Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-164/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, cavabdeh “6-cı Mərtəbə” müstəqil şirkətinin nümayəndəsi X1, cavabdehin vəkilləri və nümayəndələri Vəkil1 və Vəkil2 iştirakı ilə iddiaçı “Mavi İşıq” kiçik müəssisəsinin pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3758/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 4.083.922,98 manat əsas borc, 612.588,44 manat dəymiş ziyanın əvəzi olmaqla, cəmi 4.696.511,42 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, cavabdeh iddiaçı ilə müqavilədən irəli gələn münasibətdən yaranmış öhdəliyin ardıcılıqlı icrası nəticəsində son olaraq borclu qaldığı ƏDV-siz 3.461.011 manat məbləğinin vaxtında ödənilməsini təmin etməmişdir. Belə ki, cavabdeh sifarişçi ilə icraçı iddiaçı arasında 03.01.2019-cu il tarixdə bağlanmış mövcud 18 nömrəli xidmət müqaviləsi və 10.05.2020-ci il tarixdə bağlanmış mövcud 6F/2020/08/02 nömrəli alqı-satqı müqaviləsinə əsasən sifarişçi tərəfindən verilən sifarişlər icraçı tərəfindən tam şəkildə və vaxtında yerinə yetirilmişdir. Sifarişə əsasən yerinə yetirilmiş işlər və verilmiş mallara görə iradlar olmamışdır. Tərəflər arasında bağlanmış adıçəkilən 03.01.2019-cu il tarixli 18 nömrəli xidmət müqaviləsinə əlavə olan 03.01.2019-cu il tarixli qiymət razılaşdırma protokolu və 10.05.2020-ci il tarixli 6F/2020/08/02 nömrəli alqı-satqı müqaviləsinə tərtib edilmiş əlavə olan 10.05.2020-ci il tarixli Qiymət razılaşma protokoluna əsasən sifarişçi tərəfindən verilən sifariş əsasında icraçı tərəfindən göstərilmiş xidmətlər və satılmış mallarla bağlı görülmüş işlərin qiymət razılaşması ilə müəyyən edilən məbləğin bir hissəsi ödənilmişdir. Yerdə qalan 3.052.487 manat məbləğin ödənilməsini isə hər dəfə bir bəhanə ilə yayınmaqla, ödənişi təmin edilməmişdir. Halbuki, qeyd olunan 03.01.2019cu il tarixli 18 nömrəli müqavilənin 14.2-ci bəndinin tələbinə əsasən obyektdə yerinə yetirilmiş işlərin 90 faizi işlər yekunlaşanadək, qalan 10 faizi isə bütün işlərin keyfiyyəti və həcmi yoxlanılandan sonra 30 gün müddətinə sifarişçi tərəfindən ödəniləcəkdir. 10.05.2020-ci il tarixli 6F/2020/08/02 nömrəli alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən isə çatdırılmış malın hesab-fakturası təqdim edildikdən sonra ödənilməsi nəzərdə tutulmuşdur. Lakin müqavilənin qeyd olunan bəndinə zidd olaraq, göstərilmiş xidmətlərin son tarixindən 90 gündən və son mal qəbulu fakturaların təqdim edilməsindən sonra uzun müddət ötməsinə baxmayaraq, cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmişdir. Bundan başqa, tərəflər arasında mövcud müqavilələrin ödənişlə bağlı şərtlərinin tələbinə görə artıq 2 ildir ki, cavabdeh iddiaçıya ödəməli olduğu ümumilikdə 4.083.922,98 manat pulu özündə saxlamaqla, ondan iddiaçının iradəsinə zidd istifadə edir və gəlir əldə edərək, ondan faydalanır, iddiaçının hesabına əsassız olaraq varlanır. İddiaçı isə gördüyü işlərə görə çəkdiyi xərclərə görə ziyanla üzləşmişdir. Bu ziyan bank uçot dərəcəsi ilə hesablanmalıdır. Cavabdeh tərəfindən pul istifadəsində saxlanılmaqla, ondan faydalanmaqda davam etdiyindən, son iki il üçün Mərkəzi Bankın bank uçot faiz dərəcəsinə uyğun məbləğ hesablanmalıdır ki, bu da 612.588,44 (4.083.922,98 x 15%) manat təşkil edir. Ona görə də borc məbləği ilə yanaşı, puldan razılaşma müddətindən artıq istifadəsinə görə hesablanmış faiz məbləği olaraq 612.588,44 manat da tam şəkildə cavabdehdən iddiaçının xeyrinə tələb olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin 21.10.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən ƏDV daxil 4.083.922,98 manat əsas borcun tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamənin əsaslarına görə, “Tərəflər arasında tərtib edilmiş aktlar üzrə ümumi borc məbləği 4243873.9 manat təşkil etmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilələr üzrə görülmüş işlər və satılmış mallara görə ödənilməmiş 4.083.922,98 manat əsas borc məbləği tələb edildiyindən məhkəmə cavabdehdən yalnız iddiaçı tərəfindən tələbdə göstərilən məbləğin tutulmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunan hallar cavabdeh tərəfindən əsassız olduğu bildirilsə də sonuncu etirazının hüquqi əsasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə iddiaçı tərəfindən əsas borc üzrə ödənişlərin gecikdirilməsi səbəbindən cavabdehdən 612.588,44 manat dəymiş ziyanın əvəzinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən tələbdə göstərilən maddi ziyanın dəyməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, 1. iddianın heç bir hüquqi əsası yoxdur, nə iddia ərizəsində, nə də ki, iddiaya cavabdehin etirazından sonra iddiaçının təqdim etdiyi əlavə ərizələrdə hansısa hüquq normasına istinad olunmamışdır. İddiaçı yalnız ehtimal və fərziyyələrlə 4 milyondan artıq bir məbləği tələb etmiş, birinci instansiya məhkəməsi isə əsassız iddianı təmin etmək üçün iddiaçının əvəzinə hüquq norması axtarmaqla məşğul olmuş, nəticədə hüquq normalarını kənara qoymaqla, ciddi bir hüquq mübahisəsinə tərəflər arasında yaranmış adət-ənənə kimi qiymət verməklə, adətdən çıxış etmişdir.
2. İddiaçı özü də iddiasında göstərmişdir ki, tərəflər arasında yaranmış öhdəliyin ardıcıllıqla icrasının nəticəsində cavabdeh, icraçı olan iddiaçıya 3.461.011 manat məbləğin vaxtında ödənilməsini (2 il müddətində) təmin etməmişdir. Bir daha qeyd edir ki, tərəflər arasında münasibətlər ardıcıllıqla aylar üzrə iki il müddətində davam edirsə və cavabdehin ödənilməyən borcu qalmışdırsa, iddiaçı bunu ardıcıllıqla davam edən növbəti aylarda tələb irəli sürməklə bildirməli idi. Lakin bununla bağlı iddiaçı hər hansı pretenziya, tələb irəli sürmədən, əksinə ardıcıllıqla davam edən növbəti aylar üzrə iş həcmlərini təsdiq etmiş, elektron qaimələr göndərmiş və cavabdeh tərəfindən də həmin növbəti ayların ödənişləri həyata keçirilmiş, iddiaçı ödənişləri qəbul etməklə razılaşmış və əlavə tələb, irad bildirməmişdir.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 10.2-ci maddəsinə əsasən, qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir; 390.7-ci maddəsinə görə, əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilədə işlərin təhvil-təsliminin rəsmiləşdirilməsi qaydası (səlahiyyətli şəxsin imzası və möhürünün olması) aydın şəklildə müəyyən edildiyi halda, həmin münasibətlərə hansısa işgüzar adətin tətbiqindən söhbət gedə bilməz və tərəflər ibtidai icma quruluşunda olduğu kimi hansısa işgüzar adət və ənənəyə uyğun yox, məhz müqavilə şərtləri çərçivəsində hərəkət etməlidirlər. Məhz müqavilə şərtləri çərçivəsində cavabdeh tərəfindən tərəflərin səlahiyyətli şəxsinin imzası, möhürü ilə təsdiq edilmiş aktlar əsasında işlər qəbul olunmaqla, ödəniş aparılmışdır.
4. İddiaçı tərəfindən təqdim edilmiş 01.01.2018-ci il tarixdən 01.04.2020-ci il tarixədək görülmüş və təqdim edilən dəyəri ödənilməyən mal-materialın siyahısına (siyahıya verilmiş beton məhlulu daxil edilməmişdir) dair arayışda yalnız iddiaçının möhürü və direktoru Qanuni nümayəndə imzası mövcuddur. Cavabdehin səlahiyyətli şəxsinin imzası və möhürü yoxdur. Bu fakt onu təsdiq edir ki, Qanuni nümayəndə həmin arayışda istənilən məbləği yazıb möhür vura bilər və bu halda həmin sənəd mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə birtərəfli qaydada tərtib olunmuş sənədə istinad etməklə, guya iddiaçı tərəfin cavabdeh üçün 3.645.340,96 manat həcmində iş görülməsinin və cavabdehin həmin məbləğdə borcunun yaranmasının əsaslandırılması tamamilə absurddur və məhkəmə tarixində görünməmiş bir haldır.
5. İddiaçının təqdim etdiyi cavabdehin layihə rəhbəri M.Bilalov və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış iddiaçı tərəfindən may-iyun aylarında 2018-ci il tarixinə kimi görülmüş torpaq iş həcmlərinin fevral 2019-cu il tarixində təsdiqinə dair aktdan görünür ki, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 483.033 manat hesablanmışdır. Məhkəmədə iddiaya qarşı yazılı etiraz təqdim edərək, tərəflər arasında müqavilənin 03.01.2019-cu il tarixdə bağlandığı halda 01.01.2018-ci il tarixdən 03.01.2019-cu il tarixədək iddiaçı qarşısında cavabdehin hansısa öhdəliyinin yaranmasının mümkünsüzlüyü faktını məhkəmənin və iddiaçının diqqətinə çatdırdıqda, qeyd olunan faktla bağlı, yəni 03.01.2019-cu il tarixli müqavilədən əvvəl hansı işlərin və hansı borcların olması ilə bağlı cavabdehin nümayəndəsi sualları cavablandıra bilmədi və konkret olaraq həmin hissədə sual qarşısında aciz qaldı. Növbəti məhkəmə iclasında isə qarşı tərəf yalnız öz imza və möhürləri ilə təsdiqlənmiş sənədlər təqdim edərək, əsaslandırmağa çalışdı ki, guya ki, cavabdehin "xxxx" MMC-yə borcu olmuş və həmin borcun iddiaçıya ötürülməsi ilə cavabdehin borcu yaranmışdır. Əvvəla qeyd olunmalıdır ki, cavabdehin "xxxx" MMC qarşısında heç bir borcu olmamışdır. Digər tərəfdən, məhkəmədə baxılan iş üzrə "xxxx" MMC tərəf kimi işə cəlb edilmədən həmin borcu müəyyən etmək mümkün deyil. Bundan başqa, təqdim olunan arayışda işlərin "xxxx" MMC tərəfindən görülməsi və nədən ibarət olması göstərilməli idi. Halbuki, arayışda 01.01.2018-ci il tarixdən işlərin iddiaçı tərəfindən görülməsi göstərilmişdir ki, bu da aktın saxtalığını təsdiq edir. Bundan əlavə, işlər 2018 may-iyun ayında görülürsə, hansı səbəbdən 2019-cu ilin fevralında akt tərtib olunur. Həmin aktdan açıq-aşkar görünür ki, M.Bilalovun imzası oxşadılmaqla çəkilmişdir, cavabdehin isə möhürü aktda yoxdur, yəni akt tərəflər arasında olan müqavilə şərtlərinə cavab vermir. Bu səbəbdən həmin akt mötəbər sübut kimi qiymətləndirilə bilməz.
6. İddiaçının təqdim etdiyi, cavabdehin layihə rəhbəri M.Bilalov və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış, iddiaçı tərəfindən aprel-may aylarında 2019-cu il tarixdə yerinə yetirlimiş qazma-dolğu işlərinin qəbuluna dair aktan görünür ki, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 161.619,88 manat hesablanmışdır. Təqdim olunan həmin aktların saxtalığı onunla təsdiq olunur ki, aktda göstərilən 2019-cu ilin aprel-may ayı üzrə görülmüş işlərin təhvil-təslimi ilə bağlı tərəflər arasında aktlar (forma 2) tərtib olunmuş, elektron qaimə təqdim olunmuş və 31.07.2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 109.027,40 manat ödəniş edilmişdir. Üstündən 2 il keçəndən sonra iddiaçı həmin dövr üzrə guya 295.711,54 manat borcun olması barədə M.Bilalovun imzası oxşadılmaqla çəkilmiş, cavabdehin isə möhürü olmayan akt tərtib etməklə əsassız iddia irəli sürmüşdür. Təəssüflər olsun ki, məhkəmə tərəfindən tərəflər arasında olan müqavilə şərtlərinə və reallığa cavab verməyən həmin akt əsassız olaraq sübut kimi qiymətləndirilməklə, aktda göstərilən iddia tələbi təmin edilmişdir. Həmin aktların saxtalığı onunla təsdiq olunur ki, 295.711.54 manat, 16.107 manat, 161.619,88 manat dəyəri olan aktlar eyni dövrdə, 2019-cu ilin aprel-may ayında, eyni “qazma dolğu, kipləşdirmə işləri” ilə bağlı tərtib edilmişdir. Eyni ay ərzində eyni işin görülməsi ilə bağlı fərqli-fərqli aktların tərtib edilməsi faktı onu təsdiq edir ki, iddiaçı ürəyi istədiyi vaxt tarixləri uyğun gəlməyən aktlar tərtib etməklə məşğul olmuşdur. Bu səbəbdən həmin aktlar mötəbər sübut kimi qiymətləndirilə bilməz.
7. İddiaçının təqdim etdiyi, cavabdehin layihə rəhbəri M.Bilalov və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış, iddiaçı tərəfindən 01 iyun - 01 iyul aylarında 2019-cu il tarixində görülmüş torpaq işlərinin həcminə dair aktdan görünür ki, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 100.645,28 manat hesablanmışdır. Həmin aktda göstərilən 2019-cu ilin iyun üzrə görülmüş işlərin təhvil-təslimi ilə bağlı tərəflər arasında aktlar (forma 2) tərtib olunmuş, elektron qaimə təqdim olunmuş və 28.08.2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 127.590,98 manat ödəniş edilmişdir. Üstündən 2 il keçəndən sonra iddiaçı həmin dövr üzrə guya 100.645,28 manat borcun olması barədə M.Bilalovun imzası oxşadılmaqla çəkilmiş, cavabdehin möhürü olmayan akt tərtib etməklə əsassız iddia irəli sürmüş, məhkəmə də tərəflər arasında olan müqavilə şərtlərinə və reallığa cavab verməyən həmin akt əsassız olaraq sübut kimi qiymətləndirilməklə, aktda göstərilən iddia tələbi təmin edilmişdir. Şikayətdə eyni xarakterli digər pozuntulara da istinad olunmuşdur. Daha sonra şikayətdə qeyd edilmişdir ki, məhkəmənin 4.083.922,98 manat pulu əsaslandırmaq məqsədilə istinad etdiyi aktlar ziddiyyətli, natamam olmaqla yanaşı, imzalar saxtalaşdırılmışdır, bir çox hallarda imzalar yoxdur və və ümumiyyətlə cavabdehin möhürü ilə təsdiq olunmamışdır. Bəzi hallarda isə cavabdedeh tərəfindən ödənilmiş pullar təkrar olaraq ondan məhkəmə qətnaməsi ilə tutulmuşdur.
8. Məhkəmənin qətnamədə göstərmiş olduğu 4.083.922,98 manat məbləğin içərisində cavabdehin ödədiyi 887.241.81 manat pul təkrar olaraq tutulmuşdur.
9. Nəzərə alınmalıdır ki, fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin öz statusuna görə fərqlənən xüsusiyyətləri mövcuddur. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olmasının mahiyyəti ondan ibarətdir ki, onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxslərlə münasibətlərdə dövriyyədə olan sənədlərin mötəbərliyi və səlahiyyətli şəxs tərəfindən imzalanması yalnız müvafiq möhürlə təsdiq edildiyi halda hüquqi qüvvəyə malik olur. Hazırkı iş üzrə bir daha vurğulanır ki, iddiaçının təqdim etdiyi sənədlərdə cavabdehin möhürü mövcud deyil və belə olan halda həmin sənədləri mötəbər sübut hesab etmək olmaz. Sənədlərdə hüquqi şəxsin səlahiyyətli olub-olmaması, imzasının həqiqi olub-olmaması müəyyənləşdirilmədən hansısa işçisinin imzası olduğu halda belə, həmin imza hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilməmişdirsə, belə çıxır ki, hüquqi şəxsin təmsilçisi həmin sənəddə göstərilənləri qəbul etməmişdir.
10. Bir daha bildirir ki, iş materiallarında cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 02.06.2019-cu il tarixli Saziş adlı sənəd, sübut mövcud deyildir. O, cümlədən 483.033 manatla bağlı cavabdehin layihə rəhbəri M.Bilalov və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanaraq təsdiq olunmuş hər hansı bir sənəd, sübut iş materiallarında mövcud deyil. Bundan əlavə, iddiaçının ilk olaraq iddiasına əlavə etdiyi və məhkəmənin də qətnamədə istinad etdiyi 01.01.2018-ci il tarixdən 01.04.2020-ci il tarixədək görülmüş və təqdim edilən dəyəri ödənilməyən mal-materialın siyahısına dair arayışda iddiaçı “Texnikaların icarə haqqı üzrə” cavabdehin 1.085.600 manat borcunun olduğunu göstərmişdir. Lakin sonradan təqdim etdiyi saxta aktlar üzrə ümumilikdə texnikaların icarəsinə görə iddiaçı cavabdehdən 333.491,60 manat pul tələb etdiyini göstərmişdir.
Cavabdehin apellyasiya şikayətinə iddiaçının yazılı etirazının dəlillərinə görə, cavabdeh X6 Yol Depo tikintisinə başlayan zaman vəsaiti olmadığı üçün onun əvəzindən bütün xərcləri iddiaçı ödəyibdir. Məhz iş iddiaçıya bu razılğa görə verilmişdir. Cavabdehin ödənişlərin vaxtında təmin edilməsi üçün vəsaiti olmadığı üçün 2020-ci ilə qədər görülmüş işlərin bir hissəsinin ödəniş tələbi ilə bağlı elektron qaimə yazılmamışdır. Ona görə ki, vergi qanunlarına görə elektron qaimə yazılan kimi iddiaçı vergi ödəməli idi. Cavabdehin pul ödəmək imkanı yox idi, ona görə də elektron qaimə iş görülən ayda dərhal yazılmırdı. Hal-hazırda məhkəmə çəkişməsi getsə də belə, iddiaçı yenə də kipləşdiricı material və beton məhlulu cavabdehə verməyi davam etdirir. Ona görə ki, X3 tikintisi "xxxx" ASC-yə aid olduğundan, iddiaçı işi dayandırmır. Göründüyü kimi, 2 il pul tələb etmədən iddiaçının işləməsinin səbəbi yuxarıda göstərdikləridir. Görülmüş işlərin aktları cavabdehdə hazırlanırdı, layihə rəhbəri və geodist tərəfindən imzalanırdı, sonra göndərilirdi iddiaçıya, iddiaçı da imzalayırdı, möhür vurub qaytarırdı cavabdehin layihə rəhbərinə, sonradan onlar onu ya imzalayırdı, ya da imzalamırdı, bunun iddiaçıya heç bir aidiyyəti yox idi. Çünki pulu bu şəkildə ödəyirdilər. Cavabdehin layihə rəhbəri Məmmədrəsul müəllim olanda aktları təkcə özü imzalayıb iki nüsxə göndərirdi, iddiaçının rəhbəri imza atıb, möhürləyib, birini özündə saxlayaraq 2-ci aktı cavabdehə qaytarırdı. Onlar da həm akta görə görülmüş torpaqkipləşmə işləri və sair iddiaçının pulunu ödəyirdi. Ancaq İbad müəllim layihə rəhbəri olduqdan sonra xəritə mühəndisi də akta imza atırdı. Elə vaxtlar olub kı, iddiaçının direktoru da imza atıbdır. Hər bir halda akta kimin imza edilməsindən asılı olmayaq, pulun ödənilməsində iradlar edilməmişdir. Nəticə etibarı ilə pulu ödənilən və ödənilməyən aktlar eyni qayda ilə olaraq bir imza ilə möhürlə, eləsi də var ki, möhürsüz imza ilə təsdiqlənib. Cavabdehin apellyasiya şikayətində elə göstərilir ki, guya iddiaçı YLD-nin tikintisində iş görülməyib, saxta akt yazılıb, cavabdeh özünə sual qoymur kı, aktları kim yazırdı? Aktları və maliyyə arayışını cavabdehin layihə rəhbəri, xəritə mühəndisi, texniki şöbəsi yazırdı, baş mühasib təsdiq edirdi. Cavabdeh öz yazdığı maliyyə arayışı və aktı təzkib edir. İddiaçı beton məhluluna görə heç bir iddia qaldırmamışdır. Çünki bununla bağlı mübahisə yoxdur və hal-hazıra kimi də ödənişlər davam etməkdədir. Guya məhkəmə qətnaməsində göstərilir ki, 4.083.922,98 manat məbləğin içərisində onlar tərəfindən ödənilən 887.241,81 manat pula təkrar qərar qəbul olunmuşdur. Cavabdehin apellyasiya şikayətində yazdığı 887.241,81 manat məsələsi cavabdehin rəhbərinin formal düşüncəsinin məhsuludur. Belə bir hal mövcud deyil. Cavabdeh elə bir ödəniş nümayiş etdirməmişdir ki, ona əlavə iş həcmi də təqdim edilsin. Tam əksinə, bütün işlərə akt tərtib edərkən, bir qismini həmişə azaltmışlar. İddiaçı da əməkdaşlıq davam etsin deyə, həmişə güzəşt etmişdir. İndi də iddia tələbi yalnız çəkdiyi xərclərin məbləğidir. Göründüyü kimi, apelyasiya şikayəti formal mülahizələrdən ibarətdir və qanuni olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkilləri və nümayəndələri şikayəti müdafiə edib, ona uyğun izahat vermişlər.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında 03.01.2019-cu il tarixli 18 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı iddiaçı Gəncə şəhərində inşa olunan X2 Deposunun ərazisində torpaq qazma işlərini, dolğu işlərini, inşaat materialları ilə çirklənmiş torpağın emal edilməsi və landşaft işlərini icra edir və sifarişçi cavabdeh bu işlər müqabilində icraçıya müvafiq haqq ödəyir. Müqavilənin 1.3-cü bəndinə görə, hazırki müqavilə hər iki tərəfdən imzalandığı və möhürlə təsdiq edildiyi andan etibarən qüvvəyə minir və müqavilə üzrə görüləcək işlərin icrası başa çatanadək qüvvədə olacaq; 2.1-ci bəndinə əsasən, göstəriləcək xidmətlərin haqqı tərəflər arasında imzalanan və bu müqaviləyə əlavə edilən Qiymət razılaşma protokolu əsasında həyata keçirilir; 4.1-ci bəndinə görə, işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası (möhürü) ilə təsdiq edilən təhviltəslim aktına əsasən həyata keçirilir. Cavabdehin direktoru Y.Nəbiyev və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış və möhürlənmiş 03.01.2019-cu il tarixli 18 nömrəli Qiymətdə razılaşma protokoluna görə, tərəflər yeni DEPO-nun tikintisi ilə əlaqədar olaraq sifarişçinin tapşırığı əsasında icraçının tikinti sahəsində göstərəcəyi xidmət, görüləcək iş və veriləcək mal-materialın adı, qiyməti siyahıda göstərilmiş qaydada müəyyən edilmişdir. Cavabdehin layihə rəhbəri M.Bilalov tərəfindən imzalanmış və iddiaçının nümayəndəsi V.Novruzov tərəfindən imzalanmış və möhürlənmiş 05.01.2019-cu il tarixli Qiymətdə razılaşma protokoluna əsasən, tərəflər X5 tikinti sahəsinin dolğu işlərinin icra edilməsində istifadə edilən texnikaları iddiaçı təmin edəcək, amma texnikaların hər biri üçün aylıq icarə qiymətlərinə uyğun (ƏDV daxil 54.280 manat) cavabdeh tərəfindən ödəniləcəkdir. Cavabdehin direktoru Y.Nəbiyev və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış və möhürlənmiş 1 nömrəli Əlavəyə görə, tərəflər 03.01.2019-cu il tarixli xidmət müqaviləsinin 1.1-ci bəndində müəyyən edilmiş işlərin həyata keçirilməsi üçün iş prosesinə cəlb edilmiş texnikanın iş günləri üzrə günlük qiymətləri ƏDV daxil 112.524,8 manat razılaşdırılmışdır. Tərəflər arasında bağlanan 10.05.2020-ci il tarixli 6F/2020/08/02 nömrəli Alqı-satqı müqaviləsinə əsasən, bu müqavilədə təchizatçı iddiaçı tərəfindən sifarişçi cavabdehin beton məhlulu və tikinti materialları ilə təmin olunması üçün ümumi şərt və müddəalar müəyyənləşdirilir. Müqavilənin 3.1-ci bəndinə görə, bu Müqavilə çərçivəsində ödəniş hər bir partiya üçün hər bir hesab-fakturadan çıxılmaqla həyata keçirilir, təchizatçıya təqdim edildikdən sonra ödəniş icra edilir. Cavabdehin direktoru Y.Nəbiyev və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış və möhürlənmiş 6F/2020/08/02 nömrəli alqı-satqı müqaviləsinə 10.05.2020-ci il tarixli qiymət razılaşdırma protokolu olan 1 nömrəli əlavəyə görə, müqavilənin şərtlərinə əsasən C25 B30 və C15 B15 markalı beton məhlulunun alınması və qiyməti razılaşdırılmışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 02.06.2019-cu il tarixli Hüquq və öhdəliklərin ötürülməsi barədə Sazişə görə, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 01.03.2018-ci il tarixli podrat müqaviləsi və 16.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X7 ərazisində icra etdiyi 2018-ci ilin may-iyun aylarına kimi yeni dəmir yol xəttinin altındakı metal borunun qazılıb çıxarılması, torpağın kənar əraziyə daşınması, həmin sahənin təkrar dolğu materialı ilə doldurulması, tikinti sahəsindən kanalizasiya xəttinin çıxarılması, həmin sahənin torpağının kənar sahəyə daşınması və əvəzinə dolğu verilməsi işlərinin, yeni Depoya gələn avtomobil yolunun planirovkası, yeni Depo yolunun dolğu materialı ilə doldurularaq bir neçə dəfə hamarlanması işlərindən cavabdehin 488.033 manat borcu yaranmışdır. Hal-hazırda cavabdehin ödəmə qabiliyyətinin olmamasına, "xxxx" MMC-nin fəaliyyətini dayandırmaq niyyəti olduğu üçün, cavabdehə yazılmış 02.06.2019-cu il tarixli məktubuna əsasən, cavabdehin layihə rəhbəri də şirkətlərinin "xxxx" MMC-yə olan 488.033 manat borclarını yeni akt yazaraq, iddiaçının gördüyü iş kimi qəbul edib, ödəmə etməyə razılıq verdiyi üçün, "xxxx" MMC-nin cavabdehdən alacağı 488.033 manat borcun iddiaçıya verməsinə razılaşmışlar. İddiaçı 488.033 manatı qəbul etdikdən sonra "Şah-Tac E.A.F” MMC-yə ödənməsinə dair öhdəliyi qəbul etmişdir. Cavabdehin layihə rəhbəri M.Bilalov və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış, iddiaçı tərəfindən may-iyun aylarında 2018-ci il tarixinə kimi görülmüş torpaq iş həcmlərinin fevral 2019-cu il tarixdə təsdiqinə dair akta əsasən, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 483.033 manat hesablanmışdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir; 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir; 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir; 193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur; 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür; 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur;
196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər; 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir; 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, iddianın faktiki əsaslarını tərəflər arasında bağlanmış 03.01.2019-cu il tarixli 18 nömrəli xidmət müqaviləsi və 10.05.2020-ci il tarixli 6F/2020/08/02 nömrəli alqı-satqı müqaviləsi təşkil edir. İddiaçı həmin müqavilələrə əsasən cavabdehin ona ƏDV daxil cəmi 4.083.922,98 manat məbləğdə ödənilməmiş borcunun qaldığını bildirir. İddiaçı cavabdehlə mübahisəli podrat və alqı-satqı hüquq münasibətləri üzrə ümumi görülən işlərin və alınan məhsulların cəmi dəyərinin nə qədər olduğunu, həmin məbləğdən hansı hissəsinin cavabdeh tərəfindən ödənildiyini bildirmir. O, ümumi qaydada ƏDV daxil 4.083.922,98 manat məbləğdə borc qalığına istinad edir. İddiaçının birinci instansiyasına təqdim etdiyi sub-uçot hesabdan çıxarışda etdiyi qeydlərə əsasən cavabdeh həmin borc məbləğindən 3.183.319,88 manat əsas borc, 572.997,58 manat ƏDV olmaqla, cəmi 3.756.317,46 manat ödəmişdir (iş vərəqi - 1-ci cild, səhifə164). İddiaçının sözügedən qeydlərinə əsasən cavabdehin qalıq borc məbləği 327.605,52 manat (4.083.922,98 - 3.756.317,46) təşkil edir. Cavabdeh də öz növbəsində təqdim etdiyi arayışda ondan tələb olunan borc məbləğinin 03.01.2019-cu il tarixli 18 nömrəli xidmət müqaviləsi üzrə ƏDV daxil 2.990.284,79 manat və 10.05.2020-ci il tarixli 6F/2020/08/02 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 1.091.603,60 manat olmaqla, ƏDV daxil cəmi 4.081.888,39 manat hissəsini qəbul etdiyini, lakin qeyd olunan məbləği ödədiyini, 10.05.2020-ci il tarixli alqısatqı müqaviləsi üzrə hazırda 62.206,65 manat borcunun qaldığını bildirir ki, sonuncu məbləğin də sonradan onun tərəfindən 52.717,50 manat əsas borc və 9.489,15 manat ƏDV şəklində ödənildiyi işdə olan 367258 və 367420 nömrəli ödəniş tapşırıqları ilə təsdiqini tapır. Tərəflər 10.05.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərinin davam etməkdə olduğunu, dövri olaraq malların (o cümlədən 62.206,65 manat dəyərdə beton məhlulunun) alınıb, dəyərinin ödənildiyini mübahisə etmirlər, iddiaçı da cavabdehin apellyasiya şikayətinə yazılı etirazında beton məhluluna görə mübahisənin olmadığını və hal-hazıra kimi də ödənişlərin davam etməkdə olduğunu göstərir. Bundan əlavə, iddiaçının sub-uçot hesabdan çıxarışda etdiyi qeydlərə əsasən ödənilmiş məbləğlər 31.03.2021-ci il tarixədək həyata keçirilmiş olduğundan, cavabdeh tərəfindən yanvar-mart aylarında verilmiş beton məhluluna görə 13.09.2021-ci il tarixdə 40.174,20 manat ƏDV (i.v-c.2, s.36) daxil cəmi 263.364,20 manat (i.v-c.1, s.72) ödənildiyi, iddiaçının məhkəmənin gedişində bu ödənişlərə etiraz etmədiyi nəzərə alınarsa, cavabdehin qəbul etdiyi ƏDV daxil cəmi 4.081.888,39 manatdan heç bir borcunun qalmadığı aşkar olunur. Fərz olunsa ki, iddiaçının özünün birinci instansiyasına təqdim etdiyi sub-uçot hesabdan çıxarışda etdiyi qeydlərə əsasən cavabdehin qalıq borc məbləği 327.605,52 manat (4.083.922,98 - 3.756.317,46) təşkil edir, iddia bu halda da əsassızdır. Belə ki, iddiaçı cavabdehdən tələb etdiyi ƏDV daxil cəmi 4.083.922,98 manat məbləğin ƏDV daxil 483.033 manat hissəsini əvvəlcə cavabdehin layihə rəhbəri M.Bilalov və iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış, iddiaçı tərəfindən may-iyun aylarında 2018-ci il tarixə kimi görülmüş torpaq iş həcmlərinin fevral 2019-cu il tarixdə təsdiqinə dair aktla əsaslandırıb, sonradan iddia tələbinin bu hissədə faktiki əsasını dəyişərək, qeyd olunan məbləği iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 02.06.2019-cu il tarixli Hüquq və öhdəliklərin ötürülməsi barədə Sazişlə əsaslandırsa da, cavabdeh "xxxx" MMC-yə 488.033 manat borcunun olmasına etiraz edir, yəni belə bir borcunun olmadığını bildirir. Bu isə o deməkdir ki, cavabdehin "xxxx" MMC-yə 488.033 manat borcunun olması indiki mərhələdə ən azından mübahisəlidir və qeyd olunan mübahisənin həll edilməsi hazırkı məhkəmə araşdırmasının predmetinə daxil deyil. Mülki Məcəllənin müddəalarına əsasən isə, hüququn və tələbin güzəşti mövcud olan, mövcudluğu sual doğurmayan hüquq və tələblərə münasibətdə mümkündür. Digər tərəfdən, iddiaçının sözügedən borcun mövcudluğunu təsdiq edən sübut kimi istinad etdiyi "xxxx" MMC-nin cavabdehin layihə rəhbəri M.Bilalova ünvanladığı və sonuncunun məktuba “Etiraz etmirəm, borc öhdəliyi təklif olunan təşkilata keçsin” məzmunda qeyd apardığı 02.06.2019-cu il tarixli məktubu birinci instansiya məhkəməsinə təqdim etməmişdir (MPM-in 372.2-ci maddəsi). Cavabdehin məhkəmə kollegiyasının iclasında iştirak edən direktoru (qanuni təmsilçisi) Y.Nəbiyev məktubla tanış olduqdan sonra bundan məlumatının olmadığını və M.Bilalova belə bir səlahiyyət vermədiyini bildirmişdir. M.Bilalova gəldikdə isə, onun və İ.İbadovun layihə rəhbəri kimi hansı səlahiyyətlərə malik olduğu işdən müəyyən edilmir, direktor (qanuni təmsilçi) Y.Nəbiyev M.Bilalovun cavabdehin işçisi olduğunu bildirmiş, iddiaçı, M.Bilalovun cavabdehin adından rəsmi sənədləri, o cümlədən təhvil-təslim aktlarını və 02.06.2019-cu il tarixli məktubda qeyd aparmaq (imzalamaq) səlahiyyətinin olduğunu təsdiq edən hər hansı mötəbər sübuta istinad və Məhkəməyə təqdim etməmişdir. Bu mənada, apellyasiya şikayətinin 5, 9 və 10-cu dəlilləri əsaslıdır. Həmçinin, qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən öz yekun aktında cavabdehin nümayəndələri tərəfindən ümumiyyətlə imzalanmayan 6 təhvil-təslim aktına istinad edir və həmin aktların cəmi məbləği 798.733,17 manat (15.753+3.469,2+11.398,8+230.689,87+402.243,8+135.178,5) təşkil edir. Bununla da, 1.281.766,17 manat (488.033+798.733,17) məbləğdə borcun birmənalı qaydada əsassızlığının təsdiq olunması kifayət edir ki, hətta iddiaçının özünün birinci instansiyasına təqdim etdiyi sub-uçot hesabdan çıxarışda etdiyi qeydlərə əsasən cavabdehin qalıq borc məbləği 327.605,52 manat olduğu güman edilən halda da iddia eyni (327.605,52 manat) hissədə təmin edilməsin. Məhkəmə kollegiyası iddiaçının, cavabdehin əvvəllər layihə rəhbərləri tərəfindən imzalanan və möhürü vurulmayan aktlara əsasən ödənişlər etdiyini irəli sürərək, müqavilə şərtinə deyil, tərəflər arasında yaranmış işgüzar adətlərə istinadını da doğru saymır. Belə ki, 03.01.2019-cu il tarixli 18 nömrəli xidmət müqaviləsinin 4.1-ci bəndinə görə, işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası (möhürü) ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilməlidir, Mülki Məcəllə isə qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlərin tətbiq edilməməsini tələb edir. Eləcə də, iddiaçının müqavilə ilə nəzərdə tutulmayan formaya uyğun olaraq könüllü ödəniş etməsi onun müqavilə şərtlərinə əməl edilməsini qarşı tərəfdən tələb etmək hüququndan imtina etməsi kimi təfsir edilməməli, onun bu hərəkəti müqavilə tərəfində əqdin müvafiq bəndinin qüvvədən düşməsi yaxud artıq tətbiq olunmaması və ya bundan sonra da ondan eyni qaydada davranmasını tələb etmək hüququnun yaranması kimi başa düşülməməlidir. Bu məqamda xüsusilə vurğulanmalıdır ki, fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin statusa görə fərqlənən xüsusiyyətləri mövcuddur. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və maddi məsul şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olmasının mahiyyəti ondan ibarətdir ki, onunla hüquq münasibətinə daxil olan fiziki və hüquqi şəxslərlə münasibətlərdə dövriyyədə olan sənədlərin mötəbərliyi və səlahiyyətli şəxs tərəfindən imzalanması yalnız müvafiq möhürlə təsdiq edildiyi halda hüquqi qüvvəyə malik olur. İşdən o da məlum olur ki, cavabdehin möhürü vurulan aktların cəmi məbləği 2.506.943,15 manatdır (i.v-c.1, s.192-194, 196-202). Vəkilləri məhkəmə kollegiyasının iclasında məsələyə dair münasibət bildirərək göstərmişlər ki, cavabdehin layihə rəhbərləri tərəfindən imzalanan və onun möhürü ilə təsdiq edilən (edilməyən) aktlara əsasən borclar, həmin şəxslər buna səlahiyyətli olduğuna görə deyil, iddiaçı tərəfindən sözügedən məbləğlərlə bağlı elektron qaimələr təqdim edildiyi üçün, ödənilmişdir. İddiaçı isə cavabdehin apellyasiya şikayətinə yazılı etirazında bildirmişdir ki, “Cavabdehin ödənişlərin vaxtında təmin edilməsi üçün vəsaiti olmadığı üçün 2020-ci ilə qədər görülmüş işlərin bir hissəsinin ödəniş tələbi ilə bağlı elektron qaimə yazılmamışdır. Ona görə ki, vergi qanunlarına görə elektron qaimə yazılan kimi iddiaçı vergi ödəməli idi.” Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı sayır.
MPM-in: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir (MPM-in 385.1.4 və 390-cı maddələri). Bununla bağlı olaraq, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməli (MPM-in 384.0.2-ci maddəsi), apellyasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3758/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Mavi İşıq” kiçik müəssisəsinin cavabdeh “6-cı Mərtəbə” müstəqil şirkətinə qarşı cavabdehdən 4.083.922,98 manat əsas borc, 612.588,44 manat dəymiş ziyanın əvəzi olmaqla, cəmi 4.696.511,42 manat pulun tutularaq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova