Məhkəmə qərarları › İş №2-2(103)-194/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-194/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-194/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 15.10.2021-ci il tarixli e-2-2(113)-2782/2021 nömrəli qətnaməsindən (hakim Aytən Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən Mülki Məcəlləyə illik 5%-lə 34.898,50 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 14 iyul 2015-ci il tarixli, müqavilə bağlanmış, həmin müqaviləyə əsasən sifarişçi Dövlət Sərhəd Xidmətinin mərkəzi anbarına daşınmaqla lot 1 üzrə mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların satın alınması məqsədilə iddiaçının 214760 manat məbləğində tender təklifini qəbul etmişdir. Qeyd edilən müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə dair 17 sentyabr 2015-ci il tarixli qaimə-faktura verilmiş, cavabdeh öhdəliyi icra edərək malın dəyərini ödəməmiş, həmin pul vəsaiti 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2- 2(81)-1239/2018 saylı qətnaməsi ilə İddiaçı MMC-nin xeyrinə tutulmuşdur. Qətnamə 2018-ci ilin dekabr ayında icra edildiyindən iddiaçı hazırkı iddia tələbi ilə Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən 2015- ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayına qədər olan müddət- 39 ay üçün illik 5 %-lə 34.898,50 manat əldən çıxmış faydanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-2(113)-2782/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-2(113)-2782/2021 qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə təqdim olunmuş sübutları nəzərə almamış, qeyd olunan sübutlara kifayət qədər qiymət verməyərək qərəzli mövqe göstərmişdir. Məhkəmə iddianı rədd edərkən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 01 dekabr 2018-ci il tarixli, 2-2(81)-1239/2018 saylı qətnaməsinə istinad etmişdir. Halbuki həmin qətnamədə tələbin qismən təmin olunan hissəsi cərimə məbləğinə şamil olunmuş və Mülki Məcəllənin 462, 563 və 467 –ci maddələrinə istinad olaraq azaldılmışdır. Hazırki tələb isə faiz məbləğlərinə aiddir ki, qeyd olunan maddələr faiz məbləğlərinə tətbiq edilmir və yalnız cərimə, dəbbə pulu və penya məbləğlərinə şamil olunur. MPM-nin 88-ci maddəsi məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. İşə apellyasiya qaydasında baxılması 09.02.2022-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 15.10.2021-ci il tarixli e-2-2(113)-2782/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən İddiaçı MMC-nin xeyrinə 34.898,50 manat illik 5 faizlə əldən çıxmış fayda, 30 manat dövlət rüsumu tutulmalıdır. İşin sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında tender yolu ilə 14.07.2015-ci il tarixli k/54 saylı müqavilə imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 214 760 manat məbləğində mal satmışdır. İşdəki 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli 2- 2(81)- 1239/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı 17.09.2015-ci il tarixdə müqavilə əsasında sifariş verilmiş malları cavabdehə qaimə əsasında təhvil vermiş, lakin cavabdeh malın dəyərini ödəməmişdir. Qeyd edilən qətnamə əsasında cavabdehdən iddiaçının xeyrinə 214760 manat əsas borc, 5.000 manat cərimə və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi tutulmuşdur. İşdəki 2 ədəd 06 dekabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, qətnamə ilə cavabdehdən tutulmuş 214760 manat əsas borc həmin tarixdə İddiaçı MMC-nin hesabına köçürülmüşdür. Cərimə borcu isə iddiaçının nümayəndəsinin izahatına əsasən hal-hazıradək ödənilməmişdir. Hazırda iddiaçının tələbi 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayına qədər olan 39 aylıq müddət ərzində pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən illik 5 %-lə hesablanmış 34.898,50 manat məbləğində əldən çıxmış faydanın ödənilməsidir. Birinci instansiya məhkəməsi iddianın rədd edərkən hər hansı maddi hüquq normasına istinad etməmiş, iş üzrə gəldiyi nəticəni yalnız bununla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə əsas borcun və cərimənin cavabdehdən tutulması üçün məhkəməyə müraciət etmiş və iddianın qismən təmin edilməsi barədə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli 2-2(81)- 1239/2018 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Pul öhdəliyin icrasının gecikdirilməsi və öhdəliyin vaxtında icra edilməməsinin hüquqi nəticələri Azərbaycan Respublikası MM-nin müvafiq normaları ilə tənzimlənir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur MM-nin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranı gecikdirməsi sayılır. Hazırkı halda cavabdeh müqavilə şərtlərinə əsasən (Müqavilənin xüsusi şərtləri) mal anbara təhvil verildikdən sonra təhvil-təslim qaimələri əsasında onun dəyərini ödəməli idi. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. MM-nin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. MM-nin 462.1.-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri olan dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Kreditorun xeyrinə borcludan müəyyən məbləğdə dəbbə pulu tutulması MM-nin 465.2-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə dəymiş zərərə görə faizlərin tutulmasını istisna etmir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli 2-2(81)- 1239/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə mal cavabdehə 17.09.2015-ci ildə təhvil verilmiş, cavabdeh malın dəyərini ödəməmiş, öhdəliyin icrasını təqsirli olaraq gecikdirmişdir. Məhz buna görə də cavabdehdən cərimə tutulmuşdur. Lakin məhkəmə hesab edir ki, iddia ərizəsində iddianın hüquqi əsası kimi istinad edilmiş MM-nin 439.3-cü maddəsi mübahisə üzrə tətbiq edilə bilməz. Həmin normaya əsasən , qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə və mülki qanunvericiliyin alqısatqı müqavilələri ilə bağlı münasibətləri tənzimləyən normalarında borcun üstünə faizlər hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının tələbi MM-nin 445.7-ci maddəsinə tələbinə əsasən təmin edilməlidir. Belə ki, həmin norma kreditora digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, pul öhdəliyinin icrasını gecikdirmiş borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tutulmasını tələb etmək hüququ verir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 15.10.2021-ci il tarixli e-2-2(113)- 2782/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən İddiaçı MMC-nin xeyrinə 34.898,50 manat illik 5 faizlə əldən çıxmış fayda, 30 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 15.10.2021-ci il tarixli e-2-2(113)-2782/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən İddiaçı MMC-nin xeyrinə 34.898,50 manat illik 5 faizlə əldən çıxmış fayda, 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar