Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-210/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X4, qanuni nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7006/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2024-cü il tarixli AZP017/2024 saylı texniki xidmət müqaviləsi üzrə 1.200 (bir min iki yüz) manat (2024 iyun və iyul ayları) əsas borcun və 216 (iki yüz on altı) manat ƏDV borcunun, 93 (doxsan üç) manat cərimə borcunun, o cümlədən 35,60 (otuz beş manat 60 qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7006/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 929,03 manat əsas borc, 167,22 manat ƏDV, 50 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, ümumilikdə 1176,25 (bir min bir yüz yetmiş altı manat iyirmi beş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7006/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən bəzi məsələlər araşdırılmamışdır. Belə ki, məhkəmə, iddiaçının təqdim etdiyi aktlara əsasən işin təhvil alınması imzalarını araşdırmamış, Cavabdeh MMC-nin belə bir işçisinin olmadığına diqqət etməmişdir. Məhkəmə cavabdeh tərəfindən aktların təsdiqini qeyd etsə də belə bir hüququ olmayan üçüncü bir şəxsin imzalarını qəbul etmişdir. Bundan əlavə şirkətlər arasında olan müqaviləyə və akt forması şirkət rəhbərlərinin imzası, şirkətin möhürü ilə təsdiqləndikdən sonra aylıq ödənişlər edilməli olduğu təqdirdə iş təhvil verilmədiyindən ödəniş olunmamışdır. Müqavilədə aylıq xidmətin sonunda akt əsasında görülən xidmətə görə ödəniş olunması qeyd edilsə də məhkəmə yekunlaşdırılmıyan xidmətə görə iddiaçıya ödəniş edilməsini qət etmişdir. Əlavə olaraq onlar qüsur aktlarını təqdim etsə də məhkəmə bunlara diqqət etməmişdir. Həmin qüsur aktlarında liftlərə xidmət göstərilmədiyi açıq aşkar görsənir. Göründüyü kimi məhkəmənin mövqeyi bu hissədə yanlışdır. Mülki qanunverciliyin mülki hüquq subyektlərinin bərabərliyi, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki huquqların məhkəmə müdafiəsi prinsiplərinə əsasən müqavilə şərtlərində göstərilən bəndlər əsas götürülməmiş, müqqavilə azadlığı pozulmuş, iddaçının gördüyü işlərin sübutu kimi hansısa bir təsadüfi bir akt əsas götürülərək iddiası qismən təmin edilmişdir. Müqavilə (əqd) şərtlə bağlanılmışdır. Şərt liftlərə göstərilən xidmətə görə məbləğ ödənişidir. Qüsur aktlarından və digər sənədlərdən göründüyü kimi iddiaçı heç bir xidmət göstərməmişdir. Öhdəliyin anlayışından göründüyü kimi bir şəxs digər şəxsə xidmət göstərməli və icra etdiyinin əvəzində tələb etmək hüququ vardır. Xidmət göstərmiyən bir şirkətin tələb etmək hüququ da yaranmamışdır. Göründüyü kimi təqdim edilmiş akt heç bir fakta və hala əsaslanmayaraq sübut kimi qəbul edilmişdir. Təqdim edilmiş sübutlar aydınlaşdırılmamış, iddiaçı tərəfin təqdim etdiyi faktiki hallar nəzərə alınsada mənim təqdim etdiyim faktlar araşdırılmamışdır. Qüsur aktları lisenziyalı şirkət tərəfindən tərtib edilmişişin təhvil təslimi aktıdirektor tərəfindən təsdiq edilməmişsübut olaraq Cavabdeh MMC-nin işçiləri olmayan şəxslərin imzaları ilə təsdiq edilmişakt əsas götürülmüşdür. Cavabdeh MMC-nin təqdim etdiyi sənədlər araşdırılmamışdır
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və və qanuni nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.
7. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.;
12. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
13. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
20. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında 15 yanvar 2024-cü il tarixli xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə 2024-cü ilin 15 yanvar tarixindən həmin ilin iyun ayına qədər olan xidmətlərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Materiallarda olan 2024-cü ilin iyun ayı üzrə tərəflər arasında tərtib edilmiş aktlardan görünür ki, iddiaçı tərəfindən həmin ay üzrə cavabdehə məxsus liftlərə göstərilmiş xidmətlər cavabdeh tərəfindən qəbul edilmiş, cavabdehin nümayəndəsi tərəfindən aktlar təsdiq edilmiş, həmin ay üzrə cavabdehə təqdim edilmiş elektron qaimə (600 manat əsas borc, 108 manat ƏDV) hazırkı günədək ödənilməmişdir.
21. Məhkəmə hesab etmişdir ki, iddiaçı 2024-cü ilin iyun ayı üzrə göstərilmiş xidmətlərin müqabilində ƏDV daxil 708 manat vəsaitin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə 2024-cü ilin iyul ayı üzrə ƏDV daxil 708 manat vəsaitin tələb edilməsi hissəsində iddianı qismən əsaslı hesab etmişdir. Belə ki, tərəflərin qanuni təmsilçilərinin məhkəmə iclaslarında verdiyi izahatlardan, habelə cavabdehin yazılı etirazda göstərdiyi xüsusatlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin iyul ayının sonuna qədər deyil, 17 iyul tarixinə qədər xidmət göstərilmiş, əvvəlki ay üzrə göstərilmiş xidmətin dəyəri ödənilmədiyi üçün xidmətlərin göstərilməsi iddiaçının təşəbbüsü ilə dayandırılmışdır. Tərəflər arasında bağlanmış müqavilədə xidmətinin dəyərinin aylıq olaraq ödənilməsi, bir aylıq dəyərinin 600 manat (ƏDV daxil olmadan) olması razılaşdırılmış, texniki xidmət vaxtının 24 saat olacağı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, bu hissədə iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər olan müddət üçün göstərilmiş xidmət haqqı (600 manat / 31 gün * 17 gün; 108 manat / 31 gün * 17 gün ) – 329,03 manat əsas borc, 59,22 manat ƏDV tutularaq iddiaçıya ödənilməlidir.
22. Məhkəmə göstərilmiş xidmətlərin qüsurlu olması barədə cavabdehin yazılı etirazında göstərdiyi dəlili (bu dəlil həm də apellyasiya şikayətində qeyd edilmişdir) əsassız hesab etmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə 2024-cü ilin iyul ayına qədər göstərilmiş xidmətlərdə qüsurların olması ilə iddiaçıya irad bildirilməsini, göstərilmiş xidmətlərin nöqsanlı olması əsası ilə müqaviləni ləğv etmək istədiyini təsdiq edən hər hansı sübut təqdim edilməmiş, 2024-cü ilin iyun ayına qədər aylıq xidmət haqları ödənilmiş, 2024-cü ilin iyun ayı üzrə tərtib edilmiş təhvil aktlarını cavabdehin nümayəndəsi təsdiq etmiş, bundan əlavə, xidmətlərin davam etdirilməsinə cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən son verilmişdir. Cavabdehin etirazında istinad etdiyi hal (xidmətlərin iddiaçı tərəfindən xəbər verilmədən 2024-cü ilin iyul ayının sonlarında dayandırılması, 2024-cü ilin 22 iyul tarixindən liftlərə digər hüquqi şəxs tərəfindən xidmət göstərilməsinə başlanılması) cavabdehin xidmət müqaviləsi üzrə münasibətlərin həmin dövrdə davam etdirilməsində maraqlı olmasını göstərir.
23. Məhkəmə kollegiyası məhkəmənin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir.
24. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə sonuncu təhvil-təslim aktında olan imzanı kimə məxsus olmasını yoxlamamışdır. Halbuki əvvəlki aylar üzrə tərtib edilmiş aktlarda olan imza və soyad sonuncu aktdakı imza və soyadla eynilik təşkil edir.
25. Mülki Məcəllənin 443.9-cu maddəsinə əsasən borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır.
26. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
27. Həmin Məcəllənin (borclunun öz işçilərinin hərəkətləri üçün məsuliyyəti) 456-cı maddəsinə əsasən borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
28. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
29. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
30. Göründüyü kimi yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən cavabdeh öz işçisinin hərəkətləri üçün məsuliyyət daşıyır və işçinin hərəkətləri borclunun hərəkətləri hesab edilir. Həmin aktlarda imzanın cavabdehin işçisinə məxsus olması həm də onunla təsdiq edilmişdir ki, cavabdeh aktlar və invoyslar üzrə müvafiq ödənişlər etmişdir. Ona görə kollegiya hesab edir ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Cavabdehin öz işçisinə qarşı reqress qaydada iddia irəli sürməsi qanunvericiliyə əsasən mümkündür.
31. Bundan başqa şikayətdə məhkəmənin cavabdeh tərəfindən təqdim edilən sənədlərə əhəmiyyət vermədiyi qeyd edilmişdir. Lakin iyul ayında tərtib edilmiş aktda cavabdehin işçisinin imzasının olmaması məhkəmə tərəfindən nəzərə alınmış və iyul ayı üzrə natamam xidmət göstərilməsi müəyyən edilmişdir. Ona görə məhkəmə iddianı qismən təmin etmişdir. Sonuncu imzalı akt cavabdehdən tərəfdən qəbul edilmədiyinə görə və qüsura istinad olunduğuna görə sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh qüsur barədə yalnız iddiaçı iddia qaldırandan sonra mülahizə irəli sürmüşdür. Cavabdeh bu halı sübut edə bilməmişdir.
32. İş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən hesablanmış 93 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
33. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 50 manat müəyyən edilməlidir.
34. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin öhdəliyi qismən icra etməməsi iş materialları ilə təsdiq olunduğundan cavabdehdən dəbbə pulunun tələb edilməsi qanuni və əsaslı olmuşdur.
35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
37. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7006/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.