Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1083/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korparasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korparasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1010/2023 nömrəli qətnaməsindən cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korparasiyası” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixli HA030/0719 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı alıcıya müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalarda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satmağı və alıcı isə malın müqabilində iddiaçıya müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhsinə götürmüşdür.
2. xx.xx.2020-ci il tarixli EBAE seriyalı 891438 saylı və xx.xx.2020-ci il tarixli EBAS seriyalı 538738 saylı elektron qaimələrə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə 17.464 manat və 122.853,93 manat olmaqla, ümumilikdə 140.317,93 manat dəyərində beton qarışığı və çay daşı təqdim edilmişdir.
3. xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh1 MMC İddiaçınə həmin tarixə 140318,52 manat borcu olduğunu təsdiq etmişdir. İş materiallarına malların təqdim edilməsi barədə kağız daşıyıcıda qaimə fakturalar əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli HA№030/0719 saylı alqı-satqı müqaviləsi üzrə göndərilən xx.xx.2020-ci il tarixli EBAE seriyalı 891438 saylı elektron qaimə üzrə 17464 AZN (14800 əsas – 2664 ƏDV məbləği) və xx.xx.2020-ci il tarixli EBAS seriaylı 538738 saylı elektron qaimə üzrə 122853,93 AZN (104113.50 əsas18740.43 ƏDV məbləği) ümumi olaraq 140318,52 manat pul vəsaitinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli HA№030\0719 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan aldığı tikinti əşyalarının qarşılığında müəyyən məbləğdə pul ödəmək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehə maliyyə arayışının tərtib edildiyi xx.xx.2019-cu il tarixli HA№030\0719 saylı alqı-satqı müqaviləsi əsasında göndərilən xx.xx.2020-ci il tarixli – EBAE seriyalı 891438 saylı elektron qaimə üzrə 17464.00 manat (14800 əsas – 2664 ƏDV məbləği) və xx.xx.2020-ci il tarixli EBAS seriaylı 538738 saylı elektron qaimə üzrə 122.853,93 manat (104113,50 əsas-18740,43 ƏDV məbləği) ümumi olaraq 140318,52 manat məbləğ vəsait bu günə gədər ödənilməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1010/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia təmin edilmişdir.
7. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli HA030\0719 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı satmağı, cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalarda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları iddiaçıdan almağı və malın müqabilində iddiaçıya müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 17464 manat və 122853,93 manat olmaqla, ümumilikdə 140317,93 manat dəyərində beton qarışığı və çay daşı satılmış, cavabdeh isə malın dəyərini ödəməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan müqavilə, elektron qaiməfakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1010/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın tam rədd edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Cavabdeh1 MMC ayrı-ayrı hüquqi şəxsdir. xx.xx.2019-cu il tarixli, HA 030\0719 saylı alqı-satqı müqaviləsi iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanımışdır. İddiaçı ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında hər hansı müqavilə bağlanılmamışdır. Ona görə də bu iş üzrə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC cavabdeh ola bilməz. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, HA 030\0719 saylı alqı-satqı müqaviləsindən də görünür ki, müqavilə tərəfləri İddiaçı MMC və Cavabdeh1 MMC şirkətləridir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
12. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə 50.3-cü maddə-iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 149.2.2-ci maddə- iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 384.0.2-ci maddə- apellyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.4-cü maddə- birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
13. Qətnamə tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
14. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1010/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
15. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi sübutlara əsasən iddiaçı ilə müqavilə münasibətində olan hüquqi şəxs Cavabdeh1 MMC olduğu halda, iddia ərizəsinin tələb hissəsində 140317,93 manat borcun “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən tələb etmişdir. 16.İddia ərizəsinin giriş hissəsində cavabdeh olaraq Cavabdeh1 MMC qeyd edilsə də, tələb hissəsində pul vəsaitinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən tutulması xahiş edildiyindən birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iş üzrə cavabdeh kimi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ni qəbul etmiş, lakin işdəki sübutlara düzgün hüquqi qiymət verməyərək “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin iddiaçıya alqı-satqı müqaviləsi üzrə borclu olduğuna dair nəticəyə gəlmişdir.
17. Lakin məhkəmə kollegiyası hesab edir ki, işdəki sübutlarla “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin iddiaçı ilə müqavilə münasibətində olduğu və ona borclu olduğu sübut edilmədiyindən iddianın təmin edilməsi barədə qətnamə ləğv edilərək iddia rədd edilməlidir.
18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1010/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korparasiyası” ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1010/2023 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.