Məhkəmə qərarları › İş №2-2(103)-1277/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1277/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1277/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2453/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı X2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 27.05.2020-ci il tarixli xidməti müqavilə üzrə yaranmış 16756 manat məbləğində əsas borcun, 4827 manat məbləğində cərimə borcu, bank uçot dərəcəsi kimi hesablanmış 1089 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.08.2021-ci il tarixli e-2-2(113)-2453/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 16754,39 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə olmaqla ümumilikdə 17254,39 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq X1 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 23 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq X1 ödənilməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırırlmışdır ki, müqavilənin şərtləri iddiaçı tərəfindən pozulmuşdur. Çünki, müqavilənin şərtlərinə görə, iddiaçı xidmətə saz və istifadəyə yararlı texnikalar təqdim etməli idi. Müqaviləyə görə iş prosesində texnikalara servis göstərilməsi iddiaçının öhdəliyindədir. Lakin texnikalarda müəyyən nasazlıqlar yarandığından tam istifadə olunmamışdır. Buna görə də, ödənişlər dayandırılmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, icraçı X2 ilə sifarişçi Cavabdeh MMC arasında 27.05.2020-ci il tarixli AN/X001/0520 saylı xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən icraçı sifarişçinin tələbinə uyğun təyin edilmiş marşrutlar üzrə texnika ilə materialların yüklənmə işlərini icra etməyi, sifarişçi isə bu xidmət müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, onun tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, razılaşdırılımış işlər görülmüş və təhvil-təslim aktı əsasında görülən işlər təhvil verilmişdir. Belə ki, 2020-ci ilin may ayı ərzində onun tərəfindən göstərilən xidmət haqqını dəyəri 803,6 manat, 2020-ci ilin iyun ayı ərzində göstərilən xidmət haqqının dəyəri 8035,7 manat, 2020-ci ilin iyul ayı ərzində göstərilən xidmət haqqının dəyəri isə 7916,7 manat təşkil edir. Təhvil-təslim aktları Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmış və möhürlənməklə təsdiq edilmişdir. Daha sonra X2 tərəfindən qeyd olunan məbləğlərlə bağlı elektron qaimə vurulmuş və həmin elektron qaimələr də cavabdeh tərəfindən təsdiq edilmişdir. Lakin cavabdeh ödənişi hal-hazıradək həyata keçirməmişdir. Cavabdeh MMC tərəfindən öhdəlik vaxtında icra edilmədiyinə görə müqavilənin 8.3-cü bəndinə əsasən hər gecikdirilən gün üçün 0,1 faiz məbləğində cərimə hesablanmış və məbləği 4827 manat təşkil edir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, tərəflər arasında xidmət müqaviləsi bağlanıb, lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı sifarişçinin tələbinə uyğun təyin edilmiş marşrutlar üzrə texnika ilə materialların yüklənmə işlərini icra etməyi, sifarişçi isə bu xidmət müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı da bildirir ki, o, müqavilə üzrə işləri (torpaq qazma işləri) yerinə yetirmiş, lakin cavabdeh həmin işlərin dəyərini ona ödəməmişdir. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, cavabdeh iddiaya etirazının əsası kimi iddiaçı tərəfindən xidmətə nasaz və texnikalar təqdim etməsi və buna görə də, ödənişlərin dayandırılması ilə əlaqələndirir. Lakin 3 ədəd 22.05.2015-ci il tarixli təhvil-təslim aktına əsasına 2020-ci ilin may ayı ərzində iddiaçı tərəfindən göstərilən xidmət haqqını dəyəri 803,6 manat, 2020-ci ilin iyun ayı ərzində göstərilən xidmət haqqının dəyəri 8035,7 manat, 2020-ci ilin iyul ayı ərzində göstərilən xidmət haqqının dəyəri isə 7916,7 manat təşkil edir. Həmin təhvil-təslim aktları iddiaçı və cavabdehin direktoru tərəfindən imzalanmış və cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçının gördüyü işlər qüsurlu olsaydı, cavabdeh təhvil-təslim aktlarını təsdiq etməkdən imtina edər və ya qeyd etdiyi hallarla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu isə cavabdeh tərəfindən iddiaçının yerinə yetirdiyi işlərin qəbul edilməsi və həmin işlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 16754,39 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia əsaslıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması barədə tələblərin qismən təmin edilmiş hissəsi də əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 8.3-cü bəndinə əsasən, sifarişçi öz öhdəliyinin icrasını gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0,1 faizi həcmində məsuliyyət daşıyır. Mülki Məcəllənin 462.1-ci maddəsinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. İşin hallarını, yəni iddiaçı tərəfindən görülən işlərin dəyərini, onların görülməsi tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə, yəni cəmi 500 manat cərimə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2453/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.08.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar