Məhkəmə qərarları › İş №2-2(103)-159/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-159/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-159/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2782/2021 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Sifarişçi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti icraçı İddiaçı MMC olmaqla, xx.xx.2015-ci il tarixində imzalanmış, k/54 saylı müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mərkəzi anbarına daşınmaqla lot 1 üzrə mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların satınalınması məqsədilə “icraçı”nın 214 760,0 manat məbləğində tender təklifini qəbul etmişdir. “İcraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “sifarişçi”yə satınalınan mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar icraçının tender təklifinə, və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 12.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır.

2. xx.xx.2015-ci il tarixində imzalanmış, k/54 saylı müqaviləyə 1 №-li əlavə kimi təsdiq edilmiş mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların satınalması üzrə qiymətlərin razılaşdırılması protokoluna əsasən bütün xərclər daxil olmaqla yekun məbləğ tərəflər arasında 214.760 manat məbləğində razılaşdırılmışdır.

3. xx.xx.2015-ci il tarixində imzalanmış, k/54 saylı müqaviləyə 2 №-li əlavə kimi təsdiq edilmiş müqavilənin xüsusi şərtlərinin 7-ci bəndinə əsasən mallar qraffikə əsasən anbarlara təhvil verildikdən sonra təhvil-təslim qaimələri əsasında malgöndərənin hesabına köçürüləcəkdir.

4. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli 2-2(81)- 1239/2018 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən 214760 manat əsas borc, 5.000 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

5. ********** saylı 06 dekabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən 182.000 manat məbləğində ödəniş DSX tərəfindən İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür.

6. ********** saylı 06 deakabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən 32.760 manat məbləğində ödəniş X2 vasitəsilə DSX tərəfindən İddiaçı MMC-nin hesabına köçürülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən Mülki Məcəllənin 439.3-cü maddəsinin tələbinə əsasən 34.898 manat 50 qəpik məbləğində pul vəsaitinin İddiaçı MMC-nin direktoru Nümayəndə3 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sifarişçi Azərbaycan Respublikasinın Dövlət Sərhəd Xidməti ilə İddiaçı MMC-nin direktoru Nümayəndə3 arasında 14 iyul 2015-ci il tarixli, K/54 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi Dövlət Sərhəd Xidmətinin mərkəzi anbarına daşınmaqla lot 1 üzrə mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların satın alınması məqsədilə icraçının 214760 manat məbləğində tender təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan mühəndistexniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Qeyd olunan müqavilə üzrə tərəfindən nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh bu vaxta qədər öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə dair 17 sentyabr 2015-ci il tarixli qaimə faktura da verilmişdir və həmin qaimədə də görülmüş işin dəyərinin 214760 manat məbləğində olması qeyd olunmuşdur. Cavabdehə bu vaxta qədər müqavilə üzrə öhdəliklərini yerinə yetirməli olduğunu bildirilsə də, məhəl qoyulmamışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2-2(81)-1239/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 214760 manat, müqavilənin 19.2-ci maddəsinə əsasən 50.000 manat cərimə və ödənilmiş 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 439.3-cü maddəsinin tələblərinə görə qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Nəzərə alsaq ki, 2015- ci ilin sentyabr ayından 2018-ci ilin dekabr (qətnamə üzrə tutulmuş pulun ödənildiyi vaxt) ayına qədər olan müddət 39 ay dövrü əhatə edir, bu zaman Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı MMC-yə 34.898 manat 50 qəpik məbləğində pul ödənməlidir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2782/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin öhdəliklərini icra etməməsi ilə bağlı İddiaçı MMC tərəfindən məhkəməyə müraciət edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin 01 noyabr 2018-ci il tarixli 2-2(81)- 1239/2018 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən 214760 manat əsas borc, 5.000 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Hazırda iddidaçının tələbi 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayına qədər olan 39 aylıq müddət ərzində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən hesablanmış 34.898 manat 50 qəpik məbləğində pul ödənilməsidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən 14 iyul 2015-ci il tarixli, K/54 saylı müqavilə üzrə əsas borcun və ona hesablanmış faizlərin tutulması ilə bağlı məhkəməyə müraciət edilmiş və 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin 01 noyabr 2018-ci il tarixli 2-2(81)-1239/2018 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir.

11. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinin tələblərinə görə qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları nəzərə almamış, qeyd olunan sübutlara kifayət qədər qiymət verməyərək qərəzli mövqe göstərmişdir. Məhkəmə iddianı rədd edərkən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 01 dekabr 2018-ci il tarixli, 2-2(81)-1239/2018 saylı qətnaməsinə istinad etmişdir. Halbuki həmin qətnamədə tələbin qismən təmin olunan hissəsi cərimə məbləğinə şamil olunmuş və Mülki Məcəllənin 462, 563 və 467-ci maddələrinə istinad olaraq azaldılmışdır. Hazırki tələb isə faiz məbləğlərinə аiddir ki, qeyd olunan maddələr faiz məbləğlərinə tətbiq edilmir və yalnız cərimə, dəbbə pulu və penya məbləğlərinə şamil olunur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Belə ki, bu bölmənin 1-ci bəndindən 5-ci bəndinədək sadalanan prosessual pozuntular əslində məhkəmənin tərəflərindən təqdim edilmiş, tam şəkildə iddianın əsasını təşkil edən sübutlara hüquqi qiymət vermədiyini təsdiq edir.

Apellyasiya instansiyasında birinci icraat:

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 9 fevral tarixli, 2-2(103)-194/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 34.898,50 manat illik 5 faizlə əldən çıxmış fayda və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında tender yolu ilə 2015-ci il 14 iyul tarixli k/54 saylı müqavilə imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 214.760 manat məbləğində mal satmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli 2-2(81)- 1239/2018 nömrəli qətnaməsinə əsasən, iddiaçı 2015-ci il 17 sentyabr tarixdə müqavilə əsasında sifariş verilmiş malları cavabdehə qaimə əsasında təhvil vermiş, lakin cavabdeh malın dəyərini ödəməmişdir. Qeyd edilən qətnamə əsasında cavabdehdən iddiaçının xeyrinə 214.760 manat əsas borc, 5.000 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzi tutulmuşdur. Qətnamə ilə cavabdehdən tutulmalı olan 214.760 manat əsas borc 2018-ci il 6 dekabr tarixdə iddiaçının hesabına köçürülsə də, iddiaçının nümayəndəsi cərimə borcunun ödənilmədiyini bildirmişdir. 15.İddiaçının tələbi 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayına qədər olan 39 aylıq müddət ərzində pul öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-in 439.3-cü maddəsinə əsasən illik 5 %-lə hesablanmış 34.898,50 manat məbləğində əldən çıxmış faydanın ödənilməsidir.

15. Məhkəmə kollegiyası iddia ərizəsində iddianın hüquqi əsası kimi istinad edilmiş MM-in 439.3-cü maddəsinin mübahisə üzrə tətbiq edilməli olmadığını qeyd etmiş, lakin birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı razılaşmayaraq MPMnin 82.3, MM-nin 443.1, 445.2.1, 445.7, 448.1, 448.2, 462.1 və 465.2-ci maddələrinə istinadla göstərmişdir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri olan dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.

Kassasiya instansiyasında birinci icraat:

16. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023cü il 27 dekabr tarixli, 2-2(102)-1/2023 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılmışdır.

18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dövlət büdcəsindən maliyyələşən cavabdehlə iddiaçı arasında öhdəlik münasibətləri “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri baxımından tenderdə bağlanmış müqavilə əsasında əmələ gəlmişdir. Həmin müqavilənin ödəmələri tənzimləyən 12.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır. Cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsinə gələn apellyasiya instansiyası məhkəməsi, iddia tələbinə sözügedən müqavilənin 12.1-ci bəndinin tələbi baxımından qiymət verməmiş, ödəmə ilə bağlı tenderin əsas şərtlər toplusunun nədən ibarət olması müəyyən edilməmiş, bununla da MPM-in 88 və 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. Kassasiya kollegiyası hesab etmişdir ki, mübahisə iddiaçının təhvil verdiyi malın dəyərinin vaxtında ödənilməməsi ilə bağlı olduğundan, büdcə təşkilatının satın aldığı malın dəyərini hansı müddətə və şərtlər daxilində ödəməli olması müəyyənləşdirilmədən, iddia tələbinə MM-in 445.7-ci maddəsinin tələbi baxımından düzgün hüquqi qiymət verilə bilməz.

19. Kollegiya “Büdcədən maliyyələşən kredit sərəncamları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin Xəzinə uçotu haqqında” Təlimatın 2.5-ci bəndinə istinadla qeyd etmişdir ki, dövlət büdcəsindən vəsait ayrılmadan, büdcə təşkilatının aldığı malın, işin və ya xidmətin dəyərini ödəməsi istisna olunur. İş materiallarına isə sözügedən müqavilə üzrə dövlət büdcəsindən vəsaitin ayrılması vaxtına dair hər hansı sübut əlavə edilməmiş, MM-in 445.7-ci maddəsinin dispozisiya şərtlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olsa da, bununla bağlı hər hansı qiymətləndirmə aparılmamışdır.

Apellyasiya instansiyasında ikinci icraat:

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasını 2024-cü il 13 may tarixli, 2-2(103)-421/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 34.898,50 manat məbləğində illik 5 faizlə əldən çıxmış fayda, iddia ərizəsinin verilməsi üçün 30 manat və apellyasiya şikayətinin verilməsi üçün 15 manat məbləğində pulun tutulması qət edilmişdir.

21. Apellyasiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin 12.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş qaydada və məbləğdə İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır. Sifarişçi müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən müəyyən olunmuş məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) icraçıya ödənilir. Müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərilən qaydada ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. Təkrar apellyasiya araşdırması zamanı ödəmə ilə bağlı tenderin əsas şərtlər toplusunun nədən ibarət olması, büdcə təşkilatının satın aldığı malın dəyərini hansı müddətə və şərtlər daxilində ödəməli olması, o cümlədən müqavilə üzrə dövlət büdcəsindən vəsaitin ayrılması vaxtına dair hər hansı sübutun olması barədə məlumatların məhkəməyə təqdim edilməli olması ilə bağlı cavabdehə sorğu göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş 2024-cü il 27 aprel tarixli 3-38-16/2-2945/2024 saylı məktubda göstərilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli 2-2(81)-1239/2028 nömrəli qətnaməsinə əsasən cavabdehlə iddiaçı arasında bağlanmış 2015-ci il 14 iyul tarixli, k/54 nömrəli müqavilə üzrə yaranmış 214.760 manat borc, gecikdirməyə görə 5000 manat cərimə vəsaiti və dövlət rüsumu 2018-ci ilin dekabr ayında tam şəkildə ödənilmişdir. “Dövlət Satınalmaları haqqında” Qanunun 40.5-ci maddəsinə uyğun olaraq satınalmaya dair hesabatların saxlanma müddətinin 5 il olmasını və satınalınma prosedurunun 2015-ci il 14 iyul tarixdə həyata keçirildiyi nəzərə alınsa, cavabdehin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlanma müddətləri üzrə siyahısı və onun tətbiqinə dair qaydaların təsdiq edilməsi barədə Dövlət Sərhəd Xidmətinin rəisinin 10 iyun 2021-ci il tarixli 0130 nömrəli əmrini əsas tutaraq 2021-ci il 3 avqust tarixli Q/13/932m nömrəli məhvetmə aktı əsasında məhv edilmişdir. Məktuba əlavə edilmiş 2018-ci il 12 iyun tarixli ********** nömrəli ödəniş tapşırığında cavabdeh tərəfindən iddiaçıya 182.000 manat ödəniş edilmiş, 2018-ci il 12 iyun tarixli ********** nömrəli ödəniş tapşırığında 32.760 manat, 2018-ci il 20 dekabr tarixli qəbzdə isə 5020 manat ödəniş edildiyi öz əksini tapmışdır. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilədə və mülki qanunvericiliyin alqı-satqı müqavilələri ilə bağlı münasibətləri tənzimləyən normalarında borcun üstünə faizlər hesablanmasının nəzərdə tutulmadığını vurğulayaraq iddia tələbinin MM-in 445.7-ci maddəsinə əsasən təmin edilməli olması nəticəsinə gəlmişdir. 27.Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 443.1, 445.2.1, 445.7, 448.1, 448.2, 462.1, 465.2, MPM-in 14.2, 77.1, 82.3, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyasında ikinci icraat:

22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(102)- 549/2024 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 13 may tarixli, 2-2(103)-421/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

24. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi isə, cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə müqavilənin 12.1ci bəndinin tələbi baxımından hüquqi qiymət verməmiş, tenderin əsas şərtlər toplusunun nədən ibarət olması müəyyən etməmiş, cavabdehin və müvafiq olaraq müqavilə üzrə onun öhdəliklərinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsini nəzərə almamış və cavabdehin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən maddi məsuliyyət daşıması nəticəsinə gəlmişdir.

25. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

26. Hazırkı iş üzrə cavabdeh dövlət büdcəsindən maliyyələşən təşkilat olmaqla, ondan tutulacaq hər bir məbləğ son nəticədə dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyinin maraqlarına toxuna biləcəyindən, apellyasiya məhkəməsi həmin Nazirliyin də işə cəlb olunmasını müzakirə etməli olduğu halda bunu etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Cavabdeh tərəfindən apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

28. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi, idianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

29. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri Nümayəndə6 və Nümayəndə5 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

30. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maliyyə Nazirliyi məhkəməyə yazılı izahat təqdim etmişdir. İzahatda göstərilmişdir ki, “Sifarişçi” Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “icraçı" İddiaçı MMC olmaqla, 2015-ci il 14 iyul tarixində imzalanmış müqaviləyə əsasən tərəflər “sifarişçi”-nin mərkəzi anbarına daşınmaqla lot 1 üzrə mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların satın-alınması məqsədilə “icraçının” 214760 manat məbləğində tender təklifini qəbul etdiyini təsdiq etmiş, “İcraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın-alınan mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların təhvil verilməsini, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən 214.760 manat əsas borc, 5.000 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzinin tutularaq MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəməyə cavabdeh Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş 2024-cü il 27 aprel tarixli 3-38-16/2-2945/2024 saylı məktubda göstərilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli 2-2(81 )-1239/2028 nömrəli qətnaməsinə əsasən cavabdehlə iddiaçı arasında bağlanmış 2015-ci il 14 iyul tarixli, k/54 nömrəli müqavilə üzrə yaranmış 214.760 manat borc, gecikdirməyə görə 5000 manat cərimə vəsaiti və dövlət rüsumu 2018-ci ilin dekabr ayında tam şəkildə ödənilmişdir. Lakin iddiaçı iddia ərizəsində cərimə borcunun ödənilmədiyini bildirmiş və 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayına qədər olan 39 aylıq müddət ərzində pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 %-lə hesablanmış 34.898,50 manat məbləğində əldən çıxmış faydanın ödənilməsini tələb edir. Məlum olduğu kimi cavabdeh məhkəməyə bildirmişdir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.5-ci maddəsinə uyğun olaraq satınalmaya dair hesabatların saxlanma müddətinin 5 il olmasını və satınalınma prosedurunun 2015-ci il 14 iyul tarixdə həyata keçirildiyi nəzərə alınaraq həmin hesabatlar 2021-ci il 3 avqust tarixli Q/13/932m nömrəli məhvetmə aktı əsasında məhv edilmişdir. Məhkəməyə təqdim edilmiş yuxarıda sözügedən məktubuna cavabdeh tərəfindən iddiaçıya 182.000 manat ödənilməsi barədə 2018-ci il 12 iyun tarixli ********** nömrəli, 32.760 manat ödənilməsi barədə 2018-ci il 12 iyun tarixli ********** nömrəli ödəniş tapşırıqları və 5020 manat ödənilməsi barədə 2018-ci il 20 dekabr tarixli qəbz əlavə edilmişdir. Göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli 2-2(81 )-1239/2028 nömrəli qətnaməsi cavabdeh Dövlət Sərhəd Xidməti tərəfindən tam icra olunmuşdur və İddiaçı MMC-nin tələbi tam əsassızdır. Bununla yanaşı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 1-ci hissəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, habelə dövlət büdcəsi vəsaitindən istifadə və digər sahələrdə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 8.7-ci bəndinə görə Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən təşkilatların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları əvəzinə (bu halda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti) vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Ona görə də və həmçinin 2015-ci ilə aid olan (10 ilə yaxın müddət keçib) müvafiq sənədlərin artıq məhv olunmasını nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və İddiaçı MMC arasında 2015-ci il 14 iyul tarixində imzalanmış müqavilə ilə bağlı ödənişlər barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində hər hansı məlumatların mövcud olmadığını bildirirlər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsini rəhbər tutaraq, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər.

Tətbiq edilən hüquq:

31. Mülki Məcəllənin:

-443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. -445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinə dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

36. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 14 iyul 2015-ci il tarixli satınalma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sifarişçi Dövlət Sərhəd Xidməti mərkəzi anbara daşınmaqla lot 1 üzrə mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların satın alınması məqsədilə iddiaçının 214760 manat məbləğində tender təklifini qəbul etmişdir. Qeyd edilən müqavilədə nəzərdə tutulmuş malların təqdim edilməsinə dair 17 sentyabr 2015-ci il tarixli qaimə-faktura verilmiş, lakin cavabdeh öhdəliyini lazımı qaydada icra etməyərək malın dəyərini ödəməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2- 2(81)-1239/2018 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən 214.760 manat əsas borc, 5.000 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzinin tutularaq MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə 2018-ci ilin dekabr ayında icra edildiyindən iddiaçı hazırkı iddia tələbi ilə Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayına qədər olan müddət- 39 ay üçün illik 5 %-lə 34.898,50 manat əldən çıxmış faydanın ödənilməsini tələb edir.

37. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 439.3-cü maddəsinə istinad etmişdir. İstinad edilən maddə qanuna və ya müqaviləyə əsasən borcun üzərinə pul vəsaitindən istifadəyə görə faizlər hesablanması nəzərdə tutulduğu, lakin həmin faizlərin dərəcəsi qanunda və ya müqavilədə müəyyən edilmədiyi halda tutulmalı olan qanuni faizlərin dərəcəsini müəyyən edir. Həmin maddədə nəzərdə tutulan qanuni faizlər öhdəliyin pozulmasına görə mülki məsuliyyət tədbiri hesab edilmir və həmin faizlərin tətbiqi borclunun öz öhdəliyini pozması ilə şərtləndirilmir. Sözügedən faizlər mahiyyət etibarilə pul vəsaitlərin istifadəyə görə haqq olmaqla hüquqi təbiəti kreditdən istifadəyə görə hesablanan faizlərin hüquqi təbiəti ilə eynilik təşkil edir.

38. İş materiallarından isə görünür ki, hazırkı halda cavabdehin mübahisəli satınalma müqaviləsi üzrə borcunun üzərinə faiz hesablanmalı olması müqavilədən irəli gəlmir, eləcə də qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda işin halları Mülki Məcəllənin 439.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir.

39. Digər tərəfdən məhkəmənin iddiaçının göstərdiyi hüquqi əsasla bağlı olmadığını nəzərə alan kollegiya hazırkı iddia tələblərinin Mülki Məcəllənin 445.7-ci tələbləri baxımından da qiymətləndirilməsini zəruri hesab edir.

40. Mülki Məcəllənin 445.5 və 445.7-ci maddələrinin müqayisəli şəkildə təhlil etdikdə aydın görünür ki, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə görə məsuliyyət tədbiri olmaqla həmin faizlərin tətbiqi imkanı borclunun öhdəliyin vaxtında icra edilməməsində təqsirli olduğu hallarla məhdudlaşdırılmışdır.

41. Odur ki, məhkəmə tərəfindən hazırkı tələbə hüquqi qiymət verilməsi üçün ilk növbədə cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilib-gecikdirilməməsi, o cümlədən cavabdehin pul öhdəliyinin vaxtında icra edilməməsində təqsirinin olubolmaması aydınlaşdırılmalıdır.

42. Bu məqsədlə kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq ödəmə ilə bağlı tenderin əsas şərtlər toplusunun nədən ibarət olmasının müəyyən edilməsi məqsədilə tenderin əsas şərtlər toplusunun təqdim edilməsi tərəflərə təklif edilmiş və sözügedən sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Tenderin əsas şərtlər toplusu nəzərdən keçirilərək müəyyən edilmişdir ki, həmin əsas şərtlər toplusunda satınalınması nəzərdə tutulan mallara görə ödənişlərin aparılması qaydası və müddəti ilə bağlı şərtlər öz əksini tapmamışdır.

43. Belə olan halda kollegiya ödəmənin qaydasını müəyyən edən müqavilənin xüsusi şərtlərinin 7-ci bəndinə uyğun olaraq malların qrafikə əsasən anbarlara təhvil verildikdən sonra təhvil-təslim qaimələri əsasında ödənilməli olduğunu, lakin hazırkı halda mallar dəyəri anbarlara təhvil verildikdən 3 il sonra ödənildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən ödəniş müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirilməmişdir.

44. Digər tərəfdən qeyd edilməlidir ki, təkrar apellyasiya araşdırması zamanı, müqavilə üzrə dövlət büdcəsindən vəsaitin ayrılması vaxtına dair hər hansı sübutun olması barədə cavabdehə sorğu verilmiş və sorğuya cavab olaraq cavabdeh tərəfindən “Dövlət Satınalmaları haqqında” Qanunun 40.5-ci maddəsinə uyğun olaraq satınalmaya dair hesabatların saxlanma müddətinin 5 il olmasını və satınalınma prosedurunun 2015-ci il 14 iyul tarixdə həyata keçirildiyi nəzərə alınsa, cavabdehin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlanma müddətləri üzrə siyahısı və onun tətbiqinə dair qaydaların təsdiq edilməsi barədə Dövlət Sərhəd Xidmətinin rəisinin 10 iyun 2021-ci il tarixli 0130 nömrəli əmrini əsas tutaraq 2021-ci il 3 avqust tarixli Q/13/932m nömrəli məhvetmə aktı əsasında məhv edildiyi göstərilmişdir.

45. Bununla yanaşı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də 2015-ci il 14 iyul tarixdə həyata keçirilmiş tender ilə bağlı sənədlərin məhv edildiyi bildirmişdir.

46. Eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Maliyyə Nazirliyi də yazılı izahatında Maliyyə Nazirliyinin Milli Məclis tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişi əsasında tərtib edilmiş smetalarauyğun olaraq mütəəmadi maliyyələşdirdiyini, kredit sərəncamçıları əvəzinə (bu halda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti) hər hansıbir təyninata yöönəltmək səlahiyyəti olmadığını qeyd etmiş və 2015-ci ilə aid olan müvafiq sənədlərin artıq məhv olunmasını nəzərə alaraq mübahisəli müqavilə ilə bağlı ödənişlər barədə AR Maliyyə Nazirliyində hər hansı məlumat olmadığını bildirmişdir.

47. Beləliklə, məhkəmə araşdlrması nəticəsində mübahisəli müqavilə üzrə ödənişin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsaitin ayrılma vaxtınin müəyyənləşdirilməsi mümkün olmamışdır.

48. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş “Büdcədən maliyyələşən kredit sərəncamları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin Xəzinə uçotu haqqında” Təlimatın 2.5-ci bəndinin məzmunundan isə müəyyən edilir ki, dövlət büdcəsindən vəsait ayrılmadan, büdcə təşkilatının aldığı malın, işin və ya xidmətin dəyərini ödəməsi istisna olunur.

49. Beləliklə, hazırkı halda cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin pul öhdəliyini müqavilədə nəzərdə tutulmuş müddətdə icra edilməməsində təqsirli olması iş materialları ilə müəyyən edilmədiyindən borc məbləğinə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin hesablanması üçün əsas yoxdur.

50. Bununla yanaşı o da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni əvvəllər eyni öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulunun tutulması tələbinə mahiyyəti üzrə baxılması və həmin tələbin qismən təmin edilməsi ilə əsaslandırmışdır. Kollegiya məhkəmənin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 439.4-cü maddəsində nəzərdə tutulmuş qanuni faizlər, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş pul öhdəliyinin gecikdirilməsinə görə faizlər (əldən çıxmış fayda) və eləcə də Mülki Məcəllənin 462-ci maddəsində nəzərdə tutulmuş dəbbə pulu fərqli hüquqi təbiətə malik məfhumlar olduğundan əvvəllər eyni öhdəliklərinin icrasının gecikdirilməsinə görə müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun tutulması tələbinə baxılması faktı özü-özülüyündə hazırkı iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmənin qətnaməsində gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi dəlillər işin hallarına uyğun olmadığından apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

52. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilsə də, iddia yenidən rədd edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2782/2021 saylı qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar