Məhkəmə qərarları › İş №2-2(103)-128/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-128/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-128/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, qanuni təmsilçisi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı podrat müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 20.09.2021-ci il tarixli, e 2-2(113)-2260/2021 saylı qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat, 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat, 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 176.146,12 manat, cəmi 363.580,16 manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 100.000 manat məbləğində pul vəsaitinin, 25.050,7 manat məbləğində faizlərin, vəkilə ödənilmiş 2.500 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqavilələri üzrə iddiaçı işləri tam şəkildə yerinə yetirərək cavabdehə təhvil versə və bununla bağlı tərəflər arasında müvafiq təhvil-təslim aktları imzalansa da, cavabdeh müqavilə üzrə ödənişləri tam şəkildə yerinə yetirməmişdir. Cavabdehə 18 mart 2021-ci il tarixdə elektron vergi kargüzarlıq sistemi vasitəsilə müvafiq pretenziya məktubu göndərilsə də, cavabdeh borcunu ödəməmişdir. İddiaçı hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün hüquqi yardıma görə vəkilə 2500 manat və iddia ərizəsinin məhkəməyə verilməsinə görə dövlət rüsumu kimi dövlət büdcəsinə 30 manat məbləğində pul ödəmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2-2(113)-2260/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat, 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat, 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 176.146,12 manat, cəmi ƏDV xaric 363.580,16 manat məbləğində əsas borc, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq 1.500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Komerssiya Məhkəməsinin e-2-2(113)-2260/2021 qətnaməsinin qismən ləğv edilməsi, ümumi borc müəyyən olunan 363.580,16 manat pul tələbi tutulması hissəsindən 84 268,48 manat hissənin təmin edilməməsi, 103.165,57 manatdan hissəsindən 62.804 çıxılmaqla 40.362 manat qədər təmin edilməməsi və 176 146,12 hissəsinin təmin edilməməsi ümumilikdə 62804 manat pul vəsaitinın təmin edilməsi, vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 1.500 manat və əlavə 25 manat məbləğində dövlət rüsumunun azaldılaraq 500+10 manat, ümumilikdə 63.314 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 01.04.2021-ci il tarixli EBAZ seriyalı 522434 saylı elektron qaiməyə əsasən cari məbləğ 84268,47 ƏDV 18%-ilə birlikdə 99436,79 AZN məbləğində elektron qaimə kəsilmişdir. Həmin elektron qaiməyə əsasən sübut kimi görülmüş işlərin qəbulu haqqında təhvil-təslim aktı (Forma 2) olmadığına görə həmin hissədə 84268.47 məbləğində pul tələb edilməsi əsassızdır. Belə ki, 20 fevral 2018ci il tarixli 1708-FNX-001 saylı podrat müqavilənin 3.2-ci bəndinə əsasən təqdim edilmiş sənədlər əsasında tələbin düzgünlüyü tam yoxlamayaraq düzgün qiymətləndirməmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən muzd haqqı görülmüş işlərin həcmi və keyfiyyəti sifarişçinin müvafiq Tikinti Departamenti tərəfindən təhvil-təslim aktı ilə təsdiqləndikdən sonra nağd və ya bank köçürməsi ödəniş yolu ilə ödənilir. Görülmüş işlərin həcmi sifarişçinin ölçmə qaydasına uyğun təyin olunur. 30 noyabr 2018-ci il tarixli 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə ümumi qaimənin cəminə əsasən 176.146,12 manat pul tələb etmişdir. Həmin elektron qaiməyə əsasən qörülmüş işlərin qəbulu haqqında sübut kimi təhvil-təslim aktı (Forma 2) olmadığına görə 176.146,12 məbləğində pul tələb edilməsi əsassızdır. Tərəflər arasında 30 noyabr 2018-ci il tarixdə 1721 –FMX-001 saylı müqavilənin 3.2-ci bəndinə əsasən təqdim edilmiş sənədlər əsasında tələbin düzgünlüyü tam yoxlamayaraq düzgün qiymətləndirməmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən muzd haqqı görülmüş işlərin həcmi və keyfiyyəti sifarişçinin müvafiq Tikinti Departamenti tərəfindən təhvil-təslim aktı ilə təsdiqləndikdən sonra nağd və ya bank köçürməsi ödəniş yolu ilə ödənilir. Görülmüş işlərin həcmi faktiki ölçülərə uyğun təyin olunur. 09 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən 103165,57 AZN ƏDV xaric tələb düzgün deyil, əslində 62804.19 AZN məbləğində olmalıdır. Bundan əlavə, 09 noyabr 2018 ci il tarixli müqaviləyə əsasən 85560,39 AZN dəyərində 01.04.2021 ci il tarixdə EBAZ seriyalı 822845 saylı kəsilmiş elektron qaimə ləğv edilərək qarşı tərəf ƏDV ilə birlikdə 38233.96 AZN elektron qaimə kəsməli idi və nəticədə 40361,38 manat ƏDV xaric azalmalıdır. Həmin hissənin də forma 2 sənədi mövcud deyildir. Yuxarıda qeyd edilən hallara açıqlama verərək bildiririk ki, Fenix Construction MMC ilə Gilan İnşaat MMC arasında 09 noyabr 2018 ci il tarixdə 1713 –FC-001 saylı müqaviləyə əsasən 26 noyabr 2019 ci il tarixli F-2 yə əsasən 227508,95 AZN məbləğində iş görülmüşdür. Həmin işlərin görülməsi ilə əlaqədər Fenix Construction MMC-nin Gilan İnşaat MMC-yə 06.10.2020 ci il tarixdə EBAQ seriyalı 913924 saylı elektron qaimə -160402,53. Cari məbləğ 28872.46 ƏDV 18% E/Q kəsmişdir. 01.04.2021 ci il tarixdə EBAZ seriyalı 522845 saylı elektron qaimə -72763.04. Cari məbləğ 13097,35 ƏDV 18% elektron qaimə kəsilmişdir. Həmin 06.10.2020 ci l tarixdə kəsilmiş E/Q-dən ƏDV daxil 39000.00 AZN 30.12.2020 ci il tarixdə ödəniş edilib 01.04.2021 ci l tarixdə kəsilmiş E/Q-dən ƏDV 118000.00 AZN (29.07.2021 ci il tarixdə ödəniş edilib) vəsait ödənilmişdir. Kəsilmiş ümumi E/Q –lərin dəyəri 275135.38 AZN təşkil etmişdir. Lakin F-2 yə əsasən görülmüş işlərin həcmi 227508,95 AZN təşkil etmişdir. Həmin 227508,95 AZN vəsaitdən ümumilikdə 157000 AZN ödənilmiş məbləğ çıxıldıqdan sonra ədvsiz 62804.19 manat, ƏDV daxil 74108.94 AZN vəsait borc olaraq qalmışdır.Lakin qarşı tərəfin bizim şirkətə kəsilmiş E/Q –də isə ƏDV daxil 47626.43 AZN vəsait artıq elektron qaimə kəsilmişdir. (Kəsilmiş E/Q 275135.38 ; 227508.95 F-2; ödənilmiş vəsait cəmi ƏDV daxil 157000.00 AZN ; artıq kəsilmiş E/Q ƏDV daxil 47626.43AZN) həmin ƏDV-siz 40361.38 manat ümumi borcdan azalmalıdır. Həmin işlərin qəbulu haqqında forma 2 mövcud deyildir. Buna görə də, həmin hissədə 40361.38 manat F-2 mövcud olmadığına görə təmin olunmamalıdi. Bu faktiki halda düzgün araşdırılmamamışdır. Burda göstərilən dəlillərlə bağlı tələbkara elektron xəbərnamə göndərilmiş və elektron qaimələri ləğv edib borcun azalmasını xahiş etmiş, lakin qarşı tərəf heç bir münasibət bildirməmişdir. İddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 1.500 manat və əlavə 25 manat məbləğində dövlət rüsumunun tutulmasını ağlabatan hesab edilməsi qismən düzgündür. Tələb olunan məbləğ azaldığı təqdirdə 500 manat həcmində vəkil yardımına görə və dövlət rüsumu 10 manat təyin ediləcəyi ağlabatandır. Məhkəmə İddiaçı təqdim etdiyi elektron qaimələr üzrə araşdırma aparmayaraq qətnamə çıxarmışdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə 24.02.2022-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 20.09.2021-ci il tarixli e-2-2(113)-2260/2021 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilməli, iddia Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 181.138,28 manat borcun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda iş üzrə qəbul edilmiş qətnamə cavabdehdən iddiaçının xeyrinə podrat müqavilələri üzrə əsas borcun və məhkəmə xərclərinin tutulması ilə bağlı hissədə qismən mübahisələndirilir. Əsas borc 62 804 manat hissədə cavabdeh tərəfindən qəbul edilir. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında aşağıdakı podrat müqavilələri bağlanmışdır:

1. 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı (Bakı şəhəri, Səbail rayonunda yerləşən “Cresent Development” tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun su izolyasıya işləri görülməsi ilə bağlı)-görüləcək işlərin dəyəri 967414,59 manat (819845,40+147571,72 manat ƏDV) məbləğində müəyyən edilmişdir.

2. 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı (izolyasiya işlərinin yerinə yetirilməsi ilə bağlı) -görüləcək işlərin 923.626,16 manat (782734,03 manat+140892,13 manat ƏDV) məbləğində müəyyən edilmişdir.

3. 30 noyabr 2018-ci il tarixli 1721-FNX-001 saylı (Bakı şəhəri, Səbail rayonunda yerləşən “Crescent Development” Landşaft tikinti obyektində izolyasiya işləri görülməsi ilə əlaqədar)-görüləcək işlərin dəyəri ƏDV daxil cəmi 46.703,87 manat (39579,55 manat+7124,32 manat ƏDV) məbləğində təşkil etmişdir. İşdəki “Yerinə yetirilmiş işlərin qəbulu haqqında” 25.02.2020-ci il tarixli akta (iş. mat. 1ci cild, 168-ci səhifə) və işə apellyasiya qaydasında baxılarkən tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında 30 noyabr 2018-ci il tarixli 1721-FNX-001 saylı müqaviləyə 01.04.2019-cu il tarixdə Əlavə edilmiş, həmin Əlavə məhkəməyə təqdim edilməsə də, qeyd edilən əlavə üzrə 135318,10 manat işlərin görüldüyü cavabdeh tərəfindən təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş, hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmiş “Yerinə yetirilmiş işlərin qəbulu haqqında” aktlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ümumilikdə podrat müqavilələri üzrə ƏDV-siz 2.155.191,35 manat dəyərində işin görülərək təhvil verildiyi cavabdeh tərəfindən qəbul edilmişdir. Bu hal aşağıdakı Forma-2 aktları ilə təsdiq olunur və cavabdeh tərəfindən mübahisələndirilmir:

1. 30 noyabr 2018-ci il tarixli 1721-FNX-001 saylı müqaviləyə 01.04.2019-cu il tarixli Əlavə üzrə 25.02.2020-ci il tarixli “Yerinə yetirilmiş işlərin qəbulu haqqında” Akt-təhvil alınan işin dəyəri 135318,10 manat;

2. 30 noyabr 2018-ci il tarixli 1721-FNX-001 saylı müqavilə üzrə 06.02.2019-cu il tarixli “Yerinə yetirilmiş işlərin qəbulu haqqında” Akt- təhvil alınan işin dəyəri 34182,43 manat

3. 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı müqavilə üzrə 26.11.2019-cu il tarixli “Yerinə yetirilmiş işlərin qəbulu haqqında” Akt- təhvil alınan işin dəyəri 28203,6 ABŞ dolları ( manata məzənnəsi 1.70 olaraq hesablanmaqla 47946,12 manat)

4. 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı müqavilə üzrə 22.06.2018-ci il tarixli “Yerinə yetirilmiş işlərin qəbulu haqqında” Akt- təhvil alınan işin dəyəri 540902,75 ABŞ dolları (manata məzənnəsi 1.70 olaraq hesablanmaqla 919534,67 manat)

5. 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı müqavilə üzrə 06.02.2019-cu il tarixli “Yerinə yetirilmiş işlərin qəbulu haqqında” Akt- təhvil alınan işin dəyəri 298710,35 ABŞ dolları (manata məzənnəsi 1.70 olaraq hesablanmaqla 507807,5 manat)

6. 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı müqavilə üzrə 26.11.2019-cu il tarixli “Yerinə yetirilmiş işlərin qəbulu haqqında” Akt- təhvil alınan işin dəyəri 227508,95 manat

7. 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı müqavilə üzrə 06.02.2019-cu il tarixli “Yerinə yetirilmiş işlərin qəbulu haqqında” Akt- təhvil alınan işin dəyəri 282893,58 manat İddiaçı tərəfindən işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş 21.01.2022ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən podrat müqavilələri üzrə ƏDV-siz cəmi 1.972.749,47 manat ödəniş həyata keçirilmişdir. Cavabdeh tərəf ödənilmiş vəsaitin ƏDV-siz məbləğinin 1.972.749,47 manatdan artıq olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, bu məbləği mübahisələndirməmişdir. Forma 2 aktları əsasında təhvil alınmış işlərin ümumi dəyərindən ödənilmiş məbləğ çıxıldıqda (2.155.191,35-1.972.749,47=182441,88) məhkəmə tərəfindən cavabdehin qəbul edilmiş işlərə görə borc qalığının 182441,88 manat məbləğində olduğu müəyyən olunur. Buna görə də həmin məbləğin cavabdehdən tutulmasına dair birinci instansiya məhkəməsinin MM-nin 752.1-ci, 385.1-ci maddələrinə istinad edərək iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilir. Cavabdehdən iddiaçının xeyrinə tutulmuş 181.138,28 manat borc məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, tələb olunan bu borcla bağlı işlərin cavabdeh tərəfindən qəbul edilməsi barədə Forma 2 aktları mövcud olmadığı halda iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2.336.329,63 manat dəyərində işlərin görüldüyünə dair elektron qaimə göndərilmişdir. İddiaçı iddia edir ki, işlərin görülməsi barədə Forma 2 aktları iddiaçı tərəfindən təsdiq edilərək cavabdehə göndərilmiş, lakin cavabdeh tərəf həmin aktları təsdiq etməmişdir. İşə birinci instansiya qaydasında baxılarkən elektron kabinet vasitəsilə məhkəməyə göndərilmiş üzərində imza və möhürlər olmayan Forma 2 aktlarından görünür ki, 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı müqavilə üzrə 24.12.2020-ci il tarixli akta əsasən 85860,39 manat (72763,04 manat+13097,35 manat ƏDV), 30 noyabr 2018-ci il tarixli 1721-FNX-001 saylı müqaviləyə 01.04.2019-cu il tarixli Əlavə üzrə 24.12.2020-ci il tarixli akta əsasən 7841,79 manat (6645,59 manat+1196,21 manat, 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı müqavilə üzrə 120040,78 manat (101729,48 manat+18311,31 manat ƏDV) dəyərində iddiaçı tərəfindən görüldüyü iddia edilən işlərin qəbulu aktları nə iddiaçı, nə də cavabdeh tərəfindən təsdiq edilməmişdir. Təsdiq edilməsi üçün cavabdehə göndərilmiş Forma 2 aktlarının iddiaçının özü tərəfindən də təsdiq edilmədiyi müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi 21.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən təsdiq edilməmiş 3 ədəd Forma 2 aktı ilə bağlı elektron qaimələr cavabdehə 01.04.2021-ci il tarixdə-borcun ödənilməsi ilə bağlı 18.03.2021-ci il tarixli pretenziya məktubu göndərildikdən sonra göndərilmişdir. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən bütün görülmüş işlərin Forma 2 aktları ilə qəbul edildiyini, Forma 2 aktı olmayan işlərin təhvil verilmədiyini bildirmişdir. İşə apellyasiya qaydasında baxılarkən tərəflərin nümayəndələri ilə iş üzrə məhkəmə ekspertizası təyin edilməklə mübahisəli işlərin həqiqətən görülüb-görülmədiyinin müəyyən edilməsinin mümkünlüyü məsələsi müzakirə edilmiş, nümayəndələr podratçının icra etdiyi işlərin xarakterinə görə (izolyasiya işləri) ümumi iş həcminin ekspertiza keçirilməklə müəyyənləşdirilməsinin mümkün olmadığını bildirmişlər. İddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsinə izahat verərkən bildirmişdir ki, görülmüş iş həcmi Forma 2-lərdən əlavə cavabdeh tərəfindən Adnan Köse adlı layihə rəhbərinin imzası ilə təsdiq edilmiş, bir hissəsi birinci instansiya məhkəməsinə təqdim edilmiş arayışlarla da təsdiq olunur.(iş mat. 1-ci cild 193-204-cü vərəqlər). İşə birinci instansiya qaydasında baxılarkən iş materiallarına əlavə edilmiş və əsilləri apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş, üzərində Adnan Kösenin imzası olan arayışlara əsasən 2020-ci ilin fevral ayınadək görülmüş işlərin dəyəri 2159355,52 manat (868475,39 ABŞ dolları (1476408,1 manat)+12780 manat və 51664,58 ABŞ dolları(100609,7 manat)+561231,88 manat+21105,84 manat) təşkil edir. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etmədiyi və əsli olmayan arayışhesabatlar MPM-nin 89.3 və 372.2-ci maddələrinə əsasən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Cavabdeh tərəf Adnan Köse adlı şəxsin sifarişçinin adından müqavilə üzrə öhdəliyin icrasını qəbul etmək səlahiyyəti olmadığını göstərərək onun imzası ilə təsdiq edilmiş hər hansı sənədin işlərin görülməsini təsdiq edən sübut kimi qəbul edilməsinə etiraz etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi üzərində Adnan Köse adlı layihə rəhbərinin imzası olduğu iddia edilən arayışlar möhürlə təsdiq edilmədiyindən və imzanın həmin şəxsə aid olduğunu müəyyənləşdirmək mümkün olmadığından dəyəri tələb edilən işlərin görüldüyünü təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa əgər həmin sənədlərdəki imzaların Adnan Köseyə məxsus olduğu təsdiq edilmiş olsaydı belə, layihə rəhbərinin cavabdehin adından görülmüş işi qəbul etməyə səlahiyyəti olduğuna dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən həmin sənədlər cavabdehdən hər hansı məbləğin tutulması barədə nəticəyə gəlmək üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Qeyd edilən normaların tələblərinə əsasən səlahiyyətli şəxs tərəfindən qəbul edilmədiyi halda öhdəliyin icrası qəbul edilmiş hesab edilə bilməz. Tərəflər arasında bağlanmış müqavilələrin 6.1-ci bəndində nəzərdə tutulmuşdur ki, podratçı işlərin gedişatı barədə həftəlik hesabatları tərtib edib iş həftəsindən sonrakı həftənin 2-ci iş günündən gec olmayaraq sifarişçiyə işlərin gedişini əks etdirən fotoşəkillər, işlərin görülməsi sahəsinə gətirilmiş materiallar və materialların təchizatçı üçün verilmiş sifarişlərin yerinə yetirilməsi vəziyyəti, hesabat həftəsi ərzində çəkilmiş xərclər və yerinə yetirilmiş işlərin qiyməti, yoxlama və sınaq işləri üzrə əks olunan hesabat təqdim etməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə işlər tam başa çatdırıldıqdan sonra, podratçı və sifarişçi arasında təhvil təslim aktı imzalanır. İşlər müqavilə tələblərinə uyğun olaraq tamamlandıqdan sonra sifarişçi təhvil təslim aktını təsdiq edir. Müqavilə şərtlərinə uyğun olaraq işlərin sifarişçi tərəfindən qəbulu hesabatlar və ya arayışlarla deyil, təhvil-təslim aktları ilə rəsmiləşdirilməli olduğundan və işin hallarından da göründüyü kimi, müqavilənin tələblərinə uyğun olaraq görülmüş işlər cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq Forma 2 aktları ilə qəbul edildiyindən iddiaçının Forma-2 aktları təsdiq edilməmiş işlərə görə ödəniş tələb etməsi və cavabdehə həmin işlərlə bağlı elektron qaimələr göndərməsi əsassız olmuşdur. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, tərəflər arasında razılaşdırılmış smetalar üzrə cəmi görülməli olan işlərin ƏDV-siz dəyəri müqavilələrə əlavələrə əsasən 25.02.2020-ci il tarixli Forma 2 aktı da nəzərə alınmaqla cəmi 1.777.477,08 manat (819845,40+782734,03+39579,55 manat+135318,10) təşkil edir. İddiaçının görüldüyü iddia edilən əlavə işlərlə bağlı sifarişlər verilməsi, müqavilələrə əlavədəyişikliklər edilməsi və smetaya əlavələr edilməsi barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinadə etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, 181.138,02 manat borcla bağlı hissədə iddiaçının tələbinin əsaslı olduğu sübut edilmədiyindən qətnamə həmin tələbin təmin edildiyi hissədə ləğv edilərək iddia qeyd edilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3.-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Məhkəmə qeyd edilən normanın tələbini nəzərə alaraq hesab edir ki, hazırkı halda podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödəmək öhdəliyi cavabdeh tərəfindən pozulduğundan vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 20.09.2021-ci il tarixli e-2- 2(113)-2260/2021 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilməli, iddia Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 181.138,02 manat borcun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 20.09.2021-ci il tarixli e-2-2(113)-2260/2021 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilsin. İddia Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 181.138,02 manat borcun tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə qanunla nəzərdə tutulmuş halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar