Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-204/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “görülmüş işlərə görə yaranmış borcun və zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3865/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Podratçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh ASC arasında 20 fevral 2018-ci il tarixli MFF032-T3-NCB-102 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən podratçı sifarişçinin sifarişi əsasında “Su təchizatı və X1 Layihə 3” çərçivəsində Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi işlərini həyata keçirməyi, sifarişçi isə görülmüş işlərin müqabilində müqavilədə nəzərdə tutulmuş haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin ilkin qiyməti ƏDV daxil 16.978.085,71 manat həcmində müəyyən edilmişdir.
2. 20 fevral 2018-ci il tarixli, MFF-032-T3-NCB-1.02 nömrəli müqaviləyə 24 aprel 2018ci il tarixli 1 saylı Düzəlişə əsasən “Layihənin uğurla tamamlanması və kanalizasiya sisteminin funksionallığının təmin edilməsi məqsədilə ... iş həcmləri cədvəlinə fərqli diametrlərdə ümumi uzunluğu 19909,05 m olan kanalizasiya xəttinin əlavə olunması ilə əlaqədar müqavilə müddəti dəyişdirilmədən müqaviləyə dəyişiklik edilməsi zərurəti yaranmışdır.” Müqavilənin yekun dəyəri 29.484.234,54 manat təşkil etmişdir.
3. Müqaviləyə əsasən ümumi məbləğin (dəyərin) 23.571.780,71 manata bərabər olan 79,98%-i X5 tərəfindən, ümumi məbləğin 5.900.313,43 manatına bərabər olan 20,02%-i (18% ƏDV üstəgəl əsas vəsaitin 2,02%-i) Cavabdeh ASC-nin əvəzinə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ödənilməli idi.
4. Podrat müqaviləsi üzrə podratçı İddiaçı MMC-yə ümumilikdə 29.472.094,14 manat məbləğində pul vəsaiti ödənilmişdir.
5. Müqavilənin bitmə tarixi Azərbaycan Respublikası Hökuməti ilə X5 arasında imzalanmış xx.xx.2014-cü il 3079-AZE saylı kredit sazişinin bitmə tarixinə uyğun olaraq xx.xx.2018-ci il nəzərdə tutulmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı ASC arasında bağlanmış MFF032-T3-NCB-1.02 nömrəli 20 fevral 2018-ci il tarixli müqaviləyə əsasən cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə, Cavabdeh ASC-dən 3631862,4 manat (ƏDV-siz) məbləğinin, İddiaçı ASC tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2397371,88 manat (ƏDV-siz) məbləğinin Cavabdeh ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən 21 fevral 2018-ci il tarixində təqdim edilən avans ödəniş sertifikatı üzrə X5 tərəfindən 19 mart 2018-ci il tarixində 3394768,24 manat, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 29 mart 2018-ci il tarixində 202283,83 manat əsas məbləğ və 647469,37 manat ƏDV ödənilmiş, 20 mart 2018-ci il tarixindən 31 may 2018-ci il tarixinə qədər təqdim edilən 5 ödəniş sertifikatına əsasən X5 tərəfindən 18 aprel 2018-ci il tarixində ******* manat, 01 iyun 2018-ci il tarixində 2213278,83 manat, 24 iyul 2018-ci il tarixində 7878490,77 manat, 26 sentyabr 2018-ci il tarixində 2981784,26 manat və 29 sentyabr 2018-ci il tarixində 2357178,16 manat ödənilmişdir. X5 müqavilə üzrə öz pay hissəsini ödədiyi tarixlərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir ödəniş aparılmadığına görə iddiaçıya məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq 3631862,4 manat silinmişdir. Yuxarıda qeyd olunmuş 5 ödəniş sertifikatı üzrə qalan hökumət payını və ƏDV hissəsini Azərbaycan Respublikası Maliyyə Nazirliyi bir dəfəyə 5050560,24 manat (ƏDV ilə birlikdə) 08 yanvar 2019-cu ildə ödəmişdir. Müqavilənin icrası zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyi vaxtında ödənişləri həyata keçirmədiyinə görə iddiaçıya 3631862,4 manat ziyan dəymişdir. Eyni zamanda, Ağdaş şəhərinin su və kanalizasiya xəttlərinin tamamlanması və rəsmi açılış tədbirinə hazırlamaq barədə razılaşmaya əsasən Cavabdeh ASC-nin sifarişi əsasında bu müqavilə üzrə 90155 kv.metr asfalt işləri və digər işlərin 2019-cu ilin sentyabr ayında təsdiq edilmiş akt əsasında Cavabdeh ASCyə təhvil verilmişdir. Lakin, qarşılıqlı təsdiqlənmiş akt əsasında Cavabdeh ASC-nin TOOM ilə F2-nin dəyəri 2397371,88 manat (ƏDV-siz) olduğu dəqiqləşdirilsə də, F2nin təsdiq olunması prosesi Cavabdeh ASC tərəfindən bu günə qədər süni olaraq uzaldılır və ödənişlər həyata keçirilmir. Cavabdeh ASC tərəfindən həmin işlərin dəyəri hazırki vaxtadək İddiaçı ASC-yə ödənilməmiş, Cavabdeh ASC tərəfindən üzərinə düşən öhdəlik yerinə yetirilməmişdir.
8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 20 fevral 2018-ci il tarixli MFF032-T3-NCB- 1.02 saylı müqavilə üzrə ƏDV məbləği olan 3631862,4 manat məbləği Maliyyə Nazirliyi tərəfindən 08 yanvar 2019-cu ildə ödənilmişdir. Müqavilənin 50-ci bəndinə əsasən ödənişlər 28 gün ərzində həyata keçirilmədikdə növbəti tarixdən etibarən gecikmiş ödənişlər üzrə faiz məbləği hesablana bilər. Göründüyü kimi sözügedən müqavilədə nəzərdə tutulan məbləğlərlə bağlı bütün ödəmələr həyata keçirilmişdir. Bundan əlavə ƏDV məbləğinin sonuncu ödəniş tarixi 08 yanvar 2019-cu ildə həyata keçirildiyindən bu mübahisə ilə bağlı 3 illik iddia müddəti ötürülmüşdür. Qanunvericiliyin tələbinə əsasən həmin vaxtdan 3 il ərzində, yəni 08 yanvar 2022-ci ilədək müddətdə mübahisə hesab etdiyi məbləği tələb edə bilərdi. ƏDV əvəzi olaraq silinmiş tələb üzrə iddia müddəti ötürülmüş və buna görə də həmin tələb üzrə iddia müddəti tətbiq edilməlidir. Digər tərəfdən, iddiaçı sözügedən müqaviləyə istinad etsə də, asflat işləri üzrə tərəflər arasında heç bir əlavə razılaşma bağlanmamışdır. Qanunvericiliyin tələbinə əsasən öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. İddiaçının iddia ərizəsində asfalt və digər işlər üzrə tələb etdiyi məbləğin əsasının nədən ibarət olması sual doğurur. Həmçinin, həmin işlər üzrə iddiaçı tərəfindən Cəmiyyətə Forma 2, Forma 3, hesab-faktura, elektron qaimələr təqdim edilməmiş və bu məbləğ Cavabdeh ASC-nin mühasibat uçot sənədlərində öz təsdiqini tapmamışdır. Görülmüş işlərin Cavabdeh ASC tərəfindən sifariş olunmasına dair hər hansı bir sübut təqdim olunmamışdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3865/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
10. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, 20 fevral 2018-ci il tarixində İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında MFF032-T3-NCB-1.02 saylı müqaviləyə əsasən cavabdehin sifarişi ilə “Ağdaş şəhərinin su və kanalizasiya xəttlərinin tamamlanması” və rəsmi açılış tədbirinə hazırlıq ilə bağlı Cavabdeh ASC-nin sifarişi əsasında 91452 kv.metr asfalt işləri və digər işlər “Akelik” tərəfindən görülüb və 2019-cü ilin sentyabr ayında təsdiq edilmiş yekun akt əsasında Cavabdehya təhvil verilib. Bundan əvvəl, 05 fevral 2019-cu il tarixində Ağdaş rayon İcra Hakimiyyətindən (telefon № +**********000) Cavabdeh ASC-yə sonuncuda 49 nömrəsi ilə qeydə alınmış faks-məlumat daxil olub. “Ağdaş şəhəri üzrə kanalizasiya və su çəkilişi zamanı qazılmış, lakin bərpa olunmamış (asfaltlanmayan) küçələr haqqında Məlumat adlanan sənəddə Ağdaş şəhərinin mərkəzi hissəsini əhatə edən H.Əliyev prospekti və ona birləşən küçələr ilə birlikdə cəmi uzunluğu 14520 m olan əraziyə asfalt döşənilməsinin zəruruliliyi göstərilib. Məhz bu zərurətlə əlaqədar cavabdeh tərəfindən İddiaçı-a həmin işlərin də görülməsi sifariş verilib. Cavabdeh ASC-də xx.xx.2019-ci il tarixli 49 nömrəsi ilə qeydə alınmış faksməlumat ilə tərəflər arasında imzalanmış yekun Aktın məzmunu eynidir. İşlərin tam və keyfiyyətli görülməsi, eləcə də göstərilən akta əsasən Cavabdeh ASC-nin Tikilməkdə olan obyektlərin müdiriyyəti, habelə Ağdaş rayon icra hakimiyyəti nümayəndələri tərəfindən həmin işlərin 91452 kv.metr sahədə asfalt işlərinin görülməsi təsdiqlənsə də, bu işlərin dəyəri ƏDV-siz 2.397.371,88 manat müəyyən olunsa da, Forma 2 sənədinin təsdiq olunması prosesi Cavabdeh ASC tərəfindən bu günə qədər süni olaraq uzadılır və ödənişlər həyata keçirilmir. Asfalt işləri və digər işlərin görülməsinin təmin edilməsi üçün “Akelik Group“ MMC "xxxx" MMC ilə 26 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq, sonuncudan ümumi qiyməti 2.219.686 manat dəyərində materiallar, o cümlədən 228m3 - M400 betonu, 25000ton asfalt, 1958 m3 qravil, 1675 m3 qırmadaş alaraq, həmin materiallardan bilavasitə Ağdaş rayonunda asfalt və sair işlər görülməsində istifadə edib. Bundan başqa, ərizəçi həmin işlərin görülməsi üçün əsasən Ağdaş rayonun sakinləri olan şəxslərlə əmək müqavilələri bağlayıb.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkilləri Nümayəndə1, Vəkil, iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi Nümayəndə3 və Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
15. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
17. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Həmin Məcəllənin 218.3-cü madəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməlidir.
23. Belə ki, iddia tələbi iki hissədən ibarətdir: 1) İddiaçı ASC tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2397371,88 manat (ƏDV-siz) məbləğində pul vəsaitinin ödənilməsi; 2) cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq silinmiş 3631862,4 manat məbləğində pul vəsaitinin ödənilməsi.
24. Birinci iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 753.3-cü maddəsi təşkil edir.
25. İddia tələblərinin əsaslı hesab edilməsi üçün sübut olunmalıdır ki, podratçı (iddiaçı) tərəfindən sifarişçinin tələbi ilə əlavə podrat işləri yerinə yetirilmiş, lakin sifarişçi onların dəyərini ödəməmişdir.
26. Aşağıdakılara əsasən də müəyyən edilir ki, hazırki işdə həmin hallar mövcuddur.
27. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin layihə rəhbəri, Cavabdeh ASC-nin TOOM-un (X3 Müdiriyyəti) tikintiyə texniki nəzarət mühəndisi və Ağdaş rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən imzalanmış 30 sentyabr 2019-cu il tarixə qədər Ağdaş rayon küçələrinə İddiaçı ASC tərəfindən vurulan asfalt örtüyünün iş həcmləri haqqında akta əsasən cəmi görülmüş işlərin həcmi 91452 kv.m təşkil edir.
28. Cavabdeh həmin aktı mübahisələndirməmişdir. Eyni zamanda cavabdeh həmin işlərin görülməməsinə deyil, işlərin Ağdaş rayon İcra Hakimiyyətinin sifarişi əsasında görüldüyünə, bunun Cavabdeh ASC ilə bağlanmış podrat müqaviləsinə hər hansı bir aidiyyatının olmadığına istinad edir.
29. Göründüyü kimi İddiaçı ASC tərəfindən 30 sentyabr 2019-cu il tarixə qədər Ağdaş rayon küçələrinə 91452 kv.m həcmində asfalt örtüyünün vurulması işin mübahisəsiz halını təşkil edir.
30. Hazırda mübahisəli və müəyyən olunmalı məqam həmin işlərin məhz cavabdehin sifarişi əsasında görülüb-görülməməsi ilə bağlıdır.
31. Aşağıda qeyd olunanlara əsasən də əlavə podrat işlərinin məhz sifarişçinin (cavabdehin) tələbi ilə görülməsi öz təsdiqini tapır.
32. Belə ki, həmin işlərin yerinə yetirilməsi barədə yuxarıda qeyd olunan aktı cavabdehin əməkdaşı təsdiq etmişdir. Eyni zamanda cavabdeh bu faktı mübahisələndirməmişdir.
33. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanan 13 mart 2023-cü il tarixli 5-32-12/2- 92/2023 nömrəli məktubda isə qeyd olunmuşdur ki, Ağdaş şəhəri əhalisinin haqlı narazılıqlarını nəzərə alaraq, Ağdaş Rayon İcra Hakimiyyətindən xx.xx.2019-cu il tarixində Ağdaş şəhərində su və kanalizasiya xətlərinin çəkilişi zamanı dağıdılmış lakin, bərpa edilməmiş küçələr barəsində Cavabdeh ASC-yə fax-məktub göndərilərək məsələnin həll olunması Cavabdeh ASC-nin rəhbərliyindən xahiş edilmişdir. Həmin dövrdə Cavabdeh ASC-nin sifarişi ilə Ağdaş şəhəri ərazisində kanalizasiya xəttlərinin tikintisini İddiaçı MMC həyata keçirirdi. Ağdaş RİH-də RİH rəhbərliyi, Cavabdeh ASCnin rəhbərliyi və İddiaçı MMC-nin rəhbərliyinin iştirakı ilə keçirilmiş görüşdə, Ağdaş şəhəri ərazisində su və kanalizasiya xətlərinin çəkilişi zamanı dağıdılmış və bərpa edilməmiş küçələrin bərpasını Cavabdeh ASC-nin rəhbərliyi İddiaçı MMC-yə tapşırmışdır. Ağdaş Rayon İcra Hakimiyyətinin Ağdaş şəhəri üzrə İcra Nümayəndəsi olaraq işlərin görülməsinə nəzarət etmişlər və buna görə öz imza və möhürləri ilə təsdiq etmişlər.
34. Qeyd olunan halları nəzərə alaraq və Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, tərəflər arasında əlavə işlərin görülməsi barədə razılıq əldə olunmuşdur.
35. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 752.1 və 753.3-cü maddələrinə əsasən yerinə yetirmiş əlavə podrat işlərinə görə muzdun ödənilməsini tələb etməkdə haqlıdır.
36. Tələb olunan muzdun məbləği isə aşağıda göstərilən qaydada hesablanmalıdır.
37. Belə ki, iş materiallarından görünür ki, hazırki tərəflər arasında bağlanan analoji podrat müqaviləsi üzrə 2018-ci ilin aprel ayında yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına əsasən asfalt qatının bərpası işləri üçün 1 kv.m 26,55 manata razılaşdırılmışdır (cild 4, i/v 53-60).
38. İddiaçı isə bildirir ki, Ağdaş şəhərində su və kanalizasiya xətlərinin çəkilişi zamanı asfalt qatının bərpasını 1 kv.m üçün 25,5 manatdan hesablanması razılaşdırılmış və həmin məbləğə uyğun hesablanaraq hazırki iddia irəli sürülmüşdür.
39. Məhkəmə iclasında sədrlik edənin analoji işlər üzrə 1 kv.m asfalt qatının bərpasının hansı qiymətə edilməsi ilə bağlı dəqiqləşdirici sualına cavabdehin nümayəndəsi cavab verməmişdir.
40. Bununla yanaşı cavabdeh yuxarıda qeyd olunan hallara, yəni asfalt qatının bərpasının 1 kv.m-nin 26,55 manatdan hesablanmasına hər hansı etirazını da bildirməmişdir.
41. Bu baxımdan kollegiya hesab edir ki, prosessual qənaət prinsipi baxımından asfalt qatının bərpası ilə bağlı iddiaçı tərəfindən görülən işlərin ümumi dəyərinin müəyyən edilməsi üçün xüsusi olaraq iş üzrə ekspertizanın təyin edilməsinə zərurət yoxdur. Çünki tərəflər arasında olan digər podrat müqaviləsi üzrə analoji işlərin dəyəri 1 kv.m üçün 26,55 manat müəyyən edilib, hazırda isə iddiaçı həmin məbləğdən də aşağı olan 25,5 manat məbləğə razılıq əldə olunduğuna istinad edir və sadə riyazi hesablama ilə görülmüş işlərin dəyərini müəyyən etmək mümkündür.
42. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi aktda asfalt örtüyünün ümumi həcmi 91452 kv.m qeyd edilsə də, iddia ərizəsində iddiaçı 90155 kv.m həcmində işlərin dəyərinin ödənilməsi tələbini irəli sürmüşdür.
43. İddiaçıdan bu məsələyə aydınlıq gətirilməsi təklif edilmiş və o, iddia ərizəsində texniki səhvə yol verildiyini bildirmişdir.
44. Birinci instansiya məhkəməsində iddia ərizəsinə dəqiqləşmənin verilmədiyini və Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, görülmüş işlərin dəyəri məhz iddia ərizəsində göstərilən 90155 kv.m uyğun müəyyən edilməlidir.
45. Beləliklə, iddiaçı tərəfindən görülən asfalt işlərinin həcminin 90155 kv.m təşkil etdiyini, eyni zamanda asfalt qatının bərpasının 1 kv.m-nin 25,5 manatdan hesablanmalı olduğunu nəzərə aldıqda müəyyən olunur ki, iddiaçı tərəfindən görülən asfalt qatının bərpası işlərinin ümumi dəyəri 2.298.952,5 manat təşkil edir (90155 x 25,5 = 2.298.952,5).
46. Ona görə də kollegiya hesab edir ki, iddia qismən təmin edilməli və cəmi 2.298.952,5 manat (ƏDV-siz) məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
47. İddiaçı tərəfindən irəli sürülmüş ikinci iddia tələbi isə əsassızdır.
48. Belə ki, zərərin ödənilməsi məsələlərini tənziləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, habelə iddiaçının istinad etdiyi hallara əsasən hazırkı iddia üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443.1-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
49. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki cavabdeh tərəfindən öz öhdəliklərinin pozması halı müəyyən edilmir.
50. Belə ki, iddiaçı özü bildirir ki, X5 müqavilə üzrə öz pay hissəsini ödədiyi tarixlərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir ödəniş aparılmadığına görə iddiaçıya məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq 3631862,4 manat silinmişdir.
51. Göründüyü kimi iddiaçının özünün istinad etdiyi hallara əsasən ona məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq 3631862,4 manat silinməsinin səbəbi Cavabdeh ASC-nin hər hansı hərəkət və ya hərəkətsizliyi deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir ödənişin aparılmaması olmuşdur.
52. Göründüyü kimi həmin iddia tələbləri özü-özlüyündə əsassızdır. Ona görə də, həmin tələbə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsinə ayrıca münasibət bildirməyə zərurət yoxdur.
53. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri rədd edilməlidir.
54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni 90155 kv.m asfalt işlərinin dəyərinin tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia qismən təmin edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
55. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəflər arasında bölüşdürülərək, 61,9 faizi iddiaçıya və 38,1 faizi cavabdehə aid edilməlidir.
56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3865/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yəni 90155 kv.m asfalt işlərinin dəyərinin tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 2.298.952,5 (iki milyon iki yüz doxsan səkkiz min doqquz yüz əlli iki manat əlli qəpik) manat (ƏDV-siz) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Həmin iddia qalan hissədə təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarına görə 2054 manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən İddiaçı MMC-nin xeyrinə tutulsun, dövlət rüsumlarının qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn