Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-186/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (12 saylı Bakı şəhəri Dövlət Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) müqaviləyə xitam verilməsi, mənzildən çıxarılma və pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4609/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış 03 mart 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəverən özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 325.5 kv.metr olan mənzili icarəçiyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci maddəsinə əsasən aylıq icarə haqqı 2022-ci ilin mart ayı üçün ödənişsiz, aprel, may və iyun ayları 1500 manat, quru yollar açılanadək 2000 manat, quru yollar açılandan sonra 3000 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. Müqavilənin 7.1.7-ci maddəsinə əsasən icarəçi bu müqaviləyə xitam verildikdə və ya onun qüvvədə olma müddəti tam bitdikdə sahəni təbii köhnəlmə nəzərə alınmaqla istifadəyə yararlı vəziyyətdə icarəyə verənə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 10.1-ci maddəsinə əsasən müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn bir il müddətinə uzadılmış hesab edilməsi şərtləşdirilmişdir.
2. İddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş 19 mart 2023-cü il tarixli pretenziya məktubunda bağlanmış 03 mart 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsini tələb etmək məcburiyyətində olduğunu, obyektin təyinatı üzrə istifadə olunmadığını, 2023-cü ilin icarə haqqının ödənilmədiyini qeyd etmişdir. 10 gün müddətində cavabdehə aid əşyaları götürmək şərti ilə obyekti təhvil verilməsini tələb etmişdir.
3. 1337 nömrəli poçt qaiməsindən görünür ki, pretenziya məktubu xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat:
1. İddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 mart 2022-ci il tarixdə cavabdeh "xxxx" MMC ilə onun arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, cavabdehin Səbail rayonu İçərişəhər Hərbiçi küçəsi, 21 B, ev 4 saylı mənzildən çıxarılması və cavabdehdən 2023-cü ilin noyabr ayından 2024-cü ilin mart ayı da daxil olmaqla ödənilməmiş 10000 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-954/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqaviləyə xitam verilməsi, mənzildən çıxarılma və pul” tələbinə dair 2(009)-954/2024 saylı mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
3. İddiaçı iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə onun arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər, Hərbiçi küçəsi 21B saylı 4 saylı mənzildən çıxarılması və 2023-cü ilin noyabr ayından indiyə qədər ödənilməmiş pul vəsaitindən 13000 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi Konyan Alinin 3 mart 2022-ci il tarixli AR-11 seriyalı 594965 saylı etibarnaməyə əsasən təmsilçi X3 ilə 03 mart 2022-ci il tarixdə mülkiyyətində olan, Bakı şəhəri Səbail rayon İçəri şəhər Hərbiçi küçəsi 21B saylı evin 325.5 kv.m. 4 saylı mənzili mehmanxana fəaliyyəti məqsədilə icarəyə vermişdir. İlk aylarda cavabdeh gecikdirmələrlə icarə haqqın ödəmiş, lakin 2023-cü il noyabr ayından icarə haqqı ödəmir, həmçinin cavabdeh obyekti təyinatına uyğun istifadə etmədiyi üçün qonşuların müraciəti əsasında polis orqanları yoxlama aparmışdır. Onun tərəfindən cavabdehə irad bildirilmiş, lakin cavabdeh birgə yaşayış, etik qaydalara əməl etmir, həmçinin icarə haqqını ödəmir və s. Hazırki cavabdehin təmsil etdiyi "xxxx" MMC-lə yox, "xxxx" MMC-lə 03 mart 2022-ci il tarixli müqavilə imzalanmışdır. Adı çəkilən müqavilənin 4.2.1 maddəsinə əsasən icarə haqqı hər cari ayın 5-dən gec olmayaraq ödənilməlidir. Həmçinin müqavilənin 4.4. maddəsinə əsasən müqavilə üzrə digər ödənişlər o cümlədən vergi ödənişləri cavabdehə aid edilməlidir. 03 mart 2022-ci il tarixli müqavilənin 10.2.2 maddəsinə əsasən müqavilə şərtlərinin tərəflərin biri tərəfindən pozulması müqavilənin xitamı üçün əsasdır. Cavabdeh onun mülkiyyətində olan əmlakın vəziyyətilə maraqlanmağa şərait yaratmır, bu isə müqavilə şərtlərinə ziddir. Göründüyü kimi cavabdeh tərəfindən 03 mart 2022-ci il tarixli müqavilənin şərtləri mütəmadi olaraq pozulmaqda davam edir, yaşayış sahəsi təyinatı üzrə istifadə olunmur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 425.1, 442-ci maddələrinə istinad olunmuşdur.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-4609/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 03 mart 2022-ci il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş hesab edilməsi cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər, Hərbiçi küçəsi 21B saylı 4 saylı mənzildən çıxarılması və qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, cavabdeh "xxxx" MMC-dən 03 mart 2022-ci il tarixli icarə müqaviləsinə əsasən 13000 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş dövlət rüsumunun 129 manatının əvəzi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 325.5 kv.metr olan mənzili təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək icarə haqqı məbləğini iki ardıcıl müddətdən çox ödəməmişdir. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu təqdim edərək, icarə haqqı borcunun ödənilməsini və obyektin boşaldılaraq təhvil verilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 447.1-ci maddəsinin tətbiqi tərəflər arasında sinallaqmatik öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Belə ki, cavabdeh tərəfindən obyekt icarəyə götürüldükdən sonra icarə haqqı vaxtında və tam ödənilməmiş, həmin vaxtdan uzun müddət keçəməsinə və iddiaçı tərəfindən pretenziya göndərilməsinə baxmayaraq öhdəlik cavabdeh tərəfindən icra olunmamışdır. Göründüyü kimi cavabdeh tərəf müqavilədən irəli gələn öhdəliyini icra etməyərək müqaviləni əhəmiyyətli dərəcə pozduğuna görə iddiaçı icarə haqqı borcunun ödənilməsini və obyektin boşaldılaraq təhvil verilməsini tələb etmişdir. İddiaçı müqaviləyə xitam verilməsi barədə cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya göndərməklə müqavilədən imtina barədə iradə ifadəsini açıq şəkildə cavabdehə bildirmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd olunan mövqeyə uyğun olaraq tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş hesab olunmalıdır. Bundan başqa İddiaçı icarə müqaviləsi üzrə ödənilməmiş 13000 manat icarə haqqının da ödənilməsini tələb etmişdir. Belə ki, tərəflər arasında icarə müqaviləsi 03 fevral 2022-ci il tarixində bağlanmış, müqavilənin bağlandığı tarixdən iddiaçı tərəfindən cavabdehə preteziya məktubunun təqdim edildiyi tarixə qədər 25 aylıq müddət keçmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən icarə haqqı 2023-cü ilin noyabr ayından ödənilməməyə başlanmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən icarə haqqı borcu 2023-cü ilin noyabr ayından müqaviləyə xitam verildiyi tarixədək, yəni xx.xx.2024-cü il tarixinədək aylıq 2000 manat məbləğində hesablanmaqla, beş ay müddət üçün 10000 manat icarə haqqı borcunun ödənilməsi tələbi əsaslıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək icarə haqqını, yəni 10000 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını, icarə haqqını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 10000 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xx.xx.2024-cü il tarixindən etibarən xitam verilmiş hesab olunduğundan, həmin müddətdən sonrakı dövrə, cavabdeh tərəfindən əmlakın geri təhvil verilməyərək saxlandığı müddət üçün müəyyənləşdirilmiş icarə haqqının ödənilməsini icarəyə verən MM-in 697.2-ci maddəsinə əsasən kompensasiya olaraq tələb edə bilər. Bu səbəbdən də iddiaçının qalan 3000 manat məbləğin kompensasiya olaraq ona ödənilməsi tələbi əsaslıdır. Həmçinin məhkəmə, tərəflər arasında bağlanmış icarə müqaviləsinin xitam verilmiş sayıldığını və bu zaman Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən cavabdehin icarəyə götürdüyü obyekti qaytarmağa borclu olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia, cavabdehin Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər, Hərbiçi küçəsi 21B saylı 4 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi hissəsində də təmin olunmalıdır.
7. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4609/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MMnin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Lakin iddiaçı tərəfindən onların birbaşa olaraq müqavilə öhdəliklərinin yerinə yetirilməməsi sübut edə bilməmişdir. Müqavilə üzrə öhdəliklər onlar tərəfindən deyil, birbaşa olaraq iddiaçı və onun yaxın qohumları tərəfindən pozulmuşdur. Müqavilədə qeyriyaşayış sahəsi mehmanxana fəaliyyəti ilə məşgul olunması qeyd edilmişdir. Bundan sonra cavabdeh tərəfindən heç bir qayda pozuntusu olmamışdır. İddiaçı və onun yaxın qohumları mehmanxanada olan qonaqlara müdaxilə edərək mehmanxanaya girmələrinə maneçilik göstərmişdirlər. Yəni iddiaçı və onun yaxın qohumları icarə obyektinin tam olaraq fəaliyyət göstərməsinə müdaxilə etmişlər ki, bu barədə dəfələrlə tərəflər arasında olan mübahisə polis orqanlarında araşdırılmışdır. Bundan əlavə hesab etmişdir ki, məhkəmənin pulun tutulması hissəsindəki mövqeyi olduqca qeyri-müəyyən olmuşdur. Əvvəla məhkəmə çıxardığı qətnamədəki icarə haqqı olaraq 13.000 manat məbləğində pul vəsaitinin tutulması tam olaraq qanunsuzdur. Belə ki, icarəyə götürdükləri Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər, Hərbiçi küçəsi 21B saylı evin, 4 saylı mənzili və qeyri-yaşayış sahəsi İddiaçı və onun yaxın qohumları tərəfindən yaradılan manelər nəticəsində tam olaraq fəaliyyət göstərməmişdir. Bunun nətiçəsi olaraq heç bir qazanc əldə olunmadığından icarə haqqlarını ödəyə bilməmişlər. Məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən araşdırılmamış faktiki hallardan biri də tərəflər arasında olan mübahisənin əsl səbəblərini araşdırmaq üçün DİN-ə sorğu verilməməsi və şikayətin nəyin əsasında olmasını araşdırmasıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. 10. Məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazına uyğun izahat verərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
13. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. -685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: -685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; -685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. -697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. -697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 03 mart 2022-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə uyğun olaraq iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 325.5 kv.metr olan mənzili (qeyri-yaşayış sahəsi - otel kimi istifadə olunur) cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək icarə haqqı məbləğini iki ardıcıl müddətdən çox ödəməmişdir. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu təqdim edərək, icarə haqqı borcunun ödənilməsini və obyektin boşaldılaraq təhvil verilməsini tələb etmişdir. Hazırda İddiaçı icarə müqaviləsi üzrə 13000 manat icarə haqqı borcunun ödənilməsini, cavabdehin icarə obyektindən çıxarılması və icarə müqaviləsinə xitam verilməsini tələb edir.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixində cavabdehə müqaviləyə xitam verilməsi barədə xəbərdarlıq göndərməklə müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini açıq şəkildə bildirmişdir. Digər tərəfdən həmin məktub cavabdehə göndərildiyi tarixə cavabdehin iddiaçı qarşısında 5 aylıq müddət üçün icarə haqqı borcu mövcud olduğundan iddiaçı Mülki Məcəllənin 685.2.2-ci maddəsinə əsasən xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsinə xitam vermək hüququna malik olmuşdur. Odur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış mövqeyə uyğun olaraq tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab olunmalıdır.
22. Bununla yanaşı cavabdeh 2023-cü ilin noyabr ayından sonrakı dövr üçün icarə haqqını ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddiaçı 2023-cü ilin noyabr ayından müqaviləyə xitam verildiyi tarixədək, yəni xx.xx.2024-cü il tarixinədək aylıq 2000 manat məbləğində olmaqla, beş aylıq müddət üçün hesablanmış 10000 manat icarə haqqı borcunun ödənilməsini tələb etməkdə də haqlıdır.
23. Bundan əlavə Mülki Məcəllənin 697.2.-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə xx.xx.2024-cü il tarixindən etibarən xitam verilmiş hesab olunduğundan, həmin müddətdən sonrakı dövrə, cavabdeh tərəfindən əmlakın geri təhvil verilməyərək saxlandığı müddət üçün müəyyənləşdirilmiş icarə haqqının ödənilməsini icarəyə verən MM-in 697.2-ci maddəsinə əsasən kompensasiya olaraq tələb edə bilər. Bu səbəbdən iddiaçının qalan 3000 manat məbləğinin kompensasiya olaraq ona ödənilməsi tələbi də əsaslıdır.
24. İddiaçının qohumlarının qeyri-icarə obyektindən istifadəsinə maneələr törətməsi, bu səbəbdən obyektdən istifadə edə və icarə haqqını ödəyə bilməməsi barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə kollegiyası qeyd edir ki, cavabdeh istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən sözügedən dəlillər əsassızdır.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4609/2024 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova Ziya Şirinov