 4.2-ci bəndində göstərilmiş gündən gec ödənildikdə sifarişçidən hər gecikdirilmiş günə görə 0,5 % həcmində əlavə ödəniş tələb olunacaqdır
39. Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərini, cavabdeh tərəfindən ödənişin gecikdirilməsi müddətini və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 6.000 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
40. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin təyin etdiyi hazırlıq və baxış iclasları barədə cavabdehə bildirişlər rəsmi qaydada çatdırılmışdır (həm ünvana, həm də elektron kabinetə). Bununla belə həmin iclaslar barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh iddiaya etiraz etməmiş və iddiaçının təqdim etdiyi sübutları mübahisələndirməmişdir. Apellyasiya şikayətində isə cavabdeh iddiaçının işləri qüsurlu gördüyünü bildirir. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslanır. Bundan əlavə hətta cavabdehin dəlilləri araşdırılsa belə əsaslı olduğu təsdiq olunmur. Çünki cavabdeh iddiaçının işləri qüsurlu gördüyünü bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bunun əksinə yuxarıda istinad olunan xx.xx.2021-xx.xx.2022-ci il dövrü üzrə üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixli FNX-AMZ-01 saylı xidmət müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya borcu 123900 manat təşkil edir. Kollegiya qeyd edir ki, əgər həqiqətən də iddiaçı işləri qüsurlu görsəydi, cavabdeh elektron qaimələrə öz etirazını bildirər, həmçinin işlərin yerinə yetirilməsi arayışlarını və üzləşmə aktını imzalamaqdan imtina edərdi. Hazırda isə həmin hallar mövcud deyil. Göründüyü kimi cavabdehin dəlilləri formal mülahizələrdə ibarətdir.
41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4217/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn