Məhkəmə qərarları › İş №2-2(103)-1068/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1068/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1068/2024 21.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2537/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi olaraq 15540 manat məbləğində pulun, həmin məbləğə xx.xx.2022-ci il tarixdən qətnamə çıxarılan günədək 2023-cü və 2024-cü illəri üzrə bank uçot dərəcəsi (8%) ilə hesablanmış faizlərin və ödənilmiş 137 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2537/2024 nömrəli qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası “15540 manat məbləğində pula xx.xx.2022-ci il tarixdən qətnamə çıxarılan günədək 2023-cü və 2024-cü illəri üzrə bank uçot dərəcəsi (8%) ilə hesablanmış faizlərin tutulması” hissəsində baxılmamış saxlanılmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2537/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2537/2024 nömrəli qətnaməsinin ləğv edillməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh “Marmara İnşaat“ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında “Led işıq zolaqlarının hazırlanmasına, catdırılmasına və quraşdırılmasına dair” 02/2020 saylı xx.xx.2023-cü il tarixli podrat müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə cavabdeh tərəfindən ağ rəngli (6500 K) qapalı profildə Led işıq zolaqları dəstinin (adaptor daxil) hazırlanması, catdırılması və quraşdırılması xidmətlərin göstərilməsi və göstərilmiş xidmətləri akt əsasında təhvil verilməsi öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən isə göstərilmiş xidmətlərin qəbul edilməsi və dəyərinin ödənilməsi öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklər vaxtlıvaxtında icra edilərək görülməsi nəzərdə tutulan işlərin dəyəri – 15540 (on beş min beş yüz qırx) manat məbləğində vəsait cavabdehə əvvəlcədən tam olaraq ödənilmişdir. Cavabdeh tərəfindən müqavilənin 1.1, 2.1, 2.3, 2.4, 4.1, 4.3 bəndlərində göstərilən öhdəliklərin götürülməsinə baxmayaraq – öhdəliklər icra edilməmişdir. Belə ki, Led işıq zolaqlarının və adaptorlarının yalnız bir hissəsi quraşdırılmış, quraşdırılmış hissəsi isə sıradan çıxmışdır. Bununla yanaşı icra edilən (hissədə) işlər icraçı tərəfindən sifarişçiyə müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verilməmişdir. Belə ki, müqavilənin : 2.1-ci bəndinə əsasən “İşlərin yerinə yetirilməsi üçün tələb olunan material və avadanlıqların təchizatına görə icraçı məsuliyyət daşıyır”. 2.3-cü bəndinə əsasən “İşlər hər dafə sifariş verildiyi tarixdən etibarən 3 (üç) gün ərzində icraçı tərəfindən yerinə yetirilərək Müqavilənin 1.1-ci bəndində göstərilən yerdə sifarişçinin nümayəndəsi tərəfindən təhvil-təslim aktı əsasında təhvil alınacaqdır”. 2.4-cü bəndinə əsasən “Təhvil alınmamış işlər üzrə bütün riskləri icraçı daşıyır. Əgər sifarişçinin hər hansı bir qüsura istinad edərək işləri təhvil almaması ilə icraçı razı deyilsə o zaman sonuncu öz hesabına müstəqil ekspert dəvət edə bilər. Qüsur təsdiq olunarsa, icraçı müqavilənin 4-cü maddəsinə əsasən məsuliyyət daşıyacaqdır”. 4.1-ci bəndinə əsasən “İcraçı işləri yüksək keyfiyyətlə və sifariş çatdırıldığı andan etibarən vaxtında yerinə yetirməlidir”. 4.3-cü bəndinə əsasən “Əgər işlərdə qüsur olarsa sifarişçi əlavə icra tələb edə bilər. İcraçı öz hesabına ya qüsuru aradan qaldırmalı ya da işlərin görülməsini yenidən yerinə yetirməlidir. Belə halda icraçı sifarişçiyə dəyən zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. 7.1-ci bəndinə əsasən “Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam şəkildə yerinə yetirməsi şərti ilə işin təhviltəslim aktı tərtib edildiyi tarixinədək qüvvədə qalır”. Qeyd edilən nöqsan və çatışmamazlıqların (qüsurların tam aradan qaldırılması və keyfiyyətsiz malların keyfiyyətlisi ilə əvəz edilməsi) qısa bir müddət ərzində aradan qaldırılması məqsədi ilə cavabdehlə şifahi danışıqların aparılmasına və iddiaçı tərəfindən cavabdehə 021/2 saylı xx.xx.2022-ci il tarixli və 08/05 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, A.Ağaoğlu, Ə.Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində İddiaçı QSC-yəməxsus 3 bloklu “Whitestone Residence” adlı yaşayış kompleksinin binalarında müqavilənin 1.1-ci bəndində nəzərədə tutulmuş işlər lazım olan şəkildə (Led işıq zolaqlarının və adaptorlarının yalnız bir hissəsi quraşdırılmış, quraşdırılmış hissəsi isə sıradan çıxmışdır) yerinə yetirilməmiş bununla da İddiaçı QSC-yə maddi zərər vurulmuşdur. Ona görı də həmin zərərin əvəzi cavabdeh “Marmara İnşaat“ MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 68-ci maddəsinin tələblərinə əsasən, hər kəsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüquq vardır. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: · törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; · törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; · ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. İşə baxan məhkəmə Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin qeyd edilən tələblərini pozmuş, faktlara və sübutlara, tərəfimizdən təqdim edilmiş hüquqi dəlillərə qərar çıxararkən düzgün qiymət verməmiş, öz qərarını qüvvədə olan maddi hüquq normalarına uyğun əsaslandırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qərarda faktların ifadəsi təhrif edilmiş və tərəflər arasında mövcud olmuş qarşılıqlı münasibətlərə və iş üzrə həqiqi hallara uyğun olmamışdır. Tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə dair vəsatət məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.5-ci maddəsi (İşdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir) əsas gətirilərək təmin edilməmişdir. Birinci instansiya məhkəməsi sözügedən qətnaməsi ilə “Marmara İnşaat“ MMC-yə münasibətdə mülki hüquqi məsuliyyətin yaranıb-yaranmaması barədə nəticəsinə hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Bununla yanaşı təqdim edilən çoxsaylı fotoşəkillərə məhkəmə tərəfindən ümumiyyətlə əhəmiyyət verilməmişdir. Daha sonra isə xx.xx.2020-ci il tarixli ərizəyə əsasən işlərin tam təhvil-təslimindən sonra ödənilməsi razılaşdırılan qalıq 30% həmində muzdun da ödənildiyi təsdiq olunur. İddiaçının işlərin tam təhvil verilmədiyinə dair sonuncu sübutu isə xx.xx.2020-ci il tarixli ərizədən ibarətdir. Əvvəla qeyd edilməlidir ki, həmin ərizə yalnız iddiaçının möhürü ilə təsdiq edilmiş, iddiaçının blankında tərtib edilmişdir və cavabdeh isə belə bir müraciətinin olduğunu təsdiq etməmişdir. ərizənin həqiqətən də cavabdeh tərəfindən tərtib olunmasını sübut edə bilməmişdir. Belə olan halda, məhkəmə həmin sübutu işə aidiyyəti olmayan sübut hesab edir · ərizələri qarşılıqlı təhlil edərək 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsi üzrə razılaşdırılan işlərin tam görülərək təhvil verildiyi qənaətinə gəlir. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizənin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilməsi sübut olunmur. Birinci instansiya məhkəməsinin qətnaməsindəki (yuxarıda sadalanan) nəticələr işin göstərilən hallarına uyğun gəlmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar.

13. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

14. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

15. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

16. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

17. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

23. Hazırki işin müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh iddiaçının sifarişlərinə uyğun “LED” işıq zolaqlarının hazırlanması, iddiaçının təyin etdiyi ünvana çatdırılaraq şifahi razılaşdırılmış müddətə təhvil verilməsini (mallar partiyalarla təhvil verilə bilər) və quraşdırılmasını, iddiaçı isə malları təhvil almağı və görülmüş işlərin haqqını manatla ödəməyi öhdəsinə götürmüşdür. İşlərin məzmunu müqavilənin 1.1-ci bəndi ilə aşağıdakı kimi razılaşdırılmışdır: malların adı – dümağ rəngli (6500 K) qapalı profildə “LED” işıq zolaqları dəsti (adapter daxil); uzunluğu – 315 paqon perimetr; yekun məbləğ – 5040 ABŞ dolları. Həmin müqavilənin 3.2-ci bəndi ilə cavabdeh işləri icra etdikdən və təhvil-təslim aktı tərtib edildikdən sonrakı müddətə “LED” işıq zolaqları üçün 3 təqvim ili, işıq zolaqlarının adapterlərinə görə isə 2 təqvim ili müddətinə zəmanət vermişdir.

24. İddiaçı 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsi üzrə işlərin bir qisminin görülmədiyi, bir qisminin isə qüsurla icra olunduğuna istisna edərək 15540 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etmişdir.

25. Cavabdeh iddiaya etiraz edərək bütün işlərin görülərək təhvil verildiyini, zəmanət müddəti daxilində iddiaçı tərəfindən hər hansı müraciətin daxil olmadığını, iddiaçı tərəfindən 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsinə uyğun olaraq yalnız 5040 ABŞ dolları ödənişin edildiyini bildirmişdir.

26. Məhkəmə tərəflərin mövqelərinə əsasən qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisəli hallar 1) 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsi üzrə razılaşdırılan bütün işlərin görülüb-görülmədiyi, 2) zəmanət müddəti daxilində görülmüş işlərdə qüsurların mövcud olması barədə cavabdehə müraciət edilib-edilmədiyi və 3) podrat müqaviləsi üzrə şərtləşdirilən muzdun məbləği təşkil edir. Məhkəmə əvvəla 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsi üzrə razılaşdırılan işlərin görülübgörülməməsinə hüquqi qiymət verilməsini zəruri hesab etmişdir. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).

27. Podrat müqaviləsi üzrə yerinə yetirilmiş işin qəbul edilməsindən bəhs edən Mülki Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsinin 2-ci hissəsinin 3 və 4-cü bəndinə əsasən, işlər hər dəfə sifariş verildiyi tarixdən tibarən 3 gün ərzində İcraçı tərəfindən yerinə yetirilərək Müqavilənin 1.1-ci bəndində göstərilən yerdə Sifarişçinin nümayəndəsi tərəfindən təhvil-təslim aktı əsasında təhvil alınacaqdır. Təhvil alınmamış İşlər üzrə bütün riskləri İcraçı daşıyır. Əgər Sifarişçinin hər hansı bir qüsura istinad edərək işləri təhvil almaması ilə İcraçı razı deyilsə, o zaman sonuncu öz hesabına müstəqil ekspert dəvət edə bilər. Qüsur təsdiq olunarsa, İcraçı Müqavilənin 4-cü maddəsinə əsasən məsuliyyət daşıyacaqdır. Həmin müqavilənin muzdun ödənilmə qaydasını tənzimləyən 3.1-ci bəndinə əsasən, Sifarişçi görülmüş işlərin ümumi məbləğini müqavilənin 2.3-cü bəndində göstərilən qaydada İcraçıya avans olaraq yekun məbləğin 30% həcmində, işə başladıqda dəyərin 40% həcmində, işin tam təhviltəslimindən sonra isə qalıq 30% həcmində ödəməyi öz üzərinə götürür.

28. Məhkəməyə təqdim edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş cavabdeh tərəfindən iddiaçıya ünvanlanan (iddiaçının blankında tərtib edilmiş) ərizələrdən görünür ki: - xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, “WhiteStone Residence” yaşayış kompleksinin binalarında fasadın “LED” işıqlandırma sistemlərinin təhcizatı və quraşdırılması qarşılığında yekun olaraq 11 mart 2020-ci il tarixdə bağlanılmış 02/2020 nömrəli müqaviləyə əsasən razılaşdırılmış 5040 USD məbləğin avans olaraq ilkin 30% ekvivalenti, yəni 2570 AZN-in İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2020 tarixində ödənildiyi təsdiq edilmişdir; - xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, “WhiteStone Residence” yaşayış kompleksinin binalarında fasadın “LED” işıqlandırma sistemlərinin təhcizatı və quraşdırılması qarşılığında yekun olaraq 11 mart 2020-ci il tarixdə bağlanılmış 02/2020 nömrəli müqaviləyə əsasən razılaşdırılmış 5040 USD məbləğin avans olaraq 40% ekvivalenti, yəni 2000 USD-nin (3400 AZN-in) İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2020 tarixində ödənildiyi təsdiq edilmişdir; - xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, “WhiteStone Residence” yaşayış kompleksinin binalarında fasadın “LED” işıqlandırma sistemlərinin təhcizatı və quraşdırılması qarşılığında yekun olaraq 11 mart 2020-ci il tarixdə bağlanılmış 02/2020 nömrəli müqaviləyə əsasən razılaşdırılmış 5040 USD məbləğin avans olaraq 30% ekvivalenti, yəni 1512 USD-nin (2570 AZN-in), həmçinin əlavə ödəniş olaraq 4 ədəd adapterə görə 357 AZN-in İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2020 tarixində ödənildiyi təsdiq edilmişdir.

29. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən cavabdehin ona ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, cavabdeh “WhiteStone Residence” yaşayış kompleksinin binalarında fasadın “LED” işıqlandırma sistemlərinin 02/2020 nömrəli Müqaviləyə əsasən razılaşdırılmış 315 pm uzunluğundan qalıq 82,5 pm hissəsini xx.xx.2020 tarixdə saxlanc məqsədilə İcraçının anbarına təhvil verilməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, tərəflər arasında razılaşdırılmış muzdun ödənilməsi qaydasına görə, şərtləşdirilən muzd avans olaraq 30%, işə başladıqda 40%, işin tam təhvil təslimindən sonra isə qalıq 30% həcmində ödənilməli idi. Hər iki hüquqi şəxsin təsdiq etdiyi ərizələrdən də qeyd edilən qaydada muzdun 3 hissədə ödənildiyi görünür. Həmçinin iddiaçının öz iddiasının faktiki əsası kimi istinad etdiyi xx.xx.2020-ci il tarixli ərizədə həmin tarixə razılaşdırılmış 315 pm uzunluğundan yalnız 82,5 pm zolağın qaldığı və həmin hissənin də cavabdehin saxlanıcına verildiyi görünür. Daha sonra isə xx.xx.2020-ci il tarixli ərizəyə əsasən işlərin tam təhvil-təslimindən sonra ödənilməsi razılaşdırılan qalıq 30% həmində muzdun da ödənildiyi təsdiq olunur. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə göndərildiyi iddia olunan 04 aprel 2022-ci il tarixli 021/2 nömrəli məktub və cavabdehə göndərildiyi təsdiq olunan 08 dekabr 2023-cü il tarixli pretenziya məktubunda iddiaçı cavabdehdən nöqsanların aradan qaldırılması – qüsurların tam aradan qaldırılması və keyfiyyətsiz malların keyfiyyətlisi ilə əvəz edilməsini tələb etmişdir. Başqa sözlə, hər iki məktubda iddiaçı təhvil verilməyən və yaxud görülməyən işə istinad etməmiş, yalnız öhdəliyin qüsurla icra edildiyini bildirmişdir. 28. İddiaçının işlərin tam təhvil verilmədiyinə dair sonuncu sübutu isə xx.xx.2020-ci il tarixli ərizədən ibarətdir. Həmin ərizənin məzmununa görə: “Mən, Cavabdeh MMC-nin direktoru Hüseyin Yazıçı yazıb sizə bildirirəm ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Ə. Ağaoğlu, Ə. Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində inşa edilən “WhiteStone Residence” yaşayış kompleksinin binalarında fasadın “LED” işıqlandırma sistemlərinin təhcizatı və quraşdırılması qarşılığında yekun olaraq 01 sentyabr 2020-ci il tarixdə bağlanılmış 02/2020(2) №-li Müqaviləyə əsasən razılaşdırılmış 7840 USD məbləğin avans olaraq 30% ekvivalenti, yəni 2353 USD (4000 AZN) İddiaçı MMC tərəfindən xx.xx.2020 tarixində mənə ödənildi (qalıq borc: 3135 USD). Bunu öz imzam ilə təsdiq edirəm”.

30. Əvvəla qeyd edilməlidir ki, həmin ərizə yalnız iddiaçının möhürü ilə təsdiq edilmiş, iddiaçının blankında tərtib edilmişdir və cavabdeh isə belə bir müraciətinin olduğunu təsdiq etməmişdir. Digər tərəfdən, ərizənin məzmununa nəzər saldıqda ayın olur ki, ərizədə 01 sentyabr 2020-ci il tarixli 02/2020(2) nömrəli müqaviləyə istisnad olunur, müqavilə üzrə razılaşdırılan muzdun 7840 USD olduğu qeyd edilir. İddiaçı müqavilənin tarixinin 01 mart 2020-ci il yerinə 01 sentyabr 2020-ci il olaraq qeyd edilməsini texniki səhvlə əlaqələndirsə də, müqavilənin nömrəsinin və müqavilə üzrə razılaşdırılan muzdun fərqli qeyd edilməsini, ərizənin həqiqətən də cavabdeh tərəfindən tərtib olunmasını sübut edə bilməmişdir. Belə olan halda, məhkəmə həmin sübutu işə aidiyyəti olmayan sübut hesab etmişdir və 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsi üzrə muzdun ödənilmə qaydasını, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələri qarşılıqlı təhlil edərək 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsi üzrə razılaşdırılan işlərin tam görülərək təhvil verildiyi qənaətinə gəlir. Muzdun məbləği ilə bağlı isə qeyd edilmişdir ki, cavabdeh yalnız xx.xx.2020-ci il tarixli, xx.xx.2020ci il və xx.xx.2020-ci il tarixli ərizələr əsasında müqavilədə razılaşdırılan kimi 5040 ABŞ dolları ödənildiyini qəbul edir, hər hansı digər ödənişi isə istisna edir. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizənin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilməsi sübut olunmur. 09 aprel 2021-ci il tarixli kassa məxaric orderi isə birtərəfli qaydada tərtib edilmiş, 3000 manat məbləğində əlavə ödənişin iddiaçı tərəfindən alındığı təsdiq olunmamışdır. Tərəflər arasındakı işgüzar praktikanın edilən ödənişlərin hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edildiyi yöndə olmasını, 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsində muzdun məbləğinin 5040 ABŞ dolları razılaşdırıldığını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının görülmüş işlər üçün 15540 manat ödəniş etməsi ilə bağlı arqumentləri də əsassızdır

31. Məhkəmə iddiaçının görülmüş işlərdə qüsurların olmasına dair mövqeyi ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir: Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 774-cü maddəsinə əsasən, əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. Yuxarıda qeyd edilən normaların müqayisəli təhlilindən görünür ki, qarantiya müddəti ərzində aşkara çıxan qüsurla bağlı sifarişçi əvvəla əlavə müddət təyin etməli (Mülki Məcəllənin 763.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edib ödənilmiş muzdu tələb etmək hüququndan istifadə edə bilər.

32. Hazırkı tələb üzrə işlərin xx.xx.2020-ci il tarixində təhvil verildiyi və zəmanət müddətinin həmin tarixdən “LED” işıq zolaqları üçün 3 təqvim ili, işıq zolaqlarının adapterlərinə görə isə 2 təqvim ili təşkil etdiyinin müəyyən olunduğu nəzərə alındığında məhkəmə həmin müddət ərzində iddiaçının (sifarişçinin) əlavə icra tələbi ilə müraciət edilib-edilməməsinin qiymətlənsirilməsini zəruri hesab edir. İddiaçı məhkəməyə 04 aprel 2022-ci il tarixli 021/2 nömrəli məktub təqdim edərək cavabdehə vaxtında müraciət etdiyini bildirmiş, cavabdeh isə həmin məktubu qəbul etmədiyini göstərmişdir. Məhkəmənin təklifi əsasında iddiaçı 04 aprel 2022-ci il tarixli 021/2 nömrəli məktubun çatdırılmasını təsdiq edən 105078 nömrəli qaimənin əslini təqdim etmişdir. Həmin qaimədən görünür ki, “Alıcının soyadı və imzası” sahəsində ümumiyyətlə hər hansı qeyd aparılmamışdır. Bu isə həmin qəbzə 04 aprel 2022-ci il tarixli 021/2 nömrəli məktubun çatdırılmasını təsdiq edən sənəd kimi istinad edilməsini istisna edir. İddiaçı isə qarantiya müddətində cavabdehə hər hansı müraciət etməsini digər sübutlarla təsdiq edə bilmir. İddiaçının təqdim etdiyi və cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli pretenziya məktubu isə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsi üzrə razılaşdırılan işlərin qüsurla icra edildiyi barədə iddiaçının arqumentləri də öz təsdiqini tapmır.

33. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiada irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən, şikayətdə yeni dəlillər irəli sürülmədiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2537/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar