Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-214/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı podrat müqaviləsi üzrə borcun və zərərin tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1483/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əsas borc olaraq 854.577 manat, gecikdirilmiş vaxt üçün 10,682 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin İddiaçı bank hesabına və yaxud nəğd şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə onunla Cavabdeh arasında 19/003 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında yerləşən 27 və 28-ci binalarda görülmüş işlərin ödənişi olaraqCavabdeh ona 854.577 manat məbləğində pul borcludur. 2019-cu ilin dekabr ayının son günlərində sözügedən müqavilə ilə nəzərdə tutulmuş işlər tərəfindən başa çatdırılmışdır. Daha sonra tərəfindən cavabdehə borcun ödənilməsinə görə dəfələrlə şifahi və pretenziya şəklində müraciətedilməsinə baxmayaraq cavabdeh tərəf hələ də öz öhdəliyini yerinə yetirməmişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1483/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən görülmüş işlərə dair aktın cavabdeh tərəfindən imzalanmamasına istinad etmişdir. Halbuki məhkəməyə müqavilə və ödənilən pullarla bağlı qaimələr təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş işlərin bir qisminin görülməsi ilə bağlı şirkət mənə ödəniş etmişdir və bu qaimələrlə sübut olunur. Lakin, birinci instansiya məhkəməsi, qərarda cavabdehin vəkilinin dediklərinə istinad edir. Vəkilin dediyinə görə mən müqavilə üzrə heç bir iş görməmişəm. Məhkəmə yalan izahatlara istinad edərək, sübutlara tam qiymət vermədən, əlavə sübutlar toplamadan qətnamə qəbul etmişdir. Mənim sözügedən müqavilə üzrə nəzərdə tutulmuş işləri yerinə yetirməyim, həmçinin. orada rəhbərliyim altında işləmiş onlarla fəhlə tərəfindən təsdiq edilə bilər İddiaçı məhkəmə iclasında apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1483/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən kserosurəti məhkəməyə təqdim edilmiş Cavabdeh MMC ilə bağlanmış 19/003 saylı xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu -8 ünvanda 27, 28 və 29 saylı yaşayış binalarında daxili rəngsaz işləri və mərmər, qranit, keramik tavacıqlar, pilləkən-döşəmə üzlüklərinin quraşdırılması xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş qarşılıqlı təsdiq edilmiş akt və icraçı tərəfindən təqdim edilən elektron qaimə əsasında həyata keçirilir. İddiaçı tərəfindən Yasamal rayonu, Xarici Dairəvi yolu -8 ünvanda 28-ci binada 275.819 manat məbləğində, 27-ci binada 578.758 manat məbləğində işlərin görülməsinə dair 2020-ci ilin yanvar ayında Görülmüş işlərin qəbulu barədə” tərtib edilmiş aktlar Cavabdeh MMC tərəfindən təsdiq edilməmişdir. İddiaçı pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdehin nümayəndəsi iddiaya və ya apelyasiya şikayətinə etirazında iddiaçı tərəfindən Yasamal rayonu, Xarici Dairəvi yolu -8 ünvanda yerləşən 27, 28 saylı binalarda hər hansı iş görülmədiyini, bütün işlərin cavabdehin özü tərəfindən görüldüyünü göstərmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İddiaçı tərəfindən məhkəməyə iddianın əsası kimi istinad edilmiş 19/003 saylı xx.xx.2019-cu il tarixli müqavilənin əsli təqdim edilməmişdir. Həmin müqavilənin mövcudluğu cavabdeh tərəfindən qəbul edilmədiyindən qeyd edilən sübutun əslini və müqavilənin icrası ilə bağlı sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı iddia tələbin əsasları ilə bağlı birinci instansiya məhkəməsinə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş aktlar cavabdeh tərəfindən təsdiq edilmədiyindən iddia tələbinin əsaslı olduğunu təsdiq edən sübut kimi qəbul edilə bilməz. Apelyasiya şikayətində iddiaçı tərəfindən məhkəməyə müqavilə üzrə həyata keçirilmiş ödənişlərlə bağlı qaimələr təqdim edildiyi qeyd edilsə də, qeyd edilən sübutlar iş materiallarında mövcud deyil. İşə apelyasiya qaydasında baxılarkən isə iddiaçı görülmüş işlərin dəyərinin 854.577 manat təşkil etdiyini, işlərin 3-4 il ərzində görüldüyünü, işlərin görülməsinə görə cavabdeh tərəfindən üç mənzil təqdim edildiyini, mənzillərin satışından 147.000 manat pul götürdüklərini göstərmişdir. Halbuki iddia ərizəsində xx.xx.2019-cu il tarixli müqavilə əsasında işlərin görülməsinin 2019-cu il dekabr ayının sonlarında başa çatdığı, müqavilə üzrə hər hansı ödəniş edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işdəki sübutlar iddiaçının tələbinin təmin edilməsi üçün yetərli olmadığından iddianın rədd edilməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1483/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1483/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-214/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-214/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver