Məhkəmə qərarları › İş №2-2(103)-1067/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1067/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1067/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair ilk iddiası, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı ödənilmiş pulun geri qaytarılması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli, e-2-2(113)-1812/2021 saylı qətnaməsindən (hakim Aytən Əliyeva) hər iki tərəfin verdiyi apelyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Tüv Austria Azərbaycan” MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 avqust 2018-ci il tarixli “TUV-AZE-İND-000022” saylı və 01 aprel 2019-cu il tarixli “19-İNE-16” saylı müqavilə öhdəlikləri üzrə 272982.0 (iki yüz yetmiş iki min doqquz yüz səksən iki) manat əsas borc, 23597 manat gecikdirmə faizi, 50000 manat əldən çıxmış fayda və mənəvi təzminat, 17459 manat hüquqi yardım, konsultasiya və vəkil xidmətləri üçün çəkilmiş və ödəniləcəyi ilə bağlı öhdəlik götürülmüş xərc, manat dövlət rüsumu olmaqla cəmi – 364.068 manat məbləğin Cavabdeh MMC-dən tutularaq “Tüv Austria Azərbaycan” MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC qarşılıqlı iddia verərək “Tüv Austria Azərbaycan” MMC-dən Cavabdeh MMC-nin xeyrinə ödənilmiş 933371,68 manatın, 60.000 manat əldən çıxmış faydanın və mənəvi təzminatın, 30 manat dövlət rüsumunun, cəmi 993.401,68 manatın tutulmasını məhkəmədən xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh MMC ilə 13 avqust 2018-ci il tarixli “TUV_AZE_İND_000022” saylı və 01 aprel 2019-cu il tarixli “19- İNE-16” saylı podrat müqavilələri bağlamış və razılaşdırılmış öhdəliklərini tam və əksiksiz olaraq icra etmişdir. İşlərin icra edilməsi ilə bağlı gündəlik protokollar tərtib edilərək imzalanmış, göstərilən xidmət sahəsində mövcud olan bütün zəruri detalları özündə əks etdirən müvafiq aktlar hazırlanaraq cavabdehə təqdim edilmişdir. Hər iki müqavilədə yer alan işlərin ödənilməsi bölməsinə əsasən “15 iş günü ərzində düzgün hesablanmış hesab fakturaların (o cümlədən hər hansı ƏDV hesab-fakturaların) və məzmundan asılı olaraq lazımi qaydada imzalanmış icra olunan işin ödənilməsinə dair hesabatlar və ya qəbul aktı təqdim edildikdən sonra həyata keçiriləcək” bəndinə baxmayaraq, bir sıra ödənişlər cavabdeh tərəfindən icra edilməmişdir. Belə ki, 13 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən: 1. Fevral ayı üzrə (Akt №07) 16.491 AZN qalıq qalmışdır; 2. Mart ayı üzrə (Akt №08) 116.491 AZN borc qalmışdır. 01 aprel 2019-cu il tarixli (19-İNE-16) müqaviləyə əsasən: 1. Aprel ayı üzrə (Akt №01) 20.000 AZN qalıq qalmışdır; 2. İyun ayı üzrə (Akt №03) 40.000 AZN borc qalmışdır; 3. İyul ayı üzrə (Akt №04) 40.000 AZN borc qalmışdır;

4. Avqust ayı üzrə (Akt №05) 40.000 AZN borc qalmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilmiş, cavabdeh isə öz növbəsində müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Cavabdeh öz məktubları ilə dolayısı yolla borcu etiraf etmiş, lakin müqavilədə öz əksini tapmayan eyni zamanda, absurd bəhanələrlə ödəniş etməmişdir. 23.01.2019-cu il tarixli, 1/84 saylı Cavabdeh MMC-nin rəhbəri Nümayəndə1 tərəfindən imzalanmış məktubda maliyyə çətinliklərinin olduğu və borcu ödəyəcəkləri bildirilmişdir. Yəni xidmətlə bağlı hər hansı narazılıq və problemin olmadığı nəticəsini müşahidə edilir. Yenə Cavabdeh MMC-nin idarə heyətinin sədrinin imzası ilə göndərilmiş 1/370 saylı, 15.03.2019-cu il tarixli məktubdan məlum olur ki, cavabdeh, iddiaçının işindən razıdır və daha bir il işi davam etdirmək niyyətindədir. Beləliklə, yenidən 01 aprel 2019-cu il tarixli “19-İNE-16” saylı müqavilə imzalanmış və fəaliyyət davam etdirilmişdir. Daha sonra yığılmış borc məbləğini ödəməmək üçün müxtəlif bəhanələr axtarışına başlanmışdır. Belə ki, cavabdeh şirkətin idarə heyəti sədri tərəfindən imzalanmış 1/938 saylı 03.08.2020-ci il tarixli məktubda podratçı şirkətin aylar üzrə davamiyyət cədvəli tələb edilmişdir. Belə bir tələbin absurd olması, müqavilədə belə bir bəndin yer almaması və göstərilmiş xidmətin müvafiq protokollar və aktlarla təqdim edilməsi cavab məktubu ilə onlara bildirilmişdir. İddiaçı MMC tərəfindən borc tələbi ilə bağlı göndərilmiş məktuba isə yenə idarə heyətinin sədri tərəfindən imzalanmış 1/1318 saylı, 28.10.2020-ci il tarixli tamamilə absurd cavab verilmişdir. Bu dəfə təsdiq edilmiş iş günləri, görülən işlərin həcmlərinin (Forma-2 və Forma-3) olmaması və podratçı tərəfindən heç bir işin görülməməsi iddia edilmişdir. Bu məktuba diqqətlə baxarkən biznes etikasından nə qədər uzaq davranıldığının və nə qədər absurd bəhanələr gətirildiyinin şahidi olunur. Qeyd olunan tələblərin müqavilə öhdəliklərində yer almaması ilə birlikdə, məktubda bəhs edilən “Forma-2 və Forma-3” sənədlərinin ümumiyyətlə bu xidmətlə əlaqəsinin olmaması cavabdehin niyyətini göstərməkdədir. Eyni zamanda, podratçı tərəfindən heç bir işin görülməməsini, istehsalata maneçilik törədilməsini bəyan edən cavabdeh, özü tərəfindən müqavilənin uzadılması təklifinin edildiyini unutmuş kimi görünməkdədir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh "xxxx" MMC arasında 13 avqust 2018-ci il tarixində TÜV_AZE_ İND_000022 saylı xidmət müqaviləsi bağlanmışdır. Bu müqaviləyə xitam verildiyindən, 01 aprel 2019-cu il tarixində yenidən 19- İNE-16 saylı, eyni məzmunlu müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən ”TÜV”müəyyən muzd müqabilində “cəmiyyətdə”, istehsalın səviyyəsini dünya standartları səviyyəsinə qaldırmaq üçün müşahidə aparmalı, nöqsan və çatışmazlıqları müəyyən etməli, onların aradan qaldırılması üçün öz təkliflərini verməli, təlimlər keçməli və nəticədə istehsal səviyyəsinin dünyada qəbul olunmuş normalara cavab verdiyini təsdiqləyən sertifikatla “cəmiyyəti” təmin etməli idi. “Cəmiyyət” sifarişçi olaraq, “TÜV”-ün hesabına, əsas məbləğ olaraq, 782.532,96 manat, ƏDV məbləği olaraq isə 150838,72 manat köçürmüşdür. Köçürmələrin cəmi birlikdə 933.371,68 manat olmuşdur. Müqavilələrin 1.1-ci bəndində “TÜV”-ün görəcəyi işin (xidmətin) əhatə dairəsi sadalanmışdır. Yuxarıda qeyd olunanlardan əlavə olaraq orada (üçüncü bölmədə) podratçının, yəni “TÜV”-ün sifarişçini, yəni “cəmiyyəti” “uyğunsuzluq hesabatı” və “nəzarət (müşahidə) hesabatı” ilə təmin edəcəyi qeyd olunub. Müqavilə mətnində ”inspeksiya”, ”audit”, ”nəzarət sözlərinə tez-tez rast gəlinir. Məlumdur ki, burada ancaq istehsal prosesinə müdaxilə etmədən, kənardan müşahidə, təftiş, araşdırma aparılmasından və bunların nəticəsində, istehsalın səmərəliliyinin artırılması məqsədi ilə təkliflər verilməsi nəzərdə tutulub. Yoxsa, “cəmiyyətdə” “keyfiyyətə nəzarət şöbəsi” var və oradakı mütəxəssislər öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Bu işə görə digər şirkətin, hansı ixtisas sahibləri olduğu məlum olmayan, əməkdaşlarına “cəmiyyətin” ehtiyacı olmayıb. Ehtiyac ancaq, beynəlxalq səviyyədə tanınan sertifikatlara olub. “TÜV”-ün əməkdaşları müqavilə üzrə öhdəliklərini düzgün anlamadığından, özlərini “inspektor” kimi aparmağa başlamış, yersiz olaraq istehsal proseslərinə müdaxilələr etmiş və özlərinin də “xidmət göstərilməsi barədə” tərtib etdikləri Aktlarının 2-ci qeydində yazdıqları və imza, möhürlə təsdiqlədikləri kimi, “cəmiyyətin” istehsal etdikləri malın 3-cü şəxs ("xxxx" QSC) tərəfindən qəbul olunmasının qarşısını almışlar. Bu aktlarda “inspeksiya” olunan mallar adında “MİS MF100”, “Alüminium AS70”, “Vkladısh”, “Zajim” və sairə malların adları (bəziləri rus dilində olsada) yazılmış, ancaq nə nəticə, nə də təklif yazılmamışdır. Nümunə kimi təqdim edilən 06 saylı “Xidmətlərin göstərilməsi barədə” AKT-da (tərtib olunub: 15 mart 2019-cu il tarixdə) və bir çox digər aktlarda göstərilən xidmətlər aşağıdakı kimi sadalanmışdır: Ötürücü məftil istehsalında 3-cü tərəf inspeksiya; Keyfiyyətə nəzarət meneceri, Polad/tikinti istehsal nəzarəti, 1 elektrik mühəndisi- orta və aşağı gərginlikli kabel istehsal fabriki, 1 elektrik mühəndisi-quru və yağlı tip transformator fabrik; İş yerləri üçün 2 elektrik mühəndisi; Ev kirayəsi xərcləri. Bu yazılanlara görə cəmiyyətdən 137.459,38 manat tələb olunub. İstehsalda bir tərəf var, o da “cəmiyyətdir”, 3-cü tərəf nə deməkdir, bilinmir. Cəmiyyətdə polad-tikinti istehsalı yoxdur, fabriklər yoxdur, eləcə də, ştatlar və xərclər-görülən iş ola bilməz və fəaliyyəti bildirmir. “Cəmiyyətdə” bu şəxslərin peşəkarlıq səviyyəsinə şübhə yarandığından, məhkəmədən həmin dövrdə adları aktlarda qeyd olunan “TÜV” əməkdaşlarının ixtisaslarının və təhsillərinin araşdırılmasını xahiş olunur. Aktlar, göründüyü kimi, ancaq “TÜV”-ün bir nümayəndəsi tərəfindən imzalanıb və möhürlənib. ”Cəmiyyət” tərəfindən bu aktlar təsdiqlənməyib. Müqavilənin 1.1-ci bəndinin üçüncü bölməsində qeyd olunan “Uyğunsuzluq Hesabatları” və “Müşahidə Hesabatları” heç vaxt “TÜV” tərəfindən “Cəmiyyətə” təqdim olunmayıb. “Xidmətlərin göstərilməsi Akt”larında ancaq mallara baxılmasının qeyd olunması və bununla kifayətlənilməsi (sadəcə baxmağın Cəmiyyətə heç bir faydası yoxdur) və hesabatların təqdim olunmaması, TÜV-ün müqavilə öhdəliklərini tamamilə icra etməməsinin sübutudur. Müqavilənin 4-cü bəndinin (İşlərin ödənilməsi) 1-ci yarımbəndində qeyd olunub ki, ödənişlər aylıq olaraq 40.000 manat olacaq. Ödənişlər, lazımı qaydada imzalanmış hesabatlar və qəbul aktları əsasında aparılacaqdır. Göründüyü kimi, bu müqavilə şərtinə də “TÜV” tərəfindən əməl olunmamışdır. Hesab-fakturalarda köçürmə məbləğləri müqavilə üzrə müəyyən olunmuş limiti aşmışdır. Müqavilənin 3.3-cü bəndində podratçının öhdəliklərinə daxil olanlardan: “e” abzasında TÜV-ün “Xidmətlərin gündəlik tələbatının sifarişçi (burada Cəmiyyət nəzərdə tutulur) ilə razılaşdırılması” öhdəliyi var. “d” abzasında isə TÜV-ün Qanunvericilikdə nəzərdə tutulan və avadanlığa aid bütün sertifikat və digər sənədləri sifarişçiyə (Burada Cəmiyyət nəzərdə tutulur) təqdim etmək öhdəliyi var. Bu müqavilə öhdəliklərinə də “TÜV” tərəfindən əməl olunmayıb. Bu barədə ”TÜV”-ə dəfələrlə irad məktubu göndərilmişdir. Bunlardan aşağıda qeyd olunanları misal göstərmək olar: 08.01.2019-cu il tarixli, 08 saylı məktubla hesab-fakturalarda, müqavilədə nəzərdə tutulan limit həddini, yəni 40000 AZN-i aşmamaq tələb olunmuşdur, ancaq TÜV tərəfindən buna əməl olunmamışdır. 16.01.2019cu il tarixli, 58 saylı məktubda hesabat tələb olunmuşdur, ancaq TÜV tərəfindən tərəfindən heç bir hesabat təqdim edilməmişdir. 01.03.2019-cu il tarixli, 298 saylı məktubla, TÜV-ün öz öhdəliklərini layiqincə icra etmədiyi səbəbindən, müqaviləyə 7.2-ci bəndə uyğun olaraq, xitam verilmişdir. TÜV-ün səlahiyyətli nümayəndəsi ilə görüşdən sonra, müqaviləyə xitam verən tərəf olaraq, yenidən əməkdaşlığın davam etdirilməsinə (15.03.2019-cu il tarixli, 370 saylı məktubla) razılıq verilmiş və yeni müqavilə imzalanmışdır. Yenə, 01.08.2019-cu il tarixli, 1081 saylı məktubla TÜV-ə işlərin belə getməsinə davam edəcəkləri təqdirdə müqaviləyə xitam veriləcəyi xəbərdarlığı olunmuşdur.04.11.2019-cu il tarixli, 1481 saylı məktubla iş həcmi aktı və hər işə görə qiymət cədvəli TÜV-dən tələb olunmuşdur. Lakin, qarşı tərəf absurd işləri qiymətləndirilə bilməmişdir.02.12.2019-cu il tarixli, 1615 saylı məktubla TÜV-ə müqavilə şərtlərinə əməl olunmadığı barədə iradlar bildirilmişdir.12.02.2020-ci il tarixli, 1/172 saylı məktubda 08 saylı, 28 01.2020-ci il tarixli akda cəmiyyətin adının səhv olaraq "xxxx" MMC yazıldığı və idarə heyəti sədrinin vəzifəsinin direktor yazıldığı irad tutulmuşdur. Həmçinin bildirilmişdir ki, “İşlərin təhvili aktlarında xidməti, hərəkəti, görülən işlər barədə məlumat yoxdur. Aktlarda gah ixtisas ya da xərc yazılır. 28.10.2020-ci il tarixli, 1/1318 saylı məktubda yaxşılığa doğru irəliləyişin olmadığı və TÜV əməkdaşlarının ara-sıra Cəmiyyətə gəldikləri, tələb olunan sənədlərin təqdim olunmadığı vurğulanıb.Qarşı tərəf öz iddia ərizəsində, “TÜV” tərəfindən heç bir iş görülmədiyi, istehsala maneçilik törətdikləri barədə, “Cəmiyyət” tərəfindən yazılı irad göndərildiyini etiraf etmişdir. “TÜV” öz iddiasında müqavilə müddətinin uzadılması barədə təklifin “Cəmiyyət” tərəfindən qəbul olunduğunu bildirir. Ancaq, müqaviləyə xitam verən tərəfin də “ATEF” olduğunu qarşı tərəf yəqin ki, unutmayıb. Müqavilə müddətinin uzadılmasına tərəflər, “TÜV”-ün səlahiyyətli nümayəndəsinin, şirkətlərinin bundan sonra buraxdığı səhvləri təkrarlanyacağına və işi yekunlaşdıraraq, müvafiq sertifikatlar təqdim olunacağına söz verməsi müqabilində razılaşılmışdır. Yekun olaraq, demək olar ki, “TÜV”, onun hesabına köçürülmüş pul vəsaitin əvəzində kənardan müşahidəçi olmaqla kifayətlənmiş, heç bir səmərələşdirici təklif verməmiş, əksinə istehsal prosesinə maneə yaradaraq, hazır məhsulun 3-cü şəxslərə təhvil verilməsinin qarşısını almış, ən əsası sifarişçini (burada Cəmiyyəti) sertifikatla təmin etməmiş, bununla da müqavilə öhdəliklərini icra etməmişdir. O, “Cəmiyyət”-in hesabına pul vəsaitini əsasız əldə etməklə və ya toplamaqla, ondan faydalanmışdır. Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-2(113)-1812/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək "xxxx" MMC-dən 13 avqust 2018-ci il tarixli “Tuv_Aze_İnd_000022” müqavilə üzrə 16.491 manat, 19-İNE-16 saylı, 01 aprel 2019-cu il tarixli müqavilə üzrə 20.000 manat əsas borc, 500 manat hüquqi yardım haqqı və 20 manat dövlət rüsumu olmaqla, cəmi 37.011 manat pul vəsaitinin TÜV Austria Azərbaycan” MMC-nin xeyrinə tutulması, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2-2(113)-1812/2021 saylı qətnaməsinin qismən- ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini, ilk iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2-2(113)-1812/2021 saylı qətnaməsinin ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işlərin icra edilməsi ilə bağlı gündəlik protokollar tərtib edilərək imzalanmış, göstərilən xidmət sahəsində mövcud olan bütün zəruri detalları özündə əks etdirən müvafiq aktlar hazırlanaraq cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən onlara təqdim edilmiş aktların bir hissəsi təsdiq olunmuş, digər hissəsi isə onlara təqdim olunmasına baxmayaraq qərəzli olaraq təsdiq edilməmişdir. Lakin, bunlara baxmayaraq hər iki müqavilənin qüvvədə olduğu zaman ərzində iddiaçı tərəfindən cavabdehə xidmət göstərilmiş, bu xidmətlərin nəticəsində cavabdeh tərəfindən gündəlik tərtib olunmuş bütün protokollarda iddiaçının əməkdaşları imza etmişlər. Bu protokolların nümunələri birinci instansiya məhkəməsinə təqdim edilmiş və məhkəmə iclaslarında müzakirə edilmişdir. Eyni zamanda, məhkəmə iclası zamanı hər iki tərəfin imzalamış olduğu protokolları gördükdən sonra, bunlar başqa işlərdir, yazı xətaları var, fərqli dillərdə yazılıb və s. kimi bəhanələr demişdir. Keçirilmiş məhkəmə iclaslarında cavabdehin nümayəndəsi tərəfindən, hansı əsasla bəzi ayların ödənişinin tam edilməsi, bəzilərinin yarımçıq və bəzilərinin heç edilməməsi sualına heç bir aydınlıq gətirilməmişdir. Ödənişlərin cavabdeh tərəfində fərqli aylarda fərqli şəkildə edilməsi onların bilərəkdən bu üsula əl atmasını, borc öhdəliklərindən bilərək yayınma niyyətlərini büruzə etməkdədir. Borc öhdəliklərini icra etməmə səbəbi kimi iddiaçının müqavilə öhdəliklərini yerinə yetirmədiyini iddia edən cavabdeh, iddiaçıya bu haqda heç bir xəbərdarlıq məktubu göndərməmiş, tam əksinə öz istəkləri ilə eyni xidmətlərin göstərilməsi üçün yeni müqavilə imzalamışlar. Eyni zamanda, iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət edildikdən sonra, qarşılıqlı iddia ilə heç bir işin görülmədiyi bəhanəsini gətirməyə başlamışlar. Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə əsaslandırıcı hissə olaraq: “Məhkəmə mart, iyun, iyul, avqust ayları üzrə borcun ödənilməsinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən həmin aylar üzrə xidmətin göstərilməsi barədə məhkəmədə əsaslar müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi 2019-cu ilin iyun, iyul, avqust ayları üzrə göstərilmiş xidmət haqqında 27.04.2019-cu il tarixdə tərtib edilmiş aktlar, 2019-cu ilin mart ayı üzrə göstərilmiş xidmət haqqında 28.01.2019-cu il tarixdə tərtib edilmiş akt birtərəfli qaydada təsdiqlənmiş, və həmin aylar üzrə xidmətin göstərilməsi ilə bağlı başqa sübut məhkəməyə təqdim edilməmişdir” qeyd olunmuşdur. Halbuki, qeyd olunan aylarda gündəlik olaraq tərtib edilmiş bütün protokollarda İddiaçı MMC-nin əməkdaşlarının təsdiq imzaları xidmətlə bağlı qeydləri, keyfiyyətə yararsız məhsulların qəbul edilməzliyi və s. qeyd olunmuşdur. Əlimizdə bütün bu protokolların (minlərlə) olması məhkəmə iclasında bildirilmiş, bir neçə nümunəsi təqdim edilmiş, istənilən ayın protokolunun surətini təqdim edə biləcəyimiz bildirilmişdir. Bu protokollarla tanış olduqdan, məhkəmə iclasında geniş müzakirə edildikdən sonra, xidmətin göstərilməsini təsdiq edən sübutun təqdim edilmədiyinin qeyd edilməsi başa düşülən deyil. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslandırma hissəsində bu protokollardan ümumiyyətlə bəhs edilməmişdir. Eyni zamanda, hər ay müntəzəm olaraq aktı və hesab-fakturanı qəbul edən cavabdeh, bu sənədlər haqqında heç bir fikir bildirməmiş, etibarsız sayılmasını istəməmiş, mübahisələndirməmiş, ləğvini istəməmiş və qəbul edərək razılaşdığını bəyan etmişdir. Cavabdeh MMC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşı tərəfə ümumilikdə köçürmənin 933371,68 manat olmasını TÜV-ün rəhbəri və vəkil məhkəmə prosesində etiraf etmiş, bu həm də TÜV-ün tərtib etdiyi sənədlərdə təsdiqlənmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində ATEF tərəfindən TÜV-ün hesabına köçürülmüş ümumi məbləğ olan 933371,68 manatı əldən çıxmış fayda və mənəvi təzminat kimi təqdim etməyə çalışmışdır. Ancaq, bu məbləğ xidmət haqqı olaraq, TÜV-ün hesabına köçürülmüş məbləğdir və bu köçürmə müqabilində TÜV heç bir xidmət göstərmədiyindən, onun tam həcmdə geri qaytarılması məhkəmədən xahiş olunmuşdu. Əldən çıxmış fayda olaraq isə, 60000 manatın TÜV-dən tutulması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi əvəzində heç bir iş görülmədiyi üçün, geri qaytarılması tələb olunan 933371,68 manat barədə heç bir münasibət bildirməmişdir. 60.000 manat ona görə əldən çıxmış fayda hesab edilməlidir ki, əgər 933.371,68 manat məbləğ ATEF-in maliyyə dövriyyəsindən çıxarılmasaydı, həmin məbləğə mal-material alınar, məhsul istehsal olunaraq satılar, nəticədə mənfəət, fayda əldə olunardı. Və ya bu pullar banka faiz müqabilində qoyulsaydı, fayda əldə olunmuş olardı. Nəzərə alınsa ki, birinci müqavilə üzrə TÜV guya dörd ay xidmət göstərib, dörd ay üçün ödəniş müqavilə şərtlərinə əsasən 69236 manat təşkil etməli idi. Həqiqətdə birinci müqavilə üzrə 404339 manat ödəniş olub. Deməli, xidmət göstərilsəydi belə, yenə də ödəniş məbləği 335103 manat artıq sayılmalı idi. Birinci müqavilə üzrə, yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, məhkəmə artıq ödənişlərin geri qaytarılmasını təmin etməli idi. İkinci müqavilə üzrə də heç bir xidmət göstərilmədiyindən, köçürülmüş 529029 manat ATEF-ə geri qaytarılmalıdır. Nəzərə alınsa ki, TÜV məhkəmədə və sənədlərdə guya səkkiz ay xidmət etdiyini iddia edir, onda səkkiz ay üçün ödəniş 320000 manat olmalı idi. Əslində isə 529029 manat köçürmə olub. Deməli, TÜV-ün xidmət göstərmiş olduğunu zənn etsək, yenə də (529029-320000=209029) 209029 manat artıq köçürmə olduğu müəyyən olunmalı idi. Və ən azından, məhkəmə 209.029 manat pulun geri qaytarılmasını təmin etməli idi. Yuxarıda qeyd olunanlara baxmayaraq və heç bir əsaslandırma vermədən, məhkəmə, ATEF-dən TÜV-ün xeyrinə, birinci müqavilə üzrə 16491 manat, ikinci müqavilə üzrə isə 20000 manat tutqular aparılması qənaətinə gəlmişdir. İş materiallarından göründüyü kimi, tələb olunan vəsaiti üzrə görülmüş işləri qarşılıqlı iddiaçı təhvil almış və bununla bağlı ödənişləri həyata keçirmişdir. Məhkəməyə proses gedişatında və sənədlərdə izahat verilmişdi ki, təhviltəslim aktlarında işlər deyil, mal-material adları, kirayə xərcləri yazıldığından və heç bir xidmət göstərilmədiyindən, “işlərin təhvil-təslim” aktları ATEF tərəfindən imzalanmamışdır. İmzalanmış aktlar var idisə, nəyə görə elektron məhkəmə sisteminə əlavə olunmayıb və ya qarşı tərəfə təqdim olunmayıb? TÜV-ə dəfələrlə irad məktubu göndərilərək, qeyd olunmuşdur ki, aktlarda material adlarını və kirayə xərclərini yox, görülən (hərəkət bildirən) işləri qeyd edin. Heç bir iş görülmədiyindən, aktda qeyd etmələri də mümkün olmamışdır. Yenə də, təqdim olunan aktlarda, əvvəlki kimi, material adları və kirayə xərcləri yazılmışdır. Adları çəkilən materiallar, xaricdən alınan mallardır və transformator istehsalında istifadə olunur. Aktda yazılıb ki, bu detallar inspeksiya olunub. Bu cür aktların məhkəmə tərəfindən işlərin (xidmətlərin) təhvil-təslim sənədi kimi qəbul olunması təəccüb doğurur və obyektiv deyildir. Məhkəmə qətnamədə qeyd edir ki, 01 aprel 2019-cu il tarixli müqavilə üzrə 01; 02; 03; 04 və 05 saylı “İşlərin təhvil-təslim” Aktları ATEF tərəfindən təsdiq olunub. Ancaq, onlarda olan əsl (orijinal) (sadalanan və sadalanmayan) aktların hər iki nüsxəsində təkcə TÜV-ün imzası və möhürü mövcuddur. Məhkəmə aktında TÜV-ün tərtib etdiyi hesabfakturalardan bəhs olunur. Nəzərə alınmayıb ki, hesab-fakturalar (və/və ya) elektron qaimələr birtərəfli qaydada icraçı tərəfindən təsdiqlənən, pul tələbinə dair mühasibat sənədidir. Həmin sənədlərdə qeyd olunan məbləğlər müqaviləyə və təhvil-təslim aktlarındakı məbləğlərə əsasən tərtib olunmalıdır. Hər iki müqavilənin 4.1-ci bəndində açıq-aşkar yazılıb ki, ödənişlər, icraçı tərəfindən təqdim edilmiş hesabatla və qəbul aktları əsasında aparılmalıdır. İşə apelyasiya qaydasında baxılması sonuncu məhkəmə iclası 20.10.2021-ci il tarixə təyin edilmiş, iddiaçı “Tüv Austria Azərbaycan” MMC məhkəməyə vəsatət verərək qanuni təmsilçinin xəstə olması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə qanuni təmsilçinin məhkəmədə iştirakının zəruri olmadığını nəzərə alaraq qeyd edilən əsasla iclasın təxirə salınması barədə vəsatəti əsassız hesab edərək təmin etməmiş, MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nəsrullayeva Tamilla əvvəlki məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli e-2-2(113)-1812/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, 02 aprel 2018-ci il tarixində və 15 mart 2019-cu il tarixində X1 ilə TÜV Austria Azərbaycan” MMC arasında xidmət müqavilələri imzalanmışdır.

İş materiallarında olan TUV_AZE_İND_000022 saylı 13 avqust 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, “sifarişçi” qismində "xxxx" MMC və “podratçı” qismində İddiaçı MMC arasında xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən “TÜV Austria Azərbaycan” MMC "xxxx" MMC-yə müxtəlif spesifikasiya, audit, təlim və inspeksiya xidmətlərini göstərir və sifarişçi xidmətlərin göstərilməsi üçün podratçını cəlb etmək niyyətindədir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, işlərin icrası müqabilində sifarişçi podratçıya bu müqaviləyə əlavələrdə öz əksini tapan qiymətlər əsasında (“Muzd") ödəyəcək. Bu müqaviləyə əsasən ödənişlər 15 (on beş) iş günü ərzində düzgün hazırlanmış hesab-fakturaların (o cümlədən, hər hansı ƏDV hesab-fakturaların) və məzmundan asılı olaraq, lazımi qaydada imzalanmış icra olunan işin ödənilməsinə dair hesabatlar və ya Qəbul Aktı təqdim edildikdən sonra həyata keçirilir. İş materiallarında olan 01 aprel 2019-cu il tarixli 19-İNE-16 saylı müqavilənin surətindən görünür ki, “sifarişçi” qismində "xxxx" MMC və “podratçı” qismində TÜV Austria Azərbaycan” MMC arasında xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən podratçı müxtəlif spesifikasiya, audit, təlim və inspeksiya xidmətlərini göstərir və sifarişçi xidmətlərin göstərilməsi üçün podratçını cəlb etmək niyyətindədir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən ödənişlər Azərbaycan manatı ilə həyata keçiriləcək və müvafiq olaraq 40.000 manat aylıq ödəniş edilməlidir. Bu müqaviləyə əsasən hər ay 100 ilkin ödəniş 15 (on beş) iş günü ərzində düzgün hazırlanmış hesab-fakturaların (o cümlədən, hər-hansı ƏDV hesab-fakturaların) və məzmunundan asılı olaraq, lazımi qaydada imzalanmış icra olunan işin ödənilməsinə dair hesabatlar və ya “Qəbul Aktı” təqdim edildikdən sonra həyata keçirilir. İşdə olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 08/19 saylı, 15.01.2019-ci il tarixli hesab fakturaya əsasən, 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidməti müqaviləsində göstərilən xidmətlərə əsasən yanvar ayı üzrə ödəniş kimi cəmi 137.459,38 manat, 11/19 saylı, 25.01.2019-ci il tarixli hesab fakturaya əsasən, 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidməti müqaviləsində göstərilən xidmətlərə əsasən fevral ayı üzrə avans ödəniş kimi cəmi 137.459,38 manat, 21/19 saylı, 22.02.2019-ci il tarixli hesab fakturaya əsasən, 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidməti müqaviləsində göstərilən xidmətlərə əsasən mart ayı üzrə avans ödəniş kimi cəmi 137.459,38 manat olmaqla xidmət haqqı hesablanmışdır. 01 aprel 2019-cu il tarixli 19-İNE-16 saylı xidmət müqaviləsinə əsasən keyfiyyətə nəzarət xidməti üzrə TÜV Austria Azərbaycan” MMC tərəfindən tərtib edilmiş 35/19 saylı, 08.04.2019-cu il tarixli, aprel ayı avans ödənişi üzrə hesab fakturaya əsasən, cəmi 47.2000 manat,50/19 saylı, 08.05.2019-cu il tarixli, may ayı avans ödənişi üzrə hesab fakturaya əsasən, cəmi 47.2000 manat,58/19 saylı, 12.06.2019-cu il tarixli, iyun ayı avans ödənişi üzrə hesab fakturaya əsasən, cəmi 47.2000 manat,79/19 saylı, 15.07.2019-cu il tarixli, iyul ayı avans ödənişi üzrə hesab fakturaya əsasən cəmi 47.2000 manat,88/19 saylı, 15.08.2019-cu il tarixli, avqust ayı avans ödənişi üzrə hesab fakturaya əsasən, cəmi 47.2000 manat xidmət haqqı hesablanmışdır. İş materiallarında olan 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidmət müqaviləsi üzrə işlərin təhvil-təslim aktlarının təsdiqlənmiş surətlərindən görünür ki, 16 avqust 2018-ci il tarixli, 01 nömrəli işlərin təhvil-təslim aktına əsasən, cəmi 16.048 manat dəyərində, 31 oktyabr 2018-ci il tarixli, 02 nömrəli işlərin təhvil-təslim aktına əsasən, cəmi 138.331,042 manat dəyərində, 30 noyabr 2018-ci il tarixli, 03 nömrəli işlərin təhviltəslim aktına əsasən, cəmi 155.914,058 manat dəyərində, 14 dekabr 2018-ci il tarixli, 04 nömrəli işlərin təhvil-təslim aktına əsasən, cəmi 137.459,38 manat dəyərində, 25 yanvar 2019-cu il tarixli, 05 nömrəli işlərin təhvil-təslim aktına əsasən, cəmi 137.459,38 manat dəyərində İddiaçı MMC tərəfindən xidmətlər göstərilmiş "xxxx" MMC tərəfindən qeyd edilən aktlarda xidmətlərin keyfiyyətlə görülməsi qəbul edilərək təsdiqlənmişdir. İş materiallarında olan 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidmət müqaviləsi üzrə 15 mart 2019-cu il tarixli, 06 nömrəli işin təhvil-təslim aktının surətinə əsasən cəmi 137.459,38 manat dəyərində 2019-cu ilin fevral ayı üzrə xidmətin göstərilməsi barədə işin təhvil-təslim aktı birtərəfli qaydada icraçı tərəfindən imzalanmışdır. İş materiallarında olan xidmətin göstərilməsi barədə aktlardan görünür ki, TÜV Austria Azərbaycan” MMC tərəfindən "xxxx" MMC-nin sifarişi əsasında 01 aprel 2019-cu il tarixli 19-İNE-16 saylı xidmət müqaviləsinə əsasən keyfiyyətə nəzarət xidmətinin həyata keçirilməsi , inspeksiya olunan sahələrin və detalların qeyd edilmiş siyahıya uyğun verilməsi barədə 2019-cu ilin aprel ayı üzrə həyata keçirilmiş xidmət üzrə 01 saylı akt, 2019-cu ilin may ayı üzrə həyata keçirilmiş xidmət üzrə 02 saylı akt, 2019-cu ilin iyun ayı üzrə həyata keçirilmiş xidmət üzrə 03 saylı akt, 2019-cu ilin iyul ayı üzrə həyata keçirilmiş xidmət üzrə 04 saylı akt, 2019-cu ilin avqust ayı üzrə həyata keçirilmiş xidmət üzrə 05 saylı akt tərtib edilmiş, "xxxx" MMC tərəfindən təsdiq edilməmişdir. İş materiallarında olan xidmətin göstərilməsi barədə 07 saylı aktdan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin sifarişi əsasında13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidmət müqaviləsinə əsasən 124371.93 (ƏDV daxil) manat dəyərində xidmətin göstərilməsi aktı TÜV Austria Azərbaycan” MMC tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan xidmətin göstərilməsi barədə 08 saylı aktdan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin sifarişi əsasında 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidmət müqaviləsinə əsasən 137.459,38 (ƏDV daxil) manat dəyərində xidmətin göstərilməsi aktı İddiaçı MMC tərəfindən təsdiqlənmişdir. İlkin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 16.02.2021-ci il tarixli, TUV–LN 0090 saylı pretenziya məktubundan məlum olur ki, TÜV Austria Azərbaycan” MMC 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı və 2019-cu il tarixli 19-İNE-16 saylı xidmət müqailələrinə əsasən yaranmış 272982 manat borcun 7 iş günü ərzində ödənilməsini tələb etmiş, əks halda müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan məlum olur ki, 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidmət müqaviləsinə əsasən fevral ayı üzrə avans ödənişindən məlum olur ki, "xxxx" MMC-nin 2019-cu ilin fevral ayı üzrə 118000 manat ödəniş olunmuş, 01 aprel 2019-cu il tarixli 19-İNE-16 saylı xidmət müqaviləsinə əsasən aprel ayı üzrə 23600 manat ödəniş olunmuşdur. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə 2019-cu ilin fevral və aprel ayları xidmət göstərilməsi barədə İddiaçı MMC tərəfindən tərtib edilmiş aktların sifarişçi tərəfindən təsdiq edilməməsinə və məhkəmədə mübahisələndirilməsinə baxmayaraq, həmin aylar üzrə qismən -118.000 manat və 23.600 manat ödənişin edilməsini göstərilmiş xidmətin qəbulu kimi qiymətləndirmiş və hesab etmişdir ki, qalıq həmin aylar üzrə göstərilmiş xidmətə görə 36.491 manat qalıq borc məbləği ilk iddia üzrə cavabdehdən tutulmalıdır. İlk iddia üzrə iddiaçı tərəfindən müqavilə tərəfinə 2019-cu ilin mart, iyun, iyul, avqust ayları üzrə xidmətin göstərildiyi mötəbər sübutlarla təsdiq edilmədiyindən ilk iddia düzgün olaraq həmin hissədə rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası eyni zamanda qarşılıqlı iddianın rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, göstərilmiş xidmət müqabilində ödənilmiş məbləğin qaytarılması və qarşılıqlı iddia ərizəsində tələb edilən digər məbləğlərin qarşı tərəfdən tutulması üçün əsaslar mövcud deyil. Tərəflər arasında bağlanmış müqavilələrdə ödənişlərin yalnız xidmətlər göstərildikdən sonra həyata keçirilməli olduğu razılaşdırıldığından müqavilə üzrə həyata keçirilmiş ödənişlərin göstərilmiş xidmət müqabilində həyata keçirildiyi müəyyən olunur. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, Cavabdeh MMC tərəfindən qarşılıqlı iddia qaldırılanadək ödənilmiş vəsaitlərin müqabilində xidmətlərin göstərilmədiyi, bu səbəbdən müqavilələrin ləğvi və ödənişlərin geri qaytarılması barədə tələb irəli sürülməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli e-2-2(113)-1812/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Tərəflərin apelyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli e-2-2(113)-1812/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar