Məhkəmə qərarları › İş №2-2(103)-1081/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1081/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1081/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X13 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3271/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 15 noyabr 2023-cü il tarixli XM-15/11/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi dəmir qəlib və betonlama işləri üzrə xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir-tikinti işləri üzrə xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 01-də qiymət razılaşdırma protokolunda qeyd edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi sifarişçi tərəfindən verilir; 3.1.3-cü bəndinə əsasən göstərilmiş xidmətin dəyərini ödəmək sifarişçinin vəzifələrinə aid edilmişdir; 4.2-ci bəndinə əsasən hazırki Müqavilə üzrə hesablaşmalar elektron qaimə və hesab fakturaya əsasən bank hesabına köçürmə yolu ilə həftəlik olaraq həyata keçirilir. 6.4-cü bəndinə əsasən sifarişçi göstərilən xidmətin dəyərini icraçıya ödəməyə borcludur.

2. 15 noyabr 2023-cü il tarixli XM-15/11/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə 1 saylı əlavəyə əsasən dəmir qəlib işlərinin 1 m2 dəyəri 12 manat olaraq müəyyən edilmişdir.

3. İddiaçı tərəfindən məhkəməyə görülən işlərlə bağlı naryad adlı sənədlər təqdim edilmişdir.

4. İddiaçı tərəfindən məhkəməyə müqavilə üzrə görülən işlərlə bağlı Cavabdeh MMC-yə göndərilən elektron qaimələr təqdim edilmişdir.

5. xx.xx.2024-cü il tarixdə bir qrup şəxs tərəfindən Cavabdeh MMC-yə ərizə ilə müraciət olunaraq bildirilmişdir ki, İddiaçı tərəfindən onların əmək haqqı ödənilmir. Ona görə də əmək haqlarının birbaşa "xxxx" MMC tərəfindən ödənilməsini xahiş etmişlər.

6. Cavabdeh MMC tərəfindən tərtib edilmiş görülən işlərin və ödənişlərin üzləşmə cədvəlində qeyd edilmişdir ki, görülmüş işlərin dəyəri 145608,32 manat, VÖEN ilə ödənilən məbləğ 84891,8 manat, kartla ödənilən məbləğ 70657,95 manat olmuş və 9941 manat məbləğində artıq ödəniş edilmişdir. Akt Cavabdeh MMC tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

7. Bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ümumilikdə 56019 manat məbləğində ödəniş edilmişdir.

8. Birinci instansiya məhkəməsindəki icraat:

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023- cü il tarixli, XM-15/11/23 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən ödənilməmiş 93978 manat və dövlət rüsumuna görə ödənilmiş 371,93 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 94349,93 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, XM15/11/23 saylı xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin tələblərinə əsasən sifarişçi icraçıya dəmir qəlib və betonlama xidmətləri göstərməyi, sifarişçi isə icraçıya müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətdə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirilərək xidmətlər icra edilsə də, sifarişçi tərəf öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Belə ki, ikitərəfli təsdiq edilmiş aktlara, təqdim edilmiş elektron qaimə-fakturalara, eləcə də son xidmətlərin cavabdeh tərəfindən aktı təsdiq edilməsindən imtina edilmiş hissəsinə əsasən ümumilikdə 93978 manat borc mövcuddur. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, elektron vergi sistemi və elektron məhkəmə informasiya sistemi vasitəsilə pretenziya məktubları ünvanlanaraq müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmiş, lakin cavabdeh hazırkı tarixədək ödənişləri etməkdən yayınmışdır.

11. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, xx.xx.2023-cü il tarixli, XM-15/11/23 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən ödənilməmiş 89589,32 manat məbləğində, eləcə də dövlət rüsumuna görə ödənilmiş 358 manat və vəkilə hüquqi yardıma görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 90247,32 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 752.1, 756.1-ci maddələrinə istinad olunmuşdur.

13. Cavabdeh tərəfindən iddiaya dair mülahizə (etiraz) təqdim edilmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, iş üçün kifayət qədər əhəmiyyətli olan sübutların məcmusundan görünür ki, iddia təmin edilə bilməz. Belə ki, İddiaçı ilə “X27-Tikinti” MMC ilə aralarında müqavilənin olması inkar olunası deyildir. Qəbul edilməyən məqam isə iddaçı tərəfindən tələb edilən əsassız məbləğdir. Cavabdeh MMC-nin Şirvan şəhərində tikiləcək yüksək mərtəbəli yaşayış binasında dəmir qəlib və betonlama işləri üzrə 15 noyabr 2023-cü il tarixli iddaçı İddiaçı ilə yanaşı X5 ilə 16 dekabr 2023-cü il tarixli xidmət müqavilələri olmuşdur. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XM-15/11/23 saylı xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət akt ilə müəyyənləşir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 01-də qiymət razılaşma protokolunda qeyd edilir. 01 saylı müqaviləyə əlavədən görünür ki, dəmir qəlib işlərinin 1kv 12 manat müəyyən edilmişdir. 03 aprel 2024cü il tarixli aktdan görünür ki, İddiaçı Cavabdeh MMC-yə işləri yerinə yetirmədiyi (yarımçıq) üçün 15611 manat dəyərində zərər vurmuş, həmin aktı imzalamaqdan boyun qaçırmaqla yanaşı ümumilikdə 10000 manata yaxın vəsaiti isə artıqlaması ilə almışdır. İddшa ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünən odur ki, iddaçı iddiasına əsas ola biləcək heç bir sənəd məhkəməyə təqdim etməmiş, yalnız Cavabdeh MMC-yə göndərilmiş (akta istinad olunmayan) qaimələrlə iddiasını əsaslandırmışdır. Lakin belə olan halda tərəflərin xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtləri pozulmuşdur. Əgər həqiqətən iddiaçı iddia tələbində haqlıdırsa, nə üçün əsas gətirməklə hazırda istəmiş olduğu vəsaitin təsdiqinə dair xx.xx.2023-cü il tarixli, XM-15/11/23 saylı xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.2-ci bəndinə əsasən təsdiq aktına deyil, qaimə və naryadlara istinad edir. İddiaçı 02 aprel 2024-cü il tarixində No-01/79 saylı məktub göndərilərək bildirilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XM15/11/23 saylı xidmətlərin göstərilməsi haqqında müqavilədə (6.1) nəzərdə tutulan xidməti vaxtında və lazımınca icra etmədiyi üçün müqaviləyə xitam verilmişdir. Həmçinin İddiaçı qanuna zidd hərəkətləri ilə bağlı 08 aprel 2024-cü il tarixində No 01-Y-85 saylı məktubla Şirvan şəhər polis şöbəsinə müraciət olunmuş, tikintidə işləmiş işçilərin dövlət əhəmiyyətli obyektdə yığışaraq kütləvi iğtişaşlarının qarşısının alınması üçün İddiaçı ödəməli olduğu vəsait tam olaraq ödənilmişdir. Həmin ödənişlərə və digər əsaslara dair sübutlar təqdim edilmişdir. Göründüyü kimi, İddiaçı iddia tələbi tam əsassız olduğu üçün rədd edilməlidir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1576/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehndən xx.xx.2023-cü il tarixli, XM-15/11/23 saylı “Xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən 89589,32 manat borc, 300 manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 358 manat olmaqla, ümumilikdə 90247,32 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 15 noyabr 2023-cü il tarixli XM-15/11/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə (podrat müqaviləsi) bağlanmış, tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İcraçı müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirsə də, sifarişçi müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, iddiaçıya borcu yaranmışdır. İddia tələbini 15 noyabr 2023-cü il tarixli XM-15/11/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən cavabdehdən 89589,32 manat borcun tutulması təşkil edir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında 15 noyabr 2023-cü il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanması, həmin müqavilə üzrə görülən işlərin ümumi dəyərinin 145608,32 manat olması (cavabdeh tərəfindən təqdim edilmiş görülən işlərin və ödənişlərin üzləşmə cədvəlində cavabdehin özü tərəfindən təsdiq olunmuşdur) işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı görülən işlərin dəyərinin bir hissəsinin ödənilmədiyini iddia etsə də, cavabdeh görülən işlərin dəyərinin tam şəkildə ödənildiyini bildirmişdir. Cavabdehin nümayəndəsi izahatında müqavilə üzrə görülən işlərinin dəyərini təşkil edən 145608,32 manat məbləğin bir hissəsinin iddiaçının bank hesabına, digər hissəsinin isə iddiaçının işçilərinə əmək haqqı kimi ödənildiyini qeyd etmişdir. Cavabdehin nümayəndəsi eyni zamanda bildirmişdir ki, həmin işçilər iddiaçının işçiləri olsa da, iddiaçı ilə əmək müqavilələri bağlanmadığından əmək müqavilələri həmin işçilərlə Cavabdeh arasında bağlanmışdır. İddiaçı tərəfindən onun bank hesabına ödənilən məbləğ (56019 manat) qəbul edilsə də, qalan məbləğ ödənilməmiş, cavabdeh qalan məbləğin işçilərə əmək haqqı kimi ödənildiyini bildirmiş, iddiaçı isə bununla razılaşmayaraq, cavabdehin müqavilə öhdəliyini pozduğunu, müqavilə üzrə ona ödənilməyən qalıq borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Əvvəla, qeyd olunmalıdır ki, tərəflər hazırkı halda azad surətdə müqavilə bağlayaraq, həmin müqaviləin məzmununu, qarşılıqlı şəkildə hüquq və vəzifələri müəyyənləşdirmiş, qarşılıqlı surətdə öz üzərlərinə öhdəliklər götürmüşlər. Qanunvericilik normalarından da göründüyü kimi, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Hazırkı halda cavabdeh tərəfindən öhdəlik icranı qəbul etməyə ixtiyarı çatan şəxsin xeyrinə icra olunmayıb və bu icra ilə bağlı iddiaçının razılığı olmayıb. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən göstərilmiş xidmətin dəyərini ödəmək sifarişçinin, yəni cavabdehin vəzifələrinə aid edilmişdir və 6.4-cü bənddə deyilir ki, sifarişçi göstərilən xidmətin dəyərini icraçıya, yəni iddiaçıya ödəməyə borcludur. Ona görə də hazırkı halda öhdəlik lazımi qaydada icra edilmiş hesab edilə bilməz.

16. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin 02 sentyabr 2024 cü il iş № e-2-2(113)- 3271/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı Əliyev Gürşad Firudun oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XM15/11/23 saylı xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 01-də qiymət razılaşma protokolunda qeyd edilir. 01 saylı müqaviləyə əlavədən görünür ki, dəmir qəlib işlərinin 1kv 12 manat müəyyən edilmişdir. 03 aprel 2024-cü il tarixli AKT-dan görünür ki, iddiaçı Əliyev Gürşad Firudun oğlu Cavabdeh MMC-yə işləri yerinə yetirmədiyi (yarımçıq) üçün 15.611 manat dəyərində zərər vurmuş, həmin aktı imzalamaqdan boyun qaçırmaqla yanaşı ümumilikdə 10.000 manata yaxın vəsaiti isə artıqlaması ilə almışdır. Göründüyü kimi, işə baxan məhkəmə bu halları araşdırmamışdır. Necə olur ki, görülən işlərin ümumi dəyərinin 145608,32 manat olmasını mübahisəsiz hal kimi qeyd edən məhkəmə iddiaçının bu işləri hansı qüvvə ilə və necə həyata keçirilməsini araşdırmır, həmçinin işlərin görülməsini deyən iddiaçı görülmüş işlərin sübutunu məhkəməyə təqdim etmir.İkinci tərəfdən Cavabdeh MMC ilə iddiaçı Əliyev Gürşad Firudun oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XM-15/11/23 saylı xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət akt ilə müəyyənləşdirilməsini göstərən müqavilənin imperativ bəndinə münasibət bildirmədən əsassız nəticəyə gəlmişdir. Ona görə ki, həmin bəndə əsasən, işlər görüldükdən sonra işlərin faktiki təhvil-təslimi olmalıdır. Buna görə də tərəflər arasında razılaşdırılmış və görülmüş işlərin həcminə uyğun xidmət haqqı ödənilir. Lakin işin rəsmi tərəfləri, yəni xidmət müqaviləsi olmasına baxmayaraq iddiaçı həmin xidməti yerinə yetirməmişdir. Nəticə etibarı ilə iddiaçı tərəfindən görülməmiş, yerinə yetirilməmiş hər hansı xidmətə görə "xxxx" MMC-nin öhdəliyi yarana bilməzdir. Bütün bu halları məhkəmə nəzərə almamış, işi hərtərəfli araşdırmamış və əsassız qətnamə qəbul etmişdir. Qətnaməyə əsasən iddianın təmin olması MM-nin istinad olunan normasını kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən apellyasiya şikayəti ilə bağlı mülahizə təqdim edilmiş və mülahizədə göstərilmişdir ki, ötən məhkəmə prosesində məhkəmə kollegiyası tərəfindən iddiaçı və cavabdehin mübahisəli işin həyata keçirilməsi ilə bağlı işçi və onların əmək müqavilələri barədə məlumatların verilməsi tərəflərə təklif edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 89 nəfərlə bağlı (iddiaçı ilə birlikdə) müddətli əmək müqaviləsi məhkəməyə təqdim edilmiş, həmin şəxslərin tikintidə dəmir beton işlərinin həyata keçirmişlər. İş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi işçilərə aid siyahidən görünür ki, təqdim edilən şəxslərin Cavabdeh Şirvan şəhərində yerləşən tikinti obyekti ilə əlaqələri yoxdur. Həmçinin təqdim edilən işçilərdən xx.xx.2024-cü il tarixli bildirişdə adı qeyd edilən X10,xx.xx.2024-cu il tarixli bildirişdə adı qeyd edilən X14, xx.xx.2024-cü ,1 tarixli bildirişdə adı qeyd edilən X3, xx.xx.2024-cü il tarixli bildirişdə adı qeyd edilən X8,xx.xx.2024-cü il tarixli bildirişdə adı qeyd edilən X15, xx.xx.2024-cü il tarixli bildirişdə adı qeyd edilən X9, xx.xx.2024-cü il tarixli bildirişdə adı qeyd edilən X11, xx.xx.2023-cü il tarixli bildirişdə adı qeyd edilən X6, xx.xx.2024-cü il tarixli bildirişdə adı qeyd edilən X4 dair əmək müqavilələrinin işə heç bir aidiyyəti yoxdur. Sənədləri əlaqəli şəkildə tədqiq etdikdə məlum olan odur ki, həmin şəxslərdən xx.xx.2024-cü il tarixli bildirişdə adı qeyd edilən X7 "xxxx" MMC tərəfindən İddiaçı müqavilənin ləğvinə dair №- 01/79 saylı 02 aprel 2024-cü il tarixli bildirişdən sonra bağlanmışdır. Belə olan halda iddiaçı məhkəməyə əsassız sübut təqdim etmiş olur. Digər 8 nəfərə aid olaraq onu demək olar ki, həmin şəxslər tikinti zonasında olmamış, onların müqavilələrinin hansı dövrdə qüvvədə olmaları aydın deyildir. Hətta onların müqavilələri və digər sənəd-sübutları olmuş olsa belə, bu işçi sayı ilə böyük həcmli işlərin yerinə yetirilməsinə kifayət edə bilməz. İddiaçı tərəfindən məhkəmə elektron sistem vasitəsilə təqdim edilən 04 dekabr 2023-cü il tarixli "xxxx"MMC ilə hazırkı iş üzrə İddiaçı Firidun oğlu arasında saxta və heç bir hüquqa əsaslanmayan sifarişçi və subpodratçıya aid müqavilə yerləşdirilmişdir. Bu qeyd edilənlər reallığı əks etdirmir. Belə ki, yuxanda qeyd edilən müqavilə üzrə sifarişçi İddiaçı Firidun oğludur və güyaki "xxxx" MMC tərəfindən bağlanmış XM-15/11/23 nömrəli müqavilə üzrə özü tapşırıq üzrə həyata keçirdiyi işlə bağlı "xxxx"MMC-yə sifariş verir. Təqdim edilən sübuti əhəmiyyətli müqavilə uydurma olmaqla yanaşı saxta əsaslarla məqsədli tərtib edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. -433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

20. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmşdir ki, İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 15 noyabr 2023-cü il tarixli XM-15/11/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə sifarişçi dəmir qəlib və betonlama işləri sifariş verib icraçıya razılaşdırılmış muzdu ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir-tikinti işləri görməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cəmi 145608,32 manat məbləğində işlər görülmüş, cavabdeh tərəfindən isə həmin işlərin müqabilində iddiaçıya 56019 manat məbləğində ödəniş edilmişdir.

26. Məhkəmə kolllegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsi adlandırılsa da, mahiyyət etibarilə sifarişçinin sifarişi ilə icraçı tərəfindən podrat işlərinin görülməsini nəzərdə tutan podrat müqaviləsidir. Odur ki, həmin müqaviləyə mülki qanunvericiliyin podrat müqaviləsini tənzimləyən normaları tətbiq edilməlidir.

27. Məhkəmə kollegiyası 145.608,32 manat məbləğində işlərinin görülməsi ilə bağlı təhvil-təslim aktının olmaması, həmin işlərin iddiaçı tərəfindən deyil, cavabdehin öz işçiləri tərəfindən iddiaçının nəzarəti ilə görülməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki. birincisi, tərəflər arasında bağlanmış podrat müqaviləsində işlərin iddiaçının nəzarəti ilə deyil, məhz iddiaçı tərəfindən görülməsini razılaşdırmışlar. İkincisi, həmin podrat müqaviləsinə əsasən görülmüş işlərlə bağlı naryadların cavabdehin nümayəndəsi tərəfindən imzalanması, həmin müqavilə üzrə görülmüş işlərin dəyərinin bir hissəsinin cavabdeh tərəfindən ödənilməsi də iddiaçı tərəfindən podrat işinin görülməsi faktını təsdiq edir. Görülmüş işlərin həcminə və dəyərinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı tərəfindən 145608,32 manat məbləğində məbləğdə işlərin görülməsi faktı cavabdehin nümayəndəsi tərəfindən təsdiq edilmiş naryadlarla yanaşı, cavabdehin imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə cədvəlləri ilə öz təsdiqini tapmışdır. Odur ki, kollegiya 145608,32 manat məbləğində işlərin iddiaçı tərəfindən icra edilməməsi barədə dəlillərinin özünü müdafiə xarakteri daşıması qənaətinə gəlir.

28. İşlərin dəyərinin qalan hissəsinin birbaşa olaraq iddiaçının işçilərinə ödənilməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, Mülki Məcəllənin 433-cü maddəsinin tələblərinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.

29. Göründüyü kimi öhdəlik icranı qəbul etməyə ixtiyarı çatan şəxsin xeyrinə icra olunmalı, icrasını ixtiyarsız şəxs qəbul etdiyi halda isə həmin icra ilə bağlı kreditorun razılığı alınmalıdır. Hazırkı halda podrat müqaviləsi üzrə muzdun bir hissəsinin işçilərə ödənilməsi barədə iddiaçının razılığının alınması iş materiallarına əsasən müəyyən edilmir.

30. Digər tərəfdən cavabdeh iddia edir ki, iddiaçının işçiləri xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək əmək haqqı ödənişlərinin gecikdirilməsini bildirdiklərindən ona iddiaçının əvəzinə həmin şəxslərə pul ödəməyə məcbur olmuş, yəni iddiaçı faktiki olaraq həmin ödənişlərdən faydalanmışdır.

31. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş işçilərin siyahısından aydın olmuşdur ki, birincisi, cavabdehin pul ödədiyi şəxslər iddiaçının deyil, cavabdehin öz işçiləri olmuş, bundna əlavə iddiaçı həmin şəxslərin əksəriyyəti ilə əmək müqavilələrini xx.xx.2023-ci il tarixdən, yəni işçilərin əmək haqqının ödənilməməsi barədə narazılıqları bildirdikləri vaxtdan xeyli əvvəl bağlamışdır. Odur ki, cavabdehin həmin şəxslərə etdiyi ödənişlərin iddiaçıya hər hansı aidiyyətinin olması iş materiallarına əsasən müəyyən edilmir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, həmin ödənişlərin cavabdehin iddiaçı qarşısında olan öhdəliyinin icrası kimi nəzərə alınması üçün əsaslar yoxdur.

32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz.

33. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3271/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar