Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-111/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması və Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, müqavilə üzrə avadanlıqların geri qaytarılması və pul” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 07.09.2021-ci il tarixli e-2-2(113)-2908/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, daha sonra ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 01.06.2020ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə bağlandıqdan sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və fors-major halını (sərtləşdırılmiş karantin dövrü və Vətən müharibəsi ilə bağlı fövqəladə vəziyyət) nəzərə alıb, alqı-satqı müqaviləsi üzrə alıcı İddiaçı həmin müqavilə üzrə satıcı "xxxx" MMC-yə pul ödəmək öhdəliyinə xitam verilməsi və 01.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ilkin ödəniş kimi satıcı "xxxx" MMC-yə alıcı tərəfindən ödənilmiş 15000 avro məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatına uyğun məzənnə ilə ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən ilk İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında 01.06.2020-ci il tarixdə “X1” avadanlığının alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin tərkib hissəsi olan “Əlavə-A” adlı sənədə görə əşyanın qiyməti 38000 avro qiymətləndirilmiş, 15000 avro məbləğində pul tərəfindən nağd qaydada ilkin olaraq ödənilmişdir. Müqaviləyə görə qalan məbləğin ödənişi hər ay 1917 avro olmaqla, 14 ay müddətində həyata keçirilməli idi. Lakin müqavilə bağlandıqdan sonra AR Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən məlum məhdudiyyətlər iddiaçının fəaliyyət göstərdiyi sahəni, yəni gözəllik salonlarının fəaliyyətini də məhdudlaşdırmışdı. Sərtləşdirilmiş karantin dövründə, eləcə də sonradan onların fəaliyyəti tam olaraq məhdudlaşdırılmışdır. Bundan başqa, 27.09.2020-ci il tarixdə başlanmış Vətən müharibəsi də bütün sahələrdə olduğu kimi, iddiaçının fəaliyyətinə də təsirsiz ötmədi. Bakı şəhərində müharibə vəziyyəti rejimi tətbiq edildi. Qeyd etdiyi hər iki hal aralarında bağlanmış müqaviləyə və mülki qanunvericiliyə görə fors-major halı hesab edildiyindən, bu halın hər hansı bir arayışla, yaxud sənədlə təsdiq edilməsinə ehtiyac yoxdur. Bu səbəblər hər kəsə məlum olan, inkar edilməyən hadisələrdir. Müqaviləyə görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməyəcəyi (fors-major halı ilə əlaqədar olduğundan) barədə müqavilə tərəfinə yazılı müraciət etmiş və müqaviləni qarşılıqlı razılıqla pozmağı təklif etmişdir. Lakin satıcı cavab məktubunda qeyd edilən halların fors-major halı olması ilə razılaşmamışdır. Aralarındakı müqavilənin 10.3.1-ci bəndinə görə tərəflərin qarşılıqlı razılığı və yazılı surətdə müraciət etməklə müqavilə ləğv edilə bilər. Müqavilənin 6.1-ci bəndinə görə tərəflərin müqavilə üzrə öhdəliklərinin icrası qabaqcadan görünən və qarşısı alına bilməyən halların təsiri altına birbaşa düşməsinə görə tam və ya qismən mümkün deyilsə, tərəflər birbaşa təsir altına düşən öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyət daşımır, o şərtlə ki, müqavilə tərəfi fors-major halında və onun təsirindən boyun qaçırmaq üçün lazımi tədbirləri görmüş olsun. Müqavilənin 6.4-cü bəndinə görə əgər bu cür hallar 30 gündən çox davam edərsə, tərəflərdən hər hansı biri bütövlüklə müqaviləyə və ya onun hər hansı bir hissəsinə xitam verə bilər. Bu halda tərəflər hər hansı bir zərərə görə əvəzin ödənilməsi barədə tələbi bir-birinə qarşı irəli sürə bilməz. Eyni zamanda Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan qarşılıqlı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, İddiaçı iddiasının rədd edilməsi, Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 01.06.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, nisyə alqısatqı müqaviləsinin obyekti olmuş “X1” aparatı və müqavilə üzrə verilmiş avadanlıqların (kuşetka, lazeroloq eynəyi – 2 ədəd, lampa-lupa, etajerka) Cavabdeh MMC-yə (mülkiyyətçiyə) təhvil-təslim aktı üzrə təhvil verilməsi, alqı-satqı müqaviləsini qəsdən və kobudcasına icra etməməsinə görə cavabdeh İddiaçı 1000 (bir min) manat məbləğində dəbbə pulu, alqı-satqı müqaviləsini qəsdən və kobudcasına icra etməməsinə görə cavabdeh İddiaçı vurduğu zərərə görə (əldən çıxmış fayda) 11000 (on bir min) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun İddiaçı Cavabdeh MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında 01 06.2020-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə uyğun olaraq “X1” aparatı MMC tərəfindən nisyə alqı-satqı formasnda cavabdehə satılmışdır. Əlavə olaraq aparatla əlaqədar və onun tərkib hissəsi olmayan bır neçə avadanlıq müqavilə obyekti üzərində cavabdehə təhvil verilmişdir. Müqavilə imzalandığı gündən cavabdeh müqavilə öhdəliklərini icra etmir və məlum pandemiya ilə əlaqədar fəaliyyətsizliyi bəhanə gətirir. MMC rəhbərliyi ölkə üzrə cari vəziyyəti, müştəri məmnuniyyətini nəzərə alaraq və humanizm prinsipinə əsaslanaraq bir neçə ay müqavilənin icrasına güzəşt etsə də, cavabdeh müqavilənin realizəsi ilə bağlı tədbirlər görməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin heç bir nəticə verməmişdir. MMC-nin son olaraq cavabdehə göndərdiyi xəbərdarlıq (pretenziya) məktubundan (19.01.2021-ci il tarixli) sonra müəyyən danışıqlara gəlinsə də, sonradan müqavilənin nə icrası, nə dəyişdirilməsi, nə də ləğvi ilə bağlı razılığa gəlmədilər. Belə ki, alqı-satqı müqaviləsinin 10-cu maddəsinə uyğun olaraq tərəflər öz öhdəliklərini kobud şəkildə pozduqda, hüquqlarından sui-istifadə etdikdə, öhdəliklərini yerinə yetirmək üçün heç bir tədbir görmədikdə və öhdəliklərini qarşı tərəfin bu barədə edilmiş yazılı xəbərdarlığından sonra da 3 (üç) gün müddətində icra etmədikdə, hüquqları əhəmiyyətli dərəcədə pozulan tərəf tərəfindən birtərəfli qaydada ləğv edilə bilər. Müqaviləyə əsasən alıcı müqavilə üzrə öhdəliklərini (hissə-hissə ödəniş zamanı) 2 ay ardıcıl olaraq icra etmədikdə və ya lazımınca icra etmədikdə Alıcıya verilmiş “Alqı-satqı” obyekti Satıcıya geri qaytarılır. Cavabdehdən müqavilənin şərtlərinə əməl edilməsi tələb olunsa da, o, MMC-nin mülkiyyətində olan müqavilə predmetini gizlədərək, qaytarmaq niyyətində deyil. Razılığa əsasən tərəflər müqavilə üzrə ohdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar və bununla qarşı tərəfə vurduqları zərərin əvəzini ödəməyə borcludurlar. Müqavilənin 5.5-ci bəndinə əsasən Alıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan öhdəliklərini icra etməməyə və ya lazımınca icra etməməyə görə Satıcı qarşısında məsuliyyət daşıyır. Alıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan əsas öhdəliyini və ya digər öhdəliklərini icra etməməsinə və ya lazımınca icra etməməsinə görə Satıcıya dəyən bütün zərəri, o cümlədən icra etmədiyi öhdəliyin dəyərini, Alıcının işgüzar nüfuzuna dəyən zərəri, hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərcləri və həmçinin Alıcının öz hüquqlarını qorumaq üçün çəkdiyi, çəkəcəyi və çəkməli olduğu bütün digər xərcləri ödəməlidir. Belə ki, müqavilənin 1.2-ci maddəsinə əsasən Alıcı məhsulların faktura dəyərinin bu müqavilənin 4-cü maddəsində nəzərdə tutulmuş müddətdə ödənilməsini gecikdirdikdə, hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin 0,1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən gec olduqda isə (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödəməlidir, 2020-ci il iyun ayından bağlanan müqavilə bu günədək icra edilmədiyinə görə cavabdeh tərəfindən 43200 (qırx üç min iki yüz) manat məbləğində dəbbə pulu ödənilməlidir. Eyni zamanda 11 ay ərzində MMC gəlirlərindən və mülkiyyətindəki əmlakından məhrum edilərək, ona əldə oluna biləcək 11000 (on bir min) manat məbləğində zərər (əldən çıxmış fayda) vurulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-2(113)-2908/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında baglanmış 01.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilmiş, İddiaçı həmin müqavilə üzrə Cavabdehnə müqavilə predmetinin qalıq məbləğini ödəmək öhdəliyinə xitam verilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, İddiaçı 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, qarşılıqlı iddia qismən təmin edilərək Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında 01.06.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilmiş, 01.06.2020-ci il tarixdə nisyə alqı-satqı müqaviləsinin obyekti olmuş “X1” aparatı və müqavilə üzrə verilmiş avadanlıqlar (kuşetka, lazeroloq eynəyi – 2 ədəd, lampa-lupa, etajerka) Cavabdehnə (mülkiyyətçiyə) təhvil verilmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2908/2021 saylı, 07.09.2021-ci il tarixli qətnaməsini qismən - ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, ilk iddianın tam təmin edilməsi və qarşılıqlı iddia tələbini dəbbə pulunun təmin edilən hissədə ləğv edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 01.06.2020-ci il tarixdə cavabdehlə iddiaçı arasındakı nisyə alqı-satqı müqaviləsinə görə “X1” avadanlığını almışdır. Müqavilənin tərkib hissəsi olan “Əlavə-A” adlı sənədə görə əşyanın qiyməti 38.000 Avro qiymətləndirilmiş, 15000 Avro məbləgində pul iddiaçı tərəfindən nağd qaydada ilkin olaraq ödənilmişdir. Müqaviləyə görə qalan məbləğin ödənişi hər ay 1917 Avro olmaqla, 14 ay müddətində ödənilməli idi. Lakin iddia ərizəsində göstərildiyi kimi Azərbaycan Respublikası NK yanında Operativ Qərargah tərəfindən tətbiq edilən məhdudiyyətlər səbəbindən öhdəliyini yerinə yetirə bilməmişdir. Sərtləşdirilmiş karantin dövründə, eləcə də sonradan gözəllik salonlarının fəaliyyəti tam məhdudlaşdırılmışdır. Sonrakı dövrdə vətən müharibəsinin başlaması səbəbilə Bakı şəhərində müharibə vəziyyəti rejimi tətbiq edilmişdir. Qeyd etdiyim hər iki hal aramızda bağlanmış müqaviləyə və Azərbaycan Respublikası mülki qanunvericiliyə görə fors major halı hesab edildiyindən, bu halın hər hansı bir arayışla, yaxud sənədlə təsdiq edilməsinə ehtiyac yoxdur. Məhz bu səbəblərdən iddiaçı müqavilə öhdəliklərini yerinə yetirə bilməmişdir. Məhkəmə hazırkı iş üzrə iddiaçının istinad etdiyi fors-major halını və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin oldugunu qəbul etməsə də mövqeyini əsaslandırmamış, qətnamədə maddi və prosessual hüquq normalarını sadalamışdır. Tərəflərin arasındakı müqavilənin iddiaçı üçün vəzifələr müəyyən edən bəndlərinə istinad etsə də iddiaçının tələblərinin əsasını təşkil edən müqavilənin 6.1; 6.4 və s. bəndlərinə münasibət bildirməmişdir. Tərəflərin arasındakı müqavilənin 6.1 bəndinə görə tərəflərin müqavilə üzrə öhdəliklərinin icrası qabaqcadan görünən və qarşısı alına bilməyən halların təsiri altına birbaşa düşməsinə görə tam və ya qismən mümkün deyilsə tərəflər birbaşa təsir altına düşən öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyət daşımır, o şərtlə ki, müqavilə tərəfi forsmajor halında və onun təsirindən boyun qaşırmaq üçün lazımi tədbirləri görmüş olsun. İndiki halda fors-major halından və sonrakı müharibə vəziyyəti ilə bağlı iddiaçının hər hansı bir qabaqlayıcı tədbir görməsi mümkün deyildi. Yaranmış əlverişsiz vəziyyətlə bağlı satıcını məlumatlandırmış və aldığı avadanlığı qaytarmagı təklif etmişdir. Müqavilənin 6.4cü bəndinə görə əgər bu cür hallar 30 gündən çox davam edərsə tərəflərdən hər hansı biri bütövlüklə müqaviləyə və ya onun hər hansı bir hissəsinə xitam verə bilər. Bu halda tərəflər hər hansısa bir zərərə görə əvəzin ödənilməsi barədə tələbi bir-birinə qarşı irəli sürə bilməz. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında verilən şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia üzrə İddiaçı apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 07.09.2021-ci il tarixli 2-2(113)-2908/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə ilk iddianın rədd edildiyi hissədə (01.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ilkin ödəniş kimi satıcı "xxxx" MMC-yə alıcı tərəfindən ödənilmiş 15000 avro məbləğində pul vəsaitinin qaytarılması) mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissədə yoxlayaraq hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, satıcı - Cavabdeh MMC ilə alıcı - İddiaçı arasında 01-06/20 saylı, 01 iyun 2020-ci il tarixli “X1” avadanlığının alqı-satqısına dair müqavilə bağlanmışdır. Satılmış avadanlığın dəyəri 38000 Avro təşkil etmiş, ilkin ödəniş 15000 Avro İddiaçı tərəfindən ödənilmiş, 01 iyuİ 2021-ci il tarixədək hər ay 1917 Avro ödəniş edilməsi nəzərdə tutulsa da alıcı tərəfindən ilkin ödənişdən başqa hər hansı ödəniş həyata keçirilməmişdir. İş üzrə qəbul edilmiş qətnamə ilə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi Cavabdeh MMC –nin iddiası üzrə ləğv edilmiş, İddiaçı tərəfindən qətnamə həmin hissədə mübahisələndirilməmişdir. İlk iddia üzrə iddiaçı iddia edir ki, o alqı-satqı müqaviləsi üzrə öhdəliyi fors-major hal (pandemiya) baş verməsi səbəbindən icra edə bilmədiyindən müqavilə ləğv edilərkən ödədiyi ilkin ödəniş ona qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbinin rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Qeyd edilən normaya əsasən bir qayda olaraq müqavilə ləğv edildikdə tərəflərin müqavilə ləğv edildiyi anadək ödədiyi vəsait geri qaytarıla bilməz. Bu ümumi qaydadan istisna hal yalnız tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutula bilərdi. Hazırkı halda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 10.6-cı bəndində nəzərdə tutulur ki, müqaviləyə alıcının kobud səhvi və ya müqavilə üzrə öhdəliklərini (hissə hissə ödəniş zamanı) 2 ay ardıcıl olaraq icra etmədikdə və ya lazımınca icra etmədikdə müqaviləyə xitam verilərsə, alıcının xitam verilmə anına qədər ödədiyi məbləğlər geri qaytarılmır. İddiaçı öz öhdəliyini 2 aydan da artıq ardıcıl icra etmədiyi işin mübahisəsiz halıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin ödənişin alıcıya geri qaytarılması üçün hər hansı əsas mövcud deyil. Apellyasiya şikayətinin fors-major halla əlaqədar alıcının müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməməsinə görə müqavilənin 6.4-cü bəndinə əsasən hər hansı məsuliyyət daşımadığına b dair dəlili ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi 2020-ci ilin iyun ayında, yəni “Covid-19” pandemiyası başladıqdan sonra bağlandığından bu hal tərəflərin müqavilə bağlayarkən görə bilmədikləri fors major hadisə kimi qiymətləndirilə bilməz. Belə ki, müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən azad edən fors major hallar o hallar hesab oluna bilər ki, tərəflər müqavilə bağlayarkən həmin hal mövcud olmasın və həmin halın baş verə biləcəyini əvvəlcədən görmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Mcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bir qayda olaraq alqı-satqı müqaviləsi üzrə alıcının satın aldığı malın dəyərini ödəmək öhdəliyi onun hər hansı fəaliyyətdən və ya satın aldığı əmlakdan istifadə etməklə gəlir əldə edib-etməyəcəyindən asılı olmadığından İddiaçı pandemiya dövründə sahibkar kimi gəlir əldə edə bilməməsi müqavilə üzrə öhdəliyin icrasından azad edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia üzrə İddiaçı apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 07.09.2021-ci il tarixli 2-2(113)-2908/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07.09.2021-ci il tarixli 2-2(113)-2908/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada (elektron kabinetə yerləşdirildiyi gündən) təqdim edildiyi gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-111/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-111/2022
22.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver