Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1183/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, ləğv prosesində olan İddiaçı X4 Səhmdar Cəmiyyətinin “Qlobal-Motors” firmasına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-177/2021 saylı 12.08.2021-ci il tarixli qətnaməsindən (hakim Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında 22.12.2021-ci il tarixdə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ləğv prosesində olan İddiaçı X4 Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 28 sentyabr 2006-cı il tarixli, İFD-05/06 saylı kredit müqaviləsinə xitam verilməsi və “Qlobal-Motors” firmasından onun xeyrinə 73.000 manat əsas borcu, 23703,20 manat hesablanmış faiz borcu, 6898,50 manat peniya, cəmi 103601,70 manat borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 15.12.2010-cu il tarixli qərarı ilə İddiaçı Kommersiya Bankı ASC-nin müflis elan edilərək iflas prosesinə başlanılması qərara alınmışdır. Həmin qətnamə 17.01.2011-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçı Kommersiya Bankı ASC ilə "xxxx" firması arasında bağlanmış 28.09.2006-cı il tarixli İFD-05/06 saylı kredit müqaviləsinə əsasən "xxxx" firmasına avadanlıqlarının alınması və dövriyyə vəsaitinin artırılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5 il müddətinə, illik 7% olmaqla 73000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 29.09.2006-cı il tarixli, İFD05/06 saylı kredit müqaviləsinin 3-cü bəndinə əsasən "xxxx" Firması kredit faizlərini rüblük, rübün axırıncı ayının 28-dən gec olmayaraq və əsas kredit məbləğini onun alındığı gündən 5 il müddətində kredit müqaviləsinin 1 nömrəli əlavəsində göstərilmiş ödəniş qrafiki əsasında ödəməyi öhdəsinə götürmüşdür. Lakin "xxxx" Firması tərəfindən kredit müqaviləsi yerinə yetirilməmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən borcalan bu müqavilənin 3-cü bəndində nəzərdə tutulan öhdəliyi vaxtında icra etmədikdə, gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0.2% məbləğində peniya hesablana bilər. Kreditin ödənilməsi üçün 21.12.2012-ci il tarixli məktubla cavabdehə müraciət olunmuşdur, lakin cavabdeh Banka olan borcunu ödəməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2013-cü il tarixli 2iq(82)- 1297/2013 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh “Qlobal-Motors” firması ilə İddiaçı Kommersiya Bankl ASC arasında bağlanmış 28.09.2006-cı il tarixli, İFD- 05/06 saylı kredit müqaviləsinə xitam verilməsi, "xxxx" Firmasından ləğvetmədə olan İddiaçı Kommersiya Bankı ASC-nin xeyrinə 73000 manat əsas borc, 23703,20 manat əsas borca hesablanmış faiz borcu, 6898,50 manat penya, cəmi 103601,70 manat borc, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2iq(82)-1297/2013 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2013-cü il tarixli 2iq(82)- 1297/2013 saylı qiyabi qətnaməsi ləğv edilmiş və mülki işin icraatı təzələnmişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-177/2021 saylı 12.08.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddianın faiz və dəbbə pulu hissəsində təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim edilən sübutları düzgün qiymətləndirməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bakı Kommersiya Məhkəməsi qətnamə qəbul edərkən, yeganə istinad etdiyi sübut X2 tərəfindən təqdim edilmiş 21.07.2014-cü il tarixli ödəniş qəbzi olmuşdur. Həmin ödəniş qəbzində qeyd edilən 73798 manat məbləğində vəsait “Qlobal-Motors” firması tərəfindən birbaşa X1 ödənilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, X2 hesabına verilən kredit ləğv prosesində olan "xxxx" ASC-nin vasitəsilə verilmiş və bununla bağlı ləğv prosesində olan "xxxx" ASC ilə “Qlobal-Motors” firması arasında 28.09.2006-cı il tarixli, İFD-05/06 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən 73000 manat vəsait 7 faizlə “Qlobal-Motors” firmasına verilmişdir. Belə olan halda cavabdeh “Qlobal-Motors” firması tərəfindən ödənilmiş 73798 manatdan 73000 manat hissəsi əsas borcdan, 3798 manat hissəsi isə faiz borcundan silinmiş olsa belə öhdəlik tam icra olunmur. 73000 manat əsas məbləğə görə 3798 manat faiz borcu ödəyərək tam icra olunması qeyri-mümkündür. Göründüyü kimi, cavabdeh “Qlobal-Motors” firması tərəfindən 28.09.2006-cı il tarixli, İFD-05/06 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunmamışdır. Bakı Kommersiya Məhkəməsi kredit müqaviləsi üzrə faiz borcunun ödənilmədiyi hissəsini açıq-aşkar görməzdən gəlmiş və ümumiyyətlə qətnamədə faiz hissəsinə münasibət bildirməmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə 22.12.2021-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-177/2021 saylı 12.08.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilərək cavabdeh “Qlobal-Motors” firmasından iddiaçı ləğv prosesində olan İddiaçı X4 Səhmdar Cəmiyyətinin xeyrinə 22942,2 manat faiz borcu, 6898,50 manat cərimə, 30 manat dövlət rüsumu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə iddiaçı tərəfindən faiz və dəbbə pulu tələbinin rədd edildiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, faiz və dəbbə pulu tələbinin rədd edildiyi hissədə qətnamə əsaslı olmamışdır. İş materiallarından görünür ki, 28 sentyabr 2006-cı il tarixli N İFD-05/06 saylı kredit müqaviləsinə əsasən bank borc alan “Qlobal-Motors” firmasına Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Xətti ilə 73000 manat məbləğində kredit vermişdir. 28 sentyabr 2006-cı il tarixli memorial orderin surətinə əsasən SKMF xətti üzrə “Qlobal-Motors” firmasının hesabına 73000 manat kredit məbləği daxil olmuşdur. Kredit borcu ödənilmədiyindən bank 2013-cü ilin aprel ayında hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 21 iyul 2014-cü il tarixli orderə və mədaxil qəbzinə əsasən “Qlobal-Motors” müəssisəsi tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun hesabına 73761 manat ödəniş edilmişdir. Orderin üzərində ödənişin təyinatı kimi əsas və faiz borcunun tam ödənişi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.4-cü, 529.5-ci maddələrinə və borcun ödənilməsi barədə 21 iyul 2014-cü il tarixli qəbzdə “ödənişin təyinatı” kimi yalnız əsas borcun deyil, “əsas və faiz borcunun tam ödənişi” qeyd olunduğuna istinad edərək hesab etmişdir ki, cavabdehin kredit öhdəliyinə tamamilə xitam verildiyi təsdiq edildiyindən iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən əsas borc 21.07.2014-cü il tarixdə ödənilsə də, kredit müqaviləsi üzrə faiz borcunun tam ödənildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçıya 73000 manat kredit vəsatindən 5 il üçün istifadəyə görə illik 7 faizlə, cəmi 25550 manat faiz ödəməli idi. Lakin hazırkı halda cavabdeh əsas borcdan cəmi 761 manat artıq vəsait ödəmişdir. İddiaçının cavabdehdən tələb etdiyi 23703,20 manat faiz borcundan ödənilmiş 761 manat çıxıldıqda ödənilməli olan qalıq faiz borcunun 22942,2 manat təşkil etdiyi müəyyən olunur. 21.07.2014-cü il tarixli orderdə ödənişin təyinatını cavabdeh tərəf göstərdiyindən, orderin üzərində “əsas və faiz borcunun tam ödənişi” qeydi faiz borcu üzrə öhdəliyin tam icra edilməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə 0,2 faiz cərimə ödənilməli olduğu nəzərdə tutulduğundan iddia tələbi 6898,50 manat peniyanın cavabdehdən tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-177/2021 saylı 12.08.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilərək cavabdeh “Qlobal-Motors” firmasından iddiaçı ləğv prosesində olan İddiaçı X4 Səhmdar Cəmiyyətinin xeyrinə 22942,2 manat faiz borcu, 6898,50 manat cərimə, 30 manat dövlət rüsumu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı X4 Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-177/2021 saylı 12.08.2021-ci il tarixli qətnaməsi faiz və dəbbə pulu borcunun rədd edildiyi hissədə qismən ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilərək cavabdeh “Qlobal-Motors” firmasından iddiaçı ləğv prosesində olan İddiaçı X4 Səhmdar Cəmiyyətinin xeyrinə 22942,2 manat faiz borcu, 6898,50 manat cərimə, 30 manat dövlət rüsumu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1183/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1183/2021
23.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver