Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1263/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı “Yapsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı podrat müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 14.09.2021-ci il tarixli e-2-2(113)-4528/2021 saylı qərardadından (hakim Zeynəb Axundova) iddiaçı “Yapsan" MMC tərəfindən verilmiş şikayət ərizəsinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Eİ-SPM-030/19 nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsi üzrə yaranmış 3.307.144,20 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 330.714,42 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək işin icraatı yekunlaşana qədər Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" ASC-də olan AZ96PAHA40060AZNHC********** hesabındakı və "Kapital Bank ASC-nin Mərkəzi Filialında olan AZ36AİİB******************** hesabındakı pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində, yəni 3637888,62 manat məbləğin üzərinə həbs qoyulması, həmin bank hesablarına və pul vəsaitlərinə dair əməliyyatlar aparılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.09.2021-ci il tarixli e-2-2(113)-4528/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin yanaşması tamamilə əsassızdır. İddianın əsaslı olmasını və gələcəkdə təmin edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. İddiaçı MMC (subpodratçı) ilə "xxxx" QSC (podratçı) arasında Eİ-SPM-030/19 nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən subpodratçı podratçının tapşırığına əsasən. Azərbaycan İES layihəsində metal konstruksiyaların və boruların rənglənməsi üzrə işləri görür, sifarişçi isə podratçıya icra edilmiş işlərə görə razılaşdırılmış məbləği ödəyir. Sözügedən müqaviləyə 01 nömrəli əlavədə ölçü vahidinin p/m olduğu razılaşdırılmış və 1 p/m üçün 10,10 manat müəyyənləşdirilmişdir. Lakin görülmüş işlərin təhvil-təslim aktlarında ölçü vahidi yanlış olaraq kv.m göstərilmiş və "xxxx" QSC tərəfindən də kv.m.ə uyğun olaraq ödəniş həyata keçirilmişdir. Belə olan halda, görülən işlərə görə 4-5 dəfə az ödəniş olunmuşdur. Belə ki, görülmüş işlərin əvəzi olaraq 1 p/m — 10,10 manat hesablamaqla, cəmi 4413669,70 manat ödənilməli olduğu halda, cəmi 1106525,50 manat ödənilmiş, (4413669,70 - 1106525,50 - 3307144,20) 3307144,20 manat qalıq borc qalmışdır. Həmin məbləğ hal-hazıradək "xxxx" QSC tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Göründüyü kimi, "xxxx" QSC-nin külli miqdarda borcu qalmışdır və gələcəkdə həmin borcun ödənilməsinin və iş üzrə çıxarılacaq qətnamənin icrasının təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin bank hesablarındakı pul vəsaitlərinin üzərinə həbs qoyulmalı, həmin bank hesablarından hər hansı əməliyyatlar aparmaq cavabdehə qadağan edilməlidir. Sadalanan hallar baxımından hazırkı kommersiya iş üzrə müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən məhkəmə aktı ilə cavabdehin bank hesabları üzərinə qanuni məhdudiyyətin qoyulması qanunun tələbinə uyğundur və məhz iddianı təmin etmə institutunun məqsədlərinə xidmət edir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4528/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.09.2021-ci il tarixli e-2-2(113)-4528/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin ərizəyə baxılan zaman qüvvədə olmuş redaksiyasına əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, üzərinə həbs qoyulması tələb edilən borc məbləği kifayət qədər yüksək məbləğ olduğu halda iddiaçı tərəfindən həmin borc məbləğinin mövcudluğu ilə bağlı ilkin zəruri sübutlar iddia ərizəsinə əlavə edilmədiyindən birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.09.2021-ci il tarixli e-2-2(113)-4528/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “Yapsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 14.09.2021-ci il tarixli e-2-2(113)-4528/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1263/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1263/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver