Məhkəmə qərarları › İş №2-2(103)-185/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-185/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-185/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3891/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 05.04.2021-ci il tarixli 01/PC-2021 nömrəli subpodrat müqaviləsi üzrə ödənilmiş ƏDV daxil 24.780 manat məbləğdə avansın, cavabdeh tərəfindən üfuqi qazma üsulu ilə diametri 1.000 mm-lik boru xəttinin keçirilməsi üçün onun yerinə yetirdiyi işlərin ƏDV daxil 34.514,06 manat məbləğdə vəsaitin və 5.000 manat cərimə borcunun, cəmi 64.294,06 manat borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.10.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında bağlanmış 05.04.2021-ci il tarixli 01/PC-2021 nömrəli Subpodrat müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən cavabdeh “Ceyranbatan gölünün şimal-şərq hissəsində (Saray qəsəbəsi istiqamətində) yağış və tullantı sularının idarə olunması sisteminin aradılması (1-ci mərhələ)” layihəsi çərçivəsində kanal və dəmir yolu keçidinin altından üfüqi qazma üsulu ilə diametri 1.000 mm-lik boru xəttinin keçirilməsi işlərinin yerinə yetirilməsini təmin etməliydi. Həmin müqavilənin 2.2-ci bəndinin tələbinə görə iddiaçı sifariş etdiyi işlərə görə 30% həddində avans məbləği ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi 2.2-ci bəndinin tələbinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmiş və cavabdehə ƏDV daxil 24.780 manat məbləğdə avans köçürmüşdür. Müqavilə əsasında işə başlayan cavabdeh müəssisə görülmüş işləri razılaşdırılmış qaydada deyil, yəni səhvə yol verərək çəkilmiş boru xəttinin nəzərdə tutulmuş dərinlikdən 35 sm aşağıdan keçirmiş və bunun nəticəsində işin sonunda həmin borunun birləşdirilməli olan kanalizasiya xəttinə birləşdirilməsi mümkün olmamışdır. Yol verilmiş səhvlə əlaqədar cavabdehə bildirildikdə sonuncu tərəfindən səhvə yol verilməsi halının olmaması və boru xəttinin 35 mm aşağı düşməsinin səbəbi kimi qurunt sularının və naməlum sərt cisimlərin qazma baltasının almaz dişlərini qırmasını göstərmişdir. Bununla bağlı, 07.05.2021-ci il tarixli 1 nömrəli akt tərtib olunmuş və cavabdehin iş ustası Ş.Cavadovun iştirakı ilə həmin akt imzalanmışdır. Müqavilənin 5.3-cü bəndinin tələbinə görə podratçıya vaxt verilmiş, lakin borunun aşağı olan başının qaldırıcılar vasitəsilə qaldırmaq mümkün olmamışdır. Hansı ki, cavabddehin səhvi nəticəsində dəmir yolunun altı hər an uça bilərdi. Müqavilənin bu bəndinin tələb vaxtı keçdiyindən "xxxx" QSC-nin qəti tələbindən sonra 11.05.2021-ci ildə açıq üsulla qazma işini başlamışdır. İddiaçı və digər şəxslərin iştirakı ilə cavabdeh tərəfindən çəkilmiş borunun yan və üst tərəfi açılmış və nəticədə hər hansı qurunt sularının və ya sərt naməlum qisimlərin mövcud olması təsdiqini tapmamışdır. Borunun altından çıxan qurunt yalnız və yalnız İİ və İİİ-cü qrup torpaq olmuşdur. Bu hal iddiaçının əməkdaşları, cavabdehin nümayəndəsi Ş.Cavadovun, Sumqayıt şəhər X2 (4 nömrəli) rəisi N.Mustafayevin və iş icraçısı S.Caltıkovun iştirakı ilə tərtib edilmiş 11.05.2021-ci il tarixli 2 nömrəli aktla təsdiq edilmiş və həmin akt iştirak edənlərin imzası ilə təsdiqlənmişdir. Lakin, cavabdehin nümayəndəsi Ş.Cavadov həmin aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra, iddiaçı dövlət tərəfindən sifariş olunmuş işləri təhvil vermək üçün və dəmir yolu xəttinin işlək vəziyyətdə olmasını təmin etmək məqsədilə cavabdeh tərəfindən görülməli olan işləri özü icra etmiş, əlavə işçi heyəti və maliyyə vəsaiti cəlb etməklə səhv çəkilmiş boru xəttini torpaqdan çıxarmış, onu izolyasiya etmiş və müəyyən texniki üsullarla işin sonunda qoşulmalı olan kanalizasiya xəttinə qoşulmasını təmin etmişdir. Nəticədə, cavabdh tərəfindən görülməli olan, lakin səhv görülmüş işlərin və yerinə yetirilməsi üçün iddiaçı vaxt və maliyyə itkisinə, o cümlədən bunun nəticəsi olaraq ƏDV daxil əlavə 34.514,06 manat məbləğdə vəsait xərcləməklə maddi ziyana məruz qalmışdır. Məhkəmə Mülki Məcəllənin 763.1-ci maddəsinə istinad edərək iddianın rədd edilməsi qənaətinə gələrkən həmin hal üzrə ətraflı məhkəmə araşdırması aparmamışdır. Məhkəmə eyni zamanda iddiaçının bütün bu proseslərdə yaxından iştrak edən səhmdarının məhkəmədəki izahatını nəzərə almamış və həmin izahata hüquqi qiymət verməyib. Eyni zamanda, mülki iş materiallarına işin hallarını tam təsdiq edən aktlar əlavə edilib və həmin aktlar cavabdeh təşkilatın və başqa iş üzrə maraqlı olmayan şəxslərin iştrakı ilə tərtib edilib. Məhkəməyə iddiaçı tərəfindən əlavə olaraq sübutların təqdim edilməsi üçün sonuncu iclasda iclasın təxirə salınması barədə şifahi vəsatət qaldırılsa da, məhkəmə bunu nəzərə almadan iş üzrə araşdırmanı başa çatmış hesab edərək yekun qətnamə qəbul edib. Halbuki, məhkəmə qətnamədə istinad etdiyi halla bağlı şübhəsi olduğunu bildirsəydi, vəsatəti təmin edib bir iclas təxirə salsaydı, bu zaman həmin halı təsdiq edən digər sübutlar təqdim edilərdi. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında 05.04.2021-ci il tarixli 01/PC-2021 nömrəli Subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə, podratçı sifarişçinin sifarişinə əsasən və hazırkı müqavilənin şərtlərinə uyğun Ceyranbatan gölünün şimal-şərq hissəsində yağış və tullantı sularının idarə olunması sisteminin aradılması layihəsi çərçivəsində kanal və dəmir yolu keçidinin altından üfüqi qazma üsulu ilə diametri 1.000 mm-lik boru xəttinin keçirilməsi işlərinin yerinə yetirilməsini, sifarişçi isə bunun əvəzində müəyyən edilmiş işin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2ci bəndinə və 1 saylı Əlavənin 4. Ödəniş qaydası adlı bölməsinə görə, cavabdehə işin başlanması mərhələsində 30% - 21.000 manat ödənilməlidir. 21.04.2021-ci il tarixli 836 nömrəli ödəniş tapşırığı və köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 05.04.2021-ci il tarixli müqaviləyə əsasən müvafiq olaraq 21.000 manat və sub-uçot hesabına ƏDV 3.780 manat olmaqla, cəmi 24.780 manat məbləğdə avans ödənilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən görülmüş iş qüsurlu olmuşdur, həmin işlərin yenidən yerinə yetirilməsi üçün onun tərəfindən 34.514,06 manat məbləğdə işlər görülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər; Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər; Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. MPM-in: Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, iddiaçı əgər görülmüş işdə qüsur var idisə, cavabdehdən əlavə icra tələb etməli, bunun üçün müddət müəyyənləşdirməli, bu barədə sonuncunu rəsmi qaydada məlumatlandırmalı olduğu halda, bunları etməsi barədə iş materiallarında hər hansı mötəbər sübut mövcud deyil. Onun bununla bağlı istinad etdiyi 07.05.2021 və 11.05.2021-ci il tarixli aktlar isə qeyd olunan mahiyyətə və mötəbərliyə malik deyil. Belə ki, həmin aktlarda əlavə icra və müddətdən bəhs olunmur, habelə 07.05.2021-ci il tarixli aktı cavabdehin iş ustası qismində imzalayan Ş.Cavadovun hansı səlahiyyətlə akta imza atması işdən müəyyən olunmur. Odur ki, iddiaçı yalnız əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qaldığı halda qüsuru özü aradan qaldırıb, çəkdiyi xərclərin əvəzini ödəməyi cavabdehdən tələb edə bilərdi. Bu mənada, məhkəmə kollegiyası şikayətin iddiaçının proseslərdə iştirak edən səhmdarının izahatının və işin hallarını təsdiq edən aktların nəzərə alınmaması barədə dəlillərini əsassız sayır. Belə ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şikayətin məhkəmə iclası təxirə salınsaydı, işin hallarını təsdiq edən digər sübutlar da təqdim edilərdi dəlili də əsaslı deyil. Belə ki, bu dəlillər apellyasiya şikayətinə də əlavə olunmamışdır, baxmayaraq ki, bu halda iddiaçı yeni sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmalı olacaqdı. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3891/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar