Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1080/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Nümayəndə7, cavabdehin nümayəndəsi Nümayəndə6 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı podrat müqaviləsi üzrə borcun və çəkilmiş xərclərin əvəzinin tutulmasına dair Bakı Kommersiya Məhkəməsinin 18.06.2021ci il tarixli e-2-2 (113)-275/2021 saylı qətnaməsindən (hakim Leyla Əliyeva) iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, görülmüş işlərin, quraşdırılmış avadanlıqların və rəsmi məktublarla ödənilmiş vəsaitlərin cəmi kimi 2.931.704,95 manat vəsaitin (2.886.103 manat podrat işlərinə görə+45601,95 manat çəkilmiş xərclərə görə) cavabdeh Azərbaycan Milli Konservatoriyasından İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə Azərbaycan Milli Konservatoriyasının binasının sökülməsinə qərar verilmiş, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2006- cı ildə H.Cavid prospekti, 506–cı məhəllədə yerləşən İncəsənət Gimnaziyasının həyətində təcili olaraq yeni inzibati tədris kompleksinin tikintisinə başlanması barədə göstəriş verilmişdir. Prezident aparatı tərəfindən layihələndirmə və tikinti işlərinin həyata keçirilməsi İddiaçı MMC–yə həvalə olunub və layihələndirmə və tikinti işlərinin paralel olaraq aparılması tapşırılmışdır. Layihələndirmə və tikinti işlərinin həyata keçirilməsi üçün Milli Konservatoriya ilə İddiaçı MMC arasında 31 avqust 2006–cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə ilə sifarişçi funksiyası da icraçıya həvalə olunmuş və “A” “B” və “D” bloklarında + “E” blokunda isə daxili – bəzək – tamamlama, kommunikasiya, abadlıq işləri istisna olmaqla qalan işlər 2014–cü ilin əvvəllərində başa çatdırılmışdır. Müqavilə ilə Milli Konservatoriya tərəfindən sifariş olunan tikinti işlərinin ümumi dəyəri 26.677.438,8 manat razılaşdırılmışdır. 27.02.2012-ci il tarixdə «Sifarişçi» ilə «İcraçı» arasında müqavilə yenilənərək sifarişin ümumi məbləği 26.754.177,88 manat razılaşdırılmışdır. Belə ki, 27.02.2012-ci il tarixli 35 saylı məktubla Milli Konservatoriya İddiaçı MMC-yə müraciət edərək, tikintinin başlama tarixindən uzun müddət keçməsi ilə əlaqədar tikinti materialları və avadanlıqlarının qiymətlərində bahalaşmanın yaranması, eləcə də ötən dövrdə təhsil sistemində yeni standartların yaranmasını nəzərə alaraq layihə-smeta sənədlərində müvafiq düzəlişlər edilməsini xahiş etmişdir. Bu məktub əsasında layihə-smeta sənədlərində dəyişilklər edilərək ekspertizaya təqdim edilmişdir. Əlavə olunan işlərin layihə-smeta dəyərinə dair müvafiq sənədləşmələr aparıldıqdan sonra, FHN-in Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən əlavə işlərin müqavilə qiyməti 7.998.563,09 manat (ƏDV daxil) müəyyənləşdirilmişdir. Ümumilikdə, 2006-2014-cü illər ərzində Milli Konservatoriya üçün İnzibati-Tədris Kompleksinin inşası üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 29.733.565,36 manat təşkil etmişdir. Belə ki, işlərin dəyəri ilkin smeta üzrə 25.897.893,7 manat, əlavə olunan işlərin smetası isə 3.835. 671,99 manat müəyyənləşdirilmişdir. FHN Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsinin 04.11.2014-cü il tarixli 19022 saylı rəyi ilə təsdiqlənmiş layihəsmeta sənədləri üzrə görülmüş işlərin və quraşdırılmış avadanlıqların dəyəri (əlavə smeta üzrə) Milli Konservatoriya ilə İddiaçı MMC arasında tərtib edilmiş 30.10.2018-ci il tarixli üzləşmə aktına əsasən 3 835 671,99 manat müəyyən edilmiş və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Sonuncu dəfə İddiaçı MMC-yə 29 avqust 2019-cu il tarixdə 1.335.910 manat ödənilməklə, ümumilikdə yerinə yetirilmiş işlərə görə 26.867.462,06 manat ödənilmişdir. İddiaçı MMC tərəfindən yerinə yetirilmiş işlərin qalıq dəyəri olaraq ödənilməmiş məbləğ 2.866.103 manat təşkil edir. 23.09.2020-ci il tarixli pretenziyada 5 (beş) iş günü müddətində 2.886.103 manat məbləğində vəsaitin İddiaçı MMC-yə ödənilməsi xahiş edilmişdir. Bundan əlavə cavabdehin məktubları əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Baş İdarəsinə 12.251,04 manat, Yasamal qaz İstismar sahəsinə olan 13.051,34 manat, sığorta ödənişi üçün 15.000 manat, Milli Konservatoriyanın yeni inzibati tədris kompleksinə ayrılmış torpaq sahəsinin faktiki ölçülərinə uyğun cizgilərinin hazırlanması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə 579,57 manat, “Ərazi tikinti planlaşdırma mərkəzi”nə 4720 manat ödənilmişdir. Cavabdeh həmin vəsaitlərin ödəniləcəyini bildirsə də bu vaxta qədər ödəmələr həyata keçirilməmiş, hətta müraciətə cavab verilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.06.2021-ci il tarixli e-2-2 (113)-275/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 20.299,57 manat məbləğində pul tutulmuş, qalan hissədə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən iddianın rədd edildiyi hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “işlərin görülməsi ehtimalı”nı irəli sürməklə səhvə yol vermiş, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər- müqavilə, məktublar, əlavə işlərin layihə-smeta sənədləri Milli Konservatoriyanın rektoru Qanuni nümayəndə tərəfindən şəxsən təsdiq edilmişdir. FHN (TDEBİ) Tikintidə Qiymətqoyma Mərkəzi – məhz Milli Konservatoriyanın müraciəti əsasında təqdim olunmuş smeta toplusunu maliyyə ekspertizası etmiş və görülməli olan işlərin qiymətini müəyyənləşdirmişdir. Məhkəmə nəzərə almamışdır ki, 2006-2018-ci illərdə qarşılıqlı əməkdaşlığın bütün mərhələlərində İddiaçı MMC ilə Milli Konservatoriya arasında iş həcmləri Aktlar və ya Milli Konservatoriyanın sifariş məktubları ilə razılaşdırılır, həmin sifarişlər əsasında MMC tərəfindən smeta toplusu hazırlanaraq Milli Konservatoriyaya təqdim edilir, Milli Konservatoriyanın rektoru Qanuni nümayəndə rəsmi müraciətləri ilə smeta toplusu FHN-in Tikintidə Qiymətqoyma Mərkəzinə göndərilirdi. X3 təsdiqlənmiş qiymətlər podrat muzdu kimi icraçı MMC-ə ödənilirdi. İşin bu xüsusatını, tərəflər arasındakı qarşılıqlı münasibətin reallığını tam, hərtərəfli araşdırmaq üçün tərəfimizdən FHN-in adıçəkilən qurumuna müraciət edilərək Milli Konservatoriyanın təqdimatı və digər sənədlər istənilmiş, cavab olaraq bu sənədlərin yalnız sifarişçi Milli Konservatoriyaya təqdim ediləcəyi bildirilmişdir. Məhkəmə tərəfindən həmin sənədlərin alınması üçün FHN-in müvafiq Mərkəzinə sorğu verilməsi xahiş olunmuş, məhkəmə isə yenə də qərəz göstərərək bizim vəsatətimizi təmin etməmiş, bununla əlavə işlərin sifarişinin məhz cavabdeh tərəfindən verilməsinə dair növbəti sübutu əldə etməkdən iddiaçını məhrum etmişdir. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı MMC ilə Milli Konservatoriya arasında tərtib edilmiş 30.10.2018 – ci il tarixli üzləşmə aktına əsasən sifarişçinin podratçıya qalıq borcu 3 835 671,99 AZN müəyyən edilmiş və bu borc hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 2018-2020-ci illərdə, hətta, məhkəmə prosesi boyunca cavabdeh Milli Konservatoriya "xxxx"nı mübahisələndirməmişdir. Öz məzmununda görülmüş işlərin həcmini, xarakterini, hər bir iş üzrə vahidin qiymətini, cəmi dəyərini əks etdirən "xxxx" mahiyyətcə tərəflər arasında podratın təhvil-təslim aktıdır. 2018-2020-ci illərdə İddiaçı MMC dəfələrlə Milli Konservatoriyanın rektoruna müraciətlərində, həmin "xxxx"na da istinad edərək ödənilməmiş 3 835 671,99 manat qalıq borcun ödənilməsini xahiş etmiş, buna cavab olaraq Milli Konservatoriya bu xərclər üçün büdcə ayrılmadığını, dövlət büdcəsindən ayırmaların gözləndiyini və s. maddi imkanın olmadığını bildirmişdir. Bu müraciətlərə cavabında Milli Konservatoriya heç vaxt "xxxx"nı qəbul etmədiyini, MMC-ə borcu olmadığını bildirməmişdir. Əksinə, 2018-2019-cu illərdə Milli Konservatoriyanın rektoru Qanuni nümayəndə Azərbaycan Respublikasının təhsil nazirinə, maliyyə nazirinə, Baş nazirinə, nəhayət Prezidentə məktublarla müraciət edərək, Konservatoriyanın inzibatitədris korpusunun tikintisi üzrə İddiaçı MMC-ə qalıq borcunun ödənilmədiyini, borcun ödənilməsi üçün vəsait ayrılmasını xahiş etmişdir. 22 noyabr 2018-ci il tarixdə cənab X4, 23 noyabr 2018-ci il tarixdə Baş nazirə, həmçinin Təhsil nazirinə rəsmi məktublarla müraciət edərək bildirmişdir ki, bu günə kimi 4.202.013,3 manat (sonradan həmin məbləğdən 1.335.910 manat ödənilmişdir, 2.866.103 manat borc qalmışdır) Milli Konservatoriya tərəfindən İddiaçı MMC-yə borc qalmışdır. Məhkəmə isə cavabdehin bütün bu etirafedici hərəkətlərini, rəsmi sənədlərini, rəsmi müraciətlərini nəzərə almamışdır. İddiaçının nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Nümayəndə7 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi Nümayəndə6 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 18.06.2021-ci il tarixli e-2-2 (113)-275/2021 saylı qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilərək cavabdeh Azərbaycan Milli Konservatoriyasından iddiaçı İddiaçı MMC-nin xeyrinə 2.866.103 manat pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda iş üzrə qəbul edilmiş qətnamə iddianın rədd edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, podrat müqaviləsi üzrə qalıq borcun tutulmasına dair iddia tələbinin rədd edildiyi hissədə məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə həmin hissədə iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. "xxxx" MMC-nin iş materiallarına əlavə edilmiş nizamnaməsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan hüquqi şəxsdir. İşin birinci instansiya məhkəməsi tərəfindən sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər arasında dövlət satınalması qaydasında bağlanmış 31 avqust 2006-cı il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, H.Cavid prospekti, 506-cı məhəllədə Musiqi gimnaziyasının ərazisində, Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin “A” və “E” layihələndirilməsi və tikintisi cavabdeh tərəfindən iddiaçıya həvalə edilmişdir. Həmin müqavilədə görüləcək işlərin ümumi dəyəri 26.754.177,88 manat təşkil etmişdir. Bu müqavilənin davamı olaraq 21.05.2009-cu ildə bağlanmış müqavilədə Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin tikinti işlərinin dəyərinin ƏDV ilə birgə 2.667.438,8 manat təşkil etdiyi qeyd edilmişdir. Podrat müqaviləsinin davamı olaraq bağlanmış 21 sentyabr 2010-cu il tarixli üçüncü müqaviləyə əsasən Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin əlavə olaraq “B” və “D” bloklarının tikintisi cavabdehə həvalə edilmiş, həmin blokların tikintisi üçün görüləcək işlərin ümumi dəyəri 17.000.000 manat müəyyən edilmişdir. Tərəflər arasında 31 avqust 2006-cı il tarixli podrat müqaviləsinin davamı olaraq bağlanmış 01 iyul 2012-ci il tarixli AMK-01 saylı müqavilənin 4.1-ci bəndindən görünür ki, tərəflər razılaşmışlar ki, işin qiyməti əlavə dəyər vergisi ilə birlikdə 26.754.177,80 manat təşkil edir, bundan 31 avqust 2006cı il və 21 sentyabr 2010-cu il tarixli müqavilələrə əsasən 17.000.000 manat faktiki yerinə yetirilmiş tikinti quraşdırma işləri maliyyələşdirilmiş, qalıq işlərin dəyəri isə 9.754.177,88 manat təşkil etmişdir. 09 iyul 2019-cu il tarixli, 16 saylı tikinti obyektinin istismarına icazədən görünür ki, Azərbaycan Milli Konservatoriyasının yeni inzibati tədris kompleksinin A,B, D bloklarının istismarına icazə verilmişdir. İşdəki sənədlər və tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, maliyyə vəsaiti çatışmadığından “E” blokunda işlərin görülməsi tam başa çatdırılmamışdır. İddia ərizəsində qeyd edilənlərə əsasən podrat işlərinə görə iddiaçıya ümumilikdə 26.867.462,06 manat ödənilmişdir. Cavabdeh tərəf isə apelyasiya şikayətinə etirazında iddiaçıya podrat müqaviləsi üzrə ödənilmiş məbləğin cəmi 26.754.177,88 manat olduğunu göstərmişdir. İşə apelyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarının surətlərindən görünür ki, cavabdeh tərəfindən podrat müqaviləsi üzrə sonuncu ödəniş 26.08.2019-cu il tarixdə keyfiyyət zəmanəti kimi saxlanmış 1.335.910 manat olmuşdur. Qeyd edilən ödənişin həyata keçirildiyi iddia ərizəsində də qeyd edilmişdir. İddia ərizəsinin məzmununda cavabdehin podrat müqaviləsi üzrə 2.866.103 manat qalıq borcunun qaldığı qeyd edilsə də, iddia ərizəsinin tələb hissəsində həmin məbləğin 2.886.103 manat olduğu qeyd edilmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi qeyd edilən hala aydınlıq gətirərək bildirmişdir ki, tələb hissəsində texniki səhvə yol verilərək müqavilə üzrə qalıq borcun məbləği düzgün qeyd edilməmişdir və 20.10.2021-ci il tarixli məhkəmə iclasında məhkəməyə ərizə verərək podrat müqaviləsi üzrə tələb olunan qalıq borcun məbləğinin 2.866.103 manat olmasının nəzərə alınmasını xahiş etmişdir. Tələb olunan 2.866.103 manat qalıq borcla bağlı iddiaçı tərəfindən işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə aşağıdakı sübutlar təqdim edilmişdir: - Tərəflər arasında 30.10.2018-ci il tarixdə təsdiq edilmiş üzləşmə aktları- 21.09.2010-cu il tarixli müqavilə əsasında tərtib edilmiş birinci üzləşmə aktında Azərbaycan Milli Konservatoriyasının İddiaçı MMC-yə 368.848,83 manat məbləğində ödənilməmiş borcu qaldığı qeyd edilmiş, həmin müqavilə və Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən təsdiq edilmiş 04.11.2014-cü il tarixli 19022 saylı müsbət rəy üzrə görülmüş işlərin və quraşdırılmış avadanlıqların üzləşmə aktında isə qalıq borcun 3835671,99 manat olduğu qeyd edilmişdir. - Azərbaycan Milli Konservatoriyasının rektoru Qanuni nümayəndə Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikasının Baş nazirinə ünvanlanmış 22.11.2018-ci il tarixli, Azərbaycan Respublikası Təhsil Nazirinə ünvanlanmış 07.05.2019-cu il tarixli məktubları-həmin məktublarda iddiaçıya yerinə yetirilmiş işlərə görə 4.202.000 manat məbləğində vəsaitin ödənilmədiyi qeyd edilir. Məktublarda maliyyə vəsaiti çatışmadığı üçün yataqxana blokunun başa çatdırılmasının mümkün olmadığı, işlərin tam başa çatdırılması üçün əlavə 9.221.800 manat vəsait tələb olunduğu göstərilir. - Azərbaycan Milli Konservatoriyasının rektoru Qanuni nümayəndə Azərbaycan Respublikasının Baş nazirinə ünvanlanmış 22.11.2018-ci il tarixli məktubu-həmin məktubda kompleksin 2 il müddətinə tikilməsi planlaşdırılsa da, maliyyə vəsaitinin məhdud həcmdə ayrılmasının tikintinin uzanmasına səbəb olduğu, nəticədə bir çox tikinti materiallarının və xaricdən gətirilən avadanlıqların ilkin smetada nəzərdə tutulmuş qiymətlərində bahalaşmalar yarandığı, bu səbəbdən də Azərbaycan Milli Konservatoriyası layihə-smeta sənədlərində dəyişiklik edilməsi üçün İddiaçı MMC-yə müraciət etmiş, bu müraciət əsasında layihə-smeta sənədlərində müvafiq dəyişikliklər edilərək Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsinə təqdim edildiyi və 04.11.2014-cü il tarixdə müsbət rəy alındığı, əlavə smeta üzrə işlərin dəyərinin ƏDV daxil 7.998.563,08 manat müəyyən edildiyi qeyd edilmişdir. Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsinin ilkin smeta üzrə qiymətlərin artımına 04.11.2014-cü il tarixli müsbət rəyi iş materiallarına əlavə edilmişdir. İş materiallarındakı 27.02.2013-cü il tarixli Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 506 məhəllədə Azərbaycan Milli Konservatoriyada əlavə işlərinin görülməsi haqqında 1 saylı Aktdan görünür ki, kompleks üzrə görülməli olan əlavə işlərin siyahısı müəyyən edilmişdir. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən mübahisəyə iddia müddətinin tətbiq edilməsini və işlərin başa çatdığı 2013-cü il tarixdən 3 illik iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 753.3-cü maddəsinə görə əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Həmin Məcəllənin 753.2-ci maddəsinə görə əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. İşdəki sübutlarla təsdiq edilir ki, tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə muzdun əsasları müqavilə bağlandıqdan sonra maliyyələşmənin vaxtında həyata keçirilməməsi ilə əlaqədar qiymətlərdə baş vermiş artım və sifarişçinin sərəncamları əsasında dəyişmiş, yeni qiymət razılaşdırılmış və təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsinin qiymətlərin dəyişikliyi ilə bağlı rəyi alınmış, tərəflər arasında 30.10.2018-ci il tarixdə təsdiq edilmiş üzləşmə aktları ilə həmin tarixə olan borcun məbləği cavabdeh tərəfindən təsdiq edilmişdir. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Tərəflər arasında müqavilənin 5.1-ci bəndində bütün işlərin, o cümlədən obyektin qəbulu prosedurunun icraçı tərəfindən müqavilənin 23-cü bəndinə uyğun olaraq avansın verilmə tarixindən 525 bank günü müddətində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. İddia ərizəsində işlərin 2014-cü ildə başa çatdırıldığı qeyd edilsə də, təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir. O cümlədən avans ödənişinin hansı tarixdə həyata keçirilməsi barədə iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. "xxxx" MMC-nin rektoru Qanuni nümayəndə iddiaçıya ünvanlanmış 22.02.2021-ci il tarixli məktubunda tikinti işlərinin 2013-cü ildə başa çatdığı, 13.02.2014-cü ildə Azərbaycan Milli Konservatoriyasının açılışı olmuşdur. 28.12.2018-ci il tarixli istismara hazırlıq aktında Azərbaycan Milli Konservatoriyanın “A”, “B”, “D” bloklarında tikintinin qurtarma tarixi 13.02.2014-cü il qeyd edilmişdir. “E” blokunda həyata keçirilmiş işlər tam başa çatmadığından həmin blokda faktiki görülmüş işlərin hansı tarixdə cavabdehə təhvil verilməsi barədə işdə rəsmi sənəd yoxdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 05.10.2020-ci il tarixdə, cavabdeh tərəfindən müqavilə üzrə sonuncu ödənişin həyata keçirildiyi 26.08.2019-cu il tarixdən bir il iki ay sonra müraciət etmişdir. Məhkəmə hesab edir ki, podrat müqaviləsi üzrə ödənişlər hissə-hissə həyata keçirildiyi halda ödənişlərin tarixləri barədə işdə sübutlar olmadığından, borc məbləği yalnız Konservatoriyanın 2014-cü ilin fevral ayında tikintisi başa çatdırılmış “A”, “B”, “D” bloklarında görülmüş işlərlə bağlı deyil, eyni zamanda tikintisi tamamlanmamış “E” blokunda həyata keçirilən işlərlə, o cümlədən Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsinin 04.11.2014-cü il tarixli rəyi əsasında tərtib edilmiş əlavə smeta ilə bağlı yarandığından işdəki sənədlər əsasında iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyü təsdiq olunmur. Cavabdeh tərəfindən 30.10.2018-ci il tarixdə təsdiq edilmiş üzləşmə aktlarındakı borc məbləğinin iddiaçıya tam ödənildiyi cavabdeh tərəfindən sübut edilmədiyindən məhkəmə hesab edir ki, iddia podrat müqaviləsi üzrə həyata keçirilmiş işlərə görə tələb olunan 2.866.103 manat qalıq borcun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının rədd edilmiş digər iddia tələbləri Azərbaycan Milli Konservatoriyası İncəsənət Gimnaziyasının 20.02.2014-cü il tarixli məktubuna əsasən təbii qaza görə iddiaçı tərəfindən ödənilmiş 13.051,34 manat məbləğində pulun , Azərbaycan Milli Konservatoriyası 14.07.2008-ci il tarixli məktubuna əsasən Fövqəladə Hallar Nazirliyi X1 Baş İdarəsinə ödənilmiş 12.251,04 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə tələblərdir. İddiaçının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Baş İdarəsinə ödənilmiş 12.251,04 manat məbləğində pulun qaytarılması tələbi ilə bağlı iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmiş, İncəsənət Gimnaziyasının məktubu əsasında “Azəriqaz” İB-yə ödənilmiş 13.051,34 manat məbləğində pulun qaytarılması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, İncəsənət Gimnaziyası Azərbaycan Milli Konservatoriyasının tabeçiliyində olsa da, hüquqi şəxs statusuna malik olan qurum olduğundan Gimnaziyanın verdiyi tapşırığın yerinə yetirilməsi ilə bağlı iddiaçı tərəfindən çəkilmiş xərclər cavabdehdən tutula bilməz. Məhkəmə kollegiyası qeyd edilən iddia tələblərinin rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin bu hissədə ləğv edilməsi üçün hər hansı əsas mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 18.06.2021-ci il tarixli e-2-2 (113)- 275/2021 saylı qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən iddiaçı İddiaçı MMC-nin xeyrinə 2.866.103 manat pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı İddiaçı MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 18.06.2021-ci il tarixli e-2-2 (113)-275/2021 saylı qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən iddiaçı İddiaçı MMC-nin xeyrinə 2.866.103 (iki milyon səkkiz yüz altmış altı min yüz üç) manat pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir .
Məhkəmə qərarları › İş №2-2(103)-1080/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1080/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver