Məhkəmə qərarları › İş №2-2(103)-1251/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1251/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1251/2025 09.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1553/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 001 saylı podrat müqaviləsinə görə, sifarişçi təmir işlərin görülməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür.

2. . Müqavilənin 1.2-ci bəndinə görə göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesabfakturada qeyd edilir.

3. Müqavilənin 2.4-cü bəndinə görə icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı (Forma 2) imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır.

4. . Müqavilənin 4.1-ci bəndinə görə göstərilən xidmətlərin həcmi hər ay icraçı tərəfindən tərtib olunan işlərin icra olunma aktına (Forma 2) əsasən xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.

5. Müqavilənin 4.2-ci bəndinə görə icraçının xidmət haqqı sifarişçi tərəfindən 10 (on) təqvim günü müddətinə icraçının bank hesabına köçürülür və ya nağd qaydada icraçının özünə və ya səlahiyyətli nümayəndəsinə ödənilir.

6. Tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən görüləcək işlərin ümumi məbləği 207218,74 manat, xx.xx.2023-cü il tarixli, 02 nömrəli qiymət razılaşma protokoluna əsasən görüləcək işlərin ümumi məbləği 116579,20 manat, xx.xx.2023-cü il tarixli, 03 nömrəli qiymət razılaşma protokoluna əsasən görüləcək işlərin ümumi məbləği 76098,32 manat, xx.xx.2023-cü il tarixli, 4 nömrəli qiymət razılaşma protokoluna əsasən görüləcək işlərin ümumi məbləği 150338,84 manat təşkil edir.

7. Tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 01 nömrəli, xx.xx.2023-cü il tarixli 02 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli və xx.xx.2023-cü il tarixli 04 nömrəli təhvil təslim aktlarına əsasən ümumilikdə 550235,10 manat həcmində görülmüş işlər cavabdeh tərəfindən təhvil alınmışdır. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 213720,80 (iki yüz on üç min yeddi yüz iyirmi manat səksən qəpik) manat məbləğində borcun və 503,72 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1553/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 213720,80 manat məbləğində pul, 503,72 manat dövlət rüsumu, ümumilikdə 214224,52 (iki yüz on dörd min iki yüz iyirmi dörd manat əlli iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

10. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1553/2025 nömrəli qətnaməsinin ləğv edillməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi məlumat çatmamış, çəkişmə prinsipi təmin edilməmiş və nəticədə cavabdeh öz mövqeyini məhkəmədə bildirə bilməmişdir. Apellyasiya şikayətinə əlavə edilən sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya külli miqdarda pul vəsaiti ödənilmişdir. Məhkəmə isə həmin hissədə araşdırma aparmamış və real borc məbləğini müəyyən etməmişdir. İddiaçı tərəfindən görülmüş təmir qiymətləri olduqca şişirdilmiş, cavabdeh bunu sonradan müəyyən etmişdir. Bununla da iddiaçı əsassız olaraq varlanmağa çalışır. Məhkəmə iddiaçı tərəfindən görülmüş işlərin müqavilənin və müqavilə tərəflərinin tələblərinə uyğun olub-olmamasını müəyyənləşdirməmiş, görülmüş işlərdə qüsurların olub-olmamasını, cavabdeh tərəfindən edilmiş ödənişləri tam nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə sistemi vasitəsi ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.

13. Etiraz belə əsaslandırılmışdır: Cavabdeh məhkəmə prosesi barədə məlumatlandırılmış, lakin məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilən dəlil həqiqəti əks etdirmir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdehin qanuni təmsilçisi Nümayəndə2 Tofiq oğlunun adına qeydiyyatda olan və faktiki istifadə etdiyi “*** *** ** **” nömrəsinə bütün iclaslar barədə məlumatlar göndərilmişdir. İş materiallarının İ cildinin 39, 50, 156, 164 və 171- ci səhifələrində bu SMS-lər “göndərilib” deyil, məhz “çatdırılıb” statusu ilə təsdiq olunduğu görünür, yəni bildirişlər mobil telefonuna daxil olmuşdur. Həmin nömrənin Nümayəndə2 məxsus və onun tərəfindən aktiv istifadə edildiyi də xx.xx.2025 tarixli, Nizami rayon icra şöbəsində öz əl yazısı və imzası ilə verdiyi izahatda təsdiq edilmişdir. Göstərilən dəlil həqiqəti əks etdirmir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdehin nəzərə alınmamasını iddia etdiyi və şikayətində əlavə etdiyi bütün ödənişlər tərəfimizdən məhkəməyə təqdim edilmiş və iddia tələbi irəli sürülərkən nəzərə alınmışdır. Qarşı tərəf özü hazırkı şikayətə ödənişlər barədə sənədləri təqdim edib. Əəgər işlər müqavilə şərtlərinə uyğun deyildisə, cavabdeh hansı səbəbdən “qüsurlu” işlərin aradan qaldırlmasını tələb etmək əvəzinə müqavilə üzrə ödənişlər icra etmişdir? Görülmüş işlərin təhvil-təslim aktlarının imzalanması da bu dəlilin əslində həqiqəti əks etdirməməsini bir daha sübut edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər..

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, hazırda ödənişlərlə bağlı mübahisə yoxdur, mübahisə görülmüş işlərin keyfiyyəti barədədir. Lakin bununla bağlı hər hansı akt yoxdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar.

20. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

21. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

22. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

23. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

24. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini , qətnamənin əsaslılığı qismən (görülmüş işlərin kefiyyəti hissəsində) yoxlanılması təşkil edir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhəkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi vəkili Nümayəndə4 bildirmişdir ki, apellyasiya şikayətinin dəlillərində iddiaçıya külli miqdarda pul vəsaiti ödənildiyi, məhkəmə tərəfindən real borc məbləğini müəyyən edilmədiyi qeyd edilsədə, hazırda ödənişlərlə bağlı hər hansı mübahisələri mövcud deyildir. Mübahisə görülmüş işlərin keyfiyyəti əlaqədardır, işlərin keyfiyyətsiz olmasına dair hər hansı sənədləşmə aparılmamışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisləndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır

32. Birinci instansiya məkəməsində icraat zamanı məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 001 saylı podrat müqaviləsi imzalanmış, həmin müqavilənin əlavələri üzrə cavabdehin sifarişi əsasında ümumilikdə 550235,10 manat həcmində işlər iddiaçı tərəfindən icra edilmiş, görülmüş işlərin müqabilində qalıq 213720,80 manat borc ödənilməmişdir. Müqavilənin 1 saylı əlavəsi ilə razılaşdırılmış işlərə görə borc tam şəkildə cavabdeh tərəfindən ödənilmiş, müqavilənin 2 saylı əlavəsi ilə razılaşdırılmış işlərə görə cavabdeh tərəfindən 99120 manat vəsait ödənilmiş, qalıq 17459,19 manat ödənilməmiş, müqavilənin 3 saylı əlavəsi ilə razılaşdırılmış işlərə görə cavabdeh tərəfindən 30175,55 manat vəsait ödənilmiş, qalıq 45922,77 manat ödənilməmiş, müqavilənin 4 saylı əlavəsi ilə razılaşdırılmış işlərə görə cavabdeh tərəfindən ümumiyyətlə ödəniş edilməmiş, yaranmış 150338,84 manat borc ödənilməmişdir.

33. Cavabdehin nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olması ilə bağlıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir.

34. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur zərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21 yanvar 2016-cı il tarixli Qərarı).

35. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).

36. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 41).

37. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin AVİS kabinetinə yerləşdirilmiş və SMS xəbərdarlıq vasitəsi ilə cavabdehin rəhbəri Nümayəndə2 istifadəsində olan (050)-600-05-09 nömrəsinə prosesslər barədə ona məlumat verilmişdir.

38. İş materillarına əlavə edilmiş Nizami Rayon İcra şöbəsində Cavabdeh MMC-nin rəhbəri Nümayəndə2 tərəfindən verilmiş izahata əsasən (050)-600-05-09 mobil nömrənin ona məxsus olduğu aydın olur.

39. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin iştirakın təmin edilməsi üçün bütün zəruri prosessual səyləri göstərmiş, lakin cavabdeh lazımı fəallıq və sayıqlıq göstərməyərək məhkəmə iclaslarının gedişatı barədə maraqlanmamışdır.

40. Bu xüsusatda kollegiya ona da diqqət çəkir ki, sahibkarlıq fəaliyyəti müəyyən risklər daşımaqla yanaşı həmin fəaliyyətlə məşğul olan şəxsin öz fəaliyyətini peşəkar qaydada təşkil etmək öhdəliyini də ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı vaxtıvaxtında dövlət orqanlarının təqdim etdiyi sənədlərə (xəbərdarlıqlar, bildirişlər, məktublar və s.) ya özü, ya da bu sahədə peşəkarlar (hüquqşünaslar, maliyyəçilər və s.) cəlb etməklə vaxtında münasibət bildirməsini də əhatə edir. Əks təqdirdə kommersiya subyektləri vaxtında göstərmədikləri sayıqlığın riskini daşıyırlar. Bu baxımdan, bu cür fəaliyyətlə məşğul olan şəxslər dövlət orqanlarında (həmin orqanların qanuni çərçivədə verilmiş göstərişlərini) özləri və ya öz nümayəndələri vasitəsi ilə təmsil olunaraq hüquqlarını daha aktiv qorunması üçün səy göstərməlidirlər.

41. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

42. Bu kontekstdə kollegiya qeyd edir ki, məhkəmə pozulmuş hüququnun bərpası institutudur və kommersiya subyekti olan iddiaçının nöqsanlarını düzəltmək vəzifəsi yoxdur. Kollegiya vurğulamağı zəruri hesab edir, Konstitusiyada "azad sahibkarlığa təminat" məhz təminatdır və Azərbaycan Respublikasının sahibkarların daşımalı olduğu riskləri onlarla birgə bölüşdürülməsi kimi şərh edilə bilməz.

43. Beləliklə məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdeh lazımi qaydada məlumatlandıraraq işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipləri pozmamışdır.

44. Məhkəmə kollegiyası göstərilən xidmətlərin qüsurlu olması dəlilinə münasibtədə qeyd edir ki, göstərilən xidmətlərin qüsurlu olması, keyfiyyətinin aşağı olmasına dair hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə iclası zamanı sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili tərəfindən bildirilmişdir ki, göstərilən xidmətlərin qüsurlu olması barədə iddiaçı MMC-yə hər hansı pretenziya, bildiriş, xəbərdarlıq göndərilməmişdir. Əksinə iddiaçıya məxsus ədv sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 990 manat, xx.xx.2024-cü il tarixdə 7219,64 manat, xx.xx.2024-cü il tarixdə 3613,05 manat, xx.xx.2024-cü il tarixdə 14400 manat, xx.xx.2023-cü il tarixdə 720 manat, xx.xx.2023-cü il tarixdə 1890 manat, xx.xx.2023-cü il tarixdə 2700 manat, xx.xx.2023-cü il tarixdə 9000 manat, xx.xx.2023-cü il tarixdə 10800 manat məbləğində ƏDV ödənilmişdir. 16. İddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 15000 manat, xx.xx.2023-cü il tarixdə 10500 manat, xx.xx.2024-cü il tarixdə 20072,50 manat, xx.xx.2024-cü il tarixdə 5500 manat məbləğində ödənişlər edilmişdir.

45. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

46. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Tələblərin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi təsdiq olunmuşdur. Odur ki, cavabdehin digər dəlilləri əsaslı hesab edilə bilməz.

48. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

49. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1553/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar