Məhkəmə qərarları › İş №2-2(103)-105/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-105/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-105/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı podrat müqaviləsi üzrə borcun tutulması Açar söz: podrat müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə2, nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı podrat müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4367/2022 nömrəli iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli HP 018/0518 saylı podrat müqaviləsinə əsasən iddiaçı cavabdeh tərəfindən təqdim olunmuş iş həcmləri və layihə cizgilərinə əsasən Sabirabad və Salyan rayonlarında yerləşən qış otaqlarında meliorativ tədbirlərin aparılması (Sabirabad rayonu üzrə İ və İİ mərhələ) layihəsi çərçivəsində podrat işləri görmüş, görülmüş ƏDV daxil olmaqla 4.177.794,78 manat dəyəri olan işlər xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş forma 2 aktı ilə cavabdeh tərəfindən qəbul edilmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixli maliyyə arayışında görülmüş işlərə görə cavabdeh tərəfindən 3.489.010,73 manat ödəniş edildiyi göstərir. Eyni zamanda həmin maliyyə arayışında qeyd olunur ki, iddiaçı tərəfindən cavabdehə qeyd edilən müqavilə üzrə ümumi məbləği ƏDV daxil 4.223.683,13 manat dəyərində ( İC 650206 nömrəli xx.xx.2019-cu il tarixli elektron vergi hesab-fakturası ilə 439222,2 manat, HY 275017 nömrəli xx.xx.2019-cu il tarixli elektron vergi hesab-fakturası ilə 3784461,45 manat)

3. İşdəki ƏDV sub uçot hesabından görünür ki, cavabdeh tərəfindən 2019-cu il ərzində iddiaçıya əsas borc üzrə 2.844.720 (1.874.000+970.720) manat ƏDVnin depozit hesabına 644290,73 manat vəsait ödənilmişdir. Maliyyə arayışına əsasən cavabdehin 734672,4 manat borcu qalmışdır.

4. Cavabdeh tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş “Bank” BTB tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ödəniş tapşırıqlarından görünür ki, cavabdeh sözügedən müqavilə üzrə xx.xx.2018-ci il tarixdə 15.000 manat, xx.xx.2018-ci il tarixdə 290.000 manat ödəniş edilmişdir. Bu ödənişlər iddiaçı tərəfindən nəzərə alınmamışdır.

5. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə Məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC cavabdeh “X1 Company" MMC-yə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 734647,57 manat məbləğində əsas borc, 154275,96 manat faiz borcu olmaqla, ümumilikdə 888923,53 manat borcun, 1179 manat ödənilmiş dövlət rüsumunun və 400 manat mediasiya rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 may 2018- ci il tarixində 1-ci və 2-ci mərhələlər üzrə “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsinə dair HP 018/0518 saylı podrat müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərinə müvafiq olaraq öhdəsinə götürdüyü işləri tam icra edərək təhvil vermiş, HP 018/0518 saylı və əvvəlki müqavilələr üzrə görülmüş işlərin təhvil-təsliminə dair xx.xx.2018-ci il tarixdə 3540504.05 azn əsas məbləğ, 637290,73 AZN ƏDV məbləği olmaqla ümumi 4177794,78 azn məbləğə təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh tərəfindən təhvil verilmiş işlərin ümumi dəyərindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 637.290,73 azn ƏDV məbləği, 2.805.856,48 azn əsas məbləğ ödənilməklə 734647,57 azn əsas məbləğ üzrə borc qalmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı ASC-nin 2019-2022-ci illər üçün mövcud olan illik uçot dərəcəsinə uyğun olaraq 154.275,96 manat faiz olmaqla, ümumilikdə 888923,53 manat tərəflərindən dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq ödənilməmişdir.

8. Cavabdehin vəkili və nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaya etiraz edərək borcun tam ödənildiyini, iş materialları ilə tanış olmaq və ödəniş sənədlərini məhkəməyə təqdim etmək üçün vaxt verilməsini xahiş etmiş, məhkəmə cavabdehin vəkilinin vəsatətini təmin edərək məhkəmə iclasını xx.xx.2022-ci il tarixə təxirə salmış və həmin iclasda qətnamə qəbul etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4367/2022 saylı qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi qismən təmin edilərək Cavabdehndən 734647,57 manat məbləğində pul və ödənilmiş 1179 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli HP 018/0518 nömrəli podrat müqaviləsi bağlandığı, iddiaçının həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra etdiyi işdəki sübutlarla təsdiq edildi halda cavabdehin həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etdiyi sübut olunmadığından müqavilə üzrə iddiaçıya 734647,57 manat gecikdirilmiş əsas borcu yarandığı iddia əsas borcla bağlı hissədə əsaslıdır.

11. İddiaçının cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 154275,96 manat faiz borcunun ödənilməsi tələbi tələb edilən faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim edilmədiyindən təmin edilməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4367/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcun məbləği düzgün müəyyən edilməmişdir. Cavabdeh ilk ödənişi xx.xx.2019-cu il tarixdə yox, 2018-ci il tarixdə həyata keçirtmiş, iddiaçı 2018-ci ildə həyata keçirilmiş ödənişləri (15.000+290000) nəzərə almamışdır.

14. Cavabdeh apellyasiya şikayətinə əlavə və yazılı izahat təqdim edərək qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli HP018/0518 saylı əlavə razılaşmaya əsasən cavabdeh tərəfindən cəmi 4194010,73 manat ödəniş edilmiş, iddiaçıya borc qalmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təhvil alınmış işlərin dəyərindən ödənilmiş 45863 manat ödənişi, xx.xx.2019-cu il tarixdə ödənilmiş 400.000 manat vəsaiti nəzərə almamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İşə apellyasiya qaydasında baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclaslarında nümayəndə E.Xutinayeva apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

16. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə2, nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş və təmin edilməməsini xahiş etmişlər.

17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 432.3-cü maddə- əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 385.1-ci maddə-məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Qətnamənin tam ləğv edilməsi xahiş edilsə də apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh tərəfindən qətnamə ddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4367/2022 saylı qətnaməsi qismən ləğv edilərək iddia Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 350863,52 manat pul tutulması hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən MPM-nin tələblərini nəzərə almamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan bütün hallar iddiaçı tərəfindən sübut edilmədiyi halda məhkəmə iddianın əsas borc hissəsində tam təmin edilməsi barədə nəticəyə gəlmişdir.

21. İş materiallarının 19-cu vərəqinə əlavə edilmiş Forma 2 aktından görünür ki, iddiaçının gördüyü və cavabdehə təhvil verdiyi işlərin dəyəri ümumilikdə ƏDV daxil 4.177.794,78 manat olmuşdur. Lakin işdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 4.223.683,13 manat dəyərində ödənişlə bağlı vergi hesab fakturası göndərmişdir. Göründüyü kimi, cavabdehdən tələb edilən məbləğ görülən işin dəyərindən 45888,35 manat artıq olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, 45888,35 manat forma 2 aktında öz əksini tapmayan əlavə işlərə görə tələb edilir. Nümayəndə suala cavab olaraq bildirmişdir ki, bütün işlər təhvil təslim aktı imzalananadək görülsə də, 45.888,35 manat dəyərində işin görüldüyü forma 2 aktı ilə rəsmiləşdirilməmiş, cavabdeh şifahi razılaşmaya əsasən həmin işlərin dəyərini ödəməyi öz üzərinə götürmüşdür.

22. Cavabdeh xx.xx.2008-ci il tarixli forma 2 aktında öz əksini tapmayan əlavə işlərin görüldüyünü qəbul etmədiyindən sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda, iddiaçı həmin işlərin görülməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia 45888,35 manat pul tələbi ilə bağlı hissədə əsassızdır. Cavabdehin təhvil aldığı işlərə görə ƏDV üzrə 637290,73 manat ödəməli olduğu halda, 644290,73 manat ödəniş həyata keçir məsi iddiaçının forma 2 aktında nəzərdə tutulmayan əlavə işlərin görüldüyünü təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.

23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş “Bank” BTB-dən xx.xx.2023-cü il tarixdə əldə edilmiş edilmiş ödəniş tapşırıqları sübut kimi qəbul edilməlidir. Belə ki işdən görünür ki, cavabdehin vəkili iş materialları ilə tanış olmaq və sübutları məhkəməyə təqdim etmək üçün xx.xx.2022-ci il tarixli iclasda vaxt verilməsini xahiş etmiş, məhkəmə vəsatəti təmin etsə də iclası 3 gün sonraya təxirə saldığı üçün vəkilin ödənişlərlə bağlı sənədləri bankdan əldə edərək məhkəməyə təqdim etmək üçün kifayət qədər imkanı olmamışdır. İddiaçının nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, 2018-ci il tarixdə cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş cəmi 305.000 manat əvvəlki müqavilələr üzrə cavabdehin borclarına silindiyindən hazırkı müqavilə üzrə ödəniş kimi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası Mülki Məcəllənin 432.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırkı halda cavabdeh xx.xx.2018-ci il tarixli 51156 saylı, xx.xx.2018ci il tarixli 45697 saylı ödəniş tapşırıqlarında ödənişin təyinatını qeyd edərək 018/0518 saylı müqavilə üzrə həyata keçirildiyini qeyd etdiyindən (borclu icra etdiyi öhdəliyi özü seçdiyindən) kreditor olaraq iddiaçı həmin ödənişləri digər öhdəliyin icrası ilə bağlı silməyə haqlı olmamışdır.

24. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli HP 018/0518 saylı podrat müqaviləsi üzrə 4.177.794,78 manat dəyərində təhvil alınmış işlərə görə cavabdehin iddiaçıya qalıq borcunun məbləği 383784,05 manat (4.177.794,78 - 3489010,73-305.000) təşkil etdiyindən cavabdehdən bu məbləğdən əlavə 350863,52 manat pul tutulması hissəsində qətnamə ləğv edilməli, iddia həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir.

25. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə həyata keçirilmiş 400.000 manat ödənişlə bağlı məhkmə qeyd edir ki, xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən bu məbləğin cavabdehin hesabına geri qaytarıldığı (borc olaraq alındığı üçün) iş materiallarının 59-cu vərəqinə əlavə edilmiş bank hesabından çıxarışla təsdiq edildiyindən həmin ödənişin ümumi borcdan çıxılması barədə cavabdehin tələbi əsassızdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin podrat müqaviləsi üzrə forma 2 aktına əsasən təhvil aldığı işlərə görə iddiaçıya 383784,05 manat borcunun ödənildiyi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmadığından həmin borcun tutulmasına dair hissədə mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 400 manat mediasiya xərci, 1179 manat dövlət rüsumu ödənilmişdir. İddia məbləğinin 52.2 faizi təmin edildiyindən MPM-nin 119-cu maddəsinə əsasən bu məbləğin 821 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4367/2022 saylı qətnaməsi qismən ləğv edilərək iddia Cavabdeh MMC-dən İddiaçı MMCnin xeyrinə 350863,52 manat pul tutulması hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4367/2022 saylı qətnaməsi qismən ləğv edilsin. İddia Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 350863,52 manat pul tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə (cavabdehdən iddiaçının xeyrinə 383784,05 manat pul tutulması hissəsində) dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 821 manatı cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar