Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1139/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6772/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. xx.xx.2013-cü il tarixli 10 saylı daşınmaz əmlakın icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən 275 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir.
2. AZ/043722 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən Xətai rayonu, Gəncə prospekti, 57 ünvanında yerləşən "xxxx" MMC tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış obyektində yerləşən ərzaq məhsulları "xxxx" ASC-də sığortalanmışdır.Sığorta müddəti xx.xx.2016-xx.xx.2017-ci illər arası dövr, sığorta məbləği isə 12.500 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti MKTB 85 saylı MKİS-in xx.xx.2016-cı il tarixli, 77 saylı arayışına əsasən xx.xx.2016-cı il tarixində "xxxx" ASC Xətai rayon şöbəsi tərəfindən qışa hazırlıqla əlaqədar olaraq istilik xətlərinə su verilmiş və suyun verilməsi vaxtı Gəncə pr., 57 saylı binanın qeyri-yaşayış sahəsində “Araz” marketdən 2-ci mərtəbədəki mənzilə keçən istilik xəttində baş vermiş qəza nəticəsində “Araz” market su axması baş vermişdir.
3. xx.xx.2026-cı il tarixli sığorta aktına əsasən xx.xx.2016-cı il tarixdə sığortalı "xxxx" MMC-yə su basma nəticəsində 4200 manat məbləğində zərər dəyməsinin müəyyən edildiyi qeyd olunmuşdur.
4. xx.xx.2017-ci il tarixli, 100 saylı ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən 3950 manat dəyərində pul məbləği "xxxx" MMC-yə ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
5. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 3950 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 59,9 manat, ümumilikdə, 4009,5 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AZ/043722 nömrəli sığorta şəhadətnaməsinə əsasən Xətai r-nu, Gəncə prospekti, 57 ünvanında yerləşən "xxxx" MMC tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış obyektinə (Araz Market) "xxxx" ASC tərəfindən “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” üzrə sığorta təminatı verilmişdir. xx.xx.2016-cı il tarixində qeyd olunan qeyri-yaşayış obyektinə subasma hadisəsi nəticəsində maddi ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş dəymiş zərərin hesablanmasına dair akta əsasən, “Xətai r-nu, Gəncə prospekti, 57 ünvanında yerləşən "xxxx" MMC tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış obyektinə 4200 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Sığorta ödənişi ilə bağlı 4029 nömrəli sığorta aktı tərtib edilmiş, 250 manat məbləğində azadolma məbləği çıxılmaqla 3950 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 85 saylı Mənzil-Kommunal İstismar sahəsinin 77 nömrəli, xx.xx.2016-cı il tarixli məktubuna əsasən xx.xx.2016-cı il tarixində Cavabdeh ASC-nin Xətai rayon şöbəsi tərəfindən qışa hazırlıqla əlaqədar olaraq istilik xətlərinə su verilmişdir. Suyun verilməsi vaxtı Gəncə prospekti, 57 saylı binanın qeyri-yaşayış sahəsində “Araz” marketdən 2-ci mərtəbəsindəki mənzilən keçən istilik xəttində baş vermiş qəza nəticəsində “Araz” marketdə su axması baş vermişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 6772/2024 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir .
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə (su basma nəticəsində) sığorta hadisəsi baş vermiş, sığortalıya dəymiş zərər 4200 manat müəyyən edilərək, sığortalıya iddiaçı tərəfindən 3950 manat sığorta ödənişi (azad olma məbləği çıxılmaqla) verilmişdir. Məhkəmə hesab etmişdir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının Cavabdeh ASC-yə irəli sürdüyü tələb əsaslı deyildir. Belə ki,, binanın daxilində olan ümumi istilik xətti cavabdehin balansında olmadığından, habelə həmin xətlərin salamatlığına, lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsinə həmin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçiləri məsuliyyət daşıdığından baş vermiş hadisəyə görə dəymiş zərərin cavabdehdən tələb edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi subroqasiya nəticəsində sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir. Odur ki, hazırkı halda "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququnun yaranması üçün ilk növbədə cavabdehin sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması, yəni hadisənin cavabdeh və ya əməllərinə görə cavabdehin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi müəyyən edilməlidir. Hazırki işdə həmin hallar müəyyən edilmədi.
9. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6772/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. İşin hallarından müəyyən edilir ki, AZ/043722 nömrəli sığorta şəhadətnaməsinə əsasən Xətai rayonu, Gəncə prospekti, 57 ünvanında yerləşən "xxxx" MMC tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış obyektinə (Araz Market) "xxxx" ASC tərəfindən əmlakın yanğından və digər əlavə risklərdən sığortası” üzrə sığorta təminatı verilmişdir. xx.xx.2016-cı il tarixində qeyd olunan qeyri-yaşayış obyektinə subasma hadisəsi nəticəsində maddi ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş dəymiş zərərin hesablanmasına dair akta əsasən, “Xətai rayonu, Gəncə prospekti, 57 ünvanında yerləşən "xxxx" MMC tərəfindənicarəyə götürülmüş qeyri-yaşayış obyektinə 4200 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Sığorta ödənişi ilə bağlı 4029 nömrəli sığorta aktı tərtib edilmiş, 250 manat məbləğində azadolma məbləği çıxılmaqla 3950 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 85 saylı Mənzil-Kommuna lİstismar sahəsinin 77 nömrəli, xx.xx.2016-cı il tarixli məktubuna əsasən xx.xx.2016-cı il tarixində Cavabdeh ASC-nin Xətai rayon şöbəsi tərəfindən qışa hazırlıqla əlaqədar olaraq istilik xətlərinə su verilmişdir. Suyun verilməsi vaxtı Gəncə prospekti, 57 saylı binanın qeyri-yaşayış sahəsində “Araz” marketdən 2-ci mərtəbəsindəki mənzildən keçən istilik xəttində baş vermiş qəza nəticəsində “Araz” marketdə su axması baş vermişdir. İş materiallarında müəssisə ilə istehlakçı arasında istismar məsuliyyəti sərhədinin balans mənsubiyyəti sərhədi ilə müəyyən edilməsinə, texniki şərtlərin verilməsinə, sifarişçinin istilik şəbəkəsinə qoşulmasına dair sənədlər olmadığı halda (məhkəmə ümumiyyətlə qeyd edilən halları araşdırmamışdır), məhkəmə formal mülahizələr əsasında binanın daxilində olan ümumi istilik xəttinin cavabdehin balansında olmamasına dair yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 05 sentyabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə Qaydaları”nın 1.2.5, 1.2.13, 1.2.15, 1.7, 2.4, 2.34., 2.35, 4.1.1-ci maddələrinə əsasən balans mənsubiyyəti sərhədi –enerji təchizatı müəssisəsi ilə istehlakçı və ya abonent ilə subabonent arasında istilik təchizatı sistemi qurğuları və avadanlıqlarının balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir. Texniki şərtlər – istilik və isti su təchizatı xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan tikinti obyektində istilik istehlakı qurğularının quraşdırılması, onların istilik şəbəkəsinə qoşulması və ya əlavə enerji alınmasına dair layihə sənədlərinin hazırlanmasına əsas verən, istilik və isti su təchizatı xidmətlərinin göstərilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Qoşulma aktı – sifarişçinin tikinti obyektinin istilik şəbəkəsinə qoşulmasını təsdiq edən sənəddir. İstiliyin və isti suyun maksimal saatlıq gücü istilik mənbəyinin texniki imkanları və istilik şəbəkəsinin buraxılış qabiliyyəti nəzərə alınmaqla müəssisə tərəfindən müəyyən edilir və texniki şərtlərdə əks olunur. Texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş tikintiyə icazənin qüvvədə olduğu müddətə, digər hallarda isə 3 il müddətinə verilir və bu müddətdə sifarişçi ilə Müəssisə arasında müqavilə bağlanılmadıqda, verilmiş texniki şərtlər qüvvədən düşmüş hesab edilir. Müəssisə ilə sifarişçi arasında balans mənsubiyyəti sərhədi qoşulma aktı ilə müəyyən edilir. Subabonentə münasibətdə isə balans mənsubiyyəti sərhədi ona məxsus istilik istehlakı qurğularının abonentin istilik şəbəkəsinə qoşulma nöqtəsidir və onlar arasında bağlanılmış istilik və isti su təchizatı xidmətlərinə dair müqavilə ilə müəyyən edilir. Müəssisə ilə sifarişçi arasında istismar məsuliyyəti sərhədi balans mənsubiyyəti sərhədi ilə müəyyən edilir. Balansında olan istilik təchizatı sistemlərinin və qurğularının istismarı, təmiri, saxlanması və mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər görmək müəssisənin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 299 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3.2.5-ci bəndinə əsasən fəaliyyət istiqamətlərinə uyğun olaraq enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi tədbirlərinin hazırlanmasını, ekoloji cəhətdən təhlükəsiz texnologiyalardan istifadə edilməsini təmin etmək Cəmiyyətin məqsəd və funksiyalarına daxildir. Qanunvericliyin istinad edilən normalarından müəyyən edilir ki, baş vermiş sığorta hadisəsində istehlakçının təqsirinin müəyyən edilməsi üçün istehlakçı ilə müəssisə arasında müqavilə imzalanmalı, balans mənsubiyyəti sərhədi və texniki şərtlər müəyyən edilməlidir. Lakin məhkəmə qeyd edilən halları, ümumiyyətlə, araşdırmamış, istinad etdiyimiz sahəvi qanunvericilik normalarının tələblərini nəzərə almamış, qəzanın istehlakçının balansında olan qurğuda baş verməsini formal mülahizələr əsasında ehtimal etməklə iddianı rədd etmişdir. Bununla yanaşı işin hallarından müəyyən edilir ki, sığorta hadisəsi cavabdeh tərəfindən istilik xətlərinə su verildiyi vaxt baş vermişdir və istilik xətlərinə su verildiyi vaxt baş vermişdir və qəzanın suyun yüksək təzyiqlə verilməsi nəticəsində baş verməsi şübhəsizdir. Suyun təzyiqindən asılı olaraq həm yeni istehsal edilmiş, həm də uzun müddət istismarda olan su borusunda qəza baş verməsi mümkündür (yeni quraşdırılmış boruda istehsal qüsurunun olması da mümkündür) və hətta balans mənsubiyyətinin müəyyən edilməsi şərti olaraq qəbul edildiyi halda belə qəzanın məhz istehlakçının təqsiri nəticəsində baş verməsinə dair mötəbər sübutlar olmadığı halda cavabdeh qəzanın onun təqsiri nəticəsində baş vermədiyini sübut etməlidir. Sübutların təqdim edilməsinin vacibliyi baxımından, MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir. Hazırkı halda Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 85 saylı Mənzil Kommunal İstismar sahəsinin 77 nömrəli, xx.xx.2016-cı il tarixli məktubu qəzanın məhz cavabdeh tərəfindən qışa hazırlıq məqsədilə istilik xətlərinə su verilməsi nəticəsində baş verdiyini təsbit etdiyindən özü üçün əlverişsiz sübutu təkzib edən sübutun və ya sübutların təqdim edilməsi cavabdehin üzərinə düşür. Cinayət hüququndan fərqli olaraq mülki hüquq zərərvuranın (hüququ pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə hüququ pozan şəxs özünün teqsirsizliyini sübut edənə kimi, onun təqsirli olması güman edilir, yəni əksi sübut edilənə kimi şəxs mülki hüquq pozuntusu törətməkdə təqsirli sayılır. Məsuliyyətdən azad olmaq üçün zərərvuran (hüququ pozan şəxs) təqsirinin olmamasını sübut etməlidir. Deməli, sübutetmə yükünü öhdəliyi pozmuş şəxs çəkir, yəni təqsirin olmadığını öhdəliyi pozmuş şəxs sübuta yetirir. Təqsir prezumpsiyasına görə zərərçəkən tərəf zərərvuranın təqsirini sübut etməyə borclu deyildir. Zərərçəkən tərəf sübut etməlidir ki, başqa subyektin davranışı nəticəsində onun hüquq və qanunla qorunan mənafeyi pozulmuşdur. Amma təqsir prezumpsiyası zərərçəkəni məhkəməyə zərərvuranın təqsirli olmasını təsdiqləyən sübutlar təqdim etmək imkanından və hüququndan məhrum etmir. Zərərçəkən ona zərər vurulması faktını sübuta yetirməlidir. Belə ki, zərər vurulması faktını hamıdan əvvəl zərərçəkən bilir. Bununla yanaşı vurğulanmasını zəruri hesab edir ki, mülki qanunvericilikdə “Təqsirsiz məsuliyyət” prinsipi də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Göstərilənlərə əsasən məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticə işin aşağıdakı hallarına uyğun deyil: 1) Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 85 saylı Mənzil Kommunal İstismar sahəsinin 77 nömrəli, xx.xx.2016-cı il tarixli məktubu qəzanın məhz cavabdeh tərəfindən qışa hazırlıq məqsədilə istilik xətlərinə su verilməsi nəticəsində baş verməsinin təsbit edilməsi və həmin halın əksini təsdiq edən mötəbər sübutun olmaması; 2) birinci instansiya məhkəməsinin binanın daxilində olan ümumi istilik xəttinin cavabdehin balansında olmaması və baş vermiş qəzaya görə cavabdehin məsuliyyət daşımaması barədə gəldiyi nəticənin işin hallarına uyğun olmaması. Belə ki, işdə, ümumiyyətlə, balans mənsubiyyətinin müəyyən edilməsinə, texniki şərtlərin verilməsinə və istehlakçı ilə müəssisə arasında müqavilə bağlanmasına dair sənədlər yoxdur və məhkəmə həmin halları araşdırmadan və müəyyən etmədən (ekspertiza təyin edilməsi, mütəxəssis cəlb edilməsi, müvafiq rəy alınması və s.) formal mülahizələr əsasında iddianı rədd etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilməsini xahiş etdi. Məhkəmədə verilən suallara cavab olaraq cavabdehin nümayəndəsi istehlakçıya istilik xətləri ilə bağlı texniki şərt vermədiklərini və texniki xidmətlə bağlı müqavilə bağlamadığını bildirdi.
Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 152.11-ci maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. - 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - . 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
15. Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
16. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sığortalı "xxxx" MMC ilə sığortaçı "xxxx" ASC arasında bağlanmış AZ seriyalı 043722 nömrəli əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanında yerləşən “Araz” Marketdə yerləşən ərzaq məhsulları sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək olan müddətə yanğın və digər əlavə risklərdən sığortalanmışdır. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu dövrdə - yəni xx.xx.2016-cı ildə binadaxili istilik xətlərində qəza baş verdiyinə görə subasma hadisəsi baş vermiş, hadisə nəticəsində sığorta predmeti olan mallara 4200 manat dəyərində zərər dəymişdir. Sığorta müqaviləsinə uyğun olaraq sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC MMC-yə 250 manat azadolma məbləği çıxılaraq 3950 manat məbləğində sığorta ödənişi verilmişdir.
22. Hazırda iddiaçı "xxxx" ASC sığortalıya ödədiyi 3.950 manat sığorta ödənişini subroqasiya qaydasında Cavabdeh ASC-dən tutulmasını tələb edir.
23. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 1096.1, 1097.1 və 936-cı maddələri təşkil edir.
24. Mülki Məcəllənin 936-cı maddəsinin məzmunundan da göründüyü kimi sığorta münasibətlərində subroqasiya dedikdə sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun subroqasiya qaydasında sığorta ödənişini vermiş sığortaçıya keçməsi başa düşülür.
25. Beləliklə, subroqasiya qaydasında tələb hüququnun yaranması üçün zərərçəkmiş şəxs zərərvuran şəxsə və ya onun əməllərinə görə məsuliyyət daşıyan digər şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququna malik olmalı və həmin tələb hüququ sığortaçının zərərçəkmiş şəxsə zərərin kompensasiyası olaraq sığorta ödənişini ödəməsi nəticəsində sığorta ödənişi həddində sığortaçıya keçməlidir.
26. Odur ki, subroqasiya qaydasında pul tələblərinə baxılarkən məhkəmə tərəfindən ilk növbədə sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məhz cavabdehin mülki məsuliyyət daşıması, yəni zərərçəkmiş şəxsin cavabdehə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olması müəyyən edilməlidir.
27. Hazırkı halda isə subasma hadisəsinin Cavabdeh ASC tərəfindən törədilmiş təqsirli, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində baş verməsi iş materialları ilə öz təsdiqini tapmır.
28. Belə ki, subasma hadisəsinin baş verməsi faktını təsdiq etmək üçün iddiaçı tərəfindən məhkəməyə yalnız Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti MKTB 85 saylı MKİS-in xx.xx.2016-cı il tarixli, 77 saylı arayışını təqdim etmişdir ki, həmin arayışa əsasən xx.xx.2016-cı il tarixində "xxxx" ASC Xətai rayon şöbəsi tərəfindən qışa hazırlıqla əlaqədar olaraq istilik xətlərinə su verilməsi zamanı Gəncə pr., 57 saylı binanın qeyri-yaşayış sahəsində yerləşən “Araz” marketdən 2-ci mərtəbədəki mənzilə keçən istilik xəttində qəza baş verməsi və qəza nəticəsində “Araz” marketə su axması müəyyən edilir.
29. Göründüyü kimi həmin arayışa əsasən subasma hadisəsi binanın birinci mərtəbəsində yerləşən xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən ikinci mərtəbədə yerləşən mənzilə gedən istilik su xəttindəki qəza nəticəsində baş vermişdir.
30. Odur ki, Mülki Məcəllənin 152.11-ci maddəsinin tələbləri baxımından mülkiyyətçi öz əmlakını saxlanmaq vəzifəsi daşıdığından yaşayış və qeyri-yaşayış sahəsinin daxilində yerləşən istilik xətlərində baş vermiş qəzaya görə cavabdeh "xxxx" ASC məsuliyyət daşıması istisna olunur.
31. Cavabdehlə qəzanın baş verdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi (və ya qanuni sahibi) arasında müqavilə bağlanmaması, cavabdeh tərəfindən həmin sahənin istilik sisteminə dair texniki şərtin verilməməsi, belə olan halda cavabdehin qanunazidd hərəkətsizliyə yol verməsi barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillərin həqiqətəuyğun olması ehtimal edilsə qəzanın qeyriyaşayış sahəsi və ya mənzilin mülkiyyətçisinin mülkiyyətində olan daşınmaz əmlakın daxilində yerləşən komunikasiya xətlərini yararlı vəziyyətdə saxlaması vəzifəsini lazımi qaydada icra etməməsi nəticəsində deyil, məhz cavabdehin hərəkətsizliyi nəticəsində baş verməsi iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
32. Qəzanın cavabdehin istilik xətlərinə yüksək təzyiqlə su verməsi nəticəsində baş verməsi barədə iddiaçının dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, göstərilən dəlilin əsaslılığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
33. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6772/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov