Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-20/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: podrat müqaviləsi, podratın dəyərinin ödənilməməsi, podratın qüsurları, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə4 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi və əmlakın qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh MMC (sifarişçi) və İddiaçı MMC (podratçı) arasında 13 sentyabr 2019-cu il tarixdə podrat müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə görə, podratçı öz riski ilə sifarişçiyə məxsus Binəqədi rayonu ərazisində təqdim olunmuş layihə əsasında ölçüləri 120x24x9 olan metal emalı sexində qiyməti 195 000 manat (ƏDV-siz) olmaqla körpülü kranın quraşdırılmasından və sexkənarı ərazinin abadlaşdırılmasından başqa bütün işləri görməyi, sifarişçi isə göstərilən islərin yerinə yetirilməsi üçün razılaşdırılmış müddətə işin görülməsinə maneçilik törədən amilləri aradan qaldırmaqla obyekti tam hazır vəziyyətdə podratçıya təhvil verməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 2.3-cü bəndinə əsasən, sifarişçi tərəfindən aidiyyatı sənədlər imzalandıqdan sonra iş yerinə yetirilmiş hesab olunur.
3. Müqavilənin 2.4-cü bəndinə görə, sifarişçi ümumi görüləcək işin dəyərinin 30%-ni əvvəlcədən, işin ortasında 30% və qalan 40% hissəsini iş görüldükdən sonra podratçının təqdim etdiyi sənədlərə uyğun 5 (beş) gün müddətində ödəməyi öhdəsinə götürür.
4. Müqavilə hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları və möhürü ilə təsdiq olunmuşdur.
5. Sifarişçi, "xxxx" MMC tərəfindən hazırlanmış və Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin təsdiq etdiyi “Bünovrənin Planı” adlı layihəni podratçıya təqdim etmişdir.
6. Podratçı tərəfindən Bakı şəhərinin Binəqədi rayonu ərazisində 213 580 manat dəyərində, 120x24x9 ölçüdə 13 sentyabr 2019-cu il tarixli müqavilə üzrə metal emalı sexinin kran quraşdırılması və sex daxili ərazinin betonlanmasından başqa bütün tikinti işlərinin görülməsi üçün 12 oktyabr 2022-ci il tarixli EBCH seriyalı 040095 saylı elektron qaimə sifarişçiyə təqdim edilmişdir.
7. 17 noyabr 2022-ci il tarixli ö/005931 saylı “İstismara hazırlıq akt”ında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci küçə, 22C ünvanda 1 mərtəbəli qeyriyaşayış binasının sifarişçisi X2, podratçısı İddiaçı MMC, layihəçisi "xxxx" MMC olmaqla, tikintinin 15 dekabr 2020-ci il tarixdə başlaması, 18 avqust 2022-ci il tarixdə qurtarması göstərilmiş, akt digər şəxslərlə yanaşı podratçının, eləcə də sifarişçinin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq olunmuşdur.
8. Sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin tərtib edib imzaladıqları 7 ədəd “konstruksiyaların qəbul edilməsi akt”larından görünür ki, podratçı tərəfindən görülmüş işlər sifarişçi tərəfindən qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən görülmüş işin dəyəri olaraq ƏDV-siz 195 000 manat pulun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini işin yuxarıda sadalanan faktiki hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən sifariş olunmuş və müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş işlər mərhələli şəkildə sifarişçinin təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə əsasında, iddiaçı tərəfindən vaxtında, eləcə də yüksək keyfiyyətlə icra olunmuş və cavabdehə təqdim olunmuşdur. Bununla belə, sifarişin icrasının gedişində Müqavilənin 2.4-cü bəndinə nəzərdə tutulmuş ödənişlər cavabdeh tərəfindən icra edilməmiş, lakin qarşılıqlı etimad və əməkdaşlıq şəraitində işlədiylərindən, cavabdehin istəyi ilə, onun maliyyə imkanlarının çatışmazlığı nəzərə alınmışdır. Belə ki, cavabdeh müqaviləyə uyğun olaraq ödənişləri icra etməyə maliyyə çətinliyi səbəbindən imkanı olmadığını bidlirmiş və işlərin görülməsini xahiş etmişdir. Bununla bağlı tərəflər arasında danışıqlar olmuş, razılaşmışlar ki, iddiaçı üzərinə düşəni yerinə yetirəcək, cavabdeh isə imkanı daxilində ödənişləri edəcək, hər bir halda, ən geci işlərin tam başa çatmasından sonra ödəniş ediləcəkdir. Sifarişin icrası yəni, nəzərdə tutulan qurğunun tikinti-quraşdırma işləri tam başa çatdırılaraq təhvil verildikdən və qeyriyaşayış obyektinin müvafiq dövlət orqanı tərəfindən istismara qəbul edildikdən sonra ödənişin birdəfəlik icra olunacağı bildirilmişdir. Obyektin istismarına dair iddiaçıdan asılı olan bütün zəruri tədbirlər görülmüş və 17 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Bakı Regional Tikinti Müfəttişliyinin rəisi – Bəxtiyar Tağıyevin, cavabdehin nümayəndəsi Əlimürsəl İsmayılovun, iddiaçının nümayəndəsi Nümayəndə1 və layihəçinin nümayəndəsi Elşad Əsədovun imzaları, həmçinin adıçəkilən Müfəttişlik və müəssisələrin möhürləri ilə təsdiq olunan “Obyektin istismarına hazırlıq” Aktı tərtib edilmişdir. Bununla da iddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etmişdir. Bundan sonra icra olunmuş işin dəyərinin ödənilməsinə dair danışıqlarda yenə də maliyyə çətinliyi üzündən qısa müddət gözləmək xahiş olunmuşdur. Təkrar danışıqlarda ödənilməli vəsaitə dair elektron qaimənin təqdim olunması razılaşdırılmışdır. 12 oktyabr 2022-ci tarixdə ƏDV-siz 181 000 manat məbləğin ödənilməsinə dair həmin qaimə cavabdehə təqdim olunmuş və onun tərəfindən qəbul olunmuşdur. Lakin 9 aydan artıq müddət ərzində ödənilməli vəsait cavabdeh tərəfindən ödənilməmişdir. Sifariş edilmiş işlərin öz vəsaiti hesabına icra edilməsi və bu zaman işlərin icrasında üçüncü şəxslər qarşısında öhdəliyinin yaranması müəssisənin də maliyyə çətinliyinə səbəb olmuşdur. Bu səbəbdən müqavilə üzrə borcun ödənilməsini daha uzun müddətə gözləmək artıq mümkünsüz hala gəlmişdir. Cavabdeh müəssisəyə “Görülmüş işlərin dəyərinin ödənilməsinə dair Pretenziya (Təklif)” göndərilmiş, cavabdehin borclu olduğu cəmi ƏDV-siz 195 000 manat görülmüş işlərin dəyərinin pretenziyanı aldıqdan 7 iş günü müddətində ödənilməsi xahiş olunmuşdur. Pretenziyanın AVİS sistemi vasitəsilə göndərilməsinə və cavabdeh tərəfindən alınmasına baxmayaraq, təklif olunan müddət ərzində cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Bununla əlaqədar mübahisənin məhkəməyə qədər mediasiya qaydasında həlli məqsədilə qanunvericiliyin tələbinə uyğun olaraq, cavabdeh tərəfə təklif göndərilmiş, cavabdeh mediasiya təklifinə də adekvat cavab verməmiş, ondan sonra, Bakı 8 saylı mediasiya Təşkilatın müraciət olunmuşdur. Bakı 8 saylı Mediasiya Təşkilatının dəvəti ilə cavabdeh müəssisənin nümayəndəsi Əlimürsəl İsmayılov mediasiya sessiyasında iştirak etmiş, borcun ödənilməsinə dair verilmiş təklifə cavabdeh tərəfin nümayəndəsi müsbət cavab verməmiş və mediasiyanın davam etdirilməsini istəməmişdir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulduğuna və yerinə yetirilmiş işin dəyərinin ödənilməsindən yayındığına, eləcə də mübahisənin məhkəmədənkənar həlli üçün bütün mümkün tədbirlər görüldüyünə, lakin razılıq əldə olunmadığına görə, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
11. Sonradan iddiaçının nümayəndəsi “iddia tələbinin həcminin artırılması barədə” ərizə vermiş, cavabdehdən görülmüş işin dəyəri olaraq ƏDV-siz 195 000 manat pulun tutularaq iddiaçıya ödənilməsi və iddiaçıya məxsus 2 ədəd “vaqon” və 1 ədəd armatur kəsən dəzgahın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı verdiyi yazılı etirazda göstərmişdir ki, iddiaçı tərəfindən obyektdə heç bir iş görülməmiş və tikinti həyata keçirilməmişdir. İddiaçının özünün də elektron kabinetə əlavə etdiyi bir-biri ilə uzlaşan şəkillər və bünövrə planından göründüyü kimi, Bakı şəhərinin Binəqədi rayonu ərazisində təqdim edilmiş layihə əsasında metal emalı sexi tikintisi mövcud deyildir. Belə ki, adından və sxemlərdən də göründüyü kimi, plan tikiliyə deyil, yalnız bünövrəyə aiddir, ərazidə də heç bir tikili inşa edilməmişdir. Bu isə iddiaçı tərəfindən üzərinə düşən öhdəliklərin icra edilmədiyini təsdiq edir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir məbləğdə pul ödənilməli deyildir.
13. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbini müdafiə etmişdir.
14. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, təhvil verilmə heç bir sənəddə öz əksini tapmamışdır, həmçinin ödəniş qaydasına əsasən ilkin olaraq 30% ödəniş olunmalı olduğu halda, əgər heç bir ödəniş olunmasaydı, podratçının nəyə görə işə başladığı sual doğurur. Müqavilədə xidmətlərin, konkret nəzərdə tutulan işlərin hansı müddətdə təhvil verilməsi barədə heç bir müddəa əks olunmamışdır.
15. Birinci instansiya məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, cavabdehdən görülmüş işlərin dəyəri olaraq ƏDV-siz 195 000 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər yaranmış, həmin münasibətlər çərçivəsində iddiaçı işləri yerinə yetirmiş, cavabdeh isə bununla bağlı ödənişlər həyata keçirməmişdir. İddiaçı tərəfindən podrat müqaviləsi üzrə tikintisi başa çatdırılmış bina cavabdeh tərəfindən qəbul edilmiş, həmin bina müvafiq dövlət orqanlarının yoxlamasından keçməklə istismarına icazə verilmiş və bununla bağlı akt tərtib olunmuşdur. İş materiallarında müqavilə, istismara hazırlıq aktı, elektron qaimə-fakturanın mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə, hətta görülmüş işlərin qüsurlu və ya tam icra edilməməsinə dair məlumatın mövcud olmaması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən bunun əksini sübut edən hər hansı bir dəlil məhkəməyə təqdim olunmamışdır.
17. Məhkəmə iddiaçının “2 ədəd “vaqon” və 1 ədəd armatur kəsən dəzgahın qaytarılması” tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin avadanlıqların ona məxsus olması, eləcə də cavabehə aid əraziyə aparması ilə bağlı hər hansı sübut təqdim etmədiyindən bu tələb əsassızdır.
18. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 752.1-ci, 753.1-ci, 769-cu və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın 5.5-ci bəndinə istinad etmişdir.
19. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, iddia tələbinin heç bir mötəbər sübutla təsdiqlənmədiyini, məhkəmənin tərəflər arasında razılaşmaya görə iddiaçının yalnız binanın bünövrəsini deyil, ümumilikdə metal emalı sexi üçün nəzərdə tutulmuş bina tikintisini üzərinə götürdüyünü, eləcə də tərəflər arasında yekun təhvil-təslim aktının olmaması kimi faktları nəzərə almamaqla əsassız qənaətə gəldiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
20. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, verilən izahatlar
21. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) təmsil etdiyi hüquqi şəxsin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
22. Cavabdehin nümayəndəsi (vəkili) suallara cavab olaraq bildirmişdir ki, ona verilən məlumata görə yalnız bünövrə işlərini iddiaçı şirkət görmüş, digər işləri isə cavabdeh özü həyata keçirmişdir. Cavabdeh tərəf aktları imzalasa da, işi tam təhvil almamışdır, işin cavabdehin özü tərəfindən görüldüyünü təsdiq edən sənədləri də yoxdur.
23. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla 24 aprel 2024-cü il tarixli qərardad əsasında məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilərək ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
- İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş, sifarişçinin nümayəndəsi qismində Əmirov Tofik tərəfindən imzalanmış aktlarda görülərək təhvil verilmiş işlər iş materiallarına əlavə edilmiş layihədə nəzərdə tutulmuş və 13 sentyabr 2019-cu il tarixli podrat müqaviləsinə əsasən görülməsi iddiaçıya həvalə edilmiş bütün işləri əhatə edirmi?
- Əgər layihədə nəzərdə tutulmuş hər hansı işin görülərək təhvil verildiyini təsdiq edən akt yoxdursa təqdim edilmiş aktlara əsasən (7 ədəd akt) görülmüş işlərin bazar dəyəri nə qədər təşkil edir?
24. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 22 avqust 2024-cü il tarixli məktubunda “25 iyun 2024-cü il tarixdə baxış keçirilməsinin təşkil edilməsi barədə vəsatət verildiyi, qeyd olunan tarixdə mübahisə predmeti olan tikilinin yerləşdiyi ünvana gedildiyi, lakin cavabdeh tərəfin nalayiq cümlələr işlətməklə və fiziki güc tətbiq etməklə tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaratmadığı, bu səbəblə tədqiqat obyektinə baxış keçirilməsinin mümkün olmadığı” qeyd edilməklə iş rəy verilmədən məhkəməyə güri qaytarılmışdır.”
25. İş 20 sentyabr 2024-cü il tarixdə yenidən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, ekspert 23 dekabr 2024-cü il tarixdə “məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi 10 dekabr 2024-cü il tarixə təyin edilmiş, lakin cavabdeh baxışın keçirilməsinə şərait yaratmadığından, eləcə də tədqiqat obyekti təqdim olunmadığından, tədqiqat obyektinə baxışın keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqatın aparılması mümkün olmamışdır” məzmunlu məlumat verməklə ekspertizanın aparılmasından imtina etmiş və işi məhkəməyə geri qaytarmışdır.
26. 17 fevral 2025-ci il tarixdə cavabdehin nümayəndəsi tərəfindən elektron sistemə müxtəlif sənədlər yüklənmiş, oxunması mümkün olmayan həmin sənədlərin cavabdehin iddiaçıya ödənişlər etməsi barədə olduğu bildirilmişdir (müşayiətedici məktubda).
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
29. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
34. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
36. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
37. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
38. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
39. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
48. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
49. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
50. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
51. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
54. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
55. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
56. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
57. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
58. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
59. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
60. Bənd 3.13. Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaiməfakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaiməfakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”
61. Bənd 5.5. Tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir.
Apellyasiya baxışının həddi
62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
64. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
65. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
66. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
67. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
68. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 36-39) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının, işin yerinə yetirilməsi zamanı aşkar olunan qüsurların mövcudluğunu sübutetmə yükü cavabdehin üzərinə düşür.
69. Podratda qüsurun sübuta yetirilməsi üçün qüsurun olması faktını irəli sürən tərəf, görülmüş işin qüsurlu olması barədə hansı meyara əsaslandığını göstərməli, bundan sonra həmin meyara uyğun olaraq qüsurun olması ilə bağlı konkret dəlillər təqdim etməlidir.
70. Mülki Məcəllənin 762.2-ci maddəsinin (§ 38) məzmunundan görünür ki, podrat müqaviləsi üzrə keyfiyyətin şərtləşdirilməsi məhz dispozitiv şərt olaraq tərəflərin üzərinə düşür. Əks təqdirdə qanunvericilik bununla bağlı ümumi qaydada tənzimləmə həyata keçirir.
71. Tərəflər arasında bağlanmış müqavilədə görüləcək işlərin keyfiyyəti razılaşdırılmışdır; belə ki, iddiaçı, cavabdehə məxsus ərazidə təqdim olunmuş layihə əsasında ölçüləri 120x24x9 olan metal emalı sexində körpülü kranın quraşdırılmasından və sexkənarı ərazinin abadlaşdırılmasından başqa bütün işləri görməyi öz öhdəsinə götürmüş (§ 1), bununla bağlı "xxxx" MMC tərəfindən “Bünovrənin Planı” (§ 5) adlı layihə hazırlanaraq iddiaçıya təqdim edilmişdir.
72. Həmin layihənin adından və məzmunundan aydın olur ki, iddiaçının görəcəyi işlər metal emalı sexinin bünövrəsinin tikilməsindən ibarət olmuşdur.
73. Bu baxımdan, kollegiya cavabdehin layihənin həcmi barədə dəlilini əsassız hesab edir; cavabdeh razılaşmanın əslində bütün metal emalı sexinin tikilməsi barəsində olmasını qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
74. Digər tərəfdən iş materiallarında olan foto şəkillər, eləcə də həm iddiaçı, həm cavabdeh tərəfindən imzalanan “İstismara hazırlıq aktı” və 7 ədəd “konstruksiyaların qəbul edilməsi aktları” məcmu şəkildə qiymətləndirildiyində, iddiaçı tərəfindən podrat müqaviləsi üzrə işlərin yerinə yetirildiyi qənaətinə gəlinir.
75. Kollegiya xüsusilə qeyd edir ki, apellyasiya baxışı zamanı cavabdehin dəlilləri nəzərə alınaraq ekspertiza təyin olunmuş, lakin cavabdeh həmin ekspertizanın keçirilməsinə maneəçilik törətmişdir. Belə olan halda isə mübahisə üzrə qərar verilərkən, həm də Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələbi nəzərə alınmalıdır (§ 47). Çünki, ekspertin qarşısında qoyulan suallardan biri görülən işin həcmi barəsində olmuş (§ 23), cavabdeh özü də həmin ekspertizanın təyin edilməsinə etiraz etməmiş və mübahisənin həll edilməsi üçün ekspertizanın zəruri olduğunu bildirmişdir. Bununla belə, ekspertizanın həyata keçirilməsi zamanı mübahisə predmetinə baxış keçirmək üçün iki dəfə gedən ekspertə qarşı cavabdehin nümayəndələri zorakılıq göstərmiş və buna görə də ekspertiza rəyinin verilməsindən imtina edilmişdir (§ 24, 25).
76. Belə olan halda, yəni cavabdeh öz hərəkətləri ilə faktiki olaraq ekspertizanın keçirilməsinə maneə törətdiyindən, ekspertiza təyin olunmasına əsas yaradan mübahisəli hal artıq müəyyən olunmuş hal kimi qəbul edilməli, görülmüş işlərin layihəyə və podrat müqaviləsinə uyğun olduğu qənaətinə gəlinməlidir.
77. Başqa sözlə, birinci instansiya məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 752.1-ci maddəsinə istinadla, cavabdehdən görülmüş işlərin dəyəri qismində ƏDV-siz 195 000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyirinə tutulması nəticəsinə gəlmişdir.
78. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsinin “sübut” adı ilə elektron sistemə yüklədiyi sənədlərə münasibətdə kollegiya qeyd edir ki, həmin sənədlər sübut kimi qəbul olunmamalıdır; çünkü cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı onları təqdim etməmişdir - yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər (§ 53).
79. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma (§ 53) həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.
80. Digər tərəfdən kollegiyanın qənaətinə görə, hətta həmin qəbz surətləri birinci instansiya məhkəməsinə təqdim olunsaydı belə, fərqli nəticəyə gəlinməsinə əsas təşkil edə bilməzdi.
81. Belə ki, təqdim olunan sənədlər vasitəsilə kimin kimə hansı tarixdə ödəniş etməsini müəyyən etmək mümkün deyil, təqdim olunan sənədlərin bütün səhifələri qaralanmışdır və ordakı məlumatların tam olaraq nəyi ifadə etməsini müyyən etmək olmur.
82. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
83. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3853/2023 saylı iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva