Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-212/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı kommersiya işi Açar söz: borcun tutulması, tutmanın əmlakalara yönəldilməsi və sair Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı borcun tutulması, tutmanın əmlakalara yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3617/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC-nin hüquqi varisi olduğu “A-Z X4” MMC arasında (cavabdeh həmin hüquqi şəxsin yenidən təşkil edilməsi nəticəsində yaranmışdır) bağlanmış xx.xx.2021-ci il tarixli XMR 081/1221 saylı öhdəliyin icrasının ötürülməsi haqqında razılaşmaya əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi üzrə iddiaçı qarşısında olan öhdəlikləri vergilər daxil olmaqla cavabdehə ötürülmüşdür.
2. Müqavilədə tərəflər qəbul etmişlər ki, “X1” MMC ilə "xxxx" ASC arasında bağlanmış XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin ümumi məbləği 195.000 manat (ƏDV xaric) təşkil edir. xx.xx.2021-ci il tarixinə "xxxx" ASC “X1” MMC-yə XMX 070/0921 saylı xx.xx.2021- ci il tarixli Xidmət müqaviləsi üzrə 50.000 (ƏDV xaric) məbləğində ödəniş etmişdir. Tərəflər razılaşmışlar ki, bu Razılaşmanın 2-ci bəndində qeyd olunmuş ümumi məbləğin qalan hissəsi “X1” MMC-nin müraciəti əsasında 5 (beş) gün ərzində “A-Z X4” MMC tərəfindən “X1” MMC-nin bank hesabına bank köçürmə yolu ilə ödəniləcək. Ödəniş tam həyata keçirildikdən sonra “X1” MMC-nin XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi üzrə "xxxx" ASC-yə qarşı heç bir mal, pul tələbi olmayacaq.
3. “X1” MMC pretenziya qaydasında məktubla "xxxx" ASC-yə və "xxxx" MMC-yə müraciət edərək, borcun ən geci 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASCdən və "xxxx" MMC-dən XMR 081/1221 saylı, 07 dekabr 2021-ci il tarixli öhdəliyin icrasının ötürülməsi haqqında razılaşma və xx.xx.2021-ci il tarixli, 070/0921nömrəli xidmət müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 4.581,61 manat məbləğində əldən çıxmış fayda, XMX 070/0921 nömrəli 06 sentyabr 2021-ci il tarixli xidmət müqaviləsi üzrə 91.632,31 manat məbləğində borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 409,85 manat məbləğində pul vəsaiti, ümumilikdə 96.623,77 manat məbləğində borcun “X1” MMC-nin xeyrinə tutulması, borc tələbinin cavabdehlər "xxxx" ASC-dən və "xxxx" MMC-yə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdehlərin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və “X1” MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və digər səlahiyyətli orqanların üzərinə “X1” MMC-nin cavabdehlərə aid əmlaklarına yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X1” MMC ilə "xxxx" ASC arasında 06 sentyabr 2021-ci il tarixdə 070/0921 saylı xidmət müqaviləsi rəsmiləşdirilmişdir. Müqaviləyə əsasən “X1” MMC "xxxx" ASC-nin sifarişi əsasında 070/0921 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə(lər)də göstərilən işləri icra edir və müvafiq hesabatla birlikdə "xxxx" ASC-yə təhvil verir, "xxxx" ASC isə göstərilən xidmətlərin və işlərin əvəzi olaraq “X1” MMC-yə razılaşdırılmış xidmət haqqını ödəyir. XMX 070/0921 nömrəli 06 sentyabr 2021-ci il tarixli xidmət müqaviləsinin 01 saylı əlavəsinə əsasən ümumi miqdarı 300 ton olan, hər tonun qiyməti 650 manat olmaqla ümumilikdə 195.000 manat, əlavə dəyər vergisi daxil cəmi 230.100 manat Metal Konstruksiya istehsalı və xidməti (Xudat layihəsi) işlərini göstərilən məbləğ hissələrlə mallar istehsal edilərək təhvil-təslim edildikdən (Forma 2 əsasında) və elektron qaimə kəsildikdən sonra 5 bank günü ərzində bank köçürmə yolu ilə ödənilməlidir. Sözükeçən müqavilə tərəflərindən vaxtında və lazımı qaydada icra olunsa da qarşı tərəf müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etməmişdir. Belə ki, "xxxx" ASC-nin “X1” MMC-yə 06 sentyabr 2021-ci il tarixdə 070/0921 saylı xidmət müqaviləsi üzrə öhdəlikləri icra olunmamış qalmaqdadır. Tərəflərindən öhdəliklərin icrası ilə bağlı bağlı tərəfə dəfələrlə şifahi, elektron və yazılı qaydada müraciət etmələrinə baxmayaraq bu günə kimi ödənişlər olunmamışdır. "xxxx" ASC-nin 06 sentyabr 2021-ci il tarixdə 070/0921 saylı xidmət müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq “A-Z X4” MMC ilə “X1” MMC arasında XMR 081/1221 saylı, 07 dekabr 2021-ci il tarixdə öhdəliyin icrasının ötürülməsi haqqında” razılaşma rəsmiləşdirilmişdir. Razılaşmaya əsasən “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi üzrə öhdəlikləri "xxxx" ASC malların təhvil-təslim aktını və elektron qaimə aldıqdan sonra 5 (beş) gün ərzində yerinə yetirməzsə XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi üzrə borc öhdəlikləri vergilər daxil olmaqla “A-Z X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) ötürülür. Tərəflər eyni zamanda qəbul ediblər ki, “X1” MMC ilə "xxxx" ASC arasında bağlanmış XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin ümumi məbləği 195.000 manat (ƏDV xaric) təşkil edir. xx.xx.2021-ci il tarixinə "xxxx" ASC “X1” MMC-yə XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə 50.000 manat (ƏDV xaric) məbləğində ödəniş etmişdir. Tərəflər öz imza və möhürləri ilə təsdiqləyərək razılaşıblar ki, Razılaşmanın 2-ci bəndində qeyd olunmuş ümumi məbləğin qalan hissəsi “X1” MMC-nin müraciəti əsasında 5 (beş) gün ərzində “A-Z X4” MMC tərəfindən “X1” MMC-nin bank hesabına bank köçürmə yolu ilə ödəniləcək. Ödəniş tam həyata keçirildikdən sonra “X1” MMC-nin XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə "xxxx" ASC-yə qarşı heç bir mal, pul tələbi olmayacaq. "xxxx" ASC 06 sentyabr 2021-ci il tarixli, 070/0921 saylı xidmət müqaviləsi üzrə öhdəliklərinin icrası məqsədi ilə “X1” MMC-yə xx.xx.2021-ci il tarixdə 9.000 və 50.000 manat, xx.xx.2021-ci il tarixdə isə 50.000 və 9.000 manat, cəmi 118.000 manat ödəniş icra etmişdir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olduğu və icranın borclu tərəfindən gecikdirilməsi ona görə yol verilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edildiyi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunan banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərdiyi və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum etdiyini, buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq, əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3617/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh2 MMCdən 91.632,31 məbləğində borc, 4.581,61 manat məbləğində faiz, cəmi 96.213,92 manat məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “X1” MMC-yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “X1” MMC ilə cavabdeh "xxxx" ASC arasında XMX 070/0921 saylı xx.xx.2021-ci il saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı “X1” MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayına kimi "xxxx" ASC-yə ümumilikdə (ƏDV daxil) 209.632,31 manat dəyərində metal konstruksiya istehsalı işlərini yerinə yetirmiş, həmin işlərin müqabilində "xxxx" ASC tərəfindən ƏDV daxil 118.000 manat ödəniş edilmişdir.
8. Məhkəmə araşdırması zamanı həmçinin o da müəyyən edilmişdir ki, "xxxx" ASCnin iddiaçı ilə aralarında bağlanmış XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə borc öhdəliklərini “A-Z X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürülməsi barədə “X1” MMC ilə “A-Z X4” MMC arasında 07 dekabr 2021-ci il tarixli XMR 081/1221 saylı razılaşma imzalanmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, XMX 070/0921 saylı xx.xx.2021-ci il saylı xidmət müqaviləsi iddiaçı “X1” MMC ilə cavabdeh "xxxx" ASC arasında bağlansa da sonradan həmin müqavilə üzrə öhdəliklərinin icrası “A-Z X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürülmüşdür.
10. Əvvəlki borclu "xxxx" ASC-nin həmin müqaviləyə razılığının alınmaması və göstərilən əsasla həmin müqavilənin etibarsız olması barədə cavabdeh "xxxx" MMC-nin istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi “kreditor ilə bağlanmış müqavilə” əsasında öhdəliyinin verilməsi zamanı əvvəlki borclunun razılığının alınmalı olması qanunvericilikdə nəzərdə tutulmamışdır. İkincisi, məhkəmə iclasında verdiyi izahatlarında "xxxx" ASC-nin nümayəndəsi dəfələrlə öhdəliyin verilməsi barədə müqavilənin bağlanmasına şifahi razılıq verdiklərini təsdiq etmiş, üçüncü, əvvəlki borclunun razılığının alınmalı olduğu təqdirdə alınmaması əsası ilə müqavilənin etibarlılığı yalnız hüququ pozulması ehtimal olunan şəxs, yəni "xxxx" ASC tərəfindən mübahisələndirilə bilərdi.
11. Məhkəmə qeyd etmişdir ki, “X1” MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış razılaşma əsasında "xxxx" ASC-nin “X1” MMC-yə qarşı mübahisəli xidmət müqaviləsi üzrə borc öhdəliyi "xxxx" MMC-yə verilmiş, nəticədə "xxxx" MMC mübahisəli hüquq münasibətində əvvəlki borclu Zəyəm Texnologiyalar Parkı” ASC-ni əvəz etmişdir.
12. Məhkəmə iddia tələbinin cavabdeh "xxxx" ASC-yə qarşı olan hissəsinə münasibətdə qeyd etmişdir ki, "X1” MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış razılaşmada borcun elektron qaimələr göndərildikdən sonra sonra 5 gün ərzində yerinə yetirmədiyi halda ödənilməmiş öhdəliyin "xxxx" MMC-yə ötürülməsi (verilməsi) nəzərdə tutulmuş və həmin razılaşmada öhdəlik verildikdən sonra əvvəlki borclu "xxxx" ASC-nin öhdəliyin icra edilməməsinə görə birgə və ya subsidiar məsuliyyət daşımalı olması barədə şərt yer almamışdır. Beləliklə, "xxxx" ASC-nin öhdəlik verildikdən sonra hazırkı tələb üzrə borclu olaraq qalması Mülki Məcəllənin öhdəliyin verilməsini tənzimlənən normaları ilə istisna edilməklə yanaşı tərəflərin razılaşmasında da nəzərə tutulmamışdır.
13. Məhkəmə iddianın 91.632,31 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 4.581,61 manat məbləğində faizin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, xidmət haqlarının ödənilməsi öhdəliyini qəbul etmiş cavabdeh "xxxx" MMC-nin həmin öhdəliyin icrasını 1 ildən çox müddətə gecikdirdiyindən iddiaçı “X1” MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə bir illik müddət üçün (91.632,31x5%) 4.581,61 manat məbləğində pulun ödənilməsini "xxxx" MMC-dən tələb etməkdə haqlıdır.
14. İddia tələbinin digər hissəsinə, yəni borc tələbinin cavabdehlər "xxxx" ASC-dən və "xxxx" MMC-yə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdehlərin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və “X1” MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və digər səlahiyyətli orqanların üzərinə “X1” MMC-nin cavabdehlərə aid əmlaklarına yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia əsassız olduğundan iddia rədd edilməlidir.
15. Məhkəmə həmin tələbin "xxxx" ASC-yə qarşı hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin cavabdehə münasibətdə borcun tutulması tələbinə dair iddia rədd edildiyindən borcun "xxxx" ASC-nin əmlaklarına yönəldilməsi hissəsində də iddia əsassız olmaqla rədd edilməlidir.
16. Məhkəmə həmçinin bildirmişdir ki, "xxxx" MMC-yə münasibətdə qeyd edilməlidir ki, iddiaçı “X1” MMC iddia ərizəsində "xxxx" MMC-yə qarşı borc tələbinin sonunculara məxsus əmlaka yönəldilməsini xahiş etsə də, borc tələbinin göstərilən əmlakların hesabına ödənilməsi ilə bağlı üstün hüquqa malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də göstərilən halları məhkəmə baxışı zamanı sübuta yetirməmişdir.
17. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı “X1” MMC hazırkı borc tələbinin Cavabdeh2 MMC-nin əmlakları hesabına ödənilməsi ilə bağlı digər kreditorlara nisbətən üstün hüquqa malik olmadığından həmin borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3617/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş iddia ərizəsinin "X5" MMC-yə münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnamədə istinad etdiyi öhdəliyin icrasının ötürülməsi haqqında razılaşmada borclu şəxsin, "xxxx" ASC-nin iradəsi hər hansı formada ifadə olunmamışdır. Belə ki, istinad edilən razılaşma yazılı şəkildə bağlanılmış, Cavabdeh2 MMC və iddiaçı “X1” MMC tərəfindən imzalanmış və möhürlənmişdir. "xxxx" ASC-nin hüquqi şəxs olmasına baxmayaraq, nümayəndəsi sonradan şifahi şəkildə razılaşma ilə razılaşdığını bildirmişdir. Buna baxmayaraq, iddiaçı razılaşma bağlanıldığı tarixdən, yəni 07 dekabr 2021-ci il tarixindən sonra da Cavabdeh2 MMC-yə deyil, sadəcə "xxxx" ASC-yə EBBO seriyalı, 737893 nömrəli, 24 dekabr 2021-ciil tarixli 59.490,82 manat dəyərində və EBBS seriyalı, 447522 nömrəli, 05 mart 2022-ci il tarixli 15.643,73 manat dəyərində xidmətlərin göstərilməsinə görə elektron qaimələr təqdim etmiş və "xxxx" ASC isə öz növbəsində həmin elektron qaimələri qəbul etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öhdəliyin ötürülməsi zamanı borclunun iradəsinin zəruriliyi ilə bağlı öz mövqeyini aydın formada bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd etmişdir ki, “...Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş “borc başqa şəxsə keçirildikdə” ifadəsi borclunun öz iradəsi ilə əsas müqavilə üzrə hüquq və öhdəliklərini başqa şəxsə keçirməsi halını ehtiva edir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, müqavilə üzrə borclunun hüquq və vəzifələrinin üçüncü şəxsə keçirilməsi borclunun iradəsi və kreditorun buna razılıq verməsi ilə baş verir”. Məhkəmə sadəcə razılaşmaya istinad edərək, xidmət müqaviləsi üzrə iddia edilən borc məbləğinin xidmət xüqaviləsinin tərəfi olmayan, hər hansı bir xidmət sifariş etməyən və hər hansı formada xidmət müqaviləsindən faydalanmamış Cavabdeh2 MMC tərəfindən ödənilməsinə dair qətnamə qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
22. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 522.1-ci maddə- kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddə- əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.3-cü maddə- icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. 522.4-cü maddə- borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. 522.5-ci maddə- kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. 355.2-ci maddə- razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. 445.2-ci maddə- öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
23. Qətnamə cavabdeh "xxxx" MMC tərəfindən qismən – iddianın "xxxx" MMC-yə münasibətdə təmin edilən hissəsində mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
24. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3617/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh "xxxx" MMC-nin hüquqi varisi olduğu “A-Z X4” MMC-nin iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli “Öhdəliyin icrasının ötürülməsi haqqında” müqavilə əsasında iş üzrə cavabdeh "xxxx" MMC digər cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçı qarşısında olan öhdəliyini icra etməyi öz üzərinə götürmüşdür.
26. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən maddi hüquq pozuntusuna yol verildiyini, MM-nin 522-ci maddəsinin tələbinin nəzərə alınmadığını qeyd edir və mövqeyini belə əsaslandırır ki, öhdəliyin ötürülməsi barədə müqavilə bağlanarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iradə ifadəsi olmadığından müqavilə MM-nin 522-ci maddənin tələblərinə uyğun bağlanmadığı üçün etibarsız əqddir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslı olmaqla işə baxmış məhkəmə tərəfindən maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. Belə ki, cavabdehin istinad etdiyi MM-nin 522-ci maddəsində öhdəliyin ötürülməsi barədə müqavilə bağlanarkən borclunun deyil, kreditorun buna icazəsinin olması müqavilənin etibarlılığını müəyyən edən mühüm şərt kimi nəzərdə tutulmuşdur.
28. Hazırkı halda ötürülən öhdəlik "xxxx" Açıq Səhmdar Cəmiyyətinin öhdəliyi olduğundan həmin öhdəlik münasibətində kreditor “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur ki, öhdəliyi qəbul etmiş üçüncü şəxslə müqavilə də bilavasitə kreditorla bağlandığından müqavilə MM-nin 522-ci maddəsinin tələblərinə uyğun bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə məhkəmə tərəfindən etibarsız əqd kimi hüquqi qiymət verilməsi üçün qanuni əsaslar mövcud deyil.
29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3617/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3617/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.