Məhkəmə qərarları › İş №2-2(103)-201/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-201/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-201/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4752/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 18.11.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 01.10.2018-ci il tarixli 26 saylı podrat müqaviləsinə əsasən görülmüş işlərin qalıq dəyəri olan və cavabdehin rəsmi e-mail vasitəsi ilə təsdiq edilmiş 147665,64 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat mediasiya xərcinin, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat vəsaitin, ümumilikdə isə 148096,04 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.11.2021-ci il tarixli e-2-2(113)-4752/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında 01.10.2018-ci il tarixli 26 saylı podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən podratçı sifarişçinin tapşırığı ilə hazırkı müqavilənin 1.2ci bəndində (Müqavilənin 1 saylı Əlavəsində) göstərilmiş işlərin icrasını və işlərin nəticəsini, tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq, sifarişçiyə təhvil verməyi, Bakı şəhəri, X7 istehsal sexində işlərin görülməsi üzrə Müqavilənin 1 saylı Əlavəsində göstərilən işlərin icrasını, işlərini öz qüvvə, materiallar, avadanlığı, alət və mexanizm ilə icrasını, sifarişçi isə həmin işin nəticəsini qəbul etməyi və ödənilməsini öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə görülmüş işlərə görə pulun ödənilməsi barədə 11.08.2020-ci il tarixli pretenziya məktubu göndərilmiş və həmin pretenziya məktubuna verilmiş 21.08.2020-ci il tarixli cavab məktubunda pretenziyada qeyd edilənlərin cavabdehin mühasibat sənədlərində öz əksini tapmadığı, qeyd edilən müqaviləni, müqavilə üzrə işlərin görülməsini təsdiq edən sənədləri onlara təqdim etmək tələb edilmişdir. İddiaçı təkrar olaraq 26.08.2020-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət etmiş və cavabdehin cavab məktubunda sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında Bakı şəhəri, X7 istehsalat sexində işlərin görülməsi məqsədi ilə podrat müqaviləsi bağlanıldığı, lakin tərəflər arasındakı münasibətlər bundan sonra davam etmədiyi, müqavilənin sadəcə kağız üzərində qaldığı, sifarişçi tərəfindən hər hansı podrat işi həyata keçirilmədiyi, podratçı müqavilə üzrə öhdəlikləri icra etmədiyi, podrat müqaviləsinin bağlanmasının yalnız tərəflər arasında onun imzalanması ilə bitdiyi, həmin işlərin iddiaçı tərəfindən görülmədiyi, iddiaçı tərəfindən hər hansı iş görülmədiyi üçün iddiaçı tərəfindən muzdun ödənilməsi ilə bağlı icra edilməmiş öhdəliklərinin olmaması bildirilmişdir. İddiaçı bildirir ki, həmin podrat müqaviləsinə əsasən onlar tərəfindən Cavabdeh MMC-nin hazırda fəaliyyət göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, X5 istehsalat sexində bünövrə, hörgü, döşəmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin qurulması, inzibati hissə və perimetr boyu hörgü, inzibati hissədə isitmə işləri, virtaj altı hörgü, suvaq və boya işləri, sanitar qovşaqlarının boru xətlərinin çəkilməsi, daxili və xarici su-kanalizasiya xətlərinin çəkilməsi işləri tam olaraq görülmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən işlər tam yerinə yetirildikdən sonra görülmüş işlərin dəyəri 30 təqvim günü ərzində ödənilməsi nəzərdə tutulsa da, artıq uzun müddət keçməsinə baxmayaraq, cavabdeh həmin vəsaitin ödənilməsindən imtina etmiş və müqavilənin icra edilmədiyi bildirmişdir. Halbuki, birinci məktublarında iddiaçı ilə onlar arasında heç bir müqavilənin olmadığını, onların mühasibat sənədlərində qeyd edilənlərin əks edilmədiyini bildirsələr də, həmin sənədləri onlara göndərdikdən sonra həmin sənədlərin sadəcə kağız üzərində qaldığını bildirməklə ziddiyyətli cavablar vermişlər. Eyni zamanda, 16 dekabr 2019-cu il tarixdə Cavabdeh MMC-nin rəsmi Elektron ünvan e-mail elektron poçtu vasitəsi ilə İddiaçı MMC-yə 147665,64 manat məbləğində borcu olduqlarını təsdiq etmişlər. Bundan əlavə müqavilənin 11.2.3-cü bəndinə əsasən müqaviləyə tərəflərdən birinin təşəbbüsü ilə xitam verildikdə, həmin tərəf digər tərəfi 15 təqvim günü əvvəlcədən bunla bağlı məlumatlandırmalıdır. Lakin müqavilə imzalandıqdan sonra Cavabdeh MMC tərəfindən belə bir məlumatlandırma edilməmiş və müqaviləyə xitam verilməmişdir. Bu səbəbdən də müqavilədə göstərilən işlər iddiaçı tərəfindən tam olaraq yerinə yetirilmişdir. Lakin cavabdehin əməkdaşları həmin işlərin görülməsi barədə təhvil təslim aktlarının rəsmi qaydada imzalanmasından və görülmüş işlərin dəyərini iddiaçıya ödəməkdən imtina etmişlər. Görülmüş işlərin smetası barədə sənədlər Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan əlavə, Cavabdeh MMC tərəfindən iddiaçının "xxxx" ASC-də olan hesablaşma hesabına 12.11.2018-ci il tarixdə ödədikləri 10000,00 manat, 04.02.2019-cu il tarixdə ödədikləri 15000,16 manat, 23.04.2019-cu il tarixdə ödədikləri 15000,16 manat vəsaitin ödənilməsi iddiaçının həmin podrat müqaviləsinə uyğun olaraq üzərinə düşən vəzifələrinin icra edildiyini və gördüyü işlərin dəyərinin bir qisminin ödənildiyini bir daha təsdiq edir. Qeyd edilən tarixdən sonra "xxxx" MMC tərəfindən digər işlərin dəyəri ödənilməmiş və Cavabdeh MMC-nin rəsmi Elektron ünvan e-mail elektron poçtu vasitəsi ilə İddiaçı MMC-yə 147665,64 manat məbləğində borclarının qaldıqlarını təsdiq etmişlər. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Ravil Sayidovun adı e-mail adresindən başqa heç bir yerdə qeyd olunmamışdır. Qarşı tərəfin göstərdiyi imzanın Ravil Sayidov tərəfindən imzalanması sübut olunmur, imzalansa belə Ravil Sayidovun həmin sənədi imzalamağa səlahiyyəti olub-olmadığı belə hazırda şübhə altındadır. Müqavilə aralarında bağlanmış, lakin müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Avans kimi cavabdeh pul ödəmiş, lakin tərəf öhdəlikləri yerinə yetirməmişdir. İşdə nə təhvil-təslim aktı nə də başqa sənədlər vardır. Bütün sənədlər birtərəfli qaydada tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Lakin hazırki işdə həmin maddənin dispozitiv şərtlərinin mövcud olması sübut olunmur. Belə ki, qeyd olunan maddədən də görünür ki, podrat müqaviləsi üzrə öhdəlik ilk növbədə podratçının üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır. Lakin iddiaçı bununla bağlı heç bir mötəbər sübutu (təhvil-təslim aktı, forma 2 arayışı və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən elektron məktub, X6 Tikintisi üçün tərtib olunmuş smetalar, o cümlədən şahidlər X4 və X2 ifadələri bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz. Belə ki, cavabdehin əməkdaşı olan Nümayəndə2 adından göndərilən elektron məktubda iddiaçı tərəfindən 147665,64 manat dəyərində podrat işlərinin görülməsi və cavabdehə təhvil verilməsi müəyyən olunmur. Çünki həmin məktuba əlavədə qeyd olunan işlərin artıq görülməsi ilə bağlı məlumat yazılmayıb və həmin əlavə daha çox smeta sənədinə bənzəyir. Bundan başqa birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, həmin elektron məktubda adları qeyd edilən Tural Rəcəbli və İlqar Abbasov iddiaçının işçiləri deyillər. İddiaçı tərəfindən təqdim edilmiş 9 ədəd smeta sənədləri də iddiaçı tərəfindən işlərin görülməsini təsdiq etmir. Çünki smeta podrat müqaviləsi üzrə layihənin həyata keçirilməsi üçün görülməli olan işlər, müddətlər və xərclərin hesablanmasını nəzərdə tutan maliyyə sənədidir. Həmin smeta sənədlərinin üzərində də onların məhz görülmüş işlərlə bağlı tərtib olunması qeyd olunmamışdır. Bu isə onu göstərir ki, smetalar məhz gələcəkdə görüləcək işlərlə əlaqədar tərtib edilmişdir. Cavabdehin mövqeyi də bundan ibarətdir ki, müqavilə bağlanıldıqdan sonra iddiaçı tərəfindən smetanın tərtib olunması ilə bağlı işlər görülmüş, bununla bağlı avans da ödənilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin smetaların yuxarı sağ hissəsindəki imzaların cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanıb-imzalanmamasının mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Göründüyü kimi iddiaçı tərəfindən məhz 147665,64 manat dəyərində podrat işlərin görülməsi və cavabdehə təqdim edilməsi iddiaçının təqdim etdiyi elektron məktub və smeta sənədləri ilə sübut olunmur. Cavabdeh tərəfindən iddiaçının hesabına 12.11.2018-ci il tarixdə 10000 manat, 04.02.2019-cu il tarixdə 15000,16 manat və 23.04.2019-cu il tarixdə 15000,16 manat məbləğində pul vəsaitlərinin ödənilməsi də podrat müqaviləsi üzrə işlərin görülməsi və cavabdehin iddia tələbində göstərilən məbləğdə borcunun olmasını təsdiq etmir. Çünki cavabdeh bununla bağlı bildirir ki, həmin ödənişlər avans və armatur alınması ilə bağlı həyata keçirilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 31.05.2019-cu il tarixli EAAV 231275 saylı və 19.04.2019-cu il tarixli EAAT 363851 saylı elektron qaimələrdən də görünür ki, həmin qaimələr tikinti işlərinin görülməsi üçün avans məbləği kimi 23010 manat və armatur alınması üçün 17700,3 manatın ödənilməsi ilə bağlı göndərilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən podrat işlərinin görülməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmur. Bununla bağlı kollegiya qeyd edir ki, hüquqi şəxs olan iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun (beton və ya digər tikinti materialların alınması, işçilərə əmək haqqının ödənilməsi və ya subpodrat müqaviləsi üzrə ödənişlərin edilməsi, tikintidə istifadə olunan texnikaların işlədilməsi və ya icarəsi ilə bağlı və s.) təqdim edə bilməməsi ağlabatan deyil. Bu baxımdan kollegiya hesab edir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə dindirilmiş şahidlərin, yəni iddiaçı şirkətin təsisçisi olmuş X1 və iddiaçı şirkətin ümumiyyətlə əməkdaşı olmayan X2 ifadələri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Hazırki apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “whatsapp” yazışmaları və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanan məktublar isə gecikdirilmiş sübutdur və hazırda qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı qeyd olunan maddənin tələblərinə riayət etməmişdir. Çünki iddiaçının vəkili verilmiş sorğuların gec cavablandırıldığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinə də sorğuların verilməsi ilə bağlı məlumat verilməmişdir. İddiaçı tərəfindən “whatsapp” yazışmalarının birinci instansiya məhkəməsinə təqdim edilməsi, lakin məhkəmə tərəfindən onların qəbul edilməməsi isə iş materialları ilə təsdiq olunmur. Eyni zamanda kollegiya qeyd edir ki, kommersiya mübahisələri üzrə sübutlar elektron qaydada verildiyi üçün iddiaçı tərəfin qeyd olunan əsaslandırması tamamilə əsassızdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi sübut olunmur. Belə olan halda cavabdehin podrat müqaviləsi üzrə muzd ödəmək öhdəliyi, iddiaçının isə Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən muzd tələb etmək hüququ yaranmamışdır. Ona görə də, iddia rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4752/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 18.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar