Məhkəmə qərarları › İş №2-2(103)-1198/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1198/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1198/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X7 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-168/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. Sifarişçi "xxxx" ASC və icraçı Cavabdeh MMC arasında bağlanmış 2021-ci il 17 fevral tarixli İBA-2021/041 nömrəli işlərin görülməsi haqqında müqavilə (bundan sonra – “müqavilə”) ilə tərəflər təsdiq etmişlər ki, sifarişçi həcmi, ölçü vahidi, görülmə müddəti, dəyəri və digər xüsusi şərtləri müqavilənin 1 nömrəli əlavəsində göstərilmiş ünvan 1 ünvanında yerləşən inzibati binada aparılacaq əsaslı təmir işlərinin satın alınması üçün icraçının tender təklifini qəbul etmişdir. Müqavilənin: - 1.2-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş qaydada icraçı sifarişçinin sifarişi ilə müqavilədə nəzərdə tutulan işləri yerinə yetirməyi, sifarişçi isə icraçıya görülmüş işlərə görə müqavilədə göstərilən müddətdə və qaydada razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür. - 1.4-cü bəndinə əsasən, icraçı işləri özü tərəfindən cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlar vasitəsilə yerinə yetirməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən etibarən icraçı işləri tam həcmdə və lazımi keyfiyyətdə 12 ay müddətində sifarişçiyə təhvil verməlidir. - 2.2-ci bəndinə əsasən, işlərin qəbulu zamanı qüsurlar və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə akt tərtib edilir. Bu halda sifarişçi işlərin qüsurlu hissəsinin 15 gün ərzində yenidən görülməsini icraçıdan tələb edir. İcraçı işlərin qüsurlu hissəsinin yenidən görülməsindən imtina etdikdə sifarişçi bu müqaviləyə birtərəfli qaydada xitam verə və ya işlərin müvafiq hissəsinin dəyərini ödəməkdən imtina (işlərin dəyəri ödənildiyi halda isə ödənilmiş hissənin geri qaytarılmasını tələb) edə bilər. - 4.2.2-ci bəndinə əsasən, işləri, müqavilədə nəzərdə tutulmuş şərtlərdə, müddətdə və ən yüksək standartlara uyğun şəkildə görmək və sifarişçiyə təhvil vermək icraçının vəzifəsidir. - 4.3.5-ci bəndinə əsasən, təhvil verilən işlər bu müqavilənin keyfiyyət, həcm, ölçü və sairə dair şərtlərinə uyğun gəlmədikdə icraçıya bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətində bildiriş vermək sifarişçinin hüququdur. - 5.1-ci bəndinə əsasən, bu müqavilənin ümumi dəyəri vergilər və bütün digər məcburi ödənişlər daxil olmaqla 836.994,37 manat təşkil edir.

2. Müqaviləyə 2022-ci il 14 iyul tarixli 1 nömrəli əlavə ilə müqavilə üzrə görüləcək işlərin siyahısı, adı, ölçü vahidi, material qiyməti, işçilik qiyməti və toplam qiymət razılaşdırılmış, cəmi qiymət 836.994,37 manat müəyyən olmuşdur. Əlavə sazişin 2.1-ci bəndinə görə, müqavilənin 5.1-ci bəndində “836.994,37 manat” sözləri “1.610.937,77 manat” sözləri ilə əvəz edilmişdir. Əlavə sazişin 2.4-cü bəndinə görə, müqavilənin 2.1-ci bəndində “12 ay müddətində” sözləri “22 dekabr 2022-ci il tarixinədək” sözləri ilə əvəz edilmişdir.

3. Müqaviləyə dəyişiklərin edilməsi haqqında 2022-ci il 21 dekabr tarixli 2 nömrəli əlavə saziş imzalanmışdır. Həmin sazişin 1.1-ci bəndinə görə, müqavilənin 2.1-ci bəndində göstərilən müddət 2023-cü il 25 fevral tarixinədək uzadılır. Avans ödənişin geri qaytarılmasının təminatı qismində təqdim edilmiş 2022-ci il 1 avqust tarixli bank qarantiyasında göstərilən və avans olaraq ödənilən 255.401,33 manat dəyərində işlər isə 2023-cü il 30 yanvar tarixinədək tam icra edilmiş olmalıdır.

4. Müqaviləyə dəyişiklərin edilməsi haqqında 2023-cü il 25 yanvar (sazişdə 2022ci il kimi yazılmışdır) tarixli 3 nömrəli əlavə saziş imzalanmışdır. Həmin sazişin 1.1-ci bəndinə görə, müqavilənin 2.1-ci bəndində göstərilən müddət 2023-cü il 25 fevral tarixinədək uzadılır.

5. 2021-ci il 26 aprel tarixli 01-04 nömrəli hesab fakturaya görə 74.142,29 manat, 2021-ci il 2 iyun tarixli 02-06 nömrəli hesab-fakturaya görə 173.890,70 manat, 2021-ci il 7 iyul tarixli 01-04 nömrəli hesab-fakturaya görə 78.984,95 manat, 2021-ci il 3 avqust tarixli 01-04 nömrəli hesab-fakturaya görə 163.843,18 manat, 2021-ci il 1 sentyabr tarixli hesabfakturaya görə 84.721,40 manat, 2021-ci il 18 oktyabr tarixli 01-04 nömrəli hesabfakturaya görə 57.567,48 manat, 2021-ci il 12 noyabr tarixli hesab-fakturaya görə 60.928,06 manat, 2021-ci il 8 dekabr tarixli 01-05 nömrəli hesab-fakturaya görə 110.246,04 manat, 2022-ci il 11 mart tarixli 03-04 nömrəli hesab-fakturaya görə 15.890,65 manat, 2022-ci il 8 avqust tarixli 08-02 nömrəli hesab-fakturaya görə 71.000,60 manat, 2022-ci il 18 may tarixli 05-01 nömrəli hesab-fakturaya görə 71.000,60 manat məbləğində işlərin görülməsi nəzərdə tutulmuşdur.

6. Podrat işlərinin yerinə yetirilməsi haqqında aktlara (Forma 2) görə müqavilə üzrə görülmüş işlər: 74.142,29 manat (2021-ci il 18 mart –21 aprel), 173.890,70 manat (2021-ci il 18 mart – 26 may), 78.984,95 manat (2021-ci il 18 mart –26 iyun), 163.843,18 manat (2021-ci il 18 mart –28 iyul), 84.721,40 manat (2021-ci il 18 mart –28 avqust), 57.567,48 manat (2021-ci il 18 mart - 12 oktyabr), 60.928 manat (2021-ci il 18 mart –12 noyabr), 110.246,04 manat (2021-ci il 18 mart – 8 dekabr), 15.890,65 manat (2021-ci il 18 mart – 2022-ci il 18 mart) və 71.000,60 manat dəyərində "xxxx" ASC tərəfindən təhvil alınmışdır. Aktlar tərəflərin nümayəndələrinin imzaları, tərəflərin möhürləri ilə təsdiq edilmişdir.

7. SGC” MMC tərəfindən "xxxx" ASC-yə 2021-ci il 23 aprel tarixli EBBA 661938 nömrəli 74.142,29 manat məbləğində, 2021-ci il 2 iyun tarixli EBBC 656261 nömrəli 173.890,70 manat məbləğində, 2021-ci il 7 iyul tarixli EBBE 505999 nömrəli 78984,95 manat məbləğində, 2021-ci il 3 avqust tarixli EBBF 792750 nömrəli 163.843,18 manat məbləğində, 2021-ci il 1 sentyabr tarixli EBBH 401544 nömrəli 84.721,40 manat məbləğində, 2021-ci il 1 noyabr tarixli EBBL 668554 nömrəli 57.567,48 manat məbləğində, 2021-ci il 19 noyabr tarixli EBBM 654663 nömrəli 60.928,06 manat məbləğində, 2021-ci il 10 dekabr tarixli EBBN 910523 nömrəli 110.246,04 manat məbləğində, 2022-ci il 11 mart tarixli EBBS 748115 nömrəli 15.890,65 manat məbləğində, 2022-ci il 1 avqust tarixli EBCB 065396 nömrəli 71.000,60 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

8. "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 4 may tarixində 62.832,45 manat əsas vəsait, 11.309,84 manat ƏDV, 2021-ci il 11 iyun tarixində 147.365 manat əsas vəsait, 26.525,70 manat ƏDV, 2021-ci il 13 iyul tarixində 66.936,4 manat əsas vəsait, 12.048,55 manat ƏDV, 2021-ci il 13 avqust tarixində 138.850,15 manat əsas vəsait, 24.993,03 manat ƏDV, 2021-ci il 8 sentyabr tarixində 71.797,80 manat əsas vəsait, 12.923,60 manat ƏDV, 2021-ci il 3 noyabr tarixində 48.786 manat əsas vəsait, 8.781,48 manat ƏDV, 2021-ci il 16 dekabr tarixində 93.428,85 manat əsas vəsait, 16.817,19 manat ƏDV, 2022-ci il 18 mart tarixində 13.466,65 manat əsas vəsait, 2.424 manat ƏDV, 2022-ci il 12 avqust tarixində 60.170 manat əsas vəsait, 10.830 manat ƏDV, 2021-ci il 22 noyabr tarixində 51.633,90 manat əsas vəsait, 2021-ci il 19 noyabr tarixində 9.294,10 manat ƏDV, 2022-ci il 5 avqust tarixində 216.441,81 manat əsas vəsait, 38.959,52 manat ƏDV ödənilmişdir (debit haqqında bildirişlər).

9. "xxxx" ASC tərəfindən 2022-ci il 1 avqust tarixindən 2023-cü il 20 fevral tarixinədək verilmiş bank qarantiyasına əsasən, Cavabdeh MMC tərəfindən müqavilə üzrə "xxxx" ASC tərəfindən ödənilmiş 255.401,33 manat avans geri qaytarılmayacağı təqdirdə bank "xxxx" ASC-nin tələbi ilə həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür.

10. "xxxx" ASC 2023-cü il 9 fevral tarixində Cavabdeh MMC-yə xəbərdarlıq ünvanlayaraq avans kimi ödənilmiş 255.401,33 manat vəsaitin müqabilində işlərin 2023-cü il 31 yanvar tarixinədək tam şəkildə təhvil verilmədiyini bildirib həmin vəsaitin 3 gün ərzində geri qaytarılması tələb olunmuş, əks təqdirdə ödənişlə bağlı "xxxx" ASC-yə tələb irəli sürüləcəyi barədə xəbərdarlıq edilmişdir.

11. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 2023-cü il 15 fevral tarixli müraciətlə qarantiya üzrə Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəlikləri icra edilmədiyi üçün 255.401,33 manat vəsaitin ödənilməsi "xxxx" ASC-nin bank hesabına köçürülməsi tələb edilmişdir.

12. Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2023-cü il 28 fevral tarixli bildirişlə müqavilə üzrə "xxxx" ASC tərəfindən artıq ödənilmiş 350.923,17 manat vəsaitin 5 gün müddətində ödənilməsi Cavabdeh MMC-dən tələb edilmişdir. Xəbərdarlıqda müqavilənin "xxxx" ASC tərəfindən birtərəfli qaydada ləğv edildiyi göstərilmişdir. İş üzrə məhkəmə icraatı

Birinci instansiya məhkəməsindəki icraat:

13. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 14 iyul tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə 543.869 manat, ilkin mediasiya xərci olaraq 400 manat, dövlət rüsumu olaraq 434,52 manat və xidmət haqqı olaraq 0,65 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2021ci il 17 fevral tarixli ümumi dəyəri 836.994,37 manat olan işlərin görülməsi haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, cavabdeh Bakı şəhərindəki inzibati binada əsaslı təmir işlərini 12 ay müddətində və lazımi keyfiyyətdə həyata keçirməyi öhdəsinə götürmüşdür. 2022-ci il 14 iyul tarixli 1 nömrəli əlavə saziş ilə müqavilənin məbləği 836.994,37 manatdan 1.610.937,77 manata artırılmış, işlərin tamamlanma müddəti 2022ci il 22 dekabr tarixinə qədər uzadılmışdır. 2022-ci il 1 avqust tarixli bank qarantiyası ilə cavabdeh tərəfindən ödənmiş avansın geri qaytarılmasına dair "xxxx" ASC tərəfindən təminat verilmişdir. Müqaviləyə 2 və 3 nömrəli əlavə sazişlər imzalanmış, işlərin tamamlanma müddəti 2023-cü il 25 fevral tarixinə qədər uzadılmış, 200.000 manat məbləğində icra qarantiyası verilmişdir. İddiaçı tərəfindən cavabdehə edilən ödənişlərin ümumi məbləği 1.146.617 manat olmuşdur. Bununla belə, cavabdeh işləri müqaviləyə uyğun şəkildə və vaxtında təhvil verməmişdir. 2023-cü il 9 fevral tarixli bildirişlə iddiaçı işlərin tamamlanmasını və ya avansın 255.401,33 manat məbləğində geri qaytarılmasını tələb etmişdir. Tələblərin yerinə yetirilməməsi səbəbindən 2023-cü il 15 fevral tarixində "xxxx" ASC-yə bank qarantiyası üzrə ödəmənin həyata keçirilməsi üçün müraciət edilmişdir. 2023-cü il 21 fevral tarixində daha bir bildiriş göndərilərək, müqaviləyə xitam verilməklə, artıq ödənilmiş 350.923,17 manat məbləğində vəsaitin geri qaytarılması tələbi ilə müraciət edilmişdir. Bu tələbin də nəticəsiz qalması üzündən müqaviləyə xitam verilmişdir. Daxili audit nəticəsində müəyyən edilmişdir ki, cavabdeh müqaviləyə uyğun olmayan materiallardan istifadə etmiş, invoysları şişirdərək ödənişlər almış və görülməyən işlər üçün də ödənişlər almışdır. Nəticədə görülməyən işlər üzrə 543.869 manat məbləğində itki yaranmışdır. Mediasiya cəhdləri də müsbət nəticə verməmiş, tərəflər arasında anlaşmazlıq davam etmişdir. 2023-cü il 10 iyul tarixində iddiaçı tərəfindən cavabdehə 543.869 manat məbləğində ödənişin geri qaytarılması tələbi ilə müraciət edilmiş, lakin bu müraciət də nəticəsiz qalmışdır.

15. İddiaçı 2024-cü il 16 oktyabr tarixində məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə 578.832 manat vəsaitin, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə müqavilədə nəzərdə tutulmuş qaydada gecikdirilmiş günlərə görə hesablanmış ümumilikdə 83.423,37 manat penya məbləğinin, həmçinin mediasiya xərci olaraq ödənilmiş 400 manat, dövlət rüsumu olaraq ödənilmiş 552,26 manat və xidmət haqqı olaraq ödənilmiş 1,05 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, müqavilə şərtlərinə əsasən, cavabdeh işləri yüksək keyfiyyətlə yerinə yetirmiş, lakin işlərin davamına qarşı iddiaçı tərəfindən əsassız maneələr törədilmişdir. Pandemiya dövrü, xüsusən karantin rejimi, işlərin gecikməsinin üzrlü səbəbi kimi qəbul edilməli və “fors-major” halı hesab olunmalıdır. İddiaçı tərəfindən tender sənədlərinin təqdim edilməməsi və tenderin iştirakçı sayının qanunsuz olaraq iki ilə məhdudlaşdırılması da hüquqi tələbləri pozur. Müqavilənin 4.2.3-cü bəndi üzrə cavabdeh tərəfindən lazım olan məlumatlar vaxtında təqdim edilmiş, lakin cavablar gecikdirilmişdir. Həmçinin istifadə olunan materiallar yüksək keyfiyyətlə təmin olunmuş və işlər müasir texnologiyaya uyğun həyata keçirilmişdir. İddiaçı tərəfindən işlər qəbul edildikdən sonra heç bir etiraz edilmədiyi üçün, müqavilə şərtlərinə əsasən, işlər tam qəbul olunmuş sayılır. Bu baxımdan, iddiaçı tərəfindən irəli sürülən tələbin hüquqi əsası olmamışdır.

17. Məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2024-cü il tarixli, 3-16-16/2- 10/6949 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - ünvan 2 ünvanında yerləşən inzibati binada müqavilə və müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı 1, 2 və 3 nömrəli əlavə sazişlər və müqavilədə göstərilən qiymətlərə əsasən cavabdeh tərəfindən faktiki olaraq görülmüş işlərin həcmi rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Eləcə də qeyd olunmuşdur ki, görülmüş işlər yarımçıq şəkildə olduğundan, həmin işlərin keyfiyyətli olubolmamasını müəyyən etmək mümkün olmamışdır. - ünvan 2 ünvanında yerləşən inzibati binada müqavilə və müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı 1, 2 və 3 nömrəli əlavə sazişlərə əsasən, cavabdeh tərəfindən faktiki olaraq görülmüş işlərin real ümumi dəyəri 986.903,15 manat məbləğində müəyyən olunmuşdur. - Baxış zamanı tədqiq olunan ünvanda göstərilən işlər tam görülmədiyindən və yarımçıq şəkildə olduğundan ünvan 2 ünvanında yerləşən inzibati binada müqavilə və müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı 1, 2 və 3 nömrəli əlavə sazişlərə əsasən cavabdeh tərəfindən smetada nəzərdə tutulan sayda tikinti materiallarından istifadə edilmədiyi müəyyən olunmuşdur. - ünvan 2 ünvanında yerləşən inzibati binada müqavilə və müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı 1, 2 və 3 nömrəli əlavə sazişlərə əsasən cavabdeh tərəfindən faktiki olaraq görülmüş işlər yarımçıq şəkildə olduğundan həmin işlərin keyfiyyətli olubolmamasını və tikinti işlərində kənarlaşmalar (pozuntular) olmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də qərardadın dördüncü, beşinci və altıncı sualları üzrə tədqiqat aparılmamışdır.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-168/2024 nömrəli qərardadı ilə X14 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.

19. Məhkəmə iclasında üçüncü şəxs X10 bildirmişdir ki, 2019-2022-ci illər ərzində iddiaçı bankda işləmişdir. İddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi bağlanmışdır. İşləri o və digər işçilər yoxlayaraq təhvil almış, iddiaçının o da daxil olmaqla ümumilikdə 6 işçisi təhvil-təslim aktına imza edərək təsdiq etmişdir. İşlər iddiaçı tərəfindən yoxlanılaraq təhvil alındığı üçün həmin müqavilə üzrə iddiaçının ona qarşı hər hansı tələb irəli sürməsi əsassız olmuşdur.

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, iddia ərizəsi verilərkən çəkilmiş 400 manat mediasiyaya dair xərc, ödənilmiş 552,26 manat dövlət rüsumu, 1,05 manat xidmət haqqının iddiaçı "xxxx" ASC-nin özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 manat ekspertiza xərcinin iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim – Ü.Həsənova).

21. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 17 may 2021-ci il tarixində podrat müqaviləsi, 14 iyul 2022-ci il, 21 dekabr 2022-ci il, 25 yanvar 2023-cü il tarixlərində həmin müqaviləyə əlavə sazişlər imzalanmış, podrat müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1.146.616,39 manat vəsait ödənilmişdir. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş görülmüş işlərin təhvil-təslim aktlarından (forma 2) görünür ki, cavabdeh tərəfindən görülmüş ümumilikdə 891.215,06 manat dəyərində işlər cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş, iddiaçı tərəfindən həmin işlər qeyd-şərtsiz qəbul olunmuşdur. Tərəflər arasında imzalanmış razılaşmalardan görünür ki, müqavilə müddətinin sonu 25 fevral 2023-cü il müəyyən edilmiş, 19 yanvar 2023-cü il tarixində işlərin görülməsi iddiaçının təşəbbüsü ilə dayandırılmış, iddiaçı 09 fevral 2023-cü il tarixində iddiaçıya yazılı bildiriş verib müqavilə üzrə ödəmiş olduğu 255.401,33 manat avansın geri qaytarılmasını tələb etmiş, həmin vəsait cavabdeh tərəfindən qaytarılmadığı üçün iddiaçı "xxxx" ASC-yə qarantiya üzrə tələb irəli sürdükdən sonra sonuncu tərəfindən həmin avans iddiaçıya geri qaytarılmışdır.

22. İddiaçı tərəfindən cavabdehə işlərin lazımınca icra edilməməsi ilə bağlı ilk xəbərdarlıq 09 fevral 2023-cü il tarixində edilmiş, həmin xəbərdarlıqla işlərin vaxtında (31 yanvar 2023-cü il tarixinədək) yekunlaşdırılmadığı üçün ödənilmiş avansın geri qaytarılması tələb olunmuş, işlərin qüsurlu icra edilməsi, habelə görülmüş işlərin müqabilində təkrarən ödəniş edilməsi ilə əlaqədar hər hansı vəsaitin geri qaytarılması ilə bağlı irad bildirilməmişdir. İddiaçı cavabdehə daha sonra ünvanladığı 21 fevral 2023-cü il tarixli xəbərdarlıqla müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmiş, 350.923,17 manat vəsaitin iddiaçı tərəfindən cavabdehə icra edilməmiş işlərin qarşılığında ödənildiyi bildirilməklə həmin vəsaitin dərhal iddiaçıya geri qaytarılması tələb olunmuşdur. Halbuki tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.2-ci bəndinə görə, işlərin qəbulu zamanı qüsurlar və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə akt tərtib edilir. Bu halda sifarişçi işlərin qüsurlu hissəsinin 15 gün ərzində yenidən görülməsini icraçıdan tələb edir. İcraçı işlərin qüsurlu hissəsinin yenidən görülməsindən imtina etdikdə sifarişçi bu müqaviləyə birtərəfli qaydada xitam verə və ya işlərin müvafiq hissəsinin dəyərini ödəməkdən imtina (işlərin dəyəri ödənildiyi halda isə ödənilmiş hissənin geri qaytarılmasını tələb) edə bilər.

23. Müqavilənin 4.3.5-ci bəndinə görə, təhvil verilən işlər bu müqavilənin keyfiyyət, həcm, ölçü və sairə dair şərtlərinə uyğun gəlmədikdə icraçıya bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətində bildiriş vermək sifarişçinin hüququdur.

24. Materiallarda olan təhvil aktlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş tikinti və təmir işlərinin nədən ibarət olması aktlarda ətraflı şəkildə qeyd edilmiş (görülmüş iş, onun həcmi, qiyməti, işçilik haqqı), həmin aktlar iddiaçı tərəfindən təsdiq edilmişdir. Həmin aktların mötəbərliyi (iddiaçının nümayəndələrinin imzaları və möhür) iddiaçı tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. İddiaçı və cavabdeh arasında tərtib edilmiş həmin aktlar üzrə cavabdehin təqdim etdiyi hesab-faktura və elektron qaimələr üzrə ümumilikdə 891.215,06 manat (ƏDV daxil olmaqla) vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmiş, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 255.401,33 manat avans iddiaçının tələbi ilə "xxxx" ASC tərəfindən bank qarantiyası üzrə iddiaçının bank hesabına köçürülmüşdür.

25. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmışdır ki, iddiaçı görülmüş işlərin müqaviləyə uyğun olmaması ilə bağlı müqavilədə nəzərdə tutulmuş müddətdə pretenziya verməmişdir. Materiallarda olan təhvil aktlarından görünür ki, görülmüş işlər iddiaçı tərəfindən 26 aprel 2021-ci il tarixindən hissə-hissə olmaqla 08 avqust 2022-ci il tarixinədək qəbul edilmişdir.

26. İddiaçı tərəfindən isə aktlarda göstərilən işlərin tam həcmdə görülməməsinə dair pretenziya məktubu 15 fevral 2023-cü il tarixində, işləri son dəfə təhvil aldığı tarixdən 6 ay 8 gün sonra təqdim olunmuşdur.

27. Bundan əlavə, iddiaçı tərəfindən müqavilənin 2.2-ci bəndinə əsasən ümumiyyətlə hər hansı akt tərtib edilməmişdir. Materiallardan görünür ki, işlər təhvil alındıqdan sonra sifarişçi (iddiaçı) tərəfindən işlərlə bağlı hər hansı pretenziya bildirilməmiş, hətta işləri təhvil aldıqdan sonra icraçıya (cavabdeh) ödəniş də etmişdir. Halbuki iddiaçının təhvil verilmiş işlərin müqavilə şərtlərinə uyğun olub-olmadığını, təhvil verilmiş malların qüsurlarını (gözdən keçirməklə görülə bilməyən qüsurlar istisna olmaqla) gözdən keçirməklə yoxlamaq və qüsurlar barədə bildiriş vermək imkanı olmuşdur.

28. Bundan əlavə, iddiaçı hətta cavabdehlə 14 iyul 2022-ci il, 21 dekabr 2022-ci il və 25 yanvar 2023-cü il tarixlərində podrat müqaviləsinə əlavə Sazişlər də imzalamışdır.

29. Beləliklə, iddiaçının cavabdeh tərəfindən görülmüş işləri və təhvil verilmiş malları hər hansı pretenziya bildirmədən qəbul etdikdən uzun müddət sonra ödənişi geri tələb etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına və müqavilə şərtlərinə uyğun olmadığından, iddia əsassız olmuşdur.

30. İddia tələbi 578,832 manat vəsaitin tutulması hissəsində əsassız olduğundan, iddiaçının cavabdehdən 83.423,37 manat dəbbə pulunun tələb edilməsinə dair iddiası da əsassız olmuşdur.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 752.1, 753.1, 765, 769 və 770-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli qətnaməsində işlərin qəbulu zamanı qüsurların və ya çatışmazlıqların aşkar edilməsi ilə bağlı iddiaçı tərəfindən aktın tərtib edilmədiyinə, təhvil verilən işlərin müqavilənin keyfiyyət, həcm, ölçü və s. şərtlərinə uyğun gəlmədiyinə dair bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətində iddiaçı tərəfindən bildiriş vermək (pretenziya vermək) hüququndan istifadə edilmədiyinə, iddiaçı tərəfindən aktlarda göstərilən işlərin tam həcmdə görülməməsinə dair pretenziya məktubunun xx.xx.2023-cü il tarixində, yəni işləri son dəfə təhvil alındığı tarixdən 6 ay 8 gün sonra təqdim edildiyinə əsaslanmış, nəticədə, qeyd edilənləri və işin hallarını nəzərə alaraq iddiaçının cavabdeh tərəfindən görülmüş işləri və təhvil verilmiş malları hər hansı pretenziya bildirmədən qəbul etdikdən uzun müddət sonra ödənişi geri tələb etməsinin Mülki Məcəllənin normalarına və müqavilə şərtlərinə uyğun olmadığına istinad edərək iddianı əsassız hesab edərək rədd edilməsini qət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli qətnaməsi işin yuxarıda qeyd edilən halları ilə deyil, iddianın əsasını təşkil edən ciddi maliyyə hesabatları, tərtib edilən smeta üzrə mərhələli şəkildə (pillə-pillə) yerinə yetirilməli olan lakin görülməmiş işlərlə bağlı cavabdehin üzərinə düşən öhdəliyin əvəzinin qeyd edilən vəsait hesabına ödənilməsi ilə bağlı qəbul edilməli idi. Bununla bağlı aşağıdakıları xüsusilə vurğulamaq lazımdır. "xxxx" ASC (iddiaçı) tərəfindən müvafiq tələbin Cavabdeh MMC-yə irəli sürülməsi, yəni müvafiq vəsaitlərin məhkəməyə qaydasında cavabdehdən tələb edilməsi həm Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, həm də müqaviləyə tam uyğun olan, əsaslı və qanuni addım olmuşdur. Bu addımı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və tərəflər arasında olan müqaviləyə uyğun hesab etməyən Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli qətnaməsində tamamilə qanunsuz və əsassız yanaşma sərgiləmişdir. İşin hallarına baxdıqda məlum olur ki, iddiaçı "xxxx" ASC və Cavabdeh MMC tərəfindən təhviltəslim aktları imzalansa da, "xxxx" ASC obyektiv səbəblərdən bu aktların əslində həqiqəti əks etdirmədiyini bilməmişdir və yalnız sonradan mötəbər sübutlara (məhkəmədən qabaq iddiaçının daxili audit yoxlamasının nəticəsi olan arayışa, məhkəmə zamanı isə məhkəmə tərəfindən təyin edilən ekspertizanın nəticəsi olan ekspert rəyinə) əsasən iddiaçıya bəlli olmuşdur ki, Cavabdeh MMC öz öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC müqavilədə qeyd olunandan fərqli materiallardan istifadə etmiş, müqavilədə qeyd olunandan daha yüksək qiymətlə invoys (qaimə) tərtib edərək ödənişlər almış və ümumiyyətlə görülməmiş işlər üzrə belə invoys tərtib edərək ödənişlər almışdır. Bütün bunlar onu sübut edir ki, "xxxx" ASC müvafiq podrat müqaviləsini müvafiq hüquqi məqsədə və hüquqi nəticəyə çatmaq üçün bağlasa da, yekunda nə bu məqsədə, nə də ki, bu nəticəyə çatmamışdır. Qeyd etmək lazımdır ki, təhvil-təslim aktlarının mövcudluğu həmin aktların arxasında dayanan işlərin vicdanlı şəkildə görülüb-görülməməsini məhkəmə qaydasında (qanunvericilikdə nəzərdə tutulmuş şəkildə) sorğulamaq (mübahisələndirmək) üçün maneə yaratmır. İddiaçı "xxxx" ASC məhz bu hüququndan istifadə edərək pozulmuş maraqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmişdir. Çünki qanunvericiliyə əsasən Cavabdeh MMC öz üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirməli idi, amma işin faktiki halları isə bunu sübut edir ki, Cavabdeh MMC öz öhdəliklərini vicdanla yerinə yetirməmişdir. İddiaçının daxili audit rəyinin nəticəsi olan arayışına və məhkəmə tərəfindən təyin edilən ekspertizanın nəticəsi olan ekspert rəyinə əsasən şübhəsiz olaraq müəyyən edilən faktları təhvil-təslim aktları olduğuna görə təkzib edən Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli qətnaməsində qanunsuz və əsassız yanaşma sərgiləmiş, faktiki olaraq görülməyən işləri, lazımi keyfiyyətdə görülməyən işləri və hətta görülməyən işlərə görə ödənilmiş əlavə (təkrar) vəsaitləri haqlı hesab edərək sanki görülmüş kimi qəbul etmişdir və bununla da Cavabdeh MMC-nin qanunazidd və vicdansız olan davranışlarını legitimləşdirmişdir. İşlərin qəbulu zamanı qüsurların və ya çatışmazlıqların aşkar edilməsiylə bağlı iddiaçı tərəfindən aktın tərtib edilmədiyinə obyektiv səbəb müvafiq təhvil-təslim aktlarının tərtib edilməsində (imzalanmasında) iştirak edən iddiaçının müvafiq işçilərinin (X3 və X8) qanunsuz, hüquqazidd və vicdansız davranışı səbəb olmuşdur. Belə ki, iddiaçı (işəgötürən "xxxx" ASC) müvafiq işçilərinin fəaliyyətinə etibaredərək etimad bəsləsə də, daha sonradan cavabdeh (podratçı) Cavabdeh MMC tərəfindən öz öhdəliklərini vicdanla yerinə yetirməməsi və lazımı vaxtda yerinə yetirməməsi barədə ilkin şübhələri meydana gəldikdən sonra daxili audit yoxlaması aparmışdır. Bu yoxlamanın nəticəsi olaraq aşkar edilmiş faktlar əsasında iddiaçı ("xxxx" ASC) tərəfindən Cavabdeh MMC-yə qarşı müvafiq məhkəmə prosedurlarına başladılmaqla parelel, artıq həmin vaxt iddiaçının işçiləri olmayan (bu faktlar aşkar edilməmişdən qabaq işdən ayrılan) müvafiq şəxslərə (X5 və X11) qarşı da qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədə iddia qaldırılmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2086/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X6 və X1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 90.592,81 manat, həmçinin mediasiya xərcləri kimi ödənilən 50 manat, cəmi 90.642,81(doxsan min altı yüz qırx iki manat, səksən bir qəpik) manat məbləğində pulun tutulması qət edilmiş, bu qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1834/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X12 və X5 qarşı işəgötürənə vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraat, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-168/2024 nömrəli mülki iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Sözügedən faktlar Bakı Kommersiya Məhkəməsində baxılan bu iş üzrə icraatda da müəyyən edilmiş, zəruri sənədlər məhkəmənin diqqətinə çatdırılmış və məhz bundan sonra Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-168/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (öz təşəbbüsü ilə) iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı“ podrat müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə X14 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşlar. Bütün bu məlumatların (obyektiv səbəblərin) məhkəməyə məlum olmasına baxmayaraq, Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli qətnaməsində işlərin qəbulu zamanı qüsurların və ya çatışmazlıqların aşkar edilməsiylə bağlı iddiaçı tərəfindən aktın tərtib edilmədiyinə istinad edərək qanunsuz və əsassız yanaşma sərgiləmişdir. Təhvil verilən işlərin müqavilənin keyfiyyət, həcm, ölçü və s. şərtlərinə uyğun gəlmədiyinə dair bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətində "xxxx" ASC (iddiaçı) tərəfindən Cavabdeh MMC-yə bildiriş (pretenziya) ona görə verilməmişdir ki,əvvəla bu bildirişi vermək iddiaçının öhdəliyi (vəzifəsi) yox hüququ olmuş (müqavilənin 4.3.5-ci bəndi “Sifarişçinin hüquqları” adlanan 4.3-cü maddənin tərkibində olmuş), nəticədə bu hüququndan istifadə edib-etməmək iddiaçının seçimi olmuş, o cümlədən, iddiaçının mübahisənin əsasında dayanan problemlərdən (işlərin görülməməsindən, işlərin keyfiyyətli şəkildə görülməməsindən, görülməyən işlərə görə təkrar (artıq) ödənişlərdən) ilkin olaraq xəbəri olmamış (təhvil-təslimi aparan müvafiq işçilərinin qanunsuz və vicdansız hərəkətlərinə görə), iddiaçı bununla bağlı faktları və mötəbər sübutları daxiliaudit yoxlamasından sonra (tərəflər arasında müqaviləyəxitam verildikdən sonra) əldə etmiş, bu sübutları əldə edən kimi cavabdehə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi prosedurlara başlamış (pretenziya göndərilmiş, məcburi mediasiya proseslərindən keçirilmiş, məhkəməyə müraciət edilmiş), üstəlik iddiaçı müqaviləyə bu əsasla deyil, digər əsasla – müqavilənin 4.3.4-cü bəndinə istinad etməklə (icraçı tərəfindən işlərin həddindən artıq ləng görülməsi nəticəsində işlərin vaxtında təhvil verilməyəcəyi aydın göründüyünə görə) xitam vermişdir. Həmçinin qeyd etmək lazımdır ki, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli qətnaməsində iddiaçı tərəfindən qanunvericilikdə göstərilmiş hansı müddətin ötürülməsi açıq-aydın öz əksini tapmamışdır. Bakı Kommersiya Məhkəməsi burada AR MM-də göstərilən iddia müddətlərini nəzərdə tutmuşdur, onda qeyd etmək lazımdır ki, hətta belə olduğu təqdirdə də "xxxx" ASC (iddiaçı) tərəfindən heç bir iddia müddətləri ötürülməmiş, əksinə, "xxxx" ASC hüquqlarını pozulduğunu bildiyi andan dərhal qanunvericilikdə nəzərdə tutulmuş proseduralara (pretenziya, mediasiya) riayət etməklə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC (iddiaçı) tərəfindən aktlarda göstərilən işlərin tam həcmdə görülməməsinə dair pretenziya məktubu obyektiv olaraq xx.xx.2023-cü il tarixində ona görə təqdim edilmişdir ki, həmin tarixə qədər iddiaçıda cavabdeh tərəfindən görülmüş işlərdə problemlərin olması barədə hər-hansısa şübhə olmamışdır. Müqavilənin müddətinin bitməsinə çox az qalmış cari vəziyyət iddiaçıda əsaslı şübhələr yaratmış və buna görə də "xxxx" ASC tərəfindən müqavilədən imtina edilmişdir (müqaviləyə xitam verilmişdir). Belə ki, "xxxx" ASC öz hüquqlarının pozulduğunu şübhə etdiyiandan etibarən zəruri addımlar atmış, qeyd edildiyi kimi bu şübhələri sonradan mötəbər sübutlarla təsdiq etmişdir. "xxxx" ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Cavabdeh MMC tərəfindən müqavilədə qeyd olunandan fərqli materiallardan istifadə edilməsinə, bəzi işlərin görülməməsinə, bəzi işlərin lazımı qaydada görülməməsinə, o cümlədən bəzi hallarda müqavilədə qeyd olunandan daha yüksək qiymətlə invoys tərtib edilərək cavabdeh tərəfindən ödənişlər alınasına və bəzi hallarda isə ümumiyyətlə görülməmiş işlər üzrə invoys tərtib edilərək ödənişlər alınmasına istinad etmişdir. Amma Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-168/2024 nömrəli qətnaməsində ümumiyyətlə iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmayan artıq və təkrar edilmiş ödənişlərə dair heç bir münasibət bildirilməmiş və bu məqamlar araşdırmamışdır. Halbuki məhkəməyə təqdim edilən daxili audit yoxlamasının nəticəsi olan arayışın qoşması olan cədvəldə bütün bu xüsusatlar təfsilatlı olaraq göstərilmişdir. Yəni iddiaçı "xxxx" ASC AR MPM-in 77.1-ci maddəsinə əsasən öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir, amma məhkəmə bunu nəzərə almamışdır. Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli qətnaməsində şahid kimi dindirilmiş şəxslər X2 və X9 Cavabdeh MMC-yə xidməti müqavilə üzrə xidmət göstərmələri qeyd edilmiş və onların qeyd etdiyi xüsusatlar sübut kimi sadalanmışdır. Halbuki məhkəmə prosesində iclasa sədrlik edən hakim həmin şəxslərin xidməti müqavilələrini cavabdehdən tələb etmiş, cavabdeh bunları məhkəməyə təqdim edəcəyini bildirsə də, bunları təqdim etməmişdir, yəni nəticədə iş materialların da sözügedən şəxslərin Cavabdeh MMC-yə xidmət göstərmələrini sübut edən mötəbər dəlillər olmamışdır, amma buna baxmayaraq məhkəmə bu sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməmişdir. Bakı Kommersiya Məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilən,xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6949 nömrəli “Ekspert rəyi”ni lazımi qaydada tədqiq etməmiş, həmin ekspert rəyinə dair iddiaçının münasibətini araşdırmamış, iddiaçının əlavə ekspertiza ilə bağlı vəsatətini formal və əsaslandırılmamış qərardad ilə rədd etmişdir. Halbuki, "xxxx" ASC həmin ekspert rəyi ilə qismən razı olmuş, razı olduğu məqamlara əsaslanaraq iddia tələbinin həcmini artırmışdır. Bakı Kommersiya Məhkəməsi qətnaməsində işlərin görülməsinin xx.xx.2023-cü il tarixində iddiaçının təşəbbüsü ilə dayandırılmasını qeyd etsə də, iş materiallarında bunu təsdiq edəcək heç bir mötəbər sübut olmamışdır. Halbuki iş materiallarında olan mötəbər sübutlara əsasən tərəflər arasında olan mülki münasibətlərə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Həmçinin Cavabdeh MMC tərəfindən işlərin xx.xx.2023-cü il tarixində iddiaçının təşəbbüsü ilə bitməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, Bakı Kommersiya Məhkəməsi qətnaməsində iddianın təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyan aşağıdakı faktiki halları aydınlaşdırmamışdır. Halbuki aşağıdakı faktiki hallar aydınlaşdırılsaydı və nəzərə alınsaydı "xxxx" ASC-nin (iddiası) təmin edilməli idi: "xxxx" ASC (iddiaçı) tərəfindən müvafiq tələbin Cavabdeh MMC-yə irəlisürülməsi, yənimüvafiq vəsaitlərin məhkəmə qaydasındacavabdehdən tələb edilməsi həm Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (AR MM), həm də müqaviləyə tam uyğun olan, əsaslı və qanuni addım olmuşdur, o cümlədən "xxxx" ASC hüquqlarını pozulduğunu bildiyi andan etibarən qanunvericilikdə nəzərdə tutulmuş heç bir müddəti ötürmədən müvafiq prosedurlara (pretenziya, mediasiya) riayətetməklə məhkəməyə müraciət etmişdir; 2.Nə qanunvericilikdə, nə də tərəflər arasında olan müqavilədə Cavabdeh MMC-ni (cavabdehi) məsuliyyətdən azad edən norma nəzərdə tutulmamışdır (və nəzərdə tutula da bilməzdi); 3."xxxx" ASC (iddiaçı) sözü gedən podrat müqaviləsini müvafiq hüquqi məqsədə və hüquqi nəticəyə çatmaq üçün bağlasa da, yekunda Cavabdeh MMC öz öhdəliklərini vicdanla yerinə yetirmədiyinə görə "xxxx" ASC (iddiaçı) nə bu məqəsədə, nə də ki, bu nəticəyə çatmamışdır; 4. Tərəflər arasında olan təhvil-təslim aktlarının mövcudluğu həmin aktların arxasında dayanan işlərin vicdanlı şəkildə görülübgörülməməsini məhkəmə qaydasında (qanunvericilikdə nəzərdə tutulmuş şəkildə) sorğulamaq (mübahisləndirmək) üçün maneə yaratmadığına baxmayaraq, Bakı Kommersiya Məhkəməsi həmin aktların arxasında dayanan işlərin həqiqətən də vicdanla görülüb-görülmədiyinə qiymət verməmiş, mötəbər sübutlar hesab edilən, məhkəmə tərəfindən təyin edilən və keçirilən ekspertizanın nəticəsi olan ekspert rəyini və iddiaçının daxili audit departamenti tərəfindən aparılan audit rəyini (arayışını) nəzərə almamışdır. 5."xxxx" ASC (iddiaçı) müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Cavabdeh MMC (cavabdeh) tərəfindən müqavilədə qeyd olunandan fərqli materiallardan istifadə edilməsi, bəzi işlərin görülməməsi, bəzi işlərin lazımı qaydada görülməməsi ilə yanaşı, həmçinin, bəzi hallarda müqavilədə qeyd olunandan daha yüksək qiymətlə invoys tərtib edilərək cavabdeh tərəfindən ödənişlər alınmasına və bəzi hallarda isə ümumiyyətlə görülməmiş işlər üzrə invoys tərtib edilərək ödənişlər alınmasına istinad etsə də, Bakı Kommersiya Məhkəməsi ümumiyyətlə iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmayan artıq və təkrar edilmiş ödənişlərə dair heç bir münasibət bildirməmiş və bu məqamları araşdırılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Bakı Apellyasiya Məhkəməsində birinci icraat

35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(103)-318/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir (sədrlik edən – T.Mahmudova, hakimlər – E.Həsənov və L.Əliyeva).

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin yerinə yetirilməsi zamanı aşkar olunan qüsurların mövcudluğunu sübutetmə yükü iddiaçının, işin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü isə cavabdehin üzərinə düşmüşdür. Hazırkı halda iddiaçı cavabdehin qüsurlu iş görməsi nəticəsində zərəri tələb etmiş, bu baxımdan iddianın qanuni əsası kimi podrat müqaviləsi ilə bağlı MM-in 762 və 765-ci maddələri çıxış etmişdir.

37. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.2-ci bəndindən və müqaviləyə edilmiş 1 nömrəli əlavədən görünür ki, icraçı əlavədə göstərilmiş işləri ən yüksək standartlara uyğun yerinə yetirməlidir. İddiaçı işlərin məhz göstərilən keyfiyyətə uyğun olmaması ilə bağlı hər hansı dəlil təqdim etməmişdir.

38. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspertiza rəyində də görülmüş işlərin keyfiyyətinin müəyyən edilməsi mümkün olmamışdır və yalnız cavabdehin müqavilə və müqaviləyə əlavə üzrə smetada nəzərdə tutulan sayda tikinti materiallarından istifadə edilmədiyi göstərilmişdir. Smetada nəzərdə tutulan sayda tikinti materiallarından istifadə edilməməsi görülmüş işin qüsurlu olmasına dəlalət edə bilməz.

39. Eyni zamanda, iddiaçı cavabdehə bu qüsur barəsində məlumat verməmiş və birtərəfli qaydada görülmüş işlərin audit yoxlamasını həyata keçirmişdir. Kollegiya qəbul etmişdir ki, bir sıra hallarda podratçılar öz hüquqlarından sui-istifadə edərək, məsuliyyətdən yayınmaq məqsədilə qüsur aktının (və ona bərabər sübutetmə vasitələrini) tərtib olunmasından yayınmağa çalışır, lakin sifarişçilər bu halda vicdanlılıq prinsipinə uyğun olaraq, müxtəlif üsullarla qüsur aktının tərtib edilməsində podratçının iştirakını və ya ən azından məlumatlı olmasını təmin etməlidirlər. Hazırkı mübahisə üzrə belə bir hal müəyyən olunmadığından, məhkəmə iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş audit yoxlamasını təklikdə sübut kimi qiymətləndirə bilməz - əks yanaşma tərəflərin bərabərlik prinsipinin pozuntusuna gətirib çıxarardı.

40. Həmin yoxlama ilə bağlı kollegiya ona da qeyd etmişdir ki, iddiaçı sözügedən rəyi işləri təhvil-təslim etdikdən və müqavilə ilə nəzərdə tutulmuş 180 günlük pretenziya vermə müddətini ötürdükdən sonra tərtib etmişdir.

41. İddiaçı həmin təhvil-təslim aktlarının nümayəndələri tərəfindən imzalandığını təkzib etməmiş və bunu yalnız onunla əsaslandırmışdır ki, təhvil-təslim aktlarını imzalayan nümayəndələri onun etimadından sui-istifadə edərək, hüquqazidd hərəkət etmişlər, bununla bağlı həmin işçilərə qarşı əmək qanunvericiliyi çərçivəsində iddia qaldırmışdır.

42. Kollegiya hesab etmişdir ki, həmin işçilərin iddiaçının etimadından sui-istifadə etməsi hazırkı icraat üzrə təhvil-təslim aktlarının mötəbərliyinin şübhə altına alınması üçün əsas ola bilməz. Belə ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır, onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se - başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir). İddiaçının işçilərinin onun etimadından sui-istifadə etməsi onu daxil olduğu kommersiya münasibətləri çərçivəsində məsuliyyətdən azad etməmişdir. Beləliklə, iddiaçı görülmüş işi özü təhvil-təslim aktını qəbul etməklə təsdiqləmişdir. Bundan sonra isə iddiaçı müqavilə üzrə müəyyən edilmiş müddət ərzində də pretenziya hüququnu həyata keçirməmiş, yalnız müqaviləyə birtərəfli qaydada xitam verdikdən 6 ay sonra işlərin keyfiyyətini yoxlamışdır. Başqa sözlə, tərəflər arasında bağlanmış müqavilədə iddiaçının 180 gün ərzində pretenziya hüququnu həyata keçirə bilməsi təsbit olunsa da, iddiaçı bu hüququndan istifadə etməmişdir. Odur ki, qüsurlarla bağlı tələb hüququ əmələ gələ bilməz.

43. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 385.1, 404.1, 404.2, 425.1, 448.1, 448.3, 456, 752.1, 753.1, 762.1, 762.2, 763, 764, 765, 769, 770 və 773-cü, MPM-in 14.2, 77.1, 77.3 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

44. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-563/2025 nömrəli qərarı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(103)-318/2025 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən - B.Məmmədli, hakimlər - R.Qurbanov və E.Şamayev).

46. Kassasiya instansiyasının mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəyinin tədqiqat hissəsində görülmüş işlərin müqavilədə göstərilən qiymətlərə əsasən, işlərin ümumi dəyərinin 571.062,72 manat, real ümumi dəyərinin 986.903,15 manat müəyyən edildiyi qeyd olunmuşdur. Əvvəla, faktlar üzrə işə baxan məhkəmələr ekspert rəyinə lazımi qaydada qiymət verməmiş, rəyə əsasən görülmüş işlərin dəyərinin nə qədər olmasına hər hansı konkret münasibət bildirməmişlər. İkincisi və ən əsası isə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında bağlanmış 2021-ci il 17 may tarixli podrat müqaviləsinə edilmiş müvafiq dəyişikliklərə əsasən, yekun olaraq 2023-cü il 25 fevral tarixinədək tam həcmdə və lazımi keyfiyyətdə sifarişçiyə təhvil verilməli işlərin dəyəri 1.610.937,77 təşkil etmişdir. 2023-cü il 19 yanvar tarixində işlərin görülməsi iddiaçının təşəbbüsü ilə dayandırılmış, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2023-cü il 28 fevral tarixli bildirişlə podrat müqaviləsinin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyi göstərilmişdir. Beləliklə, ekspert rəyində müəyyən edilmiş 986.903,15 manat - ən böyük rəqəm əsas götürülsə belə, görülən işlərin nəzərdə tutulandan 624.034,62 manat az olduğu aşkar görünür (1.610.937,77 - 986.903,15). Yəni işlərin, müddətin başa çatmasından təqribən bir ay əvvəl (2023-cü il 19 yanvar tarixində) dayandırılmasına baxmayaraq, 2021-ci il 17 may tarixli podrat müqaviləsi bağlandıqdan sonra təqribən 1 il 7 ay ərzində faktiki görülmüş işlərin həcmi nəzərdə tutulan işlərin cəmi 61,3 %-ni təşkil etmişdir. Ekspert rəyi ilə müqavilədə göstərilən qiymətlər əsasında müəyyən edilən 571.062,72 manatın əsas götürüləcəyi halda isə həmin faiz nisbəti cəmi 35,4 % olacaqdır.

47. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, podrat müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1.146.616,39 manat vəsait ödənilmiş, avans məbləğ (255.401,33 manat) qarantiya öhdəliyi qaydasında sifarişçiyə geri qaytarılmışdır. Beləliklə sifarişçinin podratçıda qalan məbləğinin, cəmi 891.215,06 manat olduğu (1.146.616,39 - 255.401,33) iş materiallarından görünməkdədir.

48. MM-in 762.3-cü maddəsinin məzmununa görə, podratçının podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

49. MM-in 765-ci maddəsində isə sifarişçiyə podrat müqaviləsindən imtina etmək və müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçidən almaq hüquqları verilmişdir.

50. Göründüyü kimi, qanun işlərin yarımçıq yerinə yetirilməsini qüsurlu icra hesab edir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ekspert rəyindəki sözügedən xüsusatlara qiymət verməmiş, istinad olunan normalarının hazırkı mübahisəyə əlaqəli şəkildə tətbiqi imkanlarını dəyərləndirməmişdir. Həmin qeyri-müəyyənlik səbəbindən isə görülən işlərin dəyərinin konkret olaraq nə qədər olması və həmin işlərin sifarişçi tərəfindən faktiki ödənilmiş məbləğdən az olub-olmaması barədə hazırda birmənalı nəticəyə gəlmək olmur.

51. Belə ki, natamam görülmüş iş özü qüsurlu icradır. Belə olan halda, muzdunu tam alıb işi isə yarımçıq yerinə yetirmiş podratçının həmin haqqı tam şəkildə özündə saxlamasının hüquqi əsası yoxdur. İddiaçı da məhz cavabdehin qüsurlu iş görməsi nəticəsində çəkdiyi zərəri tələb edir. Odur ki, hazırkı iddia təmin olunacağı təqdirdə qüsurlu, yəni natamam işə görə ödənilmiş muzd müvafiq hissədə sifarişçiyə geri qaytarılmalıdır.

52. Bundan başqa, işdə olan təhvil-təslim aktlarını mötəbər sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı görülmüş işi özü təhvil-təslim aktını qəbul etməklə təsdiqləmişdir.

53. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, heç bir sübutun, o cümlədən təhvil-təslim aktlarının, yaxud ekspert rəyinin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə yalnız sübutların hamısına əlaqəli şəkildə qiymət verdikdən sonra iş üzrə düzgün nəticəyə gələ bilər.

54. Baxılan işdə isə faktiki ödənilmiş muzd müqabilində işlərin əksik, yəni qüsurlu görülməsi hazırda istisna deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, məhkəmənin özünün təyin etdiyi ekspert rəyi ilə müəyyən edilmiş qiymətlərə işə faktiki hallar üzrə baxan məhkəmələr hələ qiymət verməmişlər. Belə olan təqdirdə isə təhvil-təslim aktlarının, iddianın əsassızlığını birmənalı şəkildə təsdiq edən sübut kimi dəyərləndirilməsi prosessual qanunun imperativ göstərişlərinə ziddir.

55. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış müqavilədə iddiaçının 180 gün ərzində pretenziya hüququnu həyata keçirə bilməsi təsbit olunsa da, iddiaçının bu hüququndan istifadə etməməsi səbəbindən qüsurlarla bağlı tələb hüququnun əmələ gələ bilmədiyinə dair mövqeyi ilə də razılaşmır.

56. Hazırkı halda işdən məlum olur ki, yuxarıda qeyd olunduğu kimi, müqaviləyə edilmiş son dəyişikliklərdən sonra işlər 2023-cü il 25 fevral tarixində tam təhvil verilməli idi.

57. Göründüyü kimi, eyni obyektdə aparılmalı təmir işləri 2023-cü il 25 fevral tarixində bitməli idi, lakin işlər, ən azından, 2023-cü il 19 yanvar tarixində sifarişçi tərəfindən dayandırılanadək davam etmişdir. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi MM-in 776.2-ci maddəsinin məzmununa istinadən, tərəflər arasında imzalanmış təhvil-təslim aktlarının mahiyyət etibarilə işlərin hissə-hissə qəbulunu nəzərdə tutub-tutmamasına, yəni həmin təhvil-təslim aktlarının aralıq və ya yekun təhvil-təslim aktları olub-olmamasına, eləcə də 180 günlük pretenziya müddətinin ötürülübötürülməməsinə qiymət verməli idi.

58. Odur ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələyə aydınlıq gətirmədən iddiaçının 180 günlük pretenziya hüququndan istifadə etməməsi səbəbindən qüsurlarla bağlı tələb hüququnun əmələ gələ bilmədiyinə dair məhkəmənin mövqeyi qanuna uyğun hesab edilə bilməz.

59. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 762.3, 765, 776.2ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarı, MPM-in 88, 103.1, 416.1, 416.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

60. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

61. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

62. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. - 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. - 776.2-ci maddəsinə əsasən əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Apellyasiya baxışının hədləri

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

66. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

67. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

68. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-168/2024 nömrəli qətnaməsi ləğv edilməli, xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli “İşlərin görülməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh MMC-dən müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə 320.152,34 manat pul tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

69. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və toplanmış sübutları araşdıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyi və verilmiş göstərişləri nəzərə almaqla aşağıdakı nəticəyə gəlir:

70. İş materiallarından müəyyən olunur ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqavilənin və sonradan bağlanmış əlavə sazişlərin şərtlərinə əsasən cavabdeh ünvan 2 ünvanında yerləşən inzibati binada əsaslı təmir işlərini yerinə yetirməyi, iddiaçı isə görülmüş işlərin müqabilində müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə edilmiş dəyişikliklər nəticəsində podrat işlərinin ümumi dəyəri 1.610.937,77 manat müəyyən edilmişdir.

71. İş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən podrat müqaviləsi üzrə cavabdehə ümumilikdə 1.146.616,39 manat vəsait ödənilmiş, həmin məbləğin 255.401,33 manatı bank qarantiyası üzrə iddiaçıya geri qaytarılmışdır. Beləliklə, podrat müqaviləsi üzrə cavabdehin sərəncamında qalan vəsait 891.215,06 manat təşkil etmişdir.

72. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, müqavilədə göstərilən qiymətlər əsasında faktiki görülmüş işlərin dəyəri 571.062,72 manat, real bazar qiymətləri əsasında isə 986.903,15 manat təşkil edir.

73. Ali Məhkəmə həmin ekspert rəyinə faktiki hallar üzrə baxan məhkəmələr tərəfindən lazımi hüquqi qiymət verilmədiyini göstərmiş və qeyd etmişdir ki, görülmüş işlərin dəyərinin konkret olaraq nə qədər olması və həmin işlərin sifarişçi tərəfindən ödənilmiş məbləğdən az olub-olmaması məsələsi araşdırılmalıdır.

74. Məhkəmə kollegiyası hesab edir ki, podrat müqaviləsi üzrə tərəflərin qarşılıqlı hüquq və vəzifələri müqavilə ilə müəyyən edildiyindən görülmüş işlərin dəyərinin qiymətləndirilməsində müqavilədə nəzərdə tutulmuş qiymətlər əsas götürülməlidir. Bu baxımdan ekspert rəyində göstərilən 571.062,72 manat məbləği faktiki görülmüş işlərin müqavilə üzrə dəyəri kimi qəbul edilir.

75. Məhkəmə kollegiyası cavabdeh tərəfindən irəli sürülən və birinci instansiya məhkəməsi tərəfindən də nəzərə alınmış müqavilədə nəzərdə tutulmuş 180 günlük müddətin ötürülməsi ilə bağlı dəlilə münasibət bildirərək aşağıdakıları qeyd edir:

76. Tərəflər arasında bağlanmış podrat müqaviləsinin 4.3.5-ci bəndinə əsasən sifarişçinin təhvil verilmiş işlərin müqavilənin keyfiyyət, həcm və digər şərtlərinə uyğun gəlmədiyi barədə işlərin təhvil verildiyi tarixdən etibarən 180 gün müddətində bildiriş vermək hüququ nəzərdə tutulmuşdur.

77. Lakin məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müddət müqavilə üzrə qüsurlarla bağlı bildiriş vermək hüququnun həyata keçirilməsi üçün müəyyən edilmiş müddət olmaqla, sifarişçinin podratçının öhdəliyi natamam icra etməsi nəticəsində yaranmış tələb hüququnu məhdudlaşdıran müddət kimi qiymətləndirilə bilməz.

78. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, podrat müqaviləsi üzrə işlərin natamam yerinə yetirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.3-cü maddəsinin məzmununa görə qüsurlu icra hesab olunur. İş materiallarından və ekspert rəyindən müəyyən olunur ki, podrat müqaviləsi üzrə nəzərdə tutulmuş işlər tam həcmdə yerinə yetirilməmiş və faktiki icra olunmuş işlərin müqavilə üzrə dəyəri nəzərdə tutulmuş işlərin yalnız bir hissəsini təşkil etmişdir. Bu səbəbdən cavabdehin öhdəliyi tam icra edilmiş hesab edilə bilməz.

79. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 765-ci maddəsinə əsasən podratçı müqavilə üzrə öhdəliyini lazımınca icra etmədikdə sifarişçi müqavilədən imtina edə və xərclərin əvəzinin ödənilməsini tələb edə bilər.

80. Bundan əlavə nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən podrat işlərinin yekun tamamlanma müddəti xx.xx.2023-cü il müəyyən edilmişdir. İş materiallarından görünür ki, işlər həmin tarixə qədər tam başa çatdırılmamışdır.

81. Belə olan halda, podrat işlərinin natamam icrası ilə bağlı hüquqi münasibətlər yalnız işlərin hissə-hissə təhvil verilməsi mərhələsi ilə məhdudlaşdırıla bilməz və sifarişçinin müqavilə üzrə yekun nəticəni qiymətləndirmək hüququ saxlanılır.

82. Əks yanaşma podratçının müqavilə üzrə işləri natamam yerinə yetirməsinə baxmayaraq yalnız formal müddətə istinad etməklə məsuliyyətdən azad edilməsinə gətirib çıxarar ki, bu da mülki hüququn əsas prinsiplərinə, xüsusilə vicdanlılıq və ədalət prinsiplərinə uyğun deyildir.

83. Ali Məhkəmə həmçinin qeyd etmişdir ki, təhvil-təslim aktlarının mövcudluğu və müqavilədə müəyyən edilmiş bildiriş müddəti digər sübutların, o cümlədən ekspert rəyinin qiymətləndirilməsini istisna etmir və məhkəmə tərəfindən görülmüş işlərin real dəyərinin müəyyən edilməsi zəruridir.

84. İş materiallarına görə cavabdehin sərəncamında qalan vəsait 891.215,06 manat, faktiki görülmüş işlərin müqavilə üzrə dəyəri isə 571.062,72 manatdır. Beləliklə, 891.215,06 manat – 571.062,72 manat = 320.152,34 manat məbləğində vəsait görülməmiş və ya müqavilə üzrə icra olunmamış işlərin qarşılığı kimi cavabdehin sərəncamında qalmışdır.

85. İş üzrə sübutların məcmusunun qiymətləndirilməsi nəticəsində məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam həcmdə icra etməmiş, nəticədə iddiaçı tərəfindən ödənilmiş vəsaitin bir hissəsi cavabdehin sərəncamında əsassız olaraq qalmışdır.

86. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli qətnaməsi ləğv edilməli, xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli “İşlərin görülməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh MMC-dən müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə 320.152,34 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

87. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh MMC-dən mediasiya üçün ödənilmiş 200 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 276,13 manat, xidmət haqqı olaraq ödənilmiş 1,05 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 238,50 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməldir.

88. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri də cavabdehə aid edilməlidir.

89. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385, 392, 393 və 404-407-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-168/2024 nömrəli qətnaməsi ləğv edilsin. xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli “İşlərin görülməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh MMC-dən müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə 320.152,34 manat (üç yüz iyirmi min yüz əlli iki manat, otuz dörd qəpik), mediasiya üçün ödənilmiş 200 (iki yüz) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 276,13 manat (iki yüz yetmiş altı manat on üç qəpik), xidmət haqqı olaraq ödənilmiş 1,05 manat (bir manat beş qəpik), apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 238,50 manat (iki yüz otuz səkkiz manat əlli qəpik) pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar