Məhkəmə qərarları › İş №2-2(103)-1224/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1224/2025

04.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1224/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə (Ləğv prosesindədir) qarşı “ödəniş tapşırıqlarının icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7928/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 18 oktyabr 2023-cü il tarixli 001, 002 və 003 saylı ödəniş tapşırıqlarının icra olunması barədə cavabdehin üzərinə öhdəlik qoyaraq sonuncudan iddiaçının bank hesabına ******* manat vəsaitin köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7928/2025 saylı qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 7928/2025 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadında iddianın mahiyyətinə təsir edən mühüm hüquqi və faktiki hallar nəzərə alınmamışdır. İddiaçının təqdim edilmiş ödəniş tapşırıqları 18 oktyabr 2023-cü il tarixdə, yəni bankın hələ fəaliyyət göstərdiyi vaxtda təqdim edilmiş və icra üçün qəbul edilmişdir. Məhkəmə nəzərə almadı ki, lisenziyanın ləğvi haqqında qərar yalnız 19 oktyabr 2023-cü ildən qüvvəyə minib, bu isə o deməkdir ki, Cavabdeh ASC həmin tarixədək öhdəliklərini icra etməli idi. Həmin 73.1-ci maddəsində xüsusilə qeyd olunur ki, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur. Göründüyü kimi, onların ödəniş tapşırıqları gerigötürülməz bir ödəniş tapşırıqlardır və bank tərəfindən icra olunmalı idi. Çünki, 73.1-ci maddəsinə görə, “üçüncü tərəf” məhz bankın özüdür və ödəniş tapşırıqları ödəniş sisteminə daxil edildikdən sonra bank üçün icrası məcburi hüquqi öhdəlik yaradır. Biz məhkəmədən hesablarından olan vəsaitin tələbi ilə bağlı iddia irəli sürməmişləe və məhz buna görə onların iddiası digər iddialardan fərqlənir. Onlar məhkəməyə müraciət etmişlər ki, tərəflərindən ödəniş tapşırıqları bank fəaliyyətdə olan zamanı təqdim edilmişdir, cavabdeh isə bunu həmin gün icra etməmişdir, növbəti gün isə bank təşkilatının lisenziyasının geri çağırılması cavabdeh onu icra etməkdən imtina etdi, halbuki gerigötürülməz ödəniş tapşırıqların icrası məcburidir, hətta bank müflis elan olunsa belə. Cavabdeh ödəniş tapşırıqların vaxtında qəbul olunduğunu yazılı şəkildə təsdiq etmişdir. "xxxx" ASC-nin ödəniş tapşırıqlarını icra etməməsi, həm “Banklar haqqında” Qanunun 73.1-ci maddəsinin, həm də Mülki Məcəllənin 422-ci və 959.2-ci maddələrinin pozulması deməkdir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 959.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-7928/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda şikayəti müdafiə etmiş, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Xəlilzadə izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina edərkən gəldiyi nəticəni müflis elan olunmuş banka qarşı yönəldilmiş hazırkı tələbə mülki və mülki prosessual qanunvericilikdə nəzərə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılması olması ilə əsaslandırmışdır. İddia ərizəsinin məzmunundan isə görünür ki, İddiaçı MMC Cavabdeh ASC-nin müflis elan edilməsi barədə qərar qəbul edilənədək tərəflərindən bank hesablarında olan pul vəsaitinin başqa hesaba köçürülməsinə dair ödəniş tapşırıqlarının göndərilməsinə, lakin həmin tapşırıqlarının icra edilmədiyinə istinad etməklə sözügedən ödəniş tapşırıqlarının icra edilməsini tələb edir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci madddəsinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; ...” 73.1-cü maddəsinə əsasən bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun. Sözügedən normaların məzmunundan da göründüyü kimi bankın müflis elan olunmasına dair qərar qüvvəyə minənədək ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda da hüquqi qüvvədə qaldığından həmin ödəniş tapşırıqlarının icra edilməsi barədə tələblər müflisləşmə prosesi çərçivəsində baxılmalı olan kreditor tələblər hesab edilmir və belə olan halda həmin tələblərə müflisləşmə prosesi çərçivəsində baxılmalı deyil. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxılarkən göstərilən hal nəzərə alınmamış, iddiaçının tələbinin əsası kimi istinad etdiyi ödəniş tapşırıqlarının bankın müflis elan olunmasına dair qərar qüvvəyə minənədək ödəniş sistemlərinə daxil edilib-edilməməsi, həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilib-edilməməsi və belə olan halda hazırkı iddia tələbinin “Banklar haqqında” AR Qanununun 73.1.1-ci maddəsinin tələbləri baxımından bankın müflisləşmə prosesi çərçivəsində və ya mülki mühakimə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalı olan tələb olub-olmaması aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Odur ki, hazırkı halda şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi tərəfindən hazırkı qərardadda qeyd edilən iş üçün əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7928/2025 saylı qərardadı ləğv edilsin, iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar