Məhkəmə qərarları › İş №2-2(103)-1197/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1197/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1197/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “16 iyun 2020-ci il tarixli SS16062020 nömrəli müqaviləyə əsasən pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2811/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 41.566,93 manat əsas pul məbləği və 7705,85 manat dəbbə pulu olmaqla, ümumilikdə 49.272,78 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bundan sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək 41.393,99 manat məbləğində əsas borc və 7.705,85 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 49.099,84 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2811/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 41.393,99 manat məbləğində əsas borc, 2000 manat məbləğində dəbbə pulu, cəmi 43.393,99 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 209 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2811/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx"MMC şirkətinin əsas fəaliyyəti yükdaşımalardan ibarətdir. Şirkətin balansında 8 yük və 2 furqon avtomobilləri var. Şirkətə məxsus avtomobilləri zərurət olduqda təmir etmək üçün "xxxx"və ehtiyat hissələri almaq üçün şirkətləri ilə müqavilələr bağlanmışdır. Vəliyev Sərxan şirkətə əmək müqaviləsi ilə sürücü vəzifəsinə qəbul edilib. 2020-ciildə müəssisənin əmri ilə sürücü mexanik vəzifəsinə keçirilib. Sərxan Vəliyevin vəzifə səlahiyyətlərinə şirkətə məxsus avtomobillərin təmiri, ehtiyat hissələrinin alınması və sürücülərin işinə rəhbərlik daxil idi. Avtomobillərin təmiri və ehtiyat hissələrinin alınmasi aşağıdakı qaydada aparilir:avtomobilin sürücüsü avtomobildə nasazlıq barədə sürücü- mexanikə Sərxan Vəliyevə məlumat verir. Sürücü-mexanik Sərxan Vəliyev avtomobilə baxiş kecirir, sonra avtomobilin harada təmir oluna biləcəyini və hansı ehtiyat hissələrinin lazim olduğunu müəyyən edərək sifariş-naryad tərtib edir. Sifariş naryadda hansi təmir işlərinin aparılmasınin məbləği göstərilir və 2 nüsxədə tərtib olunur. Həmin sifariş-naryad müəssisənin direktoru və ya əməliyyat üzrə müavin və ya baş mühasib tərəfindən təsdiqlənir. Bundan sonra sürücü-mexanik həmin sifariş-naryadı təmir aparan şirkətə təqdim edir. Avtomobil təmir olunduqdan sonra təmiri aparan şirkət qaimə təqdim edir və təmir üçün pul vəsaiti həmin şirkətin hesabına köçürülür. Eyni qaydada ehtiyat hissələrinin alınması aparılır. 2023-cü ilin yanvar ayinda "xxxx" MMC-nin xidmətlərinin bahaolduğunu nəzərə alıb, müəssisənin avtomobillərinin həmin şirkətdətəmir olunmasını qadağan etmişdir. Buna baxmayaraq, "xxxx" müəssisəsindən zəng edərək şirkətin onlara borcu olması barədə məlumat verilmişdir. Şirkətin rəhbərliyi tərəfindən belə başa düşülmüşdür ki, əvvəlki xidmətlərə görə borc qalmış və pulun ödənilməsinə söz vermişdir. Təxminən 2023cü ilin sentyabr ayında yenidən zəng edərək və bu dəfə borcun 52000 manatı keçməsini söyləmişdilər. Bundan sonra rəhbərlik yoxlama keçirilməsinə göstəriş vermişdir. Müəssisədə yoxlama zamani müəyyən olmuşdur ki, Sərxan Vəliyev şirkətə aid olmayan avtomobillərin sürücüləri ilə əlaqayə girib onların avtomobillərini ucuz qiymətə təmir olunmasını vəd edib və sürücülərdən müəyyən məbləği nəğd aldıqdan sonra saxta sifarişnaryad tərtib edib həmin sənəddə şirkətə məxsus avtomobillərin dövlət qeydiyyat nömrəsini qeyd etməklə, şirkətə məxsus olmayan avtomobilləri "xxxx" şirkətində təmir etdirsə də, sifariş-naryadda şirkətin avtomobillərinin dövlət qeydiyyat nömrəsi qeyd olunduğundan hesab-faktura şirkətə daxil olmuş və 52,651, 69 manat borc yaranmışdır. "xxxx"tərəfindən şirkətə təmir üçün avtomobilin daxil olması rəsmi sürətdə bildirilməlidir. Şirkət tərəfindən təsdiqləndikdən sonra təmir işlərinə başlanmalıdır. Təmir işləri qurtaranda görülən işlər barədə akt tərtib edilir, bir nüsxəsi Sərxana təhvil verilməlidir. Sərxan öz növbəsində həmin aktı mühasibatlığa və ya şirkətə təqdim edilməlidir. Həmin işlər bəzi təmir işlərində yerinə yetirilməmiş, yəni sifariş verilən xidmət şirkət tərəfindən təsdiq olunmamışdır. «lmprotex» tərəfindən isə şirkətə elektron qaimələr göndərilmişdir. Həmin qaimələri vaxtında yoxlamaq mümkün olmadığından qanunla nəzərdə tutulan 5 gün ərzində geri qaytarılmamışlar. 38 avtomobilin təmiri üzrə PO-lar mövcud deyil və qaimələrdə avtomobilin dövlət qeydiyyat nişanı göstərilməmişdir. Bu barədə Sərxana vaxtında deyilsə də və qaimələrin dəyişdirilməsi tələb olunsa da, o müəyyən bəhanələrlə həmin hərəkətlərdən yayınmış, bu səbəbdən qaimə-fakturlar geri qaytarılmamışdır. Bununla əlaqədar, Sərxan Vəliyev dəvət olunmuş və ona sifariş-naryadı olmayan xidmət barədə qaimələr təqdim edilmişdir. O həmin qaimələri nəzərdən keçirib müəyyən hissəsini saxtalaşdırmasını etiraf etmiş, müəyyən hissəsinin xatırlamadığını bildirmişdir. Onun valideynləri ilə söhbətdən sonra 4000 manat ödənilmişdir. Onunbarəsində Nərimanov rayon Polis İdarəsinə müraciət edilmiş, həmin vaxtı X2 izahatı alınmış. Həmin vaxtı o etdiyi əməli etiraf etmişdir. Həmin qərarla ASR MMC-nin təqdim etdiyi sənədlər əsasında və aktlarla müəyyən olunmuşdur ki, Sərxan Vəliyev tərəfindən 37994 manat məbləğində pul mənimsənilmişdir. Sonrdan həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda tərəfindən həmin cinayət işinin başlanmasının rədd olunması barədə 24 aprel 2024-cü il tarixl qərar mübahisələndirilir. Həmin işlə bağlı cinayət işinin başlanması rədd olunsa belə həmin qərarda "xxxx" MMC-yə mənimsənilmə faktı öz təsdiqini tapmışdır. Göründüyü kimi burada "xxxx" MMC cavabdehlik daşıya bilməz. Burada iddaçı MMC-nin əməkdaşları və Sərxan Vəliyev cavabdehin adından istifadə edərək həm iddiaçıya həm cavabdehə xeyli ziyan vurmuşlar. Görünən odur ki, "xxxx" MMC tərəfindən şirkətə məxsus avtomaşınlar təmir olunarkən düzgün sənədləşdirilsə və şirkətə məxsus olmayan avtomaşınların şirkətin adına təmir olunmasına şərait yaradılmasa bu günləri bu məhkəmə mübahisəsi olmazdır. Sərxan Vəliyevə İddiaçı MMC-də şərait yaradılmışdır. Yalnız "xxxx" MMC-yə məxsus avtomaşınlar təmir olunsaydı hazırda məhkəmə mübahisəsinə ehtiyac olmazdır. Lakin məhkəmə bütün bu halları araşdırmadı. Sübut olunsa belə əhəmiyyət verməmişdir. Nəzərə almaq lazımdır ki, təmiri göstərilən avtomaşınların sürücüləri şahid qismində məhkəmə iclasında dindirildi. Onlar da həmin dövrdə avtomaşının başqa ünvanlarda təmir edildiyini bildirdilər. İddiaçının təmir sexinə getmədiklərini təsdiq etdilər. Görünüən odur ki, cavabdehin iddiaçı qarşısında öhdəliyi yoxdur. Ola da bilməz. İddia tam əsassız iddiadır. Lakin məhkəmə onu təmin etməklə qanunun tələblərini pozmuşdur. Ümumiyyətlə iddia bu sübutlarla təmin edilə bilməzdir. İşdə olan cinayət işinin rədd edilməsi bardədə olan qərarı sübut kimi qəbul etməmişdir. Halbuki, həmi qərar boclu şəxsin kim olmasını, sərxan Vəliyev olmasını təsdiq edir. İşdə olan sənədlər sadlansa da məhkəmə düzgün nəticəyə gəlməmişdir. Ümumiyyətlə iddianı təmin edərkən məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Çünki avtomaşınların həmin yerdə yox başqa ünvanlarda təmir etdirildiyi göstərilmişdir. CPS məlumatlarına da əhəmiyyət verilməmişdir. Təqdim etdiyi şahid ifadələrini məhkəm heçə saymışdır. Halbuki, şahid ifadələri mübahisənin haradan qaynaqlandığının sübutudur. Sübut edilməmiş və tutarlı sübutlar olmadan məhkəmə iddianı təmin etmişdir. Qətnamədə göstərilənlər işin bir tərəfli aparılmasını göstərir. Onun bildirdiklərinə məhkəmə əhəmiyyət verməmiş və iddiaçının təqdim etmədiyi halları sübut kimi göstərmişdir. Olmayan əsaslarla iddianı iddiaçının xeyrinə təmin etmişdir. Bu araşdırma işin hallarına uyğun deyildir. Məhkəmə iddianı təmin etsə də bu işin hallarına uyğun deyildir. Ümumiyyətlə bu iddia rədd olunamlı idi. Həmin pullar ASR Services tərəfindən ödənilə bilməzdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

12. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.;

13. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

21. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 16 iyun 2020-ci il tarixli SS16062020 nömrəli “Avtonəqliyyat vasitələrinə xidmət müqaviləsi”ndən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı MMC həmin müqavilə üzrə 2023-cü ilin yanvar ayından sonrakı dövrdə cavabdehə göstərdiyi avtomobillərin təmiri xidmətlərinə və təqdim edilmiş ehtiyat hissələrinə görə 41.393,99 manat məbləğində borcunun yarandığını əsas göstərərək həmin borcun və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmişdir.

22. Cavabdeh isə iddiaçının ödənilməsini tələb etdiyi xidmətlərin göstərilmədiyini, iddiaçının göstərdiyi xidmətlərin qiymətlərinin yuxarı olması səbəbindən 2023-cü ilin yanvar ayından başlayaraq avtomobilləri təmir üçün iddiaçının servisinə göndərmədiklərini, eyni zamanda şirkətlərində avtomobillərin təmiri işinə rəhbərlik edən şəxs olmuş Sərxan Vəliyevin iddiaçının işçiləri ilə əlbir olaraq cavabdehə aid olmayan avtomobilləri iddiaçının servisində təmir etdiklərini və hesabları cavabdehə təqdim etdiklərini əsas göstərərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh bu mövqeyini apellyasiya şikayətində də təkrarlamışdır.

23. Məhkəmə qeyd etmişdir ki, İddiaçı MMC 2023-cü ildə mübahisəli məbləğdə xidmətlərin göstərilməsini və malların təqdim edilməsini təsdiq etmək üçün xidmətlərin göstərilməsinə dair (malların təqdim edilməsinə dair) cavabdehə göndərilmiş elektron qaimə-fakturaları, həmin elektron qaimə-fakturaların verilməsi üçün əsas olmuş iş aktlarını, hesabları, hesabların kuryer vasitəsilə cavabdehə göndərilməsi və cavabdehin işçiləri tərəfindən qəbul edilməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim etmişdir.

24. Cavabdeh isə iddiaçı ilə müqavilə münasibətlərinə 2023-cü ilin yanvar ayından xitam verildiyini, həmin vaxtdan etibarən iddiaçıya hər hansı xidmət sifariş vermədiyini iddia etsə də, 2023-cü il ərzində iddiaçının onlara təqdim etdiyi hesablarla, göndərdiyi elektron qaimə-fakturalarla bağlı etirazını hər hansı bir formada iddiaçıya bildirməmişdir. Bununla yanaşı məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdeh şirkətdə sürücü vəzifəsində işləyən X9 məhkəmədə verdiyi ifadəsində 2023-cü ilin may ayına aid iş aktında imza etdiyini etiraf etməklə, dolayısı ilə 2 sürdüyü avtomobili 2023-cü ildə iddiaçının servisində təmir etdiyini təsdiq etmişdir.

25. Bundan əlavə işin mübahisəsiz halları həmçinin ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının 2023-cü ildə göstərilmiş xidmətlərə görə təqdim etdiyi hesablara və elektron qaimə-fakturalara əsasən müəyyən ödənişlər də etmişdir.

26. İddiaya etirazına əsas kimi cavabdehin istinad etdiyi – cavabdehin işçisi olmuş Sərxan Vəliyevin cavabdeh şirkətə aid olmayan avtomobilləri iddiaçının servisində təmir etdirməsi, yəni mübahisəli xidmətlərin əslində cavabdehin avtomobillərinə deyil, kənar şəxslərə göstərilməsi barədə dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, əvvəla cavabdeh həmin halları təsdiq edən sübut kimi yalnız X5 rayon Polis İdarəsində verdiyi, cavabdeh şirkətin adından sifariş verməklə cavabdehə aid olmayan avtomobilləri iddiaçının servisində təmir etdirməsinə dair sonuncunun etirafını əks etdirən izahata istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Sərxan Vəliyevin sözügedən izahatı mübahisəli xidmətlərin cavabdehin deyil, kənar şəxslərin avtomobillərinə göstərilməsi faktının məhkəmə tərəfindən təsdiq edilməsi üçün kifayət etmir.

27. Əksinə göstərilən hal iş materiallarına əlavə edilmiş digər sübutlarla təkzib edilir. Belə ki, birincisi, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş iş aktlarında təmir üçün servisə gətirilmiş cavabdehə məxsus avtomobillərin markaları, buraxılış ili və dövlət qeydiyyat nömrələri göstərilmişdir. İkincisi, həmin hesablar cavabdehə kuryer vasitəsilə göndərilməklə Sərxan Vəliyev tərəfindən deyil, cavabdehin digər işçiləri tərəfindən qəbul edilmiş, yəni cavabdeh 2023-cü il ərzində iddiaçının servisində hansı avtomobillərin təmir olunması barədə məlumatı olmuşdur. Odur ki, iddiaçıya məxsus servisdə kənar şəxslərin avtomobillərinin təmir olunması barədə cavabdehin dəlilləri inandırıcı görünmür.

28. Bununla yanaşı Sərxan Vəliyevin cavabdeh şirkətdə avtomobillərin təmiri ilə bağlı məsul şəxs olması, iddiaçı şirkətə cavabdeh tərəfindən avtomobillərin təmirinə dair sifarişlərin bir qayda olaraq məhz S.Vəliyev tərəfindən verilməsi işin mübahisəsiz hallarını təşkil edir (cavabdeh iddiaya etirazında həmin halları təsdiq etmişdir). Belə olan halda cavabdehin məsul işçisi olmuş S.Vəliyevin kənar şəxslərə aid avtomobillərin cavabdehin avtomobilləri kimi təmir olunması üçün iddiaçının servisinə təqdim etməsi ehtimal edilsə belə həmin hal cavabdehə məsul şəxsinin verdiyi sifarişə əsasən iddiaçı tərəfindən vicdanlı şəkildə göstərilmiş xidmətlərin dəyərini ödəməkdən imtina etməsi üçün əsas vermir.

29. Məhkəmə həmçinin şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasında həm iddiaçının, həm də cavabdehin vəsatəti əsasında dindirilmiş şahidlər müvafiq tərəflərin işçiləri olmaqla işin nəticələrində maraqlı olduqlarından həmin şahidlərin ifadələri işin mübahisəli hallarının müəyyən edilməsi üçün yetərli hesab edilmir.

30. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə iddiaçının cavabdehə 76 ədəd mübahisəli elektron qaimə-fakturalarda əks olunmuş cəmi 41.393,99 manat məbləğində xidmətlər göstərməsi və malların təqdim edilməsi öz təsdiqini tapmışdır. Həmin elektron qaimə-fakturalar üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilməsi isə iş materiallarına əsasən müəyyən edilmir.

31. Məhkəmə kollegiyası məhkəmənin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir.

32. Mülki Məcəllənin 443.9-cu maddəsinə əsasən borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır.

33. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

34. Həmin Məcəllənin (borclunun öz işçilərinin hərəkətləri üçün məsuliyyəti) 456-cı maddəsinə əsasən borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

35. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

36. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

37. Göründüyü kimi yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən cavabdeh öz işçisinin hərəkətləri üçün məsuliyyət daşıyır və işçinin hərəkətləri borclunun hərəkətləri hesab edilir. Ona görə kollegiya hesab edir ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Cavabdehin öz işçisinə qarşı reqress qaydada iddia irəli sürməsi qanunvericiliyə əsasən mümkündür.

38. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

39. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2811/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar