Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1269/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyevdən və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-971/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 30.08.2021-ci il tarixli qərardadından İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçınin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçınin Azərbaycan Respublikasındakı filialına vurulmuş zərərin əvəzi olaraq 226.868,63 manat məbləğində pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 226.898,63 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçınin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçınin Azərbaycan Respublikasındakı Filialından Cavabdeh MMC-nin xeyrinə 1.699.401 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC vəsatət verərək, tərəflər arasında bağlanmış 11.11.2019-cu il tarixli, 005 ANEL_Mot nömrəli subpodrat müqaviləsinin 17.1-ci bəndində tərəflər arasında yaranmış mübahisənin həllinin arbitraj qaydasının nəzərdə tutulduğunu, arbitrajın İsveçrə, Surixdə həyata keçiriləcəyini, arbitraj prosesinin İsveçrənin əsas qanunları tətbiq olunaraq, ingilis dilində aparılmalı olduğunu bildirmiş və ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.08.2021-ci il e-2-2(113)-971/2021 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 şikayətə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 29-cu maddəsinin tələblərinə görə məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda, işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə işdə iştirak edən şəxs məhkəmə aidiyyatı ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 259.0 və 259.0.5-ci maddələrində isə təsbit olunmuşdur ki, qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan maddələrin birgə təfsirindən müəyyən olunur ki, tərəflər arasında mübahisənin münsiflər məhkəməsinin həllinə verməsi barədə razılaşmanın olması birmənalı olaraq mübahisəyə həmin qaydada baxılması anlamına gəlmir. Çünki bunun üçün hər iki tərəfin razılığı tələb olunur. Tərəflərdən hər hansı biri münsiflər məhkəməsinə deyil, aidiyyəti məhkəməyə müraciət etdiyi halda isə əks tərəf (cavabdeh) işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etmək hüququna malikdir və belə olan halda, məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və işə mahiyyəti üzrə baxılmasına başlanıldıqdan sonra cavabdeh tərəfindən daxil olan vəsatətə baxmışdır. Bundan başqa, məhkəmə prosessual əsaslar olmadan iş üzrə icraata xitam verilməsi barədə səhv nəticəyə gəlmiş və bu zaman nəzərə almamışdır ki, Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-971/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 30.08.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş üzrə icraata xitam verilməsi barədə Cavabdeh MMC tərəfindən verilmiş vəsatət təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1269/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1269/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver