Məhkəmə qərarları › İş №2-2(103)-1070/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1070/2024

30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1070/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh - ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hüquqi şəxsin ləğv prosesində olması, iddianın yolverilməzliyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı (lizinq verən) ilə X1 (lizinq alan) arasında xx.xx.2023-cü il tarixdə “Daxili lizinq müqaviləsi” bağlanmış, müqaviləyə görə lizinq verən “Chevrolet Cobalt LTZ” markalı avtomobili lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi, lizinq alan isə müyyən olunmuş lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər.

2. Lizinq predmeti olan avtomobillə ** YD *** dövlət nömrə nişanlı “Nexia” markalı avtomomobil xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı toqquşmuş, hər iki avtomobilə ziyan dəmişdir.

3. Həmin yol nəqliyyat hadisəsinə görə ** YD *** dövlət nömrə nişanlı “Nexia” markalı avtomomobilin sürücüsü təqsirli hesab olunmuşdur.

4. ** YD *** dövlət nömrə nişanlı “Nexia” markalı avtomomobilin sahibinin mülki məsuliyyəti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır.

5. İddiaçı “Chevrolet Cobalt LTZ” markalı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən bundan imtina olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat, qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı (iddiaçı) ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 3500 manat sığorta ödənişi, gecikdirilmiş sığorta ödənişi məbləğinin gündəlik 0.1 faizi olmaqla hesablanmış 301 manat dəbbə pulu, 58,01 manat dövlət rüsumu olmaqla, cəmi 3859,01 (üç min səkkiz yüz əlli doqquz manat bir qəpik) manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinadla əsaslandırmış, cavabdehin sığorta ödənişinin ödənilməsindən imtina etməsinin qanunsuz olduğunu irəli sürmüşdür.

8. Birinci instansiya məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli qərardadı ilə, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə geri qaytarılması qərara alınmışdır.

9. Məhkəmə gəldiyi nəticəni əsaslandırmamış, bununla belə, “Müflisləşmə və iflas” haqqında Qanunun 5-ci və 18-ci, həmçinin Mülki Prosessual Məcəllənin 153-cü maddələrinə istinadla vurğulamışdır ki, borclunun əmlakını təşkil edən aktivlər iflas prosesi çərçivəsində növbəlilik qaydasında bölünməlidir.

10. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehə qarşı qaldırılan iddia onun hər hansı hüququnun pozulması ilə nəticələnmir. Qaldırılan və təmin edilən iddia o demək deyil ki, cavabdehin əmlakını təşkil edən aktivlərin iflas prosesi nəticəsində növbəlik qaydasında bölünməsi prinsipi pozulmuş olur. Məhkəmə prosesinə hər hansı bir ləğv prosesində olan şirkətin cavabdeh qismində cəlb edilməsi onun artıq "borclu” olduğunu deməyə əsas vermir. Məhkəmənin də istinad etdiyi "Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində cavabdehin deyil, məhz borclunun əmlakını təşkil edən aktivlərin bölünməsi qaydaları müəyyən edilib. Cavabdeh onun xeyrinə çıxmayan məhkəmə aktı qanuni qüvvəsini aldıqdan və iş icra edilməsi üçün müvafiq İcra Şöbəsinə yönəldikdən sonra borclu qismində çıxış edir. Bundan başqa, cavabdehə qarşı iddiaçı tərəfindən qaldırılan iddia təmin olunduqdan sonra belə, məhkəmənin istinad etdiyi növbəlik qaydası heç bir halda pozulmuş hesab edilə bilməz. Belə ki, "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 108.4.5-ci maddəsinə əsasən lisenziyanın ləğv edilməsindən əvvəl bağlanmış sığorta müqavilələri üzrə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin verilməsi ləğv edilən lisenziyanın sahibinin bank hesabları üzrə əməliyyat apara bilməməsini istisna edir. Bundan başqa, Azərbaycan Respublikasının rayon, şəhər və kommersiya məhkəmələrinin icraatında ləğv prosesində olan sığorta şirkətlərinə qarşı kifayət qədər proseslər vardir. Kommersiya məhkəməsinin hazırkı mövqeyinə görə isə həmin şirkətlərə qarşı qardırılan iddalar növbəlik qaydasına ziddir. O zaman sual yaranır: iddiaçı olaraq iddiaçı nə zaman kəsiyində müəyyən edə bilər ki, iddiaçı tərəfindən qaldırılan iddia növbəlik qaydasına tam uyğundur? Həmçinin məhkəmə, MPM-nin 153.3-cü maddəsinə istinad etsə də, yekunda idiaçının hansı orqan və ya məhkəməyə müraciət etməli olmasını qərardadda göstərməmişdir.

12. Məhkəmə şikayəti təmin etmədiyi zaman vurğulamışdır ki, cavabdehin müflis elan olunması barədə məhkəmə qərarı qanuni qüvvəyə minmişdir və qanunun tələbləri baxımından həmin qərar qanuni qüvvəyə mindiyi vaxtdan bütün məhkəmə araşdırmaları və cavabdehdən alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulmalıdır.

13. Məhkəmə şikayətə baxarkən iddiaçıya həmçinin izah etmişdir ki, cavabdehə qarşı tələblər yalnız “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər.

Apellyasiya baxışı

14. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.

16. Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.

17. Maddə 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir.

18. Maddə 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir.

19. Maddə 60.5. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) öz fəaliyyətləri zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə riayət etməlidirlər.

20. Maddə 60.6. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) təyin olunduqları qaydada geri çağırıla və ya başqa şəxslərlə əvəz edilə bilərlər.

“Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikasının Qanunu

21. Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: Müflisləşmə - borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması; iflas prosesinə başlanma məqamı – bu Qanunun 2-ci maddəsində müəyyənləşdirilmiş məqam.

22. Maddə 2 (3-cü hissə). Kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir.

23. Maddə 18 (1-ci hissə). Borclunun müflis elan olunmasının məqamları aşağıdakılardır: a) borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixi və ya; b) bu Qanunun tələblərinə uyğun olaraq kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixi.

24. Maddə 18 (2-ci hissə). Borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; c) qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır; ç) əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir; d) borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir.

“Sığorta fəaliyyəti haqqında” Qanun

25. Maddə 108.3. Sığortaçının lisenziyasının ləğvi haqqında qərar qüvvəyə mindiyi tarixdən etibarən sığortaçının bütün idarəetmə orqanlarının səlahiyyətləri dayandırılaraq bu Qanunda nəzərdə tutulmuş qaydada müvəqqəti inzibatçıya və ya ləğvetmə komissiyasına keçir, onun ləğvi prosesinə başlanılır.

26. Maddə 108.4. Ləğv edilən lisenziyanın sahibi müvafiq lisenziyada nəzərdə tutulmuş fəaliyyətlə bağlı əqdlər bağlaya və aşağıda göstərilənlər istisna edilməklə, bank hesabları üzrə əməliyyat apara bilməz: 108.4.1. vergi və digər məcburi ödəmələrin həyata keçirilməsi; 108.4.2. işlərin aparılması ilə bağlı cari xərclərin ödənilməsi; 108.4.3. sığortaçıya ödənilmiş pul vəsaitlərinin hesaba daxil edilməsi; 108.4.4. sığortaçıya daxil olmuş sığorta haqlarından müvafiq təkrarsığorta müqaviləsi üzrə təkrarsığorta haqlarının ödənilməsi; 108.4.5. lisenziyanın ləğv edilməsindən əvvəl bağlanmış sığorta müqavilələri üzrə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin verilməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

29. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

30. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

31. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

32. Hazırkı şikayət üzrə birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

33. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (§ 28). İddia ərizəsi Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (§ 29). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (§ 30).

34. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin tətbiqi ilə bağlıdır.

35. Qeyd edilməlidir ki, iddia ərizəsinin yolverilməz hesab edilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddianın MPM-nin göstərilən maddəsi əsasında geri qaytarılması (yolverilməz hesab olunması) zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olubolmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia ərizəsi icraata götürülməlidir.

36. MPM-nin 153.2.1-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, irəli sürülən iddia tələbinə kommersiya məhkəmə icraatı (iddia icraatı və ya xüsusi icraat) qaydasında kommersiya məhkəmələri tərəfindən baxılması mümkün olmasın.

37. İddiaçının irəli sürdüyü iddia tələbinin mahiyyətindən görünür ki, o, ləğv etmə prosesində olan sığorta şirkətindən sığorta ödənişinin ödənilməsini tələb edir; məhkəmə isə onun iddia tələbini “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununa istinadən yolverilməz hesab edərək, cavabdehə qarşı yalnız həmin Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində tələb irəli sürə biləcəyini vurğulamışdır.

38. Halbuki işdən görünür ki, cavabdeh hazırkı dövrədək iflas elan olunmamışdır və məhkəmə iddia ərizəsini yolverilməz hesab edərkən düzgün əsaslandırma aparmamışdır.

39. Belə ki, əgər məhkəmə, cavabdehin ləğv etmə prosesində olduğunu və iddiaçının əvvəlcə ləğvetmə komissiyasına müraciət etməli olduğunu nəzərdə tutursa, bu halda iddia ərizəsi yolverilməz hesab edilməli deyil, MPM-nin 152.1.6-ci maddəsinə istinadla geri qaytarılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6868/2024 saylı iş üzrə 06 sentyabr 2024-cü il tarixli qərardadı ləğv olunsun və iş, iddia ərizəsi üzrə müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar