Məhkəmə qərarları › İş №2-2(103)-217/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-217/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-217/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı "İddiaçı» MMC-nin Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC) «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1936/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı "İddiaçı» MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 120.055,95 manat əsas borc, xx xxxx 2020ci il tarixdə elektron qaimə və pretenziya göndərilən gündən iddia ərizəsinin məhkəməyə təqdim olunan günə qədər ödənişin gecikdirildiyi hər gün üçün 120,056 manat olmaqla hesablanmış cərimənin, həmin borcun ödənilməməsinə görə 2 faiz bəndi əlavə edilməklə bank uçot dərəcəsi ilə 7+2=9 faizi həcmində olan 10.805,36 manat pulun, illik 5 faizin və 6 aylıq müddəti üçün 1205,60 manat ziyanın və ona əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddianın əsaslarına görə “xxxx” QSC (sifarişçi) ilə Cavabdeh MMC (podratçı) arasında Ləki-Qəbələ dəmir yolun çəkilişi ilə bağlı müqavilə bağlanmış, daha sonra bu sonuncu ilə iddiaçı (subpodratçı) arasında xx xxxxxxx 2019-cu il tarixində ESA/2019 saylı icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə icarə xidmətləri göstərilmiş, nəticədə sonuncunun subpodratçıya 120.055,95 manat məbləğində borcu yaranmış, lakin həmin borcu təsdiq edən aktları təsdiq etməmiş, ödəməkdən imtina etmiş, ona göndərilmiş xx.xx.2020-ci il tarixli elektron qaimə və pretenziya nəticəsiz qalmışdır. Halbuki, “Azərbaycan xxxx” QSC-nin 337/2 nömrəli xx xxxx 2020-ci il tarixli cavab məktubuna əsasən Cavabdeh MMC Ləki-Qəbələ dəmiryol xəttinin tikintisinin həyata keçirilməsi məqsədi ilə cavabdehlə icarə müqaviləsi imzalamış və müqavilə üzrə icarəyə götürülən nəqliyyat vasitələrinə aid ödənişlər vaxtlı-vaxtında ödənilərək tam icra edilmiş və cavabdehə heç bir borcu qalmamışdır. İcarə müqaviləsinə əsasən xidmətlər 2019-cu ilin dekabr ayından başlanılmış və 2020-ci ilin mart ayına qədər görülmüşdür. İcarə müqaviləsinin 2.4-cü bəndinə əsasən borcun ödənişinin gecikdirilməsinə görə hər gün üçün 0.1 faiz həcmində cərimə ödənilməsi razılaşdırılmışdr. İşlərin görülməsində ərizəyə əlavə edilən sürücülər və nəzarətçilər iştirak etmişdir və həmin işlərin görülməsində istifadə edilmiş nəqliyyat vasitələrinə GPS vasitəsi ilə nəzarəti tərəflər arasında bağlanılmış xidmət müqaviləsinə əsasən maraqlı şəxs “xxxx” MMC tərəfindən aparılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1936/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının təmin edilməsini, 120.055,95 manat əsas borc, hər gecikdirilmiş gün üçün 1%, yəni, 120,056 manatdan olmaqla, cəmi, 17 gün üçün (17x120,056) 2020,95 manat həcmində cərimə, borc ödənilməməsinə görə 9 faiz həcmində olan (120055,95x9%) 10805.36 manat bank uçot faizi, əsas borcun ödənilməməsinə görə illik 5 faiz həcminin, 6 aylıq müddəti üçün 1205,60 məbləğində ziyanın və əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumun, ümumilikdə 134.117,86 manat (120055,95+2020,95+10805,36+1205,60+30) məbləğində pulun cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsinixahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi qeyri-qanuni və əsassızdır. Belə ki, xx xxxxxxx 2019-cu il tarixli, ESA/2019-cu il tarixli icarə müqaviləsinə əsasən yükdaşıma xidmətinin aparılması (çaydan qum, çınqıl daşı) işləri 2019 dekabr - 2020-ci ilin mart ayının sonuna qədər görülmüşdür. Tərəflər arasında bağlanılmış icarə müqaviləsinə əsasən işlərin görülməsi nəticəsində bu günkü günə Cavabdeh MMC-nin subpodratçı İddiaçı MMC-yə 120.055,95 manat borcu yaranmışdır ki, podratçı ona göndərilən həmin borcun olmasını təsdiq edən aylar üzrə görülmüş işlərin üzləşmə aktlarını təsdiq etməkdən yayınmış və könüllü surətdə borcu ödəməkdən imtina etmişdir. Həmin aylar üzrə görülmüş işlərin üzləşmə Aktlarını təsdiq etməkdən yayınmış və könüllü surətdə borcu ödəməkdən imtina etmişdir. Üzləşmə aktlarının sonradan tərtib olunaraq cavabdehə təqdim edilməsi əsasına cavab olaraq bildiririk ki, işlər həyata keçirildikdən sonra, cavabdehin təyin etdiyi səlahiyyətli nümayəndəsi tərəfindən həmin işlər faktiki olaraq təhvil alınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən şəxslər də, həqiqətən işlərin həm İddiaçı MMC-nin, həm də Cavabdeh MMC-nin nümayəndələrinin nəzarəti altında həyata keçirildiyini təsdiq etmişlər. Lakin, birinci instansiya məhkəməsi qeyd edilən xüsusata düzgün hüquqi qiymət verməmişdir.İşlərin görülməsi ona görə dayandırılmadan davam etdirilmişdir ki, cavabdeh nümayəndəsi vastəsilə (Şöhrət müəllim) bizə sifarişçi xxxx QSC-dən vəsait daxil olmadığından borcu həmin zaman ödəyə bilmədiyini, lakin vəsait daxil olan kimi birdəfəlik görülmüş işlərə görə borcun ödəniləcəyini bildirmiş, İddiaçı MMC də layihənin dövlət əhəmiyyət olmasını nəzərə alaraq, görülmüş işləri 2020-ci ilin mart ayın sonuna qədər davam etdirmişdir. Mart ayının sonunda isə cavabdehin yaranmış borcları ödəmək fikrinin olmadığını gördüyündən, cavabdehə pretenziya və aylar üzrə tərtib edilmiş aktları rəsmi qaydada tərtib edərək təsdiq edilməsi üçün göndərmişdir. Bundan əlavə, cavabdehə borc barədə elektron qaimə göndərilmiş və elektron qaydada 5 gün ərzində borc təsdiq edilərək öhdəlik yaranmışdır. İşlərin görülməsində tələbə əlavə edilən sürücülər, nəzarətçilər Ceyhun və Şahin iştirak etmiş və həmin işlərin görülməsində istifadə edilmiş nəqliyyat vastələrinə GPS vastəsilə nəzarəti tərəflər arasında bağlanılmış xidmət müqaviləsinə əsasən maraqlı şəxs “xxxx” MMC tərəfindən aparılmışdır. GPS vastələrinə nəzarət barədə məlumatlar ərizəyə əlavə edilmişdir. Lakin məhkəmə həmin sübutları standartlara uyğun olmamasını hesab edərək mötəbər sübut hesab etməmişdir. Şikayətə əlavə edilən, dövlət tərəfindən verilmiş uyğunluq sertifikatına əsasən “xxxx” MMC tərəfindən aparılmış GPS nəzarəti standartlara cavab verməsini sübut edir. Həmin GPS məlumatları və məhkəmədə nümayəndənin verdiyi ifadə ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən 2019-cu ilin dekabr ayından - 2020ci ilin mart ayına qədər işlər fasiləsiz olaraq görülmüşdür. Bundan əlavə, məhkəmədə ifadə vermiş şahidlərin ifadələri ilə də təsdiq edilmişdir ki, 2019-cu ilin dekabr ayından - 2020-ci ilin mart ayına qədər işlər fasiləsiz olaraq görülmüş və işlərin görülməsinə nəzarətçilər Ceyhun və Şöhrət vastəsilə nəzarət edilmiş və nəqəliyyat vastələrinə onlar vastəsilə yaranmış nasazlıqlar aradan qaldırılmış və işlərin görülməsi dayandırılmamışdır. Cavabdehin 7 ədəd texnika alaraq işlərin görülməsinə əlavə ehtiyac yaranmasına gəldikdə isə məhkəmədə cavabdeh həmin texnikaların İddiaçı MMC-nin gördüyü işlər ərazisində istifadə edilməsi barədə sübutları məhkəməyə təqdim etmədiyindən bu sübut etirazın əsası kimi istinad etdiyi halları subut etmir. Birinci instansiya məhkəməsi isə öz növbəsində kobud hüquq pozuntusuna yol verərək, əsassız olaraq, cavabdehin əlavə texnika almasını İddiaçı MMC tərəfindən öhdəliklərin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirmiş, beləliklə işin faktiki halları ilə təsdiq eidlməyən, qərəzli və absurd nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərəflərin izahatlarını digər subutlarla düzgün yoxlamamış və qiymətləndirməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq göstərmişdir ki, 2020-ci ilin yanvar ayında icarə xidmətlərinə görə 25.000 manat ödəniş edilmiş, lakin iddiaçı tərəfindən təqdim edilən texnika yararsız olduğuna və keyfiyyətsiz xidmət göstərildiynə görə sonrakı ödənişlərdən imtina olunmuş və cavabdeh öz texnikası hesabına işələri görmüşdür. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs «xxxx» MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin («MPM») 135.5, 135.8, 376.2ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, icarəyə verən İddiaçı MMC və icarəçi Cavabdeh MMC arasında xx xxxxxxx 2019-cu il tarixdə bağlanmış maşın və mexanizmlərin icarə müqaviləsinə əsasən icarəyə verən müqavilədə qeyd edilən Kamaz 61115 və Volvo FMX markalı özüboşaldan yükdaşıyan avtomobillərini icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş 1 ədəd Kamaz 61115 markalı özüboşaldan yükdaşıyan avtomobili aylıq 18 faiz ƏDV ilə birlikdə 4130 manat, Volvo FMX markalı özüboşaldan yükdaşıyan avtomobili aylıq 18 faiz ƏDV ilə birlikdə 5310 manat icarə haqqını ödəməyi öhdəsinə götürmüşdüür Həmin müqavilənin: - 2.2-ci bəndinə əsasən, icarəçi icarə haqqını icarəyə verənə, tərəflərin qarşılıqlı razılığı ilə müqavilə hüquqi qüvvəyə mindiyi gündən hər ayın sonuna qədər icarəyə verənin təqdim etdiyi hesab faktura əsasında, bank hesabına köçürmək üsulu ilə və ya nağd şəkildə ödəməyi öhdəsinə götürür. -2.3-cü bənində əsasən, ödəniş hər ayın axırı təhvil təslim aktlarına əsasən ödənilməlidir. - 2.4-cü bəndinə əsasən, icarəçi icarə haqqını gecikməyə yol verdiyi təqdirdə, hər gecikdirilmiş gün üçün ödəniş gecikdirilmiş məbləğin 0.1 faiz həcmində cərimə ödəyir. Cərimənin ödənilməsi icarəçini ödəniş etmək öhdəliyindən azad etmir. İddia ərizəsindən və apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, iddiaçı tərəfindən cavabdehə Ləki-Qəbələ dəmir yolunun çəkilişi ilə ələaqədar xx xxxxxxx 2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər iddiaçı tərəfindən cavabdehə icarə xidmətləri göstərilmiş, lakin görülmüş icarə xidmətlərinə dair iddiaçı tərəfindən tərtib edilib təsdiq edilmiş aktlar cavabdeh tərəfindən təsdiq olunmamışdır. Həmin aktlarla isə görülən icarə xidmətlərin həcmi aşağıdakı kimidir: -xx.xx.2019-cu il tarixli akt üzrə 2019-cu ilin dekabr ayında 25 ədəd texnikanın aylıq icarəsinə görə icarə haqqı 37.903,29 manat, ƏDV-si 6.822,59 manat, cəmi 44.725,88 manat; - xx.xx.2020-ci il tarixli akt üzrə 2020-ci ilin yanvar ayında 23 ədəd texnikanın aylıq icarəsinə görə icarə haqqı 68.714,23 manat, ƏDV-si 12.368,56 manat, cəmi 81.082,79 manatdır. - xx.xx.2020-ci il tarixli akta əsasən 2020-ci ilin fevral ayında 23 ədəd texnikanın aylıq icarəsinə görə haqqı 20.124,82 manat ƏDV 3.622,46 manat, cəmi, 23.747,28 manat. Beləliklə də ümumilikdə qeyd edilən üç ay üzrə ƏDV daxil, ümumi borcun həcmi - 149.555,95 manat təşkil edir. İşdən görünür ki, həmin borcun 17.700,00 manat (1500,00 manat icarə haqqı+2700,00 manat ƏDV) məbləğində olan hissəsi xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən, 11.800,00 manat (10.000,00 manat+1800,00 manat ƏDV) məbləğində olan hissəsi isə xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən cavabdeh tərəfindən ödənilmişdir və bu işin mübahisələndirilməyən halını təşkil edir. Lakin cavabdeh, iddiaçı ilə aralarındakı yaranmış həmin işgüzar adətə zidd olaraq, növbəti dəfə, iddiaçının ona göndərdiyi 120.055,96 (149.555,95-17.700) manat məbləğində qalan borcuna dair xx.xx.2020-ci il tarixli elektron qaiməni qəbul etsə, ona heç bir etirazını bildirməmiş, həmin məbləğin ödənilməsi tələbi ilə bağlı iddiaçının ona ünvanladığı xx xxxx 2020-ci il tarixli pretenziya məktubuna da münasibət bildirilməmiş, məhkəmə mübahisisə zamanı icarəyə götürülmüş avtomaşınların yararsız və keyfiyyətsizliyini və işləri öz texnikası hesabına görməsi ilə bağlı mübahisələr açmağa başlamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 saylı, xx xxxx 2017-ci il tarixli "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 3.9-cü bəndinə əsasən, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Cavabdehin nümayəndəsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq məhkəmə kollegiyası qneyd edir ki, həmin dövr ərzində iddiaçı tərəfindən icarə xidmətlərin qüsurları ilə bağlı hər hansı iradlər bildirilməmiş, bununla bağlı məhkəməyə sübutetmə vasitələri də təqdim olunmamış, əksinə, qeyd olunanlardan göründüyü kimi, iki elektron qaimə üzrə iddiaçının icarə xidmətlərinin dəyərini ödəməklə, borcunu etiraf edən hərəkətlərini nümayiş etdirmişdir. Eyni zamanda, iş materiallarında olan digər sübutlara əsasən də cavabdehin nümayəndəsinin qeyd olunan dəlillərinin əsassız olduğu sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə üçüncü şəxs “xxxx” MMC arasında bağlanmış xx xxx 2017-ci il tarixində bağlanmış xidmət müqaviləsinə və ona əlavə olunmuş, hər bir icarəyə verilən avtomaşının marşrutunu ehtiva sxematik görüntülərə, eləcə də üçüncü şəxsin xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən nümayəndəsi X3 məhkəməyə verdiyi izahatına əsasən müəyyən olunur ki cavabdehin icarəsinə verilmiş nəqliyyat vastələrinin hər birinə GPS quraşlırılaraq onlar üzərində 2019cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər nəzarət həyata keçirilmiş, hər günün və ayın sonunda iddiaçıya hesabatlar təqdim edilmişdir. Avtomaşınların oradan təsadüfən keçməsinə münasibət bildirən nümayəndə həmçinin məhkəməyə bildirmişdir ki, bu mümkünsüzdür. Çünki, avtoavtomaşınlar iddiaçının Bakı şəhərində yerləşən qarıjına məxsusdur və onların saat neçədə işə çıxması, benzin sərf etməsi, nə qədər yol qət etməsi ilə bağlə sənədlər iddiaçıya təqdim olunmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsində xx xxxxxx 2020-ci il tarixli iclasında şahid qismində dindirilən şahidlər X1 və X2 mübahisələndirilən dövrdə Ləki-Qəbələ dəmir yolunun tikintisi zamanı orada çalışdıqlarını və icarəyə verilmiş avtomaşınların fəaliyyət göstərdiyyini təsdiq etmişlər. Məhkəmə kollegiası qeyd olunan sübutlarla müəyyən edilən halları mötəbər məlumatlar kimi qiymətləndirir. Çünki, ən azından cavabdehin həmin məlumatları təkzib edə bilən sübutları və arqumentləri mövcud deyil. Sonuncunun istinad etdiyi ona məxsus yeddi ədəd avtonəqliyyət vasitəsi ilə bağlı işə əlavə olunmuş sənədlərə (qeydiyyat şəhadətnamələri və s) gəldikdə isə həmin avto-nəqdliyyat vasitələrinin dəmiryol tikintisində istfadə olunduğuna dair hər hansı bir sənəd-sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdehin sfarişi əsasında Ləki-Qəbələ dəmir yolu tikintisində 2019-cu ilin dekabr ayından - 2020-ci ilin mart ayına qədər fasiləsiz olaraq yükdaşıma məqsədəli ilə öz avtomaşınları ilə icarə xidmətləri göstərmiş, üzərinə düşən müqavilə öhdəliyini yerinə yetirmişdir. Lakin cavabdeh bunun müqabilində ona göstərilmiş həmin icarə xidmətlərindəyərini ödəməmiş, müqavilə öhdəliyini pozmuşdur. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinin tələbinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə də qanunun qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının göstərdiyi icarə xidmətlərinə görə ƏDV daxil, 120.055,95 manat (101742,34 icarə haqqı + 8.313,62 manat ƏDV) əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası iddiaçının dəbbə pulu hissəsində isə iddia tələbi ilə qismən razılaşır. Belə ki, tərələr arasında bağlanmış icarə müqaviləsinin 2.4-cü bəndinə əsasən icarəçi icarə haqqını gecikməyə yol verdiyi təqdirdə, hər gecikdirilmiş gün üçün ödəniş gecikdirilmiş məbləğin 0.1 faiz həcmində cərimə ödənilməsi nəzərədə tutulmuşdur. İddiaçının iddia tələbindən və onun apellyasiya şikayətinin qeyd olunan dəlillərinə əsasən müəyyən olunur ki, 0,1% hesabı ilə hər gecikdirilmiş gün üçün 120,056 manatdan hesablanmaqla 17 günə görə cərimə ödənilməsini tələb etmişdir. İş materiallarından həqiqətən də görünür ki, mübahisəlndirilən əsas borcun ödəniləmsinə dair elektron qaimənin xx.xx.20220-ci il tarixində təqdim edildikdən 17 gün sonra məhkəmədə iddia qaldırılmışdır. Hər gecikdirilmiş gün üçün 120,056 manatdan hesablandıqda olmaqla, 17 günə hesablanan cərimənin məbləği 2040,95 manat təşkil edir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası cərimə məbləğini əsas borcun 10 faizinə qədər azaldılmasını hər iki tərəfin əsaslı mənafeyinə uyğun sayır. Ona görə də iddiaçının cərimə tələbini - 120.055,95 manat məbləğində əsas borcun 10 faizi miqdarında, yəni, 1200 manat həddində müəyyən olunmasını əsaslı sayır. İddiaçının 9 faiz bank uçot dərəəsi ilə hesablanmış 10.1205,60 manat məbləğində pul tələbi, habelə 6 ay müddət üçün 1205 manat məbləğində ziyan tələbi ilə razılaşmır. Çünki həmin hissələrində də iddia tələbləri əsaslandırılmamışdır. İddianın illik 5 faizin ödənilməsi tələbinə gəldikdə isə həmin hissədə də iddia əsaslı hesab oluna bilməz. Çünki, sonuncu elektron qaimənin verildiyi gündən 17 gün sonra iddia qaldırılmışdır. İkincisi, Mülki Məcəllənin 445.7-ci maddəsi digər əsaslardan çıxış edərək daha yüksək məbləğ tələb edilməsi mümkün olmadığı halda, illik beş faizin ödənilməsini nəzərdə tutur. İddiaçı isə konkret halda, başqa əsaslardan çıxış edərək, hər gecikdirilmiş hər günə görə 0,1 faiz miqdarında cərimə ödənilməsini tələb etmişdir. Beləliklə də müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş və məhkəmənin gəldiyi nəticə işdə olan sübutlara uyğun deyildir. MPM-in 385.1-ci maddəsi isə nəzərdə tutur ki, həmin hallar apellyasiya qaydasında həmin qətnamənin ləğv olunması üçün əsasdır. Ona görə də məhkəmə kollegiyası iddiçının apellyasiya şikayətinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1936/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi və cavabdehdən iddiaçının xeyrinə 120.055,95 manat əsas, 1200 manat cərimə borcunun, habelə, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq 24 manat məbləğin tutulması, qalan hissələrində iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "İddiaçı» MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1936/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən iddiaçı "İddiaçı» MMC-nin xeyrinə 120.055,95 manat əsas, 1200 manat cərimə borcu və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumuna görə 24 manat tutulsun. Qalan hissələrində iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar