Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1145/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı iştirakı ilə Cavabdeh MMC-yə qarşı borc tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2589/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış 28.10.2019-cu il tarixli QZSP 238/1119 nömrəli podrat müqaviləsinin ləğv edilməsi, cavabdehdən 23.435 manat məbləğdə əsas borc məbləğinin, 5% illik rəsmi inflyasiya nəzərə alınmaqla 1.171 manat məbləğdə pulun, 5.000 manat mənəvi ziyan olmaqla, cəmi 29.606 manat, habelə 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı və cavabdeh arasında bağlanmış 28.10.2019-cu il tarixli QZSP 238/1119 nömrəli podrat müqaviləsinin ləğv edilməsi, cavabdehdən 23.435 manat məbləğdə əsas borc məbləğinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun 23,74 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 6,26 manat məbləğin isə iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qismən, iddia təmin edilən hissədə ləğv edilib, iddianın tam rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə hər hansı təklif göndərilməmiş, yalnız cavabdehə müraciət ünvanlanaraq pul tələb edilmişdir. Halbuki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə görə müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə ilk öncə təklif göndərməli və bundan sonra müqavilənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməli idi. Göründüyü kimi, məhkəmə qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almamış, nəticədə aidiyyəti maddi hüquq normalarını tətbiq etməyərək, hüquq normalarının pozuntusuna yol vermişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında 28.10.2019-cu il tarixdə QZSP 238/1119 nömrəli podrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişinə uyğun müqavilədə nəzərdə tutulan işi icra etməyi, cavabdeh isə iddiaçıya razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 30.435 manat dəyərdə iş tam həcmdə yerinə yetirilərərk, cavabdeh tərəfindən qəbul edilmiş və bu barədə tərəflər arasında 30.04.2020-ci il tarixli ST300420 nömrəli təhvil-təslim aktı tərtib olunmuşdur. Cavabdeh görülən işin dəyərindən 7.000 manat ödəmiş, qalan 23.435 manat məbləği ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur; 769-cu maddəsinə görə, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia təmin olunan hissədə qismən ləğv edilərək, iddianın həmin hissədə rədd olunması xahiş edildiyi, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, həmin hissədə qətnamə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə yalnız iddia təmin olunan hissədə apellyasiya şikayətinin dəlilləri (iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı qanunla nəzərdə tutulan qaydaya əməl edilməməsi) həddə yoxlanılmalıdır. Bu kontekstdə, apellyasiya şikayətinin yeganə faktiki dəlili iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı Mülki Məcəllənin 423.2-ci maddəsi ilə nəzərdə tutulan qaydaya əməl edilməməsindən ibarətdir. Həmin normaya görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin işdən görünür ki, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barədə qanunla qoyulmuş qaydaya əməl etməmişdir. Belə ki, iddiaçının cavabdehə göndərdiyi 11.11.2020-ci il tarixli xəbərdarlığında müqavilənin ləğv edilməsi təklifi yoxdur, İş üzrə mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi ilə bağlı qanunla qoyulan qaydanı tətbiq etmək imkanı da itirilmişdir. Belə ki, tərəflər arasında tərtib olunmuş 30.04.2020-ci il tarixli ST300420 nömrəli təhvil-təslim aktına görə 28.10.2019-cu il tarixli QZSP 238/1119 nömrəli müqaviləyə 5 nömrəli əlavədə razılaşdırılan işlər tam həcmdə yerinə yetirilmişdir. Sözügedən müqavilənin 36.1-ci bəndinə əsasən isə, “Podrat müqaviləsi ... tərəflər öhdəliklərini tam şəkildə yerinə yetirənə qədər qüvvədə qalır.” Məhkəmə kollegiyası hesab edir ki, tərəflər öhdəliklərini tam şəkildə 30.04.2020-ci il tarixdə yerinə yetirdiyindən, podrat müqaviləsi də həmin vaxtadək qüvvədə qalmış, bu tarixdən sonra isə qüvvədən düşmüş, bununla da müqavilənin ləğv edilməsinə duyulan zərurət aradan qalxmışdır. MPM-in: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilənin ləğv edilməsi hissədə ləğv edilməli, həmin hissədə ayrıca qərardad qəbul edilərək, iş üzrə icraata xitam verilməli, qalan hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə qəbul edilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2589/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi qismən - “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28.10.2019cu il tarixdə QZSP 238/1119 saylı Podrat müqaviləsi ləğv edilsin.” hissədə ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1145/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1145/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver