Məhkəmə qərarları › İş №2-2(103)-1154/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1154/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1154/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə “Karolina”s Kingdom” MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pulun ödənilməsi və s.” tələbinə dair kommersiya iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: “Karolina”s Kingdom” MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mallar üzrə məişət sertifikatların təqdim, eləcə də bu əşyalara dair ikitərəfli təhvil-təslim aktının tərtib edilməsi, imzalanması və möhür vurulması vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən cavabdehə ödənilmiş və cavabdeh tərəfindən təqdim edilməmiş malların dəyərini təşkil edən 71 133,02 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, 11 dekabr 2023-cü il tarixindən 11 iyul 2024-cü il tarixinədək (213 gün üçün) olan 71 133,02 ABŞ dolları məbləğinə hər gün üçün 0,1%-i miqdarında hesablanmış cəmi 15 150,69 ABŞ dolları təşkil edən cərimə məbləğinin, ümumilikdə isə 86 283,71 ABŞ dolları məbləğində pul vəsaitlərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, həmin qətnamədən iddiaçının və cavabdehin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Həmin Qanunun 8.1.4-cü maddəsinə görə, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində rüsum ödənilməlidir. İşin hallarından görünür ki, iddianın qiyməti 86 283,71 ABŞ dolları, yəni 07 noyabr 2024-cü il tarixinə Azərbaycan Respublikasının Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq 146 682,31 manat (86 283,71 x 1.7) təşkil edir. Buna görə də apellyasiya şikayəti üçün ən azı 218,34 manat rüsum ödənilməlidir; lakin cavabdeh 160 manat rüsum ödəmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından həmin apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2544/2024 saylı iş üzrə 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və müvafiq apellyasiya şikayətinin geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Təranə Mahmudova Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar