Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-132/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X4, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı görülmüş işin dəyərinin ödənilməsinə dair iddia ərizəsinin qaytarılması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2 (82)-1309/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından (hakim Leyla Əliyeva) iddiaçının şikayətinə əsasən iqtisadi işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək görülmüş işə 18912,1 manat borcun tutulması barədə qətnamə qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1309/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin mahiyyəti üzrə baxılması üçün məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. İddiaçının şikayəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)- 1309/2020 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bütün iqtisadi mübahisələr üzrə iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilməli deyil. Bu qayda ya müqavilədə, ya da qanunda nəzərdə tutulmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə pretenziya qaydasına riayət olunması şərti və tələbi nəzərdə tutulmamışdır. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iddiaçı iclasda öz nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında şikayətə etiraz edərək müqavilədə nəzərdə tutulmasına baxmayaraq iddiaçı tərəfindən məhkəmə iddia qaldırılanadək heç bir pretenziya məktubu göndərilmədiyini göstərmiş və şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1309/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinin tələbinə görə əgər qanunla müəyyən kateqoriya iqtisadi mübahisələr üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin həllinə verilə bilər. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh ASC arasında bağlanmış “Xidmətlər göstərilməsi haqqında” 115 saylı xx.xx.2018-ci il tarixli müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər arasında fikir ayrılığı və ya mübahisələr bir qayda olaraq danışıqlar vasitəsi ilə həll edilir. Göründüyü kimi, tərəflər arasında mübahisənin məhkəməyə qədər danışıqlar yolu ilə nizamlama (pretenziya) qaydası müəyyən edildiyi halda iddiaçı tərəfindən qarşı tərəfə iddia qaldırılanadək pretenziya məktubu göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normanın tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız hesab edilərək təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1309/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq qərаrа аldı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1309/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-132/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-132/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver