Məhkəmə qərarları › İş №2-2(103)-175/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-175/2023

23.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-175/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Açar söz: xidmət müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 1735/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin hallarından görünür ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə ASFX18/238 saylı xidməti müqaviləsi bağlanmışdır (İ cild, 65-ci səh.). Müqaviləyə əsasən icraçı (İddiaçı) sifarişçinin (Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC) Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi dövlət əhəmiyyətli A-27 Aktobe-Atıray-Rusiya Federasiyası sərhədi, 236-275-ci km yolunun yenidən qurulması layihəsində nəqliyyat vasitələrinin təmiri və istismarına nəzarət işləri ilə əlaqədar işlərin icrası və nəzarətini öz üzərinə götürmüşdür.

2. Müqavilə üzrə aylıq xidmət haqqı 2.900 manat müəyyən edilmişdir.

3. Müqavilənin 13.8-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 3 ay müddətinədək qüvvədə qalır, müqavilə müddətinin bitməsinə 1 həftə qalmış tərəflərdən biri, digərinə müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir.

4. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixli xidməti müqaviləsi üzrə iddiaçının hesabına göstərilmiş xidmətlərə görə noyabr üzrə 2.513 manat, dekabr ayı üzrə isə 1.871 manat məbləğində pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 2019-cu ilin may ayı üzrə 2942 manat iddiaçıya ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli xidməti müqaviləsinə əsasən 2018-ci il üzrə noyabr ayında xidmət haqqının ödənilməmiş 387 manat, 2018-ci ilin dekabr ayında xidmət haqqının ödənilməmiş 1.029 manat qalıq hissəsinin, cəmi 1416 manat pul vəsaitinin, 2019-cu il üzrə may və iyun ayının xidmət haqqısı 2.900 manat məbləğində, cəmi 5.800 manat məbləğində pul vəsaitinin hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 400 (dörd yüz) manat vəkil xidmət haqqısı da hesablanmaqla, ümumilikdə, 7.616 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ilə müqaviləyə əsasən aylıq xidmət haqqı 2.900 manat müəyyən olunmuşdur. Müqavilə əsasında o öz öhdəliklərini lazimi qaydada yerinə yetirsə də, "xxxx" ASC tərəfindən 2020-ci ilin noyabr ayından etibarən aylıq xidmət haqqı olan 2.900 manat məbləğində pul vəsaiti bu günədək ödənilməmişdir. "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ona təqdim edilən hesabdan çıxarışa nəzər yetirdikdən sonra ona ödənilməli olan xidmət haqqının hesaba tam həcmdə köçürülməməsi faktı aşkar edilmişdir. Belə ki, bank tərəfindən verilmiş hesabdan çıxarışdan da aydın olduğu kimi 2018-ci il üzrə həmin ilin avqust ayının xidmət haqqı xx.xx.2018-ci il tarixində (yarısı) və xx.xx.2018-ci il tarixində (digər yarısı), 2018- ci ilin sentyabr və oktyabr ayının xidmət haqqı xx.xx.2018-ci ildə tam şəkildə, 2018-ci ilin noyabr ayının xidmət haqqı 2019-cu ilin mart ayında 387 manat kəsrlə 2513 manat şəklində ödənilmişdir. Bundan başqa, 2018-ci ilin dekabr ayının xidmət haqqı isə 2019- cu ilin may ayında 1029 manat kəsrlə 871 manat şəklində ödənilmişdir. Beləliklə, həmin il üzrə 1416 manat məbləğində pul vəsaiti ödənilməmişdir. 2019-cu il üzrə yanvar və fevral ayının xidmət haqqı 2900 manat 2019-cu ilin may ayında, 2019-cu ilin mart ayının xidmət haqqı 2900 manat 2019-cu ilin oktyabr ayında, 2019-cu ilin aprel ayının xidmət haqqısı olan 2900 manat məbləğində pul vəsaiti isə 2019-cu ilin iyul ayında köçürülmüşdür. Həmin ilin may və iyun ayları isə ümumiyyətlə ödənilmədiyindən 2019-cu il üzrə may və iyun ayları üzrə cəmi 5800 manat məbləğində pul vəsaiti ödənilməlidir. Beləliklə, 2018-ci il və 2019-cu illər üzrə ASC-nin iddiaçıya 7.216 manat məbləğində borcu yaranmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1735/2022 saylı qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixli xidməti müqaviləsi üzrə 2018-ci ilin noyabr ayı üçün 387 manat, 2018-ci ilin dekabr ayı üçün 1.029 manat, cəmi 1.416 manat məbləğində pulun Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin də, məzmunundan göründüyü kimi iddiaçı tərəf 2018-ci il üzrə noyabr ayında göstərmiş xidmətlərə görə qalıq 387 manatı, 2018-ci ilin dekabr ayı üçün qalıq 1.029 manatı, 2019-cu il üzrə may və iyun ayı üzrə də, hər biri üçün 2.900 manat xidmət haqqını tələb edir. 2018-ci ilin noyabr və dekabr aylarında cavabdeh tərəfindən iddiaçıya göstərilmiş xidmətlərə görə qismən ödəniş edilməsi iddiaçının həmin aylar üzrə müqavilə üzrə öz öhdəliklərini icra etmiş olduğunu təsdiq edir. Müqavilədə də aylıq xidmət xidmət haqqının 2.900 manat müəyyən edilməsini nəzərə alaraq cavabdehin 2018-ci ilin noyabr ayı üçün 387 (2.900-2.513) manat, dekabr ayı üçün isə 1.029 (2.900-1.871) manat məbləğində borcu qaldığını və qeyd edilən borcun ödənilməsinə dair də cavabdeh tərəfindən hər hansı bir sənəd təqdim edilmədiyini nəzərə alaraq məhkəmə həmin hissədə iddianı təmin etmişdir.

9. Məhkəmə iddiaçının 2019-cu ilin may ayı üçün tələb edilən 2.900 manat məbləğində xidmət haqqı tələbinə münasibətdə isə qeyd etmişdir ki, hesabdan çıxarışdan və xx.xx.2020-ci il tarixli 478 saylı ödəniş tapşırığından (İ cild, səh 86) görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına tam olaraq 2.942 manat məbləğində xidmət haqqı köçürüldüyündən 2019-cu ilin may ayı üçün tələb edilən 2.900 manat xidmət haqqı üzrə hissədə tələb edilə bilməz.

10. İddiaçının 2019-cu ilin iyun ayı üçün tələb edilən 2.900 manat məbləğində xidmət haqqı tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, icraçı İddiaçı tərəfindən hansı xidmətlərin göstərilməsi, həmin xidmətlərin göstərilməsini nə ilə təsdiq edildiyini və ya göstərilmiş xidmətlərin təhvil verilməsi barədə sübut təqdim edilmədiyindən iddia bu hissədə əsassızdır.

11. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, məhkəmə bununla bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli xidməti müqaviləsinin də məzmunundan göründüyü kimi, müqavilə 3 ay müddətinə bağlansa da, müqavilənin ləğvinin tələb edilmədiyi halda müqavilə müddətinin uzadılması mümkünlüyü nəzərdə tutulmuşdur Belə olan halda, tərəflər arasında olan xidmət müqaviləsindən irəli gələn münasibətlərə görə cavabdeh tərəfindən iddiaçıya 2019-cu ilin may ayında 2.942 manat məbləğində ödənişi də nəzərə alaraq yenidən 3 ay müddətinə uzadılmış və son müddəti xx.xx.2019-cu il tarixi olmuşdur. Ona görə də, iddia müddətinin axımı məhz xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Belə olan halda isə iddia müddəti xx.xx.2022-ci il tarixində bitmiş olacaqdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirakla bağlı arayışdan görünür ki, qeyd edilən arayış xx.xx.2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddia müddəti keçməmişdir. Həmçinin də, qeyd edilməlidir ki, hətta iddia müddətinin axımını cavabdehin etmiş olduğu son ödəniş yəni 2019-cu ilin may ayından belə hesablansa, iddia müddəti yenə də keçməmişdir. Ona görə də, cavabdehin qeyd edilən dəlili əsassızdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1735/2022 saylı qətnaməsinin qismən ləğv edilməsni, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli xidməti müqaviləyə əsasən 2019-cu il üzrə: may və iyun ayının xidmət haqqısı 2900 (iki min doqquz yüz) manat məbləğində, cəmi 5800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsinə dair hissədə cavabdehlə aramızda bağlanılmış xidməti müqavilə əsasında ödəniş edilmədiyi, cavabdeh tərəfin öz üzərinə götürdüyü öhdəlikdən yayındığı üçün həmin hissədə də iddia tələbimin təmin edilməsini xahiş etmişəm. Lakin hal-hazırda məhkəmənin diqqətinə çatdırdığım əlavə sübutu birinci instansiya məhkəməsinə təqdim etmək imkanımdan məhrum idim . Belə ki, birinci instansiya məhkəməsi tərəfindən yekun akt qəbul edildikdən sonra mən həmin sənədin əldə edilməsinə nail ola bilmişəm. Nəzərə alsaq ki, həmin sənəd Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan onun mənə təqdim edilməsi və göndərilməsi xeyli vaxt tələb edirdi. Məhz bu səbəbdən də apellyasiya instansiya məhkəməsi tərəfimdən təqdim edilmiş əlavə sübuta hüquqi qiymət verərək iddia tələbimi tam edilməsinə yönələn ədalətli akt qəbul etməsi qanunidir. Məhkəmə tərəfindən iddia tələbimin təmin edilməyən hissəsinə dair bütün halları məhkəmənin diqqətinə çatdırsaq da məhkəmə xx.xx.2018-ci il tarixli xidməti müqaviləyə əsasən 2019-cu il üzrə: may və iyun ayının xidmət haqqısı 2900 (iki min doqquz yüz) manat məbləğində, cəmi 5800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsinə dair hissədə tələbini təmin etməyərək qanunsuzluğa yol vermişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

15. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə elektronkabinetə bildiri yerləşdirilməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsi iştirak etməmişdir.

16. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddəsi- tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi-məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə iddiaçı tərəfindən qismən – iddia tələbinin rədd edildiyi hissədə mübahisələndirildiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1735/2022 saylı qətnaməsi dəyişdirilərək iddia rədd edilən hissədə qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 2019-cu ilin iyun ayı üzrə 2900 manat xidmət haqqı, 234,40 manat dövlət rüsumu tutulmalı, qətnamə iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

19. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli xidməti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi dövlət əhəmiyyətli A-27 Aktobe-Atıray-Rusiya Federasiyası sərhədi, 236-275-ci km yolunun yenidən qurulması layihəsində nəqliyyat vasitələrinin təmiri və istismarına nəzarət işləri ilə əlaqədar işlərin icrasına nəzarəti üzərinə götürmüşdür.

20. İddiaçının təmin edilməmiş tələbi 2019-cu ilin may və iyun ayları üzrə göstərilmiş xidmətə görə tələb edilən xidmət haqqı ilə bağlıdır. Məhkəmə birinci instansiya məhkəmənin bu mövqeyi ilə razılaşır ki, 2019-cu ilin may ayı üçün tələb edilən 2.900 manat məbləğində xidmət haqqının ödənildiyi hesabdan çıxarış və xx.xx.2020-ci il tarixli 478 saylı ödəniş tapşırığı ilə təsdiq edildiyindən iddia bu hissədə əsassızdır.

21. Lakin məhkəmə kollegiyası hesab edir ki, 2019-cu ilin iyun ayı üzrə tələb edilən xidmət haqqı tələbi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlər işin həqiqi hallarına uyğun deyil. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ezamiyyə vərəqəsi təqdim edilmiş, həmin ezamiyyə vərəqəsində iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xx.xx.2018-ci il tarixli ASFX18/238 saylı xidməti müqaviləsində nəzərdə tutulmuş işlərin görülməsi ilə əlaqədar Qazaxıstan Respublikasına ezam olunduğu qeyd edilmilşdir. Qeyd edilən ezamiyyə vərəqəsinin əsli apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübuta qətnamədə hər hansı hüquqi qiymət verməmiş, əgər bu sənəd müqavilənin icrası ilə bağlı tərtib olunmamışsa iddiaçının hansı əsasla 2019-cu ilin iyun ayında "xxxx" ASC tərəfindən Qazaxıstan Respublikasına göndərildiyini araşdırmamışdır. Halbuki, MPM-nin 88-ci maddəsinə əsasən təqdim edilmiş hər bir sübuta hüquqi qiymət verilməsi məhkəmənin vəzifəsidir.

22. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutun digr məqsədlə verildiyi sübut edilmədiyindən xx.xx.2019-cu il tarixli ezamiyyə vərəqəsi iyun ayı üzrə iddiaçı tərəfindən xidmətin göstərildiyini təsdiq edən sübut kimi qəbul edilərək iddiaçının tələbi 2019-cu ilin iyun ayı üzrə cavabdehdən 2900 manat xidmət haqqının tutulması hissəsində də təmin edilməlidir. İddiaçı tərəfindən iki instansiya üçün ödənilmiş dövlət rüsumunun 234,4 manatı MPM-nin 119-cu maddəsinə əsasən iddianın təmin edilmiş hissəsinə müvafiq cavabdehdən tutulmalıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1735/2022 saylı qətnaməsi dəyişdirilərək iddia rədd edilən hissədə qismən təmin edilərək cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 2019-cu ilin iyun ayı üzrə 2900 manat xidmət haqqı, 234,40 manat dövlət rüsumu tutulmalı, qətnamə iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1735/2022 saylı qətnaməsi dəyişdirilsin. İddia rədd edilən hissədə qismən təmin edilərək cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 2019-cu ilin iyun ayı üzrə 2900 manat xidmət haqqı, 234,40 manat dövlət rüsumu tutulsun. Qətnamə iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar