Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-184/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-52/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən müqaviləyə əsasən götürülmüş öhdəliyin naturada tam icra edilmədiyinə və müqavilənin icrasının gecikdirilməsinə görə müqavilənin ümumi dəyəri olan 460.200 manat məbləğinin 15% həcmində cərimə miqdarı olan 69.030 manatın, qalıq qalmış işlərin üçüncü şəxs tərəfindən görülməsi üçün ödənilmiş 70.200 manat zəruri xərcin, iddiaçı tərəfindən cavabdehin əvəzində görülmüş işlərə görə çəkilmiş ümumi zəruri xərc olan 150.401,98 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun əlavə edilib, ümumilikdə 289.661,98 manat məbləğin iddiaçıya ödənilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-52/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən qalıq qalmış işlərin üçüncü şəxs tərəfindən görülməsi üçün ödənilmiş 70.200 manat, iddiaçı tərəfindən cavabdehin əvəzində görülmüş işlərə görə çəkilmiş ümumi zəruri xərc olan 66.701,98 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat olmaqla, cəmi 136.916,98 manat pulun iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim edilmiş yazılı sübut olan cavabdehin özü tərəfindən tərtib edilmiş izahatı ilə 83.700 manat dəyərində cavabdehin əvəzinə qarşılıqlı razılaşma ilə işlərin “İddiaçı" MMC tərəfindən görülməsinin və bu işlərin görülməsi üçün MMC-yə borcun qaytarılması barədə götürdüyü öhdəliyi, cavabdehin özünün məhkəmə zamanı video yazı ilə məhkəmə qətnaməsində qeyd edildiyi kimi verdiyi izahat və etirafı ilə bu tələbin, borcun hal-hazıra qədər qaytarmadığını qəbul etməsini heç bir hüquqi əsas olmadan qəbul etməmişdir. Halbuki, MPM-in 89.1-ci maddəsinə əsasən iş üçün əhəmiyyətli hallar barədə məlumat verən işgüzar yazışmalar, sənədlər yazılı sübut sayıldığını və MPM 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Məhkəmə iş üzrə faktiki müəyyən edilən əsasla tərəzilərə aid ehtiyat hissələrinin komplekt olaraq bu günə kimi çatdırılmamasını və çatışmayan ehtiyat hissələrin üçüncü şəxs tərəfindən 70200 manat dəyərində tərəzilərdə mantaj olunmasına görə çatdırılmanın qismən çatdırılma, öhdəliyin lazımınca icra edilməməsi olduğunu nəzərə almamış, 69030 manat cərimə tələbini əsassız olaraq təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-621/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2 (82)-52/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı MMC kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2 (102)-502/19 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-621/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi iddia tələbinin “69.030 manat məbləğində cərimənin cavabdehdən tutulmasının rədd edilməsi” hissəsinə münasibətdə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şikayət qalan hissədə təmin olunmamış, qətnamə iddia tələbinin “cavabdehin əvəzinə görülmüş işlərə görə çəkilmiş 83.700 manat məbləğində zəruri xərcin cavabdehdən tutulmasının rədd edilməsi” hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təxirə salınmış, cavabdehin hüquqi ünvanına göndərilən məhkəmə bildirişləri həmin ünvanda fəaliyyət göstərmədiyi üçün geri qaytarılmış, cavabdehin nümayəndəsinin mobil telefon nömrəsinə elektron məhkəmə sistemi vasitəsi ilə SMS xəbərdarlıq göndərilmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdi Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti məhkəmə baxışının predmeti olan hissədə təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-52/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehdən cərimə borcunun tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 69.030 manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən hazırda məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “69.030 manat məbləğində cərimənin cavabdehdən tutulması barədə iddianın rədd edildiyi hissədə yoxlayır və hesab edir ki, iddiaçının bu tələbi əsaslı olduğundan təmin edilməlidir. . Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 20170506/GLN/005 nömrəli podrat müqaviləsinin 2.7-ci bəndində qeyd edilmişdir ki, podratçı 60 iş günü ərzində elektron avtomobil tərəzilərini çatdırmağı, quraşdırılacaq yerin tikintisini və yerləşdirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.6-cı bəndində göstərilmişdir ki, podratçı malları bu müqavilədə qeyd olunan müddətdə çatdırmazsa, gecikdirilməsinin hər bir günü üçün sifarişçiyə bu müqavilənin ümumi məbləğinin 0,5%-i dəyərində cərimə ödəyir. Müqavilənin 4.7-ci bəndinə görə bu müqavilənin 4.6-cı bəndində göstərilən cərimələrin həcmi, müvafiq ödəniş məbləğinin 15%-dən artıq ola bilməz. Müqavilənin məzmununa əsasən cavabdehin öhdəliyi təkcə malın çatdırılmasından deyil, avadanlıq quraşdırılacaq yerin tikintisi və avadanlığın yerləşdirilməsindən ibarət olmuşdur. Öhdəliyin icrası üçün nəzərdə tutulmuş 60 iş günü müqavilə bağlandığı gün-05 iyunda başlamış, xx.xx.2017-ci ildə başa çatmışdır.(2017-ci ilin iyun ayında müqavilə bağlandıqdan sonra 16 iş günü, iyul ayında 21 iş günü, avqust ayında 23 iş günü olması nəzərə alınarsa) Cavabdehin qanuni təmsilçisi F.Hüseynovun iddiaçının direktorunun adına yazdığı izahatdan və işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2019-cu il tarixdə məhkəmə iclasında verdiyi izahatdan görünür ki, cavabdeh Vergilər Departamenti tərəfindən səhvən cavabdehin hesabından 111800 manat silindiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada icra etmiş, bu səbəbdən xx.xx.2017-ci il tarixdə iddiaçı ilə 83.700 manat məbləğində ödənilmiş pulun geri qaytarılması barədə razılaşma əldə edilmiş və bunun üçün ona vaxt verilməsini xahiş etmişdir. . Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf məhkəməyə müqavilədə şərtləşdirilmiş qaydada üzərinə götürdüyü öhdəliyi xx.xx.2017-ci ilədək icra etdiyini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Mülki Məcələnin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 462.5-ci maddəsinə əsasən əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Birinci instansiya məhkəməsi cərimə borcunun tutulması ilə bağlı iddia tələbinə və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədiyindən məhkəmə hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməlidir. İddiaçı tərəfindən öhdəliyin lazımı qaydada icra edilməməsinə görə tələb edilən cərimə məbləğ müqavilə şərtlərinə uyğun hesablandığından və müqavilənin ümumi dəyərinin (460200 manat) 15 %-i həcmində olduğundan məhkəmə hesab edir ki, tələb olunan 69030 manat cərimənin cavabdehdən tutulması barədə iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti məhkəmə baxışının predmeti olan hissədə təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)- 52/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehdən cərimə borcunun tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 69.030 manat məbləğində cərimə borcu tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti məhkəmə baxışının predmeti olan hissədə təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-52/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehdən cərimə borcunun tutulması hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 69.030 manat məbləğində cərimə borcu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-184/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-184/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver