Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-177/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-233/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. 24.08.2019-cu il tarixli AS seriyalı, 007780 nömrəli əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməyə əsasən Xırdalan şəhərində yerləşən “Evrohome” ticarət mərkəzinin 79 saylı mağazasında sığortalı İddiaçı1 məxsus mallar xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış, sığorta haqqı 400 manat, sığorta məbləği 100000 manat, azadolma məbləği 4% miqdarında müəyyən edilmişdir.
2. xx.xx.2019-cu il tarixli AS seriyalı, 007919 nömrəli əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməyə əsasən Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən “Evrohome” ticarət mərkəzində 85 saylı mağazada İddiaçı2 məxsus mallar xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış, sığorta haqqı 100 manat, sığorta məbləği 20000 manat, azadolma məbləği 4% miqdarında müəyyən edilmişdir.
3. Sığorta müqavilələrinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2019-cu il tarixdə Bakı şəhəri “Evrohome” ticarət mərkəzində, o cümlədən 79 və 85 saylı mağazalarda yanğın - sığorta hadisəsi baş vermişdir.
4. Həmin yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılmış və nəticədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 1(001)-184/2021 nömrəli hökmü ilə Nümayəndə və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdirlər.
5. Həmin iş üzrə İddiaçı1 cavabdehlər Nümayəndə və X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun mülki iddiaçı qismində tanınmağı və yanğın nəticəsində ona dəyən 170190 manat ziyanın 40190 manat məbləğində olan hissəsinin cavabdehlərdən alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Eyni zamanda mülki İddiaçı2 mülki cavabdehlər Nümayəndə və X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun mülki iddiaçı qismində tanınmağı və yanğın nəticəsində ona dəyən 50534 manat ziyanın 30534 manat məbləğində olan hissəsinin cavabdehlərdən alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində 1(001)-184/2021 nömrəli cinayət işi üzrə xx.xx.2021-ci il tarixli hökmünə əsasən zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı1 Vəlagula qızının cavabdehlər (mülki cavabdehlər) Nümayəndə və X5 qarşı zərərin ödənilməsi ilə bağlı iddiası təmin edilmiş və mülki cavabdehlərdən 40190 manat məbləğində maddi ziyanın və 15 manat dövlət rüsumunun tutulub mülki iddiaçıya ödənilməsi, həmçinin zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı2 cavabdehlər (mülki cavabdehlər) Nümayəndə və X5 qarşı zərərin ödənilməsi ilə bağlı iddiası təmin edilmiş və mülki cavabdehlərdən 30534 manat məbləğində maddi ziyanın və 15 manat dövlət rüsumunun tutulub mülki iddiaçıya ödənilməsi qeyd edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-126/2022 nömrəli qərarına əsasən, zərərçəkmiş şəxslər İddiaçı1 və İddiaçı2 mülki iddialarından imtina etdiklərindən həmin zərərçəkmiş şəxslərə (mülki iddiaçılara) aid hissədə mülki iddia üzrə icraata xitam verilmişdir.
9. İddiaçı1 və İddiaçı2 sığorta ödənişinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş və sonuncu yanğın hadisəsi nəticəsində İddiaçı1 əmlakına dəymiş 170190 manat və İddiaçı2 əmlakına dəymiş 50534 manat məbləğində zərərin əvəzi təqsirkar şəxs tərəfindən ödənilməsini əsas gətirərək zərəri ödəməkdən imtina etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 100000 manat məbləğində sığorta ödənişi 85000 manat məbləğində dəbbə pulu, cəmi 185000 manat pulun İddiaçı1, 20000 manat sığorta ödənişinin və 17000 manat dəbbə pulunun cəmi 37000 manat pul vəsaitinin tutularaq İddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçılar bildirir ki, Bakı şəhəri “Evrohome” ticarət mərkəzində xx.xx.2019-cu il tarixdə baş verən yanğın nəticəsində sığortalanan ticarət malları yanıb məhv olmuşdur. Nəticədə İddiaçı1 170190 manat ziyan və İddiaçı2 50534 manat ziyan dəymişdir. Bakı şəhəri “Evrohome” ticarət mərkəzində 79 saylı mağazada olan 100000 manat məbləğində satılan ticarət mallarına, daşınar əmlaka görə Dövlət Kommersiya Sığorta şirkəti ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək dövr ərzində və 85 saylı mağazada isə, 20000 manat məbləğində satılan ticarət mallarına, daşınar əmlaka görə Dövlət Kommersiya Sığorta şirkəti ilə xx.xx.2019-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövr ərzində sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlaka görə tələb olunan 30000 manat iddiadan İddiaçı1 imtina etmişdir. Heç kim yanğın nəticəsində dəyən zərəri ödəməmişdir. Yanğın nəticəsində zərərə görə sığorta ödənişindən əlavə zərərlərinə görə məhkəmədə iddia qaldırılmış və mülki iddiaçı kimi tanınmışlar. Ödənilməli olan sığorta ödənişi nəzərə alınmaqla, qalan ziyana görə icarə götürdükləri mağazaların icarə haqqına olunan güzəştlər hesabına, onlardan tələb etdikləri iddiadan imtina edilmişdir. Sığortaçının qanunsuz və əsassız olaraq, onlara ödəlməli olan sığorta məbləğinin gecikdirməsi səbəbindən, iddiaçılar aylarla qazancsız qalmaqla, əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri pozulmuşdur.
12. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2019-cu il tarixində baş vermiş yanğın hadisəsi ilə əlaqədar tərtib olunmuş xx.xx.2021-ci il tarixli ittiham aktının 117ci səhifəsində İddiaçı1 173190 manat, İddiaçı2 isə 50534 manat ziyan vurulduğu qeyd edilmişdir. Həmçinin həmin aktın 88-ci səhifəsində qeyd edilir ki, maddi zərər dəymiş 124 icarəçidən 117 icarəçi ilə 14576546,9 manat məbləğində maddi ziyanın ödənilməsinə dair notarial qaydada müqavilələr bağlanmış, qalan 7 nəfər icarəçi ilə isə qarşılıqlı razılıq əldə olunmamışdır. Müəssisənin direktoru qarşılıqlı razılıq əldə olunmamış 7 nəfərə pul vəsaitinin mərhələli şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin 7 nəfər zərərçəkmiş şəxsin siyahısında nə İddiaçı1, nə də İddiaçı2 adları qeyd olunmamışdır. Bundan əlavə həmin ittiham aktında qeyd olunur ki, zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı1 və İddiaçı2 dəymiş maddi ziyanının tam ödənilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişlər.
13. Daha sonra cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək ümumiyyətlə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə heç bir sığorta müqaviləsinin bağlanılmadığını, sonuncular tərəfindən sığorta haqlarının ödənilmədiyini nəzərə alaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-233/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı1 xeyrinə sığorta ödənişi olan 96000 manat və sığorta ödənişinin gecikdirilməsinə görə 34176 manat məbləğində dəbbə pulu, cəmi 130176 manat, İddiaçı2 xeyrinə isə sığorta ödənişi olan 19200 manat və sığorta ödənişinin gecikdirilməsinə görə 6835,20 manat məbləğində dəbbə pulu, cəmi 26035,20 manat məbləğində pulun tutulması qət edilmişdir.
15. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar onlarla şirkət arasında sığorta müqaviləsinin mövcud olmasını iddia etmiş və bununla əlaqədar sığorta müqaviləsinin nüsxəsini deyil, surətini məhkəməyə təqdim etmişlər. Cavabdehin nümayəndəsi isə məhkəməyə vermiş olduğu izahatında belə bir müqavilənin bağlanmadığını bildirsə də, məhkəmə qeyd olunan surətin həqiqiliyini, məhkəmə icraatı baxımından mötəbərliyini müəyyənləşdirmək üçün hər hansı addım atmamış, yalnız müqavilənin surətinə əsaslanaraq, sığorta təminatının mövcud olması qənaətinə gəlmişdir. Həmçinin nəzərə alınsa ki, iddiaçılar sahibkarlıq fəaliyyəti ilə məşğuldur və bəlli bir dövriyyəsi vardır, bu halda demək olar ki, sığorta müqaviləsi bağlanan anda mağazalarda olmuş əmlakın yanğın baş verən anda orada olması artıq böyük bir sual doğurmuş olur. Belə ki, mübahisəsi üzrə məhkəmə tərəfindən işin tam, obyektiv, hərtərəfli araşdırılması üçün “Evrohome” ticarət mərkəzində yanğın hadisəsi baş verənədək həmin ticarət mərkəzinin 79 və 85 saylı mağazalarında bəyan edilmiş mallar (bəyannamə) və mal qalığına dair Dövlət Vergi Xidmətinə sorğu verilməmişdir. Bundan başqa yanğın hadisəsi nəticəsində, həqiqətən də, sığorta şəhadətnaməsində qeyd edilən daşınar əmlakların məhv olunması barədə hər hansı sübut (elektron qaimə, gömrük bəyannaməsi, alqı-satqı və ya malların təhvil təslimi və. s) dair sübutlar məhkəməyə təqdim edilməmiş və bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük xidmətinə İddiaçı1 ilə xx.xx.2019-cu il tarixində və İddiaçı2 ilə xx.xx.2019-cu il tarixdə müqavilə bağlandıqdan sonra Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən bəyan edilmiş mallar barədə sorğu göndərilməmiş, məhkəmə tərəfindən iddiaçıların qeyd etdiyi zərərə əsasən qətnamə qəbul edilmişdir. Cavabdeh ittiham aktına qeyd edilmiş zərərvuran şəxs tərəfindən zərərçəkən şəxslərə vurulmuş zərər ödənildiyindən imtina vermişdir. Lakin iddiaçılar tərəfindən məhkəməyə təqdim edilən hökmdə iddiaçılar mülki iddiaçı kimi tanınmışlar. Məhkəmə qətnamədə ümumiyyətlə, məhkəmə hökmünə münasibət bildirməmişdir. Bu səbəbdən, dəbbə pulu da təmin edilməməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında cavabdehin nümayəndələri X3, X9, X2 apellyasiya şikayətini müdafiə etdilər, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil və İddiaçı1 nümayəndəsi X8 isə apellyasiya şikayətinə etiraz etdilər.
19. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
21. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
22. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
23. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
24. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
25. Həmin Məcəllənin 935.1.7-ci maddəsinə əsasən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
26. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
27. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
29. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
32. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 934.1-ci maddəsi təşkil edir.
33. Hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.
34. Belə ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri “Evrohome” ticarət mərkəzində yerləşən 79 və 85 saylı mağazalarda baş vermiş yanğın sığorta hadisəsi hesab edildiyindən və həmin hadisə nəticəsində iddiaçılara məxsus sığortalanmış daşınar əmlaklar yanaraq məhv edildiyindən, bununla da, cavabdehin Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən sığorta ödənişinin verməsi öhdəliyi yarandığından iddiaçılar sığorta ödənişinin ödənilməsi tələb etməkdə haqlıdır.
35. Kollegiya qeyd edir ki, göstərilən hallar işin mübahisəsiz hallarını təşkil edir, cavabdehin mübahisələndirdiyi hal və imtinasının əsası isə sığorta ödənişinin və dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən iddiaçılara artıq ödənilməsi ilə bağlıdır.
36. Bu əsasla həmin imtinanın qanuni əsasını Mülki Məcəllənin 935.1.7-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
37. Lakin hazırki işdə həmin əsaslar mövcud deyil.
38. Belə ki, işin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, iddiaçılar (zərərçəkmiş şəxslər) İddiaçı1 və İddiaçı2 cavabdehlər Nümayəndə və X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onların mülki iddiaçı qismində tanınmağı və yanğın nəticəsində müvafiq olaraq İddiaçı1 dəyən 170190 manat ziyanın 40190 manat məbləğində olan hissəsinin və İddiaçı2 dəyən 50534 manat ziyanın 30534 manat məbləğində olan hissəsinin cavabdehlərdən alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər və Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 nömrəli cinayət işi üzrə xx.xx.2021-ci il tarixli hökmünə əsasən iddiaları tam təmin edilmişdir.
39. Göründüyü kimi cinayət işi üzrə İddiaçı1 və İddiaçı2 təqsirləndirilən şəxslərdən onlara dəyən müvafiq olaraq 170190 və 50534 manat ziyanın hamısını deyil, yalnız sığortalanmış daşınar və daşınmaz əmlakların dəyərindən kənarda qalan (müvafiq olaraq 40190 manat və 30534 manat) hissənin tutulmasını tələb etmişlər.
40. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-126/2022 nömrəli qərarından da görünür ki, zərərçəkmiş şəxslər İddiaçı1 və İddiaçı2 mülki iddialarından imtina etdiklərindən həmin zərərçəkmiş şəxslərə (mülki iddiaçılara) aid hissədə mülki iddia üzrə icraata xitam verilmişdir.
41. Göründüyü kimi həmin cinayət işi üzrə İddiaçı1 və İddiaçı2 təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddiada yanğın nəticəsində məhv əmlakların sığortalanmış hissəsinə dair hər hansı tələb mövcud olmamışdır.
42. Eyni zamanda işin başqa halları ilə İddiaçı1 və İddiaçı2 dəymiş zərərin tam olaraq ödənilməsi hər hansı formada sübuta yetirilmir.
43. Həmçinin qeyd olunan halın, yəni iddiaçılara maddi zərərin ödənilib-ödənilməsi, ödənildiyi halda hansı həcmdə ödənilməsi, o cümlədən ödənilməsi ilə bağlı digər şəkildə hansı razılığın əldə edilməsinin müəyyən olunması üçün hazırki apllyasiya baxışı zamanı "xxxx" MMC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, lakin sonuncunun nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmənin qeyd olunan sorğularına da cavab verilməmişdir.
44. Cavabdeh isə iddiaçıların sığorta ödənişlərini təqsirli olan şəxslərdən aldığını bildirsə də bunu təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
45. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçılar baş vermiş yanğın nəticəsində cavabdeh tərəfindən onlara sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdırlar.
46. Sığorta ödənişinin məbləği isə sığorta şəhadətnaməsində tərəflərin razılaşdığı 100000 manat və 20000 manat qiymətə uyğun müəyyən edilməlidir. Belə ki, sığorta müqaviləsi bağlayarkən tərəflər mağazada yerləşən məhz həmin məbləğdə daşınar əmlakları sığortalamışlar.
47. Bu baxımdan kollegiya hesab edir ki, yanğın hadisəsi nəticəsində, həqiqətən də, sığorta şəhadətnaməsində qeyd edilən daşınar əmlakların məhv olunması barədə hər hansı sübutun (elektron qaimə, gömrük bəyannaməsi, alqı-satqı və ya malların təhvil təslimi və. s) təqdim edilməməsi barədə cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz.
48. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçılar 100000 manat və 20000 manat sığorta ödənişindən tərəflərin razılaşdığı 4% azadolma məbləği çıxılmaqla müvafiq olaraq 96000 və 19200 manat sığorta ödənişinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdırlar. Birinci instansiya məhkəməsi də düzgün olaraq həmin iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir.
49. Bununla yanaşı kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia təmin edilə bilməz.
50. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 934.2-ci maddəsi təşkil edir.
51. Lakin hazırki işdə həmin maddənin dispozitiv şərtləri tətbiq edilə və cavabdehdən dəbbə pulu tutula bilməz.
52. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin məzmunundan da göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
53. Öhdəliyin icra edilməməsi anlayışına isə həmin Məcəllənin 442-ci maddəsində aydınlıq gətirilmişdir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
54. Eyni zamanda həmin Məcəllənin 448.2-ci maddəsindən müəyyən olunur ki, borclu öz öhdəliklərinin təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
55. Lakin hazırki işdə cavabdehin öz öhdəliklərini məhz təqsirli olaraq pozması müəyyən edilmir.
56. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçılar sığorta ödənişinin ödənilməsi ilə bağlı cavabdehə müracət edərkən hələ qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmamış və cavabdeh də baş vermiş yanğın hadisəsi ilə əlaqədar tərtib olunmuş xx.xx.2021-ci il tarixli iittiham aktında qeyd olunan məlumatlara əsaslanaraq sığorta ödənişinin ödənilməsindən imtina etmişdir.
57. Belə ki, həmin ittiham aktında İddiaçı1 173190 manat, İddiaçı2 isə 50534 manat ziərər vurulduğu, maddi zərər dəymiş 124 icarəçidən 117 icarəçi ilə 14 576546,9 manat məbləğində maddi zərərin ödənilməsinə dair notarial qaydada müqavilələr bağlanması, qalan 7 nəfər icarəçi ilə isə qarşılıqlı razılığın əldə olunmaması qeyd edilmişdir. Lakin həmin 7 nəfər zərərçəkmiş şəxsin siyahısında nə İddiaçı1, nə də İddiaçı2 adları qeyd olunmamışdır.
58. Göründüyü kimi cavabdehin sığorta ödənişinin ödənilməsindən imtinası Mülki Məcəllənin 935.1.7-ci maddəsinin tələblərinə istinadən həmin an üçün qanunsuz olmamışdır. Çünki cavabdeh həmin an mövcud olan ittiham aktına əsasən iddiaçılara dəymiş zərərin ödənildiyi nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar mövcud olmuşdur.
59. Bu baxımdan kollegiya hesab edir ki, sığorta ödənişindən imtina edilən zaman cavabdehin hərəkətlərində təqsir mövcud olmadığına görə ondan sığorta müqavilələri üzrə dəbbə pulu tutula bilməz.
60. Sığorta müqaviləsinin nüsxəsinin deyil, surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, işin yuxarıda qeyd olunan hallarından da göründüyü kimi cavabdeh sığorta ödənişini ödəməkdən iddiaçılarla sığorta müqaviləsinin bağlanmaması əsası ilə deyil, məhz Mülki Məcəllənin 935.1.7-ci maddəsinə istinad edərək, sığorta ödənişinin təqsirləndirilən şəxs tərəfindən iddiaçılara artıq ödənilməsi əsası ilə imtina etmişdir. Eyni zamanda cavabdehin hazırki iddiaya etirazının əsasını da əvvəlcə həmin əsas təşkil etmişdir. İddiaya etirazın və apellyasiya şikayətinin digər əsası isə sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği ilə bağlıdır. Göründüyü kimi tərəflər arasında sığorta müqaviləsinin bağlanması işin mübahisəsiz halı olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin sonradan yuxarıda qeyd olunan dəlillərə istinad etməsi tamamilə əsassızdır.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni dəbbə pulunun tutulması hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia təmin edilməməlidir.
62. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-233/2022 saylı qətnaməsi qismən, yəni dəbbə pulunun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn