Məhkəmə qərarları › İş №2-2(103)-137/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-137/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-137/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Cavabdeh2, cavabdehin nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi (direktoru) X2 və cavabdehin nümayəndələri Nümayəndə və Samir Sultanovun iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı “X7 X9 ve Ticaret Limited” Şirkəti və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X7 X9 ve Ticaret Limited” Şirkəti Cavabdeh1-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 365.000 manatın, 138.000 ABŞ dollarının və həmin məbləğlərə hesablanmış 248.200 manatın və 93.840 ABŞ dollarının, cəmi 613.200 manatın və 231.840 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi və cavabdehin inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh “X7 X9 ve Ticaret Limited” Şirkətinə qarşı qarşılıqlı iddia qaldıraraq, 55.729 manat və 494.661 ABŞ dollarının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-2(81)- 8/2017 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, cavabdehdən 249.550 manat və 138.000 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı “X7 X9 ve Ticaret Limited” Şirkəti və Cavabdeh1 həmin qətnamədən ayrıayrılıqda apelyasiya şikayətləri vermişlər. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 365.000 manat pulun tutulması hissəsinə münasibət bildirərkən yalnız yerli baxışla müəyyən edilmiş hallara istinad etmiş və hər hansı ekspert rəyinə istinad etmədən iddianın bu hissədə qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Halbuki, iddia ərizəsində qeyd edilən və müvafiq sənədlərlə təsdiq edilən faktlardan da göründüyü kimi, otel tam fəaliyyət göstərir və səlahiyyətli dövlət orqanları tərəfindən qəbul olunaraq, istismarına icazə verilmişdir. Belə olan halda iddianın bu hissədə qismən təmin edilməsi, yəni 365.000 manat əvəzinə 249.550 manatın tutulmasının qət edilməsi əsassız olmuşdur. İddianın pul vəsaitlərinin ödənilməsinin gecikdirilməsi ilə bağlı cərimə faizlərinin ödənilməsi hissəsinə münasibət bildirən məhkəmə yalnız Konstitusiya Məhkəməsinin qərarına istinad etməklə kifayətlənmiş və belə nəticəyə gəlmişdir ki, cavabdehin qaytarılması gecikdirilən pul vəsaitlərindən istifadə etməklə bəhrələnməsi, fayda götürməsi mövcud olmamışdır. Halbuki, iş materiallarından və məhkəmə qətnaməsinin özündən də göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaitlərinin ödənilməsi gecikdirilmiş və hazırda da ödənilməmiş qalmışdır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitlərini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmış, yəni Mülki Məcəllənin 449.1-ci maddəsində müəyyən edilmiş hal baş vermişdir. Sübut etməyə ehtiyac yoxdur ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir və bu fəaliyyətdən gəlir əldə edir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» xx.xx.2009-cu il tarixli Qərarı isə konkret olaraq kredit müqavilələrindən irəli gələn münasibətlərlə əlaqədar verilmiş şərhdir və hazırkı iş üzrə tətbiq edilə bilməz. Hazırkı işdə məqsədi öz fəaliyyətindən gəlir götürmək olan hüquqi şəxs, digər hüquqi şəxsin pul vəsaitlərini ödəməkdən boyun qaçırmaqla, öz fəaliyyətinin digər sahələrində istifadə etmiş və gəlir əldə etməklə bəhrələnmişdir. İddia tələbinin digər hissəsinin - yəni iddiaçıya məxsus olan, lakin cavabdehin inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılması hissəsində də təmin edilməməsi düzgün deyil. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin səlahiyyətli şəxsləri tərəfindən iddiaçının inşaat sahəsində işləyən işçiləri əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, qəflətən həmin sahədən çıxarılmış və tikinti sahəsinə girişləri qadağan edilmişdir. Belə olan halda inşaat sahəsində qalmış alət və avadanlıqların hər hansı dəqiq siyahısının tərtib edilməsi mümkünsüz idi. Həmçinin, iddiaçı tərəfindən cavabdehə xx.xx.2015-ci il tarixdə məktub göndərilərək, inşaat sahəsində qalmış 45.000 AZN dəyəri olan alətlərin və avadanlıqların qaytarılması tələb edilmiş, cavabdeh tərəfindən isə bu alətlərin və avadanlıqların iddia edilən dəyərinə qarşı etiraz edilməmişdir. Cavabdehin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının podrat müqavilələri üzrə gördüyü işlərin kəmiyyətcə qüsurlu olmasını qəbul edir, lakin qüsurun məbləğini 115.450 manat olmasını əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə binanın 14-18-ci mərtəbələrində iddiaçı tərəfındən yalnız mexaniki işlərin natamam olmasını qeyd etməklə səhv etmişdir. Mütəxəssisin rəyi, yerli baxışda iştirak edən şahidlər təsdiq etmişlər ki, binanın qeyd olunan mərtəbələrində mexaniki təsisat olmamış, elektrik təsisatı və quraşdırma işləri görülməmişdir. Məhkəmə müqavilə (1 saylı əlavə) ilə müəyyən edilən iddiaçının öhdəliyinin icrasını təsdiq edən sənəd, yəni hər 30 gündə tərtib edilən görülmüş işin təhvil verilməsinə dair aktların mövcud olmamasını nəzərə almadan səhv nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2-2(103)-218/2017 saylı qətnaməsi ilə iddiaçı apellyasiya şikayətləri təmin edilməmiş və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “X7 X9 ve Ticaret Limited” Şirkəti və Cavabdeh1 həmin qətnamədən ayrıayrılıqda kassasiya şikayətləri vermişlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2-2(102)-381/17 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2-2(103)-218/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2-2(102)-381/17 saylı qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarına əsasən “X7 X9 və Ticaret Limited” Şirkətinin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı görülmüş işlərin dəyərinin ödənilməsi, inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılmasına məcbur edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarı və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2- 2(103)-218/2017 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(103)-91/2019 saylı qətnaməsi ilə iddiaçı «X7 X10 ve Tijaret Limited» Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qismən - cavabdehdən iddiaçının xeyrinə 249550 manat və 93000 ABŞ dollarının tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və cavabdeh həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(102)-367/2019 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-91/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh1 ilə “X7 X9 ve Ticaret Limited” Şirkəti arasında xx xxxx 2011-ci il tarixində Cavabdeh1-yə məxsus çoxmərtəbəli otel və biznes mərkəzində elektrik və mexaniki sistemlərin quraşdırılmasına dair iki podrat müqaviləsi imzalanmışdır. Hər iki müqavilədə görüləcək işlər, işin yerinə yetirilmə müddəti, ödənişin məbləği, ödəmə şərtləri, podratçı və sifarişçinin öhdəlikləri, digər müddəalar öz əksini tapmışdır. Birinci müqavilə xx.xx.2011-ci il tarixli “Çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair” podrat müqaviləsidir. Həmin müqaviləyə əsasən "Şirkət" Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin material və quraşdırma işini görməli və əlavədə verilən təklifə görə istismara tam yararlı halda "MMC"yə təhvil verməlidir (m. 2). Müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş işlər (bu Müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ uyğun olaraq) gərəkli tikinti işləri quraşdırıldıqdan sonra 180 iş günü müddətində görülməlidir. Müqavilənin 5-ci bəndinə görə, 2-ci bəndə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 1.500.000 ABŞ dolları təşkil edir. Tərəflər arasında həmin podrat müqaviləsinə xx xxxxxx 2014-cü il tarixli 1 saylı əlavə razılaşma bağlanmış və həmin razılaşmada qeyd olunmuşdur ki, Sifarişçinin (MMCnin) Podratçıya (Şirkətə) əvvəl görülmüş işlərə görə 45.000 ABŞ dolları, razılaşmaya əlavədə göstərilən görüləcək işlərə görə 158.000 ABŞ dolları, cəmi 203.000 ABŞ dolları borcu vardır. Sifarişçi podratçıya xx.xx.2014-cü il tarixdə 23.000 ABŞ dolları ödəniş etməlidir. Sifarişçi və podratçı hər ayın 30-cu günündə görülən işləri yoxlayacaq (sayacaq) və görülən işlərin dəyərinin 50%-ni sifarişçi podratçıya 3 gün ərzində ödəyəcəkdir. Podratçı əlavədəki elektrik sistemlərin və aksesuarların quraşdırılmasını bitirdikdən sonra 30.000 ABŞ dolları sifarişçi podratçıya ödəniş həyata keçirməlidir. Sifarişçi otelin softopening etdikdən sonra podratçıya qalan 30.0000 ABŞ dollarını və otelə ilk müştəri qəbul edilən gündən 1 ay sonra 30.000 ABŞ dolları ödəniş həyata keçirməlidir. Podratçı əlavə 1dəki işləri də bitirib sifarişçiyə təhvil verməlidir. İkinci müqavilə xx.xx.2011-ci il tarixli "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" podrat müqaviləsidir. Həmin müqaviləyə əsasən Podratçı Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərin material və quraşdırma işini görməli və əlavədə verilən təklifə görə istismara tam yararlı halda Sifarişçiyə təhvil verməlidir (m. 2). Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş işlər (bu Müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ uyğun olaraq) gərəkli tikinti işləri quraşdırıldıqdan sonra 180 iş günü müddətində görülməlidir. Müqavilənin 5-ci bəndinə görə, 2-ci bənddə nəzərdə tutulmuş işlərin materialları, avadanlıqları və işçilik də daxil olmaqla dəyəri 2.150.000 manat və ya 2.738.854 ABŞ dolları təşkil edir. Tərəflər arasında həmin podrat müqaviləsinə xx xxxx 2013-cü il tarixli 1 saylı əlavə razılaşma bağlanmış və həmin razılaşmada qeyd olunmuşdur ki, Sifarişçi adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını və buna müvafiq olaraq müqavilə üzrə Podratçıya ödənilməli olan məbləğin də 2.750.000 manat olmasını təsdiq və qəbul etmişdir. Podratçı da adı çəkilən podrat müqaviləsi üzrə görüləcək işlərin, mal, material və avadanlıqların həcminin artmasını və xx xxxx 2013-cü il tarixə 2.750.000 manat olmasını qəbul etmiş və bu məbləğin ödənilməsi şərti ilə müqavilə üzrə işlərin davam etdirilməsini öhdəsinə götürmüşdür. 1 saylı Əlavə Razılaşmanın 1-ci bəndi ilə "Çoxmərtəbəli otel və biznes mərkəzində mexaniki sistemlərinin quraşdırılmasına dair" Podrat müqaviləsinin 5-ci maddəsində "2.150.000 manat" sözləri "2.750.000 manat" sözləri, "2.738.854 (USD)" sözləri "3.503.185 ABŞ dolları" sözləri ilə əvəz edilmişdir; Tərəflər arasında həmin podrat müqaviləsinə xx xxxxxx 2013-cü il tarixli 2 saylı əlavə razılaşma bağlanmış və həmin razılaşmada qeyd olunmuşdur ki, Sifarişçinin Podratçıya qalan borcu 565.450 manatdır. xx.xx.2013-cü il tarixdə 50.000 manat, xx.xx.2013-cü il tarixdə 50.000 manat, xx.xx.2013-cü il tarixdə 50.000 manat, xx.xx.2014cü il tarixdə 50.000 manat Sifarişçi Podratçıya pul ödəməlidir. (Podratçı ilk ödənişdən sonra 7 iş günü ərzində lazımi miqdarda işçi sayını artıracaqdır). xx.xx.2014-cü il tarixinə qədər Podratçı bütün material sifarişlərini etməlidir. Podratçı təklifindəki bütün mexaniki sistemlərin və aksesuarların quraşdırılmasını bitirdikdən sonra Sifarişçi Podratçıya 115.450 manat pul ödəməlidir. Sifarişçi otelin soft-opening etdikdən sonra Podratçıya qalan 200.000 manat pulu, otelə ilk müştəri qəbul edilən gün 25.000 manat pulu, həmin gündən 1 ay sonra isə daha 25.000 manat pulu ödəməlidir. Podratçı aşağıdakı işləri də bitirib Sifarişçiyə təhvil verəcəkdir: dayanacaq havalandırma işləri, santral kanallarının fasadla əlaqələndirilməsi, A və C blokların yanğın nərdivanlarında təzyiq sistemlərinin quraşdırılması, mətbəxlərin ventilyasiya və su xətlərinin quraşdırılması, qazanxana, chillerlər və nasos otağının alüminium ilə qapadılma edilməsi, 3-cü mərtəbə slot qutularının yerinə quraşdırılması, su yumuşatma sisteminin quraşdırılması, A Blok Chiller elektron kartının quraşdırılması, C Blok chiller qazının əlavə edilməsi, ventilyasiya üçün lazımi sacin gətirilməsi, ezgost fanlarının gətirilməsi, vitrifıyelərin quraşdırılması, mətbəx sprinker xətlərinin quraşdırılıması, ümumi məkanların sprinklerlərinin quraşdırılması, müqavilədə qalan digər əksik işlərin quraşdırılması. İddiaçı bildirir ki, Cavabdeh1 tərəfindən öhdəliklər yerinə yetirilməmiş, podrat müqavilələri və əlavə razılaşmalara əsasən ödənişlər aparılmamışdır. xx.xx.2015-ci il tarixdə cavabdehin səlahiyyətli şəxsləri tərəfindən iddiaçının inşaat sahəsində işləyən işçiləri çıxarılmış və tikinti sahəsinə girişləri qadağan edilmişdir. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Lakin hazırkı tarixə cavabdehin iddiaçıya Mexanik təsisatlarla bağlı 365.000 manat, elektrik təsisatları ilə bağlı 138.000 ABŞ dolları borcu qalmışdır. Bundan başqa, inşaat sahəsində 45.000 manat dəyəri olan alətlər və avadanlıqlar qalmışdır. Həmçinin iddia məhkəməyə təqdim edildiyi gündən halhazıradək cavabdeh tərəfindən ödənilməli olan məbləğlər ödənilmədiyindən həmin məbləğlərin üzərinə qanunvericiliklə nəzərdə tutulmuş faizlər hesablanmalıdır. Belə ki, cavabdeh tərəfindən ödənilməli olan 365.000 manat və 138.000 ABŞ dollarının ödənilməsi 4 il (dekabr 2012 – dekabr 2016) gecikdirilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi 15% olduğunu və həmin faiz dərəcəsinin üzərinə iki faiz bəndi əlavə edilməsi nəzərə alınsa, cavabdehdən əsas borcla yanaşı, pul vəsaitlərinin ödənilməsinin gecikdirilməsi üçün 248.200 manat və 93.840 ABŞ dolları faizlər də tutulmalıdır. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, iddiaçı podrat müqavilələrinə uyğun olaraq binada işləri tamamlamamışdır. Belə ki, hər iki podrat müqaviləsinin 4.1-ci maddəsinə əsasən iddiaçı işlərini 180 iş günü müddətində bitirməli idi. Lakin iddiaçı bu öhdəliyini yerinə yetirməmiş və buna görə podrat müqaviləsinə xx.xx.2014-cü il tarixdə 1 saylı əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmanın 4-cü bəndində iddiaçının hər 30 gündən bir gördüyü işlərin təhvil verilməsinə dair öhdəliyi əlavə edilmiş, lakin buna baxmayaraq iddiaçı gördüyü işlərə dair təhvil-təslim aktları tərtib etməmişdir. Həmçinin digər podrat müqaviləsinə xx.xx.2013-cü il tarixdə 1 saylı əlavə razılaşma və xx.xx.2013-cü il tarixdə 2 saylı əlavə razılaşma bağlanmışdır. xx.xx.2013-cü il tarixli 1 saylı razılaşmanın 7-ci bəndinə əsasən aparılan işlər həftəlik iş jurnalında qeyd edilməklə hər iki tərəf təsdiq etməli idi. Lakin iddiaçı qeyd olunan iş jurnalında qeydlər aparmamışdır. Podrat müqaviləsində, podrat müqaviləsinə əlavə razılaşmalarda müəyyən edilən işlərin təhvil verilməsinə dair heç bir sənəd mövcud deyildir. Halbuki, müqavilələrdə və əlavələrdə təhvil verilmə və təhvil verilmənin rəsmiləşdirilməsi öhdəliyi iddiaçının üzərində olmuşdur. İddiaçı cavabdehin tikinti sahəsini işləri bitirmədən və təhvil vermədən 2014-cü ilin noyabr ayında tərk etmişdir. 2014-cü ilin noyabr ayından qalan işlərin tamamlanmasını digər müəssisələr həyata keçirmişlər. xx.xx.2014-cü il tarixdə cavabdehlə bağlanmış müqaviləyə əsasən binada mexaniki işlərin görülməsi və tamamlanmasını «xxxx» MMC həyata keçirmiş və görülən işlərin dəyəri 246.729 manat təşkil etmişdir. Elektrik işləri isə xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən «xxxx» MMC tərəfindən həyata keçirilməklə, 174.000 manat pul cavabdeh tərəfindən ödənilmişdir. Qalan tamamlanmamış işlər cavabdehin işçiləri tərəfindən bitirilmişdir. xx.xx.2015-ci il tarixdə binanın açılışı olmuş, hazırda “X8” kimi fəaliyyət göstərir. 2014-cü ilin noyabr ayından 2015-ci ilin mart ayınadək müddətdə iddiaçı cavabdehin sifarişi üzrə heç bir iş görməmiş, tamamlanmamış işlər cavabdehin əlavə vəsaiti hesabına digər subyektlər tərəfindən həyata keçirilmişdir. Bundan əlavə, binanın C blokunda 14, 15, 16, 17 və 18-ci mərtəbələrində mexaniki işlər görülməmiş, elektrik işləri tamamlanmamışdır. Binalarda mexaniki işlər 246.729 manat dəyərində və elektrik işləri 174.000 manat dəyərində tamamlanmamışdır. Bundan əlavə, iddiaçı 170.000 ABŞ dolları qiymətində olan cavabdehin mülkiyyətində olan “Çiller” avadanlığın tikinti sahəsindən götürərək satmış, pulunu cavabdehə ödəməmişdir. İddiaçıya 700.000 ABŞ dolları avans olaraq ödənilərək X1 vilayətinin Yesentuki şəhəri ev 6-8 ünvanında olan “İstoçnik” sanatoriyasına avadanlıq, qurğu və tikinti ləvazimatlarının göndərilməsi sifariş edilmiş. Lakin o, 237.335 ABŞ dolları dəyərində mal göndərmiş, qalan 462.661 ABŞ dolları dəyərində mal-materialları təqdim etməmişdir. Cavabdehin dəlillərinə dair iddiaçı iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verir və bildirir ki, xx.xx.2011-ci il tarixli podrat müqaviləsinə xx xxxxxx 2013-cü il tarixli 2 saylı Əlavə razılaşmada tərəflər birmənalı olaraq təsdiq etmişlər ki, “Sifarişçini” qalan borcu 565.450 manatdır. Müqaviləyə əsasən görülən bütün işlər tam yararlı vəziyyətə yerinə yetirilmişdir. Dövlət qəbul komissiyası da işlərin lazımi keyfiyyətdə yerinə yetirilməsini təsdiqləmiş, binanın istismarına icazə vermişlər. Cavabdehin yerinə yetirilmədiyini iddia etdiyi işlərin çoxu görülmüş, bəziləri əlavə razılaşmaya əsasən müqavilədən çıxarılmış və bu səbəbdən də, cavabdeh təsdiqləyərək buna imza etmişdir. Podrat müqaviləsinə xx xxxxxx 2014-cü il tarixli 1 saylı əlavə razılaşmada da tərəflər birmənalı olaraq təsdiq etmişlər ki, Sifarişçinin Podratçıya 45.000 ABŞ dolları əvvəl görülən işlərdən, 158.000 ABŞ dolları əlavədə göstərilən görülməli işlərdən qalan borcu, cəmi 203.000 ABŞ dolları təşkil edir. Qeyd edilən əlavə razılaşma imzalanmasından əvvəl bütün işlər ayrı-ayrılıqda sayılmış, təhvil-təslim edilmiş, müqavilə qiymətləri əsas götürülməklə bütün işlərin dəyəri ayrı-ayrılıqda hesablanmışdır. Müqavilə üzrə görülməmiş işlər, görülmüş işlər və artıq görülmüş işlər də müqavilə qiymətlərinə uyğun hesablanmış, buna müvafiq olaraq iddiaçının alacaqları qarşılıqlı şəkildə 1 saylı Əlavə razılaşma ilə təsbit edilmişdir. Razılaşmaya əsasən bütün işlər təhvil verilmişdir. Göründüyü kimi, həmin razılaşma ilə də elektrik sistemləri üzrə iddiaçının işləri görməsi təsdiq edilmiş, istinad edilən əlavə razılaşmalar tərəflərin sərbəst iradə ifadəsi olduğundan və yazılı şəkildə təsdiq edildiyindən, həmin razılaşmalarda təsbit edilmiş iradə ifadəsinin hazırda mübahisələndirilməsi tamamilə əsassızdır. Həmin aktlarla görülmüş işlər qəbul edildiyindən və işlərin qəbulundan qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti ötürüldüyündən cavabdeh həmin işlərə dair hər hansı tələb irəli sürmək hüququnu itirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında podrat müqavilələrinin bağlanması və podrat müqavilələrindən irəli gələn münasibətlərin olması mübahisəsizdir. Ona görə də, ilk iddiada irəli sürülmüş görülmüş işlərin dəyərinin, yəni muzdun ödənilməsi barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Qeyd olunan maddi hüquq normasının tələblərindən göründüyü kimi muzdun ödənilməsi üçün ilk növbədə podrat müqaviləsində nəzərdə tutulan işlər görülməlidir. İddiaçının mövqeyi ondan ibarətdir ki, xx.xx.2013-cü il tarixli 2 saylı və xx.xx.2014-cü il tarixli 1 saylı Əlavələrdə göstərilən müvafiq olaraq 565.450 manat və 203.000 ABŞ dolları məbləğlərində pul vəsaitləri cavabdeh tərəfindən birmənalı olaraq ödənilməli olan məbləğlərdir. Cavabdeh bu mövqe ilə razılaşmır və bildirir ki, həmin məbləğlər görülməsi nəzərdə tutulmuş işlərə görə ödənilməli olan məbləğlərdir. Məhkəmə kollegiyası iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, xx.xx.2013-cü il tarixli 2 saylı Əlavənin şərtlərinin təfsirindən müəyyən olunur ki, həmin Əlavədə göstərilən 565.450 manat məbləğində pul vəsaiti əvvəl görülmüş və dəyəri ödənilməmiş podrat işlərinin dəyəri (muzd) deyil, həmin Əlavədə göstərilən və görülməli olan podrat işlərinin dəyəridir. Çünki həmin Əlavədə pul vəsaitlərinin (muzdun) hissə-hissə və konkret ödənilməsi tarixləri, həmçinin podratçının hərəkətləri (işçi sayının artırılması, materialların sifariş edilməsi) və konkret görülməli olan işlərin dairəsi müəyyən edilmişdir. Bundan başqa, həmin Əlavədə cəmi ödənilməli olan muzd 565.450 manat məbləğində müəyyən edilmiş, iddiaçı isə 365.000 manat məbləğində pulun tutulması tələbini irəli sürmüşdür. Bu isə həmin Əlavə ilə müəyyən edilən cəmi 565.450 manat məbləğindən 200.450 manatın məbləğin ödənildiyi anlamına gəlir və iddiaçının nümayəndəsi də bu hala etiraz etməmişdir. xx.xx.2014-cü il tarixli 1 saylı Əlavənin şərtlərinin təfsirindən isə müəyyən olunur ki, həmin Əlavədə göstərilən cəmi 203.000 ABŞ dolları məbləğində pul vəsaitindən 45.000 ABŞ dolları əvvəl görülmüş işlərə görə ödənilməli olan pul vəsaitidir, yerdə qalan 158.000 ABŞ dolları isə həmin Əlavədə göstərilən və görülməli olan podrat işlərinin dəyəridir. Çünki həmin Əlavədə bu aydın şəkildə göstərilmiş, həmçinin pul vəsaitlərinin (muzdun) hissə-hissə və konkret ödənilməsi tarixləri, həmçinin podratçı tərəfindən konkret görülməli olan işlərin dairəsi müəyyən edilmişdir. Bundan başqa, həmin Əlavədə cəmi ödənilməli olan muzd 203.000 ABŞ dolları məbləğində müəyyən edilmiş, iddiaçı isə 138.000 ABŞ dolları məbləğində pulun tutulması tələbini irəli sürmüşdür. Bu isə həmin Əlavə ilə müəyyən edilən cəmi 203.000 ABŞ dolları məbləğindən 65.000 ABŞ dolları, yəni əvvəl görülmüş işlərə görə ödənilməli olan 45.000 ABŞ dollarından əlavə olaraq 20.000 ABŞ dolları məbləğinin ödənildiyi anlamına gəlir və iddiaçının nümayəndəsi də bu hala etiraz etməmişdir. Qeyd olunanları, həmçinin tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, həmin Əlavələrdə göstərilən işlərin yerinə yetirilməsi hallarını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı həmin Əlavələrdə göstərilən işlərin görülməsini təsdiq edən sübutları (tikinti materiallarının alınması və ya gətirilməsini təsdiq edən alqı-satqı yaxud gömrük və s. yazılı sənədlər, işlərin görülməsi və otelin soft-opening edilməsi ilə bağlı tərəflərin imzaladığı aktlar və s.) məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İşin 2-ci cildinin 106-442-ci vərəqələrində olan sənədlər isə məhz iddiaçı tərəfindən həmin Əlavələrdə göstərilən işlərin görülməsini və cavabdeh tərəfindən də həmin işlərin qəbul edilməsini təsdiq etmir. Çünki sənədlərin bir qismi cavabdehin əməkdaşları tərəfindən imzalanmayıb, bir qisminin tarixləri isə Əlavələrin tarixlərindən daha əvvələ təsadüf edir, habelə həmin sənədlərdəki işlərin dəyərinin yuxarıda qeyd olunan cavabdeh tərəfindən ödənilmiş məbləğlərdən daha artıq olması hər hansı sübutla təsdiq olunmur. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən mübahisəli sahəyə yerində müayinə keçirilən zaman 14-18-ci mərtəbələrdə mexaniki sistemin quraşdırılması işinin tamamlanmadığı müəyyən edilmiş və bu hal iddiaçının şirkətin əməkdaş tərəfindən təsdiq olunmuşdur. Hazırki apellyasiya baxışı zamanı da mübahisəli sahəyə yerində müayinə keçirilən zaman 18-ci mərtəbədə hazıra qədər mexaniki sistemin quraşdırılması işinin tamamlanmadığı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının öz öhdəliklərini tam olaraq icra etməsi və işlərin cavabdehə tam təhvil verməsi və ya cavabdehin ödədiyi məbləğlərdən daha artıq işlər görməsi təsdiq olunmur. Otelin hazırda tam fəaliyyət göstərməsi və səlahiyyətli dövlət orqanları tərəfindən qəbul olunaraq, istismarına icazə verilməsi isə iddiaçının öz öhdəliklərini tam olaraq icra etməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarında olan Sənaye və Energetika Nazirliyi Dövlət X4 tərəfindən tərtib edilmiş 110323 saylı X3 əsasən ünvan 1 ünvanında inşa edilmiş otel və biznes mərkəzi enerji təchizatı üçün quraşdırılmış elektrik qurğuları ilə təmin edildiyindən obyekt istismara yararlı sayılmışdır. xx xxxx 2013-cü il tarixli Elektrik-quraşdırma işlərinin təhvil-təslim Aktından görünür ki, Nəsimi rayonu, Ü.Hacıbəyov və Səfərəliyeva küçəsi kəsişməsi 679 məhəllədə tikilmiş çoxmərtəbəli otel və biznes mərkəzində elektrik quraşdırma işləri EAQQ-na tam müvafiq olaraq yaxşı yerinə yetirilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, tərəflər arasında yuxarıda qeyd olunan podrat müqaviləsinə xx xxxxxx 2014-cü il tarixində 1 saylı əlavə razılaşma imzalanmış və həmin əlavə razılaşma üzrə yeni öhdəliklər yaranmışdır. Hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında da göstərilmişdir ki, «…məhkəmələr Cavabdeh1 ilə Şirkət arasında bağlanmış x xxxx 2011-ci il tarixli Cavabdeh1-yə məxsus çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair podrat müqaviləsi üzrə öhdəliklərin icra edildiyi qənaətinə gələrkən Azərbaycan Respublikası Sənayə və Energetika Nazirliyi Dövlət X4 tərəfindən tərtib edilmiş İstismara buraxılma aktı və xx xxxx 2013-cü il tarixli elektrik quraşdırma işlərinin təhvil-təslim aktına istinad etmişlər. Məhkəmələr nəzərə almamışlar ki, tərəflər arasında yuxarıda qeyd olunan podrat müqaviləsinə x xxxxxx 2014-cü il tarixində 1 saylı əlavə razılaşma imzalanmış və həmin əlavə razılaşma üzrə yeni öhdəliklər yaranmışdır. Həmin əlavə razılaşmada Şirkətin hər 30 gündən bir gördüyü işlər barədə məlumat verməsi və buna müvafiq olaraq müəyyənləşdirilmiş qrafik üzrə ödənişlərin həyata keçirilməsi razılaşdırılmışdır. Beləliklə, tərəflər göstərilən müqavilələr üzrə ödənişlərin görüləcək işlərin nəticəsindən asılı olaraq hissə-hissə həyata keçiriləcəyini razılaşdırmışlar.» Bundan başqa otelin hazırda tam işlək şəkildə fəaliyyət göstərməsi özü-özlüyündə həmin oteldə mexaniki və elektrik sistemlərinin təsisatı və quraşdırılması ilə bağlı görülmüş işlərin məhz iddiaçı tərəfindən görülməsi halını təsdiq etmir. Çünki həmin işlərin sonradan cavabdehin sifarişi əsasında başqa podratçı şirkətlər tərəfindən həyata keçirilməsi faktı da istisna olunmur ki, cavabdeh də iddiaya etirazında məhz həmin hallara istinad etmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində bir tərəfdən müqavilələr üzrə öhdəliklərin tam yerinə yetirildiyini bildirmiş, digər tərəfdən isə qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixdə cavabdeh MMC-nin səlahiyyətli şəxsləri tərəfindən iddiaçı Şirkətin inşaat sahəsində işləyən işçiləri çıxarılmış və tikinti sahəsinə girişləri qadağan edilmişdir. Halbuki, işçiləri həmin sahədən çıxarıldığı və tikinti sahəsinə girişləri qadağan edildiyi halda iddiaçı tərəfindən podrat işlərinin tam yerinə yetirilməsi qeyri-mümkündür. Göründüyü kimi iddiaçının istinad etdiyi dəlillər özü-özlüyündə ziddiyyətlidir. Bundan başqa, hazırkı mübahisənin predmetini podrat müqaviləsinin sifarişçi tərəfindən ləğv edilməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi deyil, görülmüş işlərin dəyərinin, yəni muzdun ödənilməsi təşkil edir. Ona görə də, iddiaçı tərəfindən həmin hallara (işçilərin çıxarılması və tikinti sahəsinə girişin qadağan edilməsi) istinad edilməsi əhəmiyyətsizdir. Beləliklə, iddiaçı tərəfindən podrat müqavilələrinə aid əlavə razılaşmalarda nəzərdə tutulan işlərin tam olaraq və ya cavabdeh tərəfindən ödənilən məbləğlərə nisbətən daha artıq işlərin icra edilməsi sübut olunmur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin müqavilələrə aid əlavə razılaşmalarda nəzərdə tutulmuş muzdun tam olaraq ödənilməsini tələb edə bilməz. Ona görə də, həmin iddia tələbləri rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, ilk iddiada irəli sürülmüş faiz borcunun tutulması barədə tələblər də təmin edilə bilməz. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 449-cu maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Lakin hazırki işdə həmin əsaslar mövcud deyildir. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, cavabdehin iddiaçı qarşısında hər hansı pul öhdəliyi mövcud deyildir. Ona görə də, iddiaçı cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlərin tutulmasını tələb edə bilməz. Eyni zamanda kollegiya hesab edir ki, ilk iddiada irəli sürülmüş inşaat sahəsində qalmış alət və avadanlıqların geri qaytarılması barədə tələblər də təmin edilə bilməz. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmur. Belə ki, iddiaçı ümumiyyətlə iddia ərizəsində konkret olaraq hansı alət və avadanlıqların cavabdehin inşaat sahəsində qaldığını göstərməmiş, həmin alət və avadanlıqların onun mülkiyyətində olduğunu təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, alət və avadanlıqların geri qaytarılması barədə iddia tələbləri təmin edilə bilməz. Həmçinin kollegiya hesab edir ki, qarşılıqlı iddia da rədd edilməlidir. Belə ki, qarşılıqlı iddiada irəli sürülən “tamamlanmamış mexaniki, elektrik işlərinin və təhvil verilməmiş mal-materialların dəyərinin ödənilməsi” tələblərinə dair kollegiya qeyd edir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin həmin tələblər üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki Cavabdeh1 ümumiyyətlə zərərin mövcud olmasını, yəni mexaniki və elektrik işlərinin tamamlanmaması nəticəsində ona zərər dəyməsini, o cümlədən X1 vilayətinin Yesentuki şəhəri ev 6-8 ünvanında olan “İstoçnik” sanatoriyasına avadanlıq, qurğu və tikinti ləvazimatlarının göndərilməsi üçün iddiaçıya 700.000 ABŞ dolları avans ödədiyini, iddiaçının 237.335 ABŞ dolları dəyərində mal göndərdiyini, lakin qalan 462.661 ABŞ dolları dəyərində mal-materialları cavabdehə təqdim etmədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdehin təqdim etdiyi “X5” MMC-nin xx.xx.2016-cı il tarixli rəyi isə qeyd olunan halları təsdiq etmir. Çünki cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixli 2 saylı və xx.xx.2014-cü il tarixli 1 saylı Əlavələrdə göstərilən müvafiq olaraq 565.450 manat və 203.000 ABŞ dolları məbləğlərində pul vəsaitləri tam olaraq iddiaçıya ödənilmədiyindən, cavabdehin özü tərəfindən mexaniki və elektrik işlərinin tamamlanması zərərin dəyməsi anlamına gəlmir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Cavabdehə məxsus “Çiller” avadanlığının iddiaçı tərəfindən satılması, lakin həmin pulun cavabdehə ödənilməməsi ilə bağlı qarşılıqlı iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələri təşkil edir. Həmin maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki cavabdeh istinad etdiyi halların, yəni ona məxsus “Çiller” avadanlığının iddiaçı tərəfindən qanunsuz olaraq satılmasını və dəyərinin cavabdehə ödənilməməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin tələblər də rədd edilməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 2(102)-367/2019 saylı qərarında əks olunmuş göstərişlərə dair kollegiya qeyd edir ki, mübahisə məhz tərəflər arasında bağlanmış müqavilələr üzrə qarşılıqlı öhdəliklərinin icrasının yoxlanılması yolu ilə və Mülki Prosessual Məcəllənin 14.2, 371-ci maddələrinə riayət edilməklə tərəflərin təqdim etdiyi sübutlar əsasında həll edilmişdir. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi isə texniki cəhətdən mümkün deyil. Çünki birinci instansiya məhkəməsində iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin tərəflər ekspert tərəfindən tələb olunan sənədləri təqdim etmədiklərinə görə ekspertizanın keçirilməsi qeyri-mümkün olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən mübahisəli sahəyə yerində müayinə keçirilən zaman müəyyən olundu ki, artıq 14-17-ci mərtəbələrdə bütün təmir-tikinti işləri başa çatmış, yalnız 18-ci mərtəbədə hazıra qədər mexaniki sistemin quraşdırılması işi tamamlanmamışdır. Tərəflər arasında görülmüş işlər barədə müvafiq aktlar tərtib edilmədiyinə görə isə məhz iddiaçı tərəfindən hansı işlərin görüldüyünü müəyyən etmək mümkün deyildir. Ona görə də, hazırda da ekspertizanın keçirilməsinin təşkil edilməsi qeyri-mümkündür. Kassasiya instansiyası məhkəməsinin qərarında əks olunan digər göstərişlərə isə ilk və qarşılıqlı iddialara yuxarıda qiymət verilərkən münasibət bildirilmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilməli, yuxarıda qeyd olunan əsaslara görə ilk iddia təmin edilməməli, qarşılıqlı iddiaya aid hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “X7 X9 ve Ticaret Limited” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-8/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilsin. İddiaçı “X7 X9 ve Ticaret Limited” Şirkətinin Cavabdeh1-yə qarşı cavabdehdən 365.000 manatın, 138.000 ABŞ dollarının və həmin məbləğlərə hesablanmış 248.200 manatın və 93.840 ABŞ dollarının, cəmi 613.200 manatın və 231.840 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi və cavabdehin inşaat sahəsində qalmış alət və avadanlıqların qaytarılması barədə ilk iddia təmin edilməsin. Qətnamə qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar