Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1083/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-920/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01/22- TTS-GP saylı və xx.xx.2022-ci il tarixli, işlərin görülməsi (xidmətlərin göstərilməsi) haqqında 04/22-TTS-GP saylı müqavilələr bağlanmışdır.
2. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli, 04/22-TTS-GB saylı müqaviləyə dair arayışına əsasən cəmi 336993.98 manat ödənildiyi, o cümlədən işlərin gecikdirlməsi səbəbi ilə 48456.80 manat cərimə olaraq borcdan azaldıldığı və yekun borcun 854463.8 manat olduğu qeyd olunmuşdur.
3. xx.xx.2022-ci il tarixli 5 saylı forma 2 arayışına əsasən xx.xx.2022-ci il tarixli, 01/22-TTS-GP saylı müqavilə üzrə görülmüş işlərin yekun dəyəri 4154156,57 qeyd olunmuş və Forma 2 hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
4. 08.02.2023-cü il tarixli yekun təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixli, 04/22-TTS-GB saylı işlərin görülməsi haqqında müqaviləyə əsasən ƏDV daxil 1239914,57 manat dəyərində forma 2 üzrə iş görüldüyü və görülən işlərin tam təhvil verildiyi qeyd olunmuş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
5. xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralıqlarında İddiaçı MMC və Cavabdeh MMC arasında qarşılıqlı hesablaşma üzrə Üzləşmə aktına əsasən Cavabdeh MMC-nin 29 avqust 2024-cü il tarixinə olan borcu 854513,58 manat müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən - 12 yanvar 2022-ci il tarixli, 01/22-TTS-GP saylı və02 mart 2022-ci il tarixli, 04/22-TTS-GP saylı İşlərin görülməsi (Xidmətlərin göstərilməsi) haqqında müqavilələrə əsasən görülmüş işlərə görə 854.513,58 (səkkiz yüz əlli dörd min beş yüz on üç manat əlli səkkiz qəpik) manatın, - gecikdirilmiş 854.513,58 (səkkiz yüz əlli dörd min beş yüz on üç manat əlli səkkiz qəpik) manat borcuna 01 mart 2023-cü il tarixdən başlayaraq 01 yanvar 2025-ci il tarixədək illik 5 faiz olmaqla 78.320 (yetmiş səəkiz min üç yüz iyirmi) manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması, - məhkəməyə ödənilmiş 1223 (min iki yüz iyirmi üç) manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 12 yanvar 2022-ci il tarixli, 01/22-TTS-GP saylı və 02 mart 2022-ci il tarixli, 04/22-TTS-GP saylı İşlərin görülməsi (Xidmətlərin göstərilməsi) haqqında müqavilələr bağlanmışdır. Müqavilələrin 1.1- ci bəndinə əsasən Podratçı, Sifarişçinin tələblərinə uyğun olaraq «Hacıqabul rayonunda kənd təsərrüfatı bitkilərinin su təminatı sistemlərinin qurulması» layihəsinin icrası çərçivəsində pivot suvarma sistemlərinin qurulması üçün tələb olunan tikinti işlərini razılaşdırılmış həcmdə yerinə yetirməyi, layihə çərçivəsində zəruri hidrotexniki qurğu, avadanlıq və təmir-tikinti mal materiallarını təchiz etməyi, işləri başa çatdırmağı, tikintisi qurtarmış suvarma sistemini sınaqdan keçirməyi və sifarişçiyə istismara tam hazır vəziyyətdə təhvil verməyi, Sifarişçi isə Podratçının gördüyü işin müqabilində Müqavilə ilə müəyyən edilmiş işin dəyərini Podratçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilələrin 2.1.3-cü bəndinə əsasən göstərilmiş işlərin dəyərini ödəmək Sifarişçinin vəzifəsidir. Tərəflər arasında tərtib edilmiş 08 fevral 2023-cü il tarixli Yekun təhvil-təslim aktından müəyyən olunur ki, Sifarişçi və Podratçı arasında bağlanmış 02 mart 2022-ci il tarixli, 04/22-TTS-GP saylı müqaviləyə əsasən 1239914.57 (bir milyon iki yüz otuz doqquz min doqquz yüz on dörd manat əlli yeddi qəpik) manat dəyərində forma 2 üzrə işlər görülmüşdür. Görülən işlər tam təhvil verilmişdir. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralıqlarında İddiaçı MMC və Cavabdeh MMC arasında alqı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktı tərtib edilmiş və 29 avqust 2024-cü il tarixə cavabdehin iddiaçıya 854.513.58 (səkkiz yüz əlli dörd min beş yüz on üç manat əlli səkkiz qəpik) manat borcu olduğu təsdiq olunmuşdur. İddiaçı tərəfindən bütün işlər tam həcmdə görülüb təhvil verilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəlik pozulmuş və onun iddiaçıya 854.513.58 (səkkiz yüz əlli dörd min beş yüz on üç manat əlli səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh mübahisə məhkəməyə qədər nizamasalma (pretenziya) qaydasında öhdəliyini icra etməmiş və mübahisə həll edilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-920/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir.
9. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3834/2025 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmuş 280.000 manat əsas borcun və 78.320 manat məbləğində faiz borcunun tutulması hissələrində ləğv edilərək, həmin hissələrdə iddianın rədd olunması barədə yeni qətnamə qəbul xahiş etmişdir.
10. Daha sonra cavabdeh apellyasiya şikayətinə əlavə verərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında üzləşmə aktı xx.xx.2024-cü il tarixdə bağlanmış olmasına baxmayaraq, məhkəmə 5% faiz hesablamasını xx.xx.2023-cü il tarixdən tətbiq etmişdir. Halbuki, həmin faiz, məhz üzləşmə aktı imzalandığı tarixdən – xx.xx.2024-cü ildən etibarən hesablanmalı idi. Məhkəmə xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktında göstərilən 854.513,58 manatlıq borcun hamısını podrat müqaviləsinə əsaslanan əsas borc kimi qəbul etmişdir. Halbuki tərəflər arasında borcun 280.000 manat hissəsinin və cərimə borcunun güzəşt edilməsi ilə bağlı razılıq olmuşdur. MMin 404-cü maddəsinə əsasən, tərəflərin iradəvi razılığı nəticəsində yaranan öhdəlik müqavilədən asılı olmayaraq ayrıca hüquqi münasibət yaradır və bu münasibət məhkəmə tərəfindən ayrı qiymətləndirilməlidir. Məhkəmənin bu razılaşmanı müqavilə predmetinə daxil etməsi maddənin məqsəd və məzmununa ziddir. Bu səbəbdən hesab edirik ki, qeyd olunan borc və cərimə məbləği ümumi borc məbləğindən çıxılmalı və həmin hissədə qətnamə ləğv edilməlidir. Hazırki halda, Cavabdeh MMC birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmədiyi üçün öz mövqeyini ifadə edə, sübutlar təqdim edə və üzləşmə aktında əks olunan məbləğlərin mahiyyətinə dair izahat verə bilməmişdir. Digər tərəfdən, iddiaçı tərəfin özü də etiraf edir ki, onunla cavabdeh arasında 280.000 manatın və cərimənin güzəşti ilə bağlı razılaşma olmuşdur.
b) Apellyasiya şikayətinə əlavənin dəlilləri
12. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, iş birinci instansiyada işə cavabdehin iştirakı olmadan baxıldığı üçün cavabdeh məhkəməyə zəruri sübutları təqdim edə bilməmişdir. Apcllyasiya şikayəti tərtib edildikdən sonra iddiaçının təqdim etdiyi sübutların mötəbərliyinə şübhələr yaranmış və bu səbəbdən auditor rəyinin alınması üçün auditora müraciət edilmişdir. Azərbaycan Respublikasının Auditorlar Palatasının 01 avqust 2025-ci il tarixli AT/348 saylı icazəsinə əsasən fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru- auditoru X3 tərəfindən Cavabdeh MMC-nin sifarişi ilə audit yoxlaması aparılmışdır. Yoxlamanın predmeti İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış podrat müqavilələri əsasında yerinə yetirilmiş işlərin dəyərinin bazar qiymətlərinə uyğunluğunun təhlili olmuşdur. Audit yoxlaması 05 avqust 2025-ci il tarixdə başlanmış və 15 sentyabr 2025-ci il tarixdə başa çatmışdır.Auditor rəyinə əsasən aparılmış yoxlama nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən Forma-2 və Forma-3 sənədləri faktiki olaraq işlərin real həcmini və dəyərini düzgün əks etdirmir, əksinə həmin sənədlərdə qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilmişdir. Rəydə açıq şəkildə göstərilir ki, ümumilikdə 1.917.453,18 manat məbləğində artıq hesablanma mövcuddur ki, bu da sənədlərin etibarlılığına ciddi şübhə yaradır. Altı müqavilə üzrə aparılmış müqayisələr nəticəsində yalnız material qiymətlərində 1.520.645,88 manat məbləğində fərq müəyyən olunmuş, bundan əlavə ayrı-ayrı iş qrupları üzrə əlavə olaraq 246.807,30 manat artıq hesablanma aşkar edilmişdir. Auditorun təqdim etdiyi nümunəvi müqayisələr göstərir ki, eyni xarakterli işlər üçün tətbiq edilmiş vahid qiymətlər arasında əhəmiyyətli fərqlər mövcuddur. Belə ki, qazma işləri üzrə 1 m3 üçün 7,77 manat göstərildiyi halda, digər formada 5,53 manat qeyd edilmişdir. Eyni uyğunsuzluq beton işlərində də müşahidə edilmiş, bir formada 243manat, digərində isə 167,30 manat nəzərdə tutulmuşdur. Armatur B500S materialı üzrə isə bir yerdə 2,71 manat, başqa yerdə isə cəmi 0,78 manat dəyər göstərilmişdir. Bu kimi uyğunsuzluqlar açıq şəkildə göstərir ki, təqdim edilən sənədlər real bazar qiymətləri ilə uyğun gəlmir və podratçı tərəfindən süni şişirtmələrə yol verilmişdir. Auditor həmçinin bəzi xərclərin, məsələn “Körpü kran’' kateqoriyası üzrə 100.745,10 manatın nəyə əsasən hesablandığını təsdiq edən heç bir sənəd təqdim edilmədiyini vurğulamışdır. Digər mühüm məqam odur ki, auditor qiymətlərin və həcmlərin yoxlanılması üçün Podratçıdan təsdiqcdici qaimələr, müqavilələr, əmək haqqı sənədləri və digər əsas sənədləri tələb etmiş, lakin audit rəyinin tərtib olunduğu tarixədək bu sənədlər təqdim edilməmişdir. Yəni, iddiaçı tərəf məhkəmədə irəli sürdüyü məbləğin əsaslılığını təsdiq etmək üçün zəruri sübutları təqdim etmək imkanına malik olsa da, onları təqdim etməmişdir. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən sənədlərin həqiqiliyim və işlərin faktiki icrasını araşdırmadan, yalnız formal imzalanmış aktlara istinad etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyi üçün həmin aktların mötəbərliyini təkzib edən sübutları təqdim edə bilməmişdir. Auditor rəyində göstərilən artıq hesablamalar və qiymət şişirdilmələri aktlarda göstərilən işlərin həcminin və qiymətlərinin düzgün olmamasını göstərir və podratçı təşkilatın faktik olaraq aktlarda göstərilən həcmdə işlərin görülməməsini təsbiq edir. Başqa sözlə desək, mübahisəli məbləğin mühüm hissəsi real işlərin qarşılığında olmayıb, süni hesablamalar nəticəsində formalaşdırılmışdır. məhkəmə cavabdehin adına qeydiyyatda olan telefon nömrəsinə SMS bildirişi də göndərməmişdir. Halbuki, AR MPM- in 135.8-ci maddəsinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabincf’lərinə yerləşdirilməkləyanaşı, həmin şəxslərə bu barədə məlumat elektron qaydada, o cümlədən SMS vasitəsilə də çatdırılmalıdır.İşə baxıldığı zaman cavabdehin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatı mövcud olmamışdır. Lakin bu, məhkəmə bildirişlərinin yalnız elektron kabinet vasitəsilə göndərilməli olduğu anlamına gəlmir. Məhkəmə çəkişmə prinsipinə uyğun olaraq tərəflərin məhkəmə iclasları barədə məlumatlandırılmasını təmin etməyə borcludur və bu məlumatlandırma formal xarakter daşımamalıdır. Başqa sözlə, məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər elə qaydada göndərilməlidir ki, onlar faktiki olaraq cavabdehə çatdırılsın.Bundan əlavə, iddiaçı təşkilatın cavabdehin bütün əlaqə vasitələri barədə məlumatı mövcud olmuşdur və məhkəmə MPM-in tələblərinə əsasən bildirişlərin cavabdehə çatdırılması vəzifəsini iddiaçının üzərinə də qoya bilərdi. Lakin görünən odur ki, məhkəmə bu məsələyə formal yanaşmış, nəticədə çəkişmə prinsipini pozaraq işə cavabdehin iştirakı təmin edilmədən baxmışdır. Cavabdehin mobil nömrəsinə bildirişlərin göndərilməməsi, məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunda nəzərdə tutulan məlumatlandırma mexanizminin pozulması deməkdir. Nəticədə cavabdeh iclaslarda iştirak edə bilməmiş, öz mövqeyini bildirmək və müdafiəsini təşkil etmək imkanından məhrum edilmişdir. Hazırda cavabdeh apellyasiya instansiyasına auditor rəyini təqdim edir və xahiş edir ki, həmin rəy işin həqiqi vəziyyətini əks etdirən əsas sübut növü kimi qəbul edilsin. Auditor rəyində işlərin həcmi, qiymətlər və öhdəliklərin icrası ilə bağlı əhəmiyyətli faktlar əks olunmuşdur ki, bu da iş üzrə düzgün və tam nəticəyə gəlmək üçün vacibdir. Qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edirik.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər.
14. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
18. Həmin Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar.
19. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
20. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
21. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
22. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
23. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. İş materillarına əsasən,İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01/22-TTS-GP saylı və xx.xx.2022-ci il tarixli, işlərin görülməsi (xidmətlərin göstərilməsi) haqqında 04/22-TTS-GP saylı müqavilələr bağlanmışdır.
33. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə əsasən Podratçı, Sifarişçinin tələblərinə uyğun olaraq "Hacıqabul rayonunda kənd təsərrüfatı bitkilərinin su təmimatı sistemlərinin qurulması" (ikinci faza) layihənin icrası çərçivəsində Müqaviləyə əlavə olunmuş 1 saylı Əlavədə (İşlərin həcmi) daha ətraflı göstərilən pivot suvarma sistemlərinin qurulması üçün tələb olunan tikinti işlərini razılaşdırılmış həcmdə yerinə yetirməyi, layihə çərçivəsində zəruri hidrotexniki qurğu, avadanlıq və təmir-tikinti malmateriallarını təchiz etməyi, işləri başa çatdırmağı, tikintisi qurtarmış suvarma sistemini sınaqdan keçirməyi və Sifarişçiyə istismara tam hazır vəziyyətdə təhvil verməyi (bundan sonra - İşlər), Sifarişçi isə Podratçının gördüyü işin müqabilində Müqavilə ilə müəyyən edilmiş işin dəyərini Podratçıya ödəməyi öhdəsinə götürür.
34. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə İşlər Podratçı tərəfindən Müqavilə ilə razılaşdırılmış müddətdə, həcmdə, özünün və ya üçüncü şəxslərdən cəlb olunmuş işçi qüvvəsi, qurğu, avadanlıq və yalnız Sifarişçi ilə razılaşdırılaraq təsdiq edilmiş və Müqavilənin tərkib hissəsi hesab olunan Əlavə 1-də öz əksini tapan mal-material və avadanlıqlardan istifadə edilməklə icra ediləcək.
35. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə üzrə Podratçı tərəfindən görülən işlər, Müqavilə və onun əlavələrinə, Azərbaycan Respublikasında qüvvədə olan dövlət tikinti normalarına (AzDTN), meliorasiya və irriqasiya sahəsində standartlar, norma və qaydalar üzrə keyfiyyət göstəricilərinə uyğun olaraq, habelə müvafiq işlərin tikintiyə dövlət nəzarəti və ekspertiza orqanlarında qəbul olunmasına dair tələblərə uyğun olaraq yerinə yetirməlidir.
36. Müqavilənin 2.1-ci bəndinə əsasən «Sifarişçi»nin vəzifələri: Müqavilənin 2.1.1-ci bəndinə əsasən işlərin icra olunması üçün tələb olunan şəraiti yaratmaq; Müqavilənin 2.1.2-ci bəndinə əsasən işi icrasından sonra təhvil almaq; Müqavilənin 2.1.3-cü bəndinə əsasən göstərilmiş İşlərin dəyərini ödəmək. Müqavilənin 2.1.4-cü bəndinə əsasən işlərin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini «Podratçı»ya ödəmək. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə İşlərin haqqı Forma 2 ilə təsdiq edilən işlərin həcminə görə “Podratçı” tərəfindən göndəriləcək elektron qaimə əsasında “Sifarişçi” tərəfindən ödəniləcəkdir. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə üzrə “Podratçı” tərəfindən təqdim edilən hesab-faktura əsasında avans da ödənilə bilər. Müqavilənin 3.3cü bəndinə əsasən hazırkı Müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 3.4-cü bəndinə əsasən hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq.
37. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBCC seriyalı 987142 nömrəli e-qaimə üzrə 416.839,44 manat, xx.xx.2022-ci il tarixli EBCE seriyalı 253719 nömrəli eqaimə üzrə 807.766,92 manat, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 992991 nömrəli eqaimə üzrə 15.308,18 manat məlbəğində xidmətə dair e-qaimələr göndərilmişdir.
38. Apellyatorun apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavədə birinci instansiya məhkəməsində icraat zamanı iştirakının təmin olunmadığını bu səbəbdən hüquqlarını müdafiə edə bilmədiklərini bildirmişdir. Kollegiya qeyd olunanlara münasibətdə qeyd edir ki, kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsinə dair çıxarışa əsasən Cavabdeh MMC (**********) Bakı Şəhəri Yasamal Rayonu, X7., Ev.206, Məh.466 ünvanında qeydiyyata alınmışdır. Birinci intansiya məhkəməsində icraat zamanı məhkəmə bildirişləri hüquqqi şəxsin qeydiyyat ünvanına göndərilmişdir. Məhkəmə zərfləri bu ünvanda yaşamır qeyd ilə geri qayıtmışdır. Lakin xx.xx.2025-ci il tarixli məhəkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə dair cavabdeh MMC-yə ünvanlanmış məhkəmə bildirişi A.Həsənli soyadlı şəxs tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmək istəyir ki, cavabdehin nümayəndəsi vəkili tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpasına dair ərizədə cavabdehin ünvanı olaraq qeyd etdiyi ünvan məhkəmə bildirişlərinin göndərildiyi ünvanla eynilik təşkil edir.
39. Məhkəmə kollegiyası cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavədə istinad olunan audit rəyinə, rəydə qeyd olunan məbləğlərin görülən işlərin həqiqi dəyəri olduğu, iddiaçı tərəfindən sənədlərdə qiymətlərin süni şəkildə şişirdilməsi dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı ilə aralarında olan podrat müqaviləsi üzrə göstərilən xidmətlərin, görülən işlərin qiymətləri ilə razılaşmırdısa iddiaçı tərəfindən göndərilən elektron qaimələri təsdiq etməyərək, təhvil təslim aktlarını imza etməyərək etiraz edə bilərdi. Lakin cavabdeh tərəfindən e-qaimələr təsdiq olunmuş, borcundan müəyyən ödənişlər edilmiş və e-qaimələr mübahisləndirilməmişdir. Həmçinin iş materillarına əlavə olunmuş üzləşmə aktı ilə Cavabdeh MMC-nin imza və möhürü ilə təsdiqləyərək podrat müqaviləsi üzrə borcunu qəbul etmişdir.
40. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
41. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə podrat müqaviləsi üzrə e-qaimələrdə qeyd olunan xidmətləri göstərməsəydi, məbləğlərlə razılaşmasaydı cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.
42. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh birinci intasniya məhkəməsinin qətnaməsi ilə tanış olduqdan sonra ilk verilmiş apellyasiya şikayətində iddianı qəbul etmiş, əsas məbləğ üzrə faizin üzləşmə aktı imzalandığı tarixdən – xx.xx.2024-cü ildən etibarən hesablanmalı olduğunu qeyd etmişdir. Həmçinin borcun mövcudluğunu, məbləğini qəbul edərək tərəflər arasında borcun 280.000 manat hissəsinin və cərimə borcunun güzəşt edilməsi ilə bağlı razılıq olduğunu bildirmişdir. Göründüyü kimi apellyasiya şikayətində üzləşmə aktında qeyd olunan məbləği cavabdeh qəbul etmişdir. Lakin borcun güzəşt edilməsinə dair hər hansı bir sübut iş materillarına əlavə olunmamışdır.
43. Audit rəyinin işin həqiqi vəziyyətini əks etdirən əsas sübut növü kimi qəbul edilməsi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, işlərin real həcmi və dəyəri ilə bağlı tərəflər, təhvil təslim aktında və üzləşmə aktında razılağa gələrək təsdiq etmişlər. Cavabdeh apellyasiya icraatında yeni sübut audit rəyi təqdim edərək, həmçinin ekspertiza keçirilməsi barədə vəsatət verərək işlərin real dəyərini mübahsiləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyasında yeni sübut qəbul edilmir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilirki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq əsas borc üzrə 01 yanvar 2025-ci il tarixədək illik 5 faiz olmaqla 78.320 (yetmiş səəkiz min üç yüz iyirmi) manat pulun tutulması barədə düzgün nəticəyə gəlmişdir.
45. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
46. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
47. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ...Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
48. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
49. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-920/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.