Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-176/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6621/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işin aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-6621/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan da şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 3.1-ci və 10-1.3cü maddələrinə istinad edərək, qeyd etmişdir ki, maddələrin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Həmçinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 3-cü bəndinə istinad edərək, məhkəmə qeyd etmişdir ki, göründüyü kimi iddia ərizəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinə poçt vasitəsi ilə daxil olmuşdur. Kommersiya mübahisələri üzrə iddia ərizələrinin yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilməli olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Bundan əlavə Mülki Prosessual Məcəllənin 152.1.1-ci, 152.1.4-cü, 149.2.4-1-ci və 152.1.6-1-ci maddələrinə, Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununun 3.1.1-ci, 3.2-ci, 28.1-ci, 29.7-ci maddələrinə istinad edərək, məhkəmə qeyd etmişdir ki, yuxarıda sadalanmış qanun normalarının tələblərindən görünür ki, bütün növ kommersiya mübahisələri üzrə tərəflərin mediasiya prosesində iştirakı məcburidir. Kommersiya mübahisəsi üzrə tərəflər yalnız müvafiq mediasiya prosesində iştirak etdikdən sonra mediator tərəfindən tərtib edilmiş sənədi əlavə etməklə məhkəməyə müraciət edə bilər. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin mediasiya prosesində iştirakı ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 151.1-ci və 152.4-cü maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı işdə iddia ərizəsi geri qaytarıla bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinin tələblərinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.3-cü maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Hazırki işin də halları ondan ibarətdir ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən mümkün hesab edilmiş və ərizə icraata qəbul olunmuşdur. Məhkəmənin icraatına qəbul edilmiş iddia ərizəsinin geri qaytarılması isə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Kollegiya qeyd edir ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin xarakterinə və əhəmiyyətinə görə bir sıra prosessual və maddi hüquqi nəticələri (iddia müddətinin axımının kəsilməsi və s.) mövcuddur ki, hazırki işdə də iddia ərizəsi artıq məhkəmənin icraatına qəbul edilmişdir. Eyni zamanda izah olunur ki, məhkəmə prosessual qənaət prinsipinə uyğun olaraq qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət etmək, yəni iddia ərizəsinin elektron qaydada vermək, habelə mediasiya qaydasına əməl etmək üçün iş üzrə tərəflərə şərait yaratmalı və tərəflərin etdiyi hərəkətlərin nəticəsinə uyğun olaraq müvafiq prosessual hərəkətlər etməlidir. Birinci instansiya məhkəməsinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 3-cü bəndinə istinad etməsi isə qəbul edilə bilməz. Çünki Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı ilə 3-cü bənd çıxarılmışdır. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6621/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-176/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-176/2023
10.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver