Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-204/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri X4 və X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-7029/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli AZP019/2024 nömrəli texniki xidmət müqaviləsinə əsasən icraçı Bakı şəhərində yerləşən və sifarişçiyə məxsus, Cavabdeh MMC-də 4 ədəd Sərnişin lifti, 2 ədəd Yük lifti və 3 ədəd Panoramik Sərnişin lifti bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, sifarişçi isə yerinə yetirilən xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Müqavilənin: - 2.2-ci bəndinə əsasən xidmətlərin tam təfsilatı, təsviri, qiyməti və icra müddəti hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr - Razılaşma Protokolları ilə müəyyən olunur. - 2.5 və 2.6-cı bəndlərinə əsasən xidmətin sifarişçiyə təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində 1 nüsxə saxlanılmaqla icraçi tərəfindən 2 nüsxədə tərtib edilən təhvil-təslim aktı vasitəsilə rəsmiləşdirilir. İcraçı xidməti sifarişçiyə təhvil verdiyi gün təhvil-təslim aktını və onun əsasında elektron qaimə fakturanı da sifarişçiyə təqdim etməlidir. - 5.1.4-cü bəndinə əsasən xidmət haqqını müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödəmək sifarişçinin öhdəliyidir. - 6-cı maddəsinə əsasən bu müqaviləyə əsasən ayda 1 dəfə olmaqla yerinə yetirilən işlərin 1 aylıq dəyəri 4 ədəd Sərnişin lifti, 2 ədəd Yük lifti və 3 ədəd Panoramik Sərnişin lifti üçün 900 manat + X10 təşkil edir. İcraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hər 1 ay üçün hesab fakturanın göndərildiyi gündən etibarən 5 iş günündən gec olmamaq şərti ilə sifarişçi tərəfindən ödəniləcəkdir. Sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0.5% həcmində icraçı tərəfindən cərimə tətbiq olunacaq. Cərimənin ümumi miqdarı aylıq ödənilməli olan məbləğin 5%-dən çox ola bilməz.
2. xx.xx.2024-cü il tarixli AZP019/2024 nömrəli texniki xidmət müqaviləsinə əsasən tərtib olunmuş X1 əsasən icraçı tərəfindən sifarişçiyə 1062 manat (162 manat ƏDV olmaqla) məbləğində xidmətlər (ədədi 100 manat olan 4 ədəd sərnişin lifti, ədədi 100 manat olmaqla 2 ədəd yük lifti, ədədi 100 manat olmaqla 3 ədəd panoramik sərnişin lifti) göstərilməsi müəyyənləşdirmişlər.
3. MT2407 seriyalı, 10437749 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 944 manat (144 manat ƏDV olmaqla) məbləğində xidmətlərin təqdim edilməsi barədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
4. MT2410 seriyalı, 11351135 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 944 manat (144 manat ƏDV olmaqla) məbləğində xidmətlərin təqdim edilməsi barədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
5. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AG/İ-24-006 nömrəli hesab-faktura (invoice) əsasən müəyyən edilir ki, həmin invoys əsasında liftlərlə bağlı xidmətlərinin ümumi dəyəri (2024-cü il iyun ayı üçün) ƏDV daxil 944 manat təşkil edir.
6. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AG/İ-24-007 nömrəli hesab-faktura (invoice) əsasən müəyyən edilir ki, həmin invoys əsasında liftlərlə bağlı xidmətlərinin ümumi dəyəri (2024-cü il iyul ayı üçün) ƏDV daxil 944 manat təşkil edir.
7. 21.06.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli Lift texniki baxış aylıq formasından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən X8 Bina 8, X11 Bina 8 və X12 8 üzrə liftlərə texniki baxış keçirilmişdir (maşın otağı yoxlanışı, quyu iş və çöl yoxlanışı, kabin əyləci). Forma İddiaçı MMC tərəfindən R.Erzixanov və sifarişçi tərəfindən Ə.İsrafilovun imzası ilə təsdiq edilmişdir.
8. 2024-cü ilin iyul ayı üzrə 3 ədəd Lift texniki baxış aylıq formasından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən X8 Bina 8, X11 Bina 8 və X12 8 üzrə liftlərə texniki baxış keçirilmişdir (maşın otağı yoxlanışı, quyu iş və çöl yoxlanışı, kabin əyləci). Forma İddiaçı MMC tərəfindən R.Erzixanovun imzası ilə təsdiq edilmişdir.
9. xx.xx.2024 və xx.xx.2024-cü il tarixli watsapp yazışmalarından görünür ki, xx.xx.2024-cü il tarixdə sonuncu dəfə liftlərin yoxlanılması və növbənin dəyişməsi ilə bağlı məlumat verilmiş xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndələrinin cavabdehə məxsus ərazini tərk etmələri ilə bağlı göstəriş verilmişdir.
10. 11.06.2024-cü il tarixli 000İPX124163444C5 saylı, 16,04.2024-cü il tarixli, 000İPX12410762C3 saylı, xx.xx.2024-cü il tarixli, 000İPX1241415D3E saylı, xx.xx.2024cü il tarixli, 000İPX124072325A saylı ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 2800 manat (hər ödəniş tapşırığı üzrə 700 manat olmaqla) məbləğində ödəniş olunmuşdur. Ödənişlərin təyinatı və əsası kimi EBDZ 789832 nömrəli, EBEC 881053 saylı, EBEB 507039 saylı, MT 2406 10183522 saylı elektron qaimələrə istinad edilmişdir.
11. 2024-cü ilin fevral, mart, aprel, may ayları üçün tərtib edilmiş Lift texniki baxış aylıq formasından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə məxsus liftlərə texniki baxış keçirilmiş, forma İddiaçı MMC tərəfindən R.Erzixanov və sifarişçi tərəfindən Ə. İsrafilovun imzası ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
1. İddiaçı MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2024-cü il tarixli AZP019/2024 saylı texniki xidmət müqaviləsi üzrə Cavabdeh MMC-dən onun xeyrinə 1600 manat (2024 iyun və iyul ayları) əsas borcun və 288 manat ƏDV borcunun, 124 manat cərimə borcunun, o cümlədən 40,20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında 15 yanvar 2024-cü il tarixli AZP019/2024 saylı texniki xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci maddəsinin tələblərinə əsasən İcraçı Bakı şəhərində yerləşən və Sifarişçiyə məxsus Cavabdeh MMC-də 4 ədəd sərnişin lifti və 2 ədəd yük lifti və 3 ədəd Panoramik sərnişin liftinə bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, Sifarişçi isə yerinə yetirilən xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Tərəflər arasında imzalanan müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC-yə texniki xidmət göstərilmişdir. İcraçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında Sifarişçi qismində Cavabdeh MMC tərəfindən müvafiq ödənişlər aparılmışdır. Tərəflər arasında imzalanmış olan müqaviləyə 1 saylı Əlavəyə əsasən hər bir lifttə texniki xidmət üçün müəyyən edilmiş xidmət haqqı 100 manat (ƏDV xaric) olaraq müəyyən edilmişdir. Son olaraq İcraçı tərəfindən iyun ayında göstərilən texniki xidmətə görə 05 iyul 2024-cü il tarixində təqdim edilən MT2407 seriyalı 10437749 saylı elektron qaimədə aylıq xidmət haqqı tərəflər arasında imzalanmış təhvil qəbul aktına əsasən 800 manat (ƏDV xaric) olaraq qeyd edilmiş və qaimə fakturaya əsasən Sifarişçi tərəfindən heç bir ödəniş aparılmamışdır. Tərəflər arasında imzalanmış müqavilənin 6.2- 6.4-cü maddəsinin şərtlərinə əsasən icraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hər 1 ay üçün hesab fakturanın göndərildiyi gündən etibarən 5 iş günündən gec olmamaq şərtilə Sifarişçi tərəfindən ödəniləcəkdir. Sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0,5%-i həcmində İcraçı tərəfindən cərimə tətbiq olunacaqdır. Tərəflər arasında imzalanmış olan müqavilənin şərtlərinə əsasən İcraçı tərəfindən Sifarişçi qismində çıxış edən Cavabdeh MMC-nə xidmətlər müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş, xidmətlərin göstərilməsində heç bir gecikmə və ya ləngimə olmamışdır. Ancaq buna baxmayaraq Cavabdeh MMC tərəfindən müqavilə üzrə razılaşdırılmış olan xidmət haqqı müqavilə imzalandığı tarixdən müqaviləyə xitam verilən 17 iyul 2024-cü il tarixinə qədər bir dəfə də olsun vaxtlı-vaxtında ödənilməmişdir. Məhz sifarişçinin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən İddiaçı MMC tərəfindən yanvar 2024-cü il tarixli AZP019/2024 saylı texniki xidmət müqaviləsinə 17 iyul 2024-cü il tarixində xitam verilmişdir. İcraçı tərəfindən göndərilmiş olan qaimə fakturaya əsasən ödəniş həyata keçirilmədiyi üçün qeyd olunan məbləğə cərimənin hesablanması üçün hüquqi əsaslar mövcuddur. Belə ki, 2024-cü ilin iyun ayı üçün göndərilmiş olan elektron qaimə fakturada qeyd edilən məbləğə günlük cərimə məbləği hesablandıqda cərimənin məbləği 124 manat təşkil edir. Bunu tərəflər arasında imzalanmış olan müqavilənin 6.2-ci maddəsinin tələblərindən də görmək mümkündür. Belə ki, cərimə məbləği qaimə fakturanın göndərildiyi tarixdən etibarən 5 iş günü keçdikdən sonra hesablanmışdır. Hər bir ay üzrə ay sonunda tərəflər arasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə dair təhvil-qəbul aktı imzalanmışdır. Hal hazırda iddia tələbinin 2024-cü ilin iyun ayı üçün olan hissəsinə dair də tərəflər arasında təhvil-qəbul aktı imzalanmışdır. Bundan başqa 01 iyul 2024-cü il tarixindən 17 iyul 2024-cü il tarixinə qədər müqavilə əsasında qeyd edilən liftlərə texniki xidmətlər göstərilmişdir. Sifarişçi tərəfindən müqavilə öhdəlikləri dəfələrcə pozulduğu və İcraçı ilə texniki xidmət müqaviləsi olduğu halda başqa bir hüquqi şəxsin işə cəlb edilməsi məsələsi iddiaçı tərəfindən müəyyən olunduğu üçün icraçı tərəfindən 17 iyul 2024-cü il tarixində tərəflər arasında imzalanmış texniki xidmət müqaviləsinə xitam verilmişdir. İyul ayı əzində də liftlərə texniki xidmət göstərildiyi üçün həmin ayla bağlı xidmətlərin dair təhvil-qəbuluna dair aktları sifarişçiyə göndərdiykləri halda aktlar Cavabdeh MMC tərəfindən imzalanmadan geri qaytarılmışdır. 17 gün ərzində göstərilmiş xidmətlərin ümumi dəyəri toplam 800 manat (ƏDV xaric) təşkil edir. 2024-cü il iyun və iyul ayı üçün müəyyən edilmiş xidmət haqqının, o cümlədən iyun ayı üçün ödənilməyən xidmət haqqına hesablanmış cərimə məbləğinin ödənilməməsi Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulmasına dəlalət edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 445, 462.1, 442, 445, 462.1-ci maddələrinə istinad olunmuşdur.
3. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, icraçı işi təhvil verdikdən və tərəflər arasında razılaşma protokolunu imzalandıqdan sonra pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı MMC müqavilə bağlandığı andan iyun ayınadək öz öhdəliklərini icra etməmiş və nəticədə liftlərə düzgün qulluq olunmadığı məlum olmuşdur. İddiaçıdan tələb edildikdə isə son olaraq vəziyyətin yaxşı olacağına vədlər versə də, heç bir irəliləyiş etməmiş, müqavilənin şərtlərini pozaraq çoxmənzilli binada yaşayan şəxslərin həyatını təhlükəyə ataraq rəhbərliyin tapşırığı əsasında işgüzar adətlərə sığışmayan şəkildə ərazini tərk etmişlər və liftlər nəzarətsiz qalmışdır. Bundan sonra isə heç biri göstərdiyi xidməti müqavilə üzrə qəbul edilmiş protokol əsasında təhvil verməyən İddiaçı MMC iyun və iyul ayları üzrə xidmət haqqını tələb etmişdir. 22 iyul 2024-cü il tarixindən yeni xüsusi lisenziyalı "xxxx" MMC ilə müqavilə bağlanılmış və liftlərə qulluq olunmağa başlanılmış və şirkətin məsul əməkdaşları çoxmənzilli binada fəaliyyətə başladığı andan liftlərdə qüsur aktı hazırlayıb onlara təqdim etmişdir. Qüsur aktlarında İddiaçı MMC-nin öhdəliklərini icra etmədiyi və çoxmənzilli binanın sakinlərinin ümumi əmlakına (liftlərə) ziyan vurduğu məlum olmuşdur. İddiaçı tərəfdən sənədlər tam əlavə olunmamış, hər bir ayın sonunda işin təhvil alınması ilə bağlı akt tərtib olunmuşdur. İddiaçı MMC-nin təqdim etdiyi sübutda iyun ayının 21,24 və 25-də liftlərə göstərilmiş xidmətlə bağlı tərtib edilmiş akta görə may ayının ödənişləri edilmişdir. İddiaçı bundan sonra dolayı yolla çoxmənzilli binanın liftlərinə xidmət göstərməmiş, keçmiş aylarda ödənilmiş xidmət haqqı tam yerinə yetirməmiş və sonda insanların həyatı təhlükədə qoyaraq heç bir qanuna və işgüzar adətə sığışmayan şəkildə xidməti dayandırmışdır. Bu barədə əvvəlcədən xəbərdarlıq olunması göstərilsə də, iddiaçı bu bəndin tələblərini pozmuşdur. Bundan əlavə olaraq müqavilədə İddiaçı MMC-nin müqaviləyə xitam vermək hüququ tanınmamışdır. İcraçı tərəfindən hər ay hesab/invoice və ona qoşulan sənədlər - hansı sayda liftlərə texniki xidmət və məbləği, lift texniki baxış (aylıq) forması, liftlərə texniki xidmət göstərildiyi haqqında akt (aktda liftin zavod nömrələri və sayı göstərilməklə) təqdim edilib təsdiqləndikdən sonra ödəniş edilmişdir. Sonuncu ödənişlərin edilməməsi səbəbi xidmətin göstərilməməsi və yaranmış texniki nasazlıqlardır. xx.xx.2024-cü il tarixdə bağlanılmış müqavilə üzrə bütün öhdəlikləri müqaviləyə və razılaşdırılmış protokola əsasən qarşılıqlı imzalama yolu ilə xx.xx.2024-cü il tarixinədək ödənişlər edilmişdir. Görülməmiş iş və müqavilə ilə bağlı öhdəliklərini yerinə yetirməmiş iddiaçının ödəniş tələb etməsi heç bir halda qəbul edilməzdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-7029/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən ƏDV daxil 1416 manat məbləğində əsas, 70 manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumunun 35 manatnın əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Hazırda iddiaçı həmin müqavilə üzrə cavabdehə liftlərə texniki xidmətlər göstərməklə müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etdiklərini, cavabdehin isə göstərilmiş xidmətlərə görə xidmət haqqını ödəməməklə sözügedən müqavilə üzrə öhdəliklərini pozduğunu əsas göstərərək 15 yanvar 2024-cü il tarixli AZP019/2024 nömrəli müqavilə üzrə göstərilmiş xidmətlərə görə ƏDV daxil 1888 manat məbləğində xidmət haqqının və ödənişlərin gecikdirilməsinə görə dəbbə pulunun tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olduğunu əsas göstərərək iddianın rədd edilməsini xahiş edir. İddia tələbinin sözügedən müqavilə üzrə iyun ayı üçün ƏDV daxil 944 manat məbləğində xidmət haqqının ödənilməsi hissəsinə münasibətdə məhkəmə təqdim edilmiş sübutları məcmu şəklində qiymətləndirərək hesab etmişdir ki, iddiaçı tərəfindən elektron qaimələr, hesabfakturalar və liftlərə texniki baxış formalarından başqa xidmətlərin göstərilməsi faktını təsdiq edən təhvil-təslim aktları məhkəməyə təqdim edilməsə də, məhkəmə mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə əvvəllər də xidmət göstərilməsi, həmin xidmətlərlə bağlı təhvil-təslim aktları tərtib edilmədən iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilməsi və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər edilməsi, tərəflər arasında xidmətlərin göstərilməsinin elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adətin formalaşmasına dəlalət edir. Həmin müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması və göstərilən səbəbdən xidmətə görə xidmət haqqını ödəməkdən imtina etməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə 2024-cü ilin 6 ayı üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması barədə həmin dövrdə iddiaçıya hər hansı bir formada irad bildirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh mübahisəli xidmətlərin göstərilməsi barədə lift texniki baxış aylıq formalarına imza atmaqla ilkin olaraq göstərilmiş xidmətlərin keyfiyyətində narazılığının olmamasını ifadə etmişdir. Lift texniki baxış aylıq formasını Cavabdeh MMC-nin adından təsdiq edən Ə.İsrafilovun səlahiyyəti olmadan formaları imzalaması ilə bağlı cavabdehin bildirdiyinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə əvvəllər də xidmət göstərilmiş və bununla bağlı tərtib edilən liftlərə texniki baxış formalarını sifarişçi Cavabdeh MMC-nin adından nümayəndəsi kimi Ə.İsrafilov imzası ilə təsdiq etmişdir. Belə olan halda, iddiaçı iyun ayı üçün cavabdehdən ƏDV daxil 944 manat məbləğində xidmət haqqı tələb etməkdə haqlıdır. İş materiallarından eyni zamanda müəyyən edilir ki, iddiaçı mübahisəli müqavilə üzrə iyul ayının 15-nə qədər xidmət göstərilməsinə baxmayaraq tərəflər arasında olan şifahi razılaşmaya istinad edərək həmin ay üzrə xidmət haqqının tam şəkildə ödənilməli olduğunu iddia edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, iyul ayında iddiaçının işçilərinin xidmət göstərdikləri ərazini tərk etdiklərindən həmin hissədə də iddia tələbinin rədd edilməli olduğunu qeyd edir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəmənin hazırlıq iclasında iddiaçının əməkdaşlarının iyul ayında ərazini tərk etmələrinə istinad edərək iddiaçının faktiki xx.xx.2024-cü ilədək liftlərə texniki xidmət göstərməsini dolayısı ilə etiraf etmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş “whatsapp” yazışmalarından görünür ki, 17 iyul 2024-cü il tarixdə iddiaçının nümayəndələri cavabdehə məxsus ərazini tərk etmişdir. İddiaçının hər təqvim ayının yarısını keçdikdən sonra ödənişin tam şəkildə icra edilməli olması ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən şərt müqavilədən və tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən irəli gəlmədiyindən iddiaçı iyul ayının yalnız 15-nə qədər olan hissəsi üçün aylıq xidmət haqqının yarısını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, texniki xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən iyun ayı və iyul ayının yarısı üzrə liftlərə texniki xidmət göstərilməsinə baxmayaraq cavabdeh tərəfindən müvafiq ödəniş edilmədiyindən iddiaçının ƏDV daxil müvafiq olaraq 944 manat və 472 manat olmaqla, cəmi 1416 manat məbləğində borcun tutulması tələbinə dair hissədə iddiası əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 124 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 70 manat müəyyən olunmalıdır.
6. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-7029/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunverciliyin mülki hüquq subyektlərinin bərabərliyi, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki huquqların məhkəmə müdafiəsi prinsiplərinə əsasən müqavilə şərtlərində göstərilən bəndlər əsas götürülməmiş, müqavilə azadlığı pozulmuş, iddiaçının gördüyü işlərin sübutu kimi hansısa bir təsadüfi bir akt əsas götürülərək iddiası qismən təmin edilmişdir. Müqavilə (əqd) şərtlə bağlanılmışdır. Şərt liftlərə göstərilən xidmətə görə məbləğ ödənişidir. Qüsur aktlarından və digər sənədlərdən göründüyü kimi iddiaçı heç bir xidmət göstərməmişdir. Öhdəliyin anlayışından göründüyü kimi bir şəxs digər şəxsə xidmət göstərməli və icra etdiyinin əvəzində tələb etmək hüququ vardır. Xidmət göstərməyən bir şirkətin tələb etmək hüququ da yaranmamışdır. Göründüyü kimi təqdim edilmiş akt heç bir fakta və hala əsaslanmayaraq sübut kimi qəbul edilmişdir. Təqdim edilmiş sübutlar aydınlaşdırılmamış, iddiaçı tərəfin təqdim etdiyi faktiki hallar nəzərə alınsada mənim təqdim etdiyim faktlar araşdırılmamışdır Hər hansı bir akt əsas götürülərək işin təhvil verilməsi ona əsaslanmış həqiqətdə isə heç bir xidmətin göstərilməməsi nəticəsində liftlərin vəziyyəti barədə qüsur aktlarına fikir verilməmişdir. Müqavilənin əsası liftlərə xidmət göstərməkdən ibarət olduğu təqdirdə xidmət göstərmədiyi üçün nəyisə iddia etməsi düzgün deyildir. Qüsur aktları lisenziyalı şirkət tərəfindən tərtib edilmiş işin təhvil-təslimi aktı direktor tərəfindən təsdiq edilməmiş sübut olaraq Cavabdeh MMC-nin işçiləri olmayan şəxslərin imzaları ilə təsdiq edilmiş akt əsas götürülmüşdür. Cavabdeh MMC-nin təqdim etdiyi sənədlər araşdırılmamışdır. Cavabdeh MMC-nin təqdim etdiyi sənədlər fikir verilmədən qərar qəbul olunmuşdur, iddiaçının gətirdiyi əsassız və qanunsuz səbəblər əsas göstərilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Məhkəmə iclasında iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
10. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
11. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. -762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. -762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. -763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. -765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. -770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
12. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, İddiaçı MMC (“İcraçı”) ilə Cavabdeh MMC (“Sifarişçi”) arasında 15 yanvar 2024-cü il tarixli AZP019/2024 saylı texniki xidmət müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən 2024-ci ilin yanvar-may arası dövrdə iddiaçı tərəfindən cavabdehə liftlərə texniki xidmət göstərilmiş və cavabdeh tərəfindən həmin xidmət haqqı ödənilmişdir. Hazırda İddiaçı MMC iyun və iyul ayında da tərəfindən cavabdehə xidmət göstərildiyi halda həmin aylara görə xidmət haqqının ödənilmədiyini əsas göstərərək xidmətin dəyərinin və dəbbə pulunun tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olduğunu əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.
18. Kollegiya ilk növbədə qeyd edir ki, AR Mülki Məcəlləsində xidmət müqaviləsini tənzimləyən normaları nəzərdə tutan xüsusi fəsil yer almadığından xidmət müqaviləsindən irəli gələn hazırkı mübahisəyə oxşar hüquq münasibətləri tənzimləyən podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir. Odur ki, xidmət haqqının tutulması hissəsində iddianın qanuni əsaslarını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələri təşkil edir.
19. İddia tələbinin sözügedən müqavilə üzrə iyun ayı üçün ƏDV daxil 944 manat məbləğində xidmət haqqının ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası sübutları məcmu şəklində qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən elektron qaimələr, hesab-fakturalar və liftlərə texniki baxış formalarından başqa xidmətlərin göstərilməsi faktını təsdiq edən təhvil-təslim aktları məhkəməyə təqdim edilməsə də, mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə əvvəllər də xidmət göstərilməsi, həmin xidmətlərlə bağlı təhvil-təslim aktları tərtib edilmədən iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilməsi və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər edilməsi, tərəflər arasında xidmətlərin göstərilməsinin elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adətin formalaşmasına dəlalət edir. Həmin müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması və göstərilən səbəbdən xidmətə görə xidmət haqqını ödəməkdən imtina etməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilə üzrə 2024-cü ilin 6 ayı üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması barədə həmin dövrdə iddiaçıya hər hansı bir formada irad bildirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh mübahisəli xidmətlərin göstərilməsi barədə lift texniki baxış aylıq formalarına imza atmaqla ilkin olaraq göstərilmiş xidmətlərin keyfiyyətində narazılığının olmamasını ifadə etmişdir. Lift texniki baxış aylıq formasını Cavabdeh MMC-nin adından təsdiq edən Ə.İsrafilovun səlahiyyəti olmadan formaları imzalaması ilə bağlı cavabdehin bildirdiyinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə əvvəllər də xidmət göstərilmiş və bununla bağlı tərtib edilən liftlərə texniki baxış formalarını sifarişçi Cavabdeh MMC-nin adından nümayəndəsi kimi Ə.İsrafilov imzası ilə təsdiq etmişdir. Belə olan halda, iddiaçı iyun ayı üçün cavabdehdən ƏDV daxil 944 manat məbləğində xidmət haqqı tələb etməkdə haqlıdır.
20. İddianın iyul ayı üçün xidmət haqqının tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmənin hazırlıq iclasında iddiaçının əməkdaşlarının iyul ayında ərazini tərk etmələrinə istinad edərək iddiaçının faktiki xx.xx.2024-cü ilədək liftlərə texniki xidmət göstərməsini dolayısı ilə etiraf etmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş “whatsapp” yazışmalarından görünür ki, 17 iyul 2024-cü il tarixdə iddiaçının nümayəndələri cavabdehə məxsus ərazini tərk etmişdir. İddiaçının hər təqvim ayının yarısını keçdikdən sonra ödənişin tam şəkildə icra edilməli olması ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən şərt müqavilədən və tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən irəli gəlmədiyindən iddiaçı iyul ayının yalnız 15-nə qədər olan hissəsi üçün aylıq xidmət haqqının yarısını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, texniki xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən iyun ayı və iyul ayının yarısı üzrə liftlərə texniki xidmət göstərilməsinə baxmayaraq cavabdeh tərəfindən müvafiq ödəniş edilmədiyindən iddiaçının ƏDV daxil müvafiq olaraq 944 manat və 472 manat olmaqla, cəmi 1416 manat məbləğində borcun tutulması tələbinə dair hissədə iddiası əsaslı olduğundan təmin edilməlidir.
21. İddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan və məhkəmə tərəfindən müəyyənləşdirilmiş dəbbə pulu Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri baxımından tənasübsüz surətdə yüksək olmadığından dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-7029/2024 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov