Məhkəmə qərarları › İş №2-2(103)-217/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-217/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-217/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdehlər Cavabdeh MMC-yə və Cavabdeh MMC-nin Kürdəmir, Ucar, Qazax, Ağstafa, Gədəbəy filiallarına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X10 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4843/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC (icraçı) müvafiq olaraq (sifarişçilər) X3 ilə 23 saylı, X9 ilə 32 saylı, X8 ilə 23, 24, 25, 26, 61, 62, 63, 64, 65, 66, 67, 69 saylı, X4 ilə 18, 20/1, 22, 53, 54, 55, 56, 57, 58 saylı və X5 ilə 31, 59, 60 saylı 19.11-xx.xx.2013-ci il tarixləri əhatə edən dövr ərzində müxtəlif dəyərlərdə işlərin görülməsi barədə baş podrat müqavilələri bağlanmışdır.

2. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən icraçı göstərilən tikinti işləri əsasında öz gücü hesabına müqavilələrdə nəzərdə tutulan işlərin (daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün kabel və quraşdırma işlərinin görülməsi və s.) görülməsini və onun sifarişçi təşkilatın nümayəndəsinin iştirakı ilə təhvil verilməsi öhdəliklərini öz üzərinə götürür.

3. 2.2-ci bəndinə əsasən görüləcək xidmətlərin dəyəri işin gedişi zamanı işlərin qəbulu aktları əsasında dəqiqləşdiriləcək.

4. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini Cavabdeh MMC-nin 12 may 2020-ci il tarixli 34, 41, 57, 58 və 70 saylı əmrləri ilə Cəmiyyətin hüquqi şəxs olmayan struktur bölmələri olan Gədəbəy, Kürdəmir, Ucar, Ağstafa və X1 bazasında Cəmiyyətin müvafiq olaraq Gədəbəy, Kürdəmir, Ucar, Ağstafa və Qazax filialları yaradılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh MMC-yə və Cavabdeh MMC-nin Kürdəmir, Ucar, Qazax, Ağstafa, Gədəbəy filiallarına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh MMC-dən və Cavabdeh MMC-nin Kürdəmir filialından müqavilə üzrə ödənilməli olan 25.160 manat məbləğində, cavabdehlər Cavabdeh MMC-dən və və Cavabdeh MMC-nin Ucar filialından müqavilə üzrə ödənilməli olan 32.067,92 manat məbləğində, cavabdehlər Cavabdeh MMC-dən və Cavabdeh MMC-nin Qazax filialından müqavilə üzrə ödənilməli olan 166.995,14 manat məbləğində, cavabdehlər Cavabdeh MMC-dən və Cavabdeh MMC-nin Ağstafa filialından müqavilə üzrə ödənilməli olan 286.797,16 manat məbləğində, cavabdehlər Cavabdeh MMC-dən və Cavabdeh MMC-nin Gədəbəy filialından müqavilə üzrə ödənilməli olan 64.093,45 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, X4 ilə bağlanmış 19, 20 və 21 saylı müqaviləyə əsasən rayonun Həsənsu kəndində; 21 saylı müqaviləyə əsasən Sadıxlı kəndində, 16, 17, 18 saylı müqaviləyə əsasən Köçəsgər kəndində, X8 ilə bağlanmış 23, 24, 25 saylı müqaviləyə əsasən rayonun Çaylı kəndində, 26 saylı müqaviləyə əsasən Daş- Salahlı kəndində, X5 ilə bağlanmış, 31 saylı müqaviləyə əsasən rayon mərkəzində, X7 ilə bağlanmış, 28 və 29 saylı müqaviləyə əsasən rayonun Qasım- İsmayılov kəndində, 30 saylı müqaviləyə əsasən Qaralar kəndində, X2 ilə bağlanmış, rayonun Qızılburun kəndində 34 saylı müqaviləyə əsasən, Muğan kəndində 35 saylı müqaviləyə əsasən, X6 ilə bağlanmış, rayonun kənd EATS-ləri üzrə daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün kabel və quraşdırma işləri görərək, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmişlər. Sifarişçi təşkilat gördükləri işləri bəyənərək, 2013-cü ilin dekabr ayında, F-2, F-3 və işin təhvilqəbul aktları ilə işləri təhvil götürmüşdür. 8 ildən artıq vaxt keçməsinə baxmayaraq, yuxarıda göstərilən telekommunikasiya qovşaqları, görülmüş işlərin dəyərinin ödənilməsi barədə müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Halbuki aralarında bağlanmış müqavilələrin şərtlərinə əsasən sifarişçi təşkilat müqavilədə göstərilmiş məbləğin 50%-ni əvvəlcədən ödəməli idi. Dəfələrlə rayonlarda olub Telekommunikasiya Qovşaqlarının rəisləri ilə görüşüb, görülmüş işlərin dəyərinin ödənilməsini tələb etmişlər. Onlar isə hər dəfə müxtəlif bəhanələr gətirərək Cavabdeh MMC-nin rəhbərliyinin dəyişməsi və ya Baş Prokurorluqda müvafiq araşdırmanın aparılması və onun nəticələrinin gözləməklərini bildirmişlər. Göründüyü kimi, sözügedən bir cox müqavilələr üzrə tərəflərindən bütün öhdəliklər tam olaraq icra olunsa da, icra etdikləri işlərin dəyəri bu günədək ödənilməmişdir. Digər müqavilələr üzrə isə işlərin 50%-i görülmüşdür. Hazırkı vaxtadək məhkəməyə müraciət etməməklərinin səbəbi hər dəfə onlara yaxın zamanlarda pulun ödənilməsini təmin olunacağı barədə verilmiş vədlər olmuşdur. Cavabdehlər tərəfindən həmin pulun ödənilməməsi səbəbindən cəmiyyətin işgüzar fəaliyyətinə çox ağır zərbə vurulmuş, cəmiyyətin maliyyə vəziyyəti iflic vəziyyətinə düşmüşdür.

7. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərinin ödənildiyini, iddiaçıya borclarının olmadığını, eyni zamanda təqdim edilən təhvilqəbul aktlarının 2013-cü ilə aid olduğunu, borc məbləği üzrə iddia müddətinin iddiaçı tərəfindən buraxıldığını qeyd edərək, iddia müddətinin tətbiqi barədə verdiyi ərizənin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4843/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

9. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

15. Həmin Məcəllənin 380.1-ci maddəinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

16. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

17. Həmin Məcəllənin 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.

18. Mülki Məcəllənin 43.1-cü maddəsinin tələblərinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

19. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

20. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.

21. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın:

23. 1.2-ci bəndinə görə elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir;

24. 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir;

25. 2.2-ci bəndinə görə elektron qaimə-fakturada həmin fakturanın verilməsi əsası (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.) əks etdirilməldir;

26. 3.7-ci bəndinə görə vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaiməfakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyihalda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.

27. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd dilməlidir.

30. Belə ki, kollegiya ilk növbədə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən podrat müqavilələri üzrə borcun tutulması barədə iddia Cavabdeh MMC ilə yanaşı Cavabdeh MMC-nin Kürdəmir, Ucar, Qazax, Ağstafa, Gədəbəy filiallarına qarşı da yönəldilmişdir.

31. Mülki Məcəllənin 43.1, 44.1, 53.2 və 53.3-cü maddələrinin məzmunundan da göründüyü kimi hüquqi şəxsin filialı onun struktur bölməsi olmaqla hüquqi şəxs statusuna malik deyil. Filial hüquqi şəxs olmadığından onun özünəməxsus mülki hüquq qabiliyyəti yoxdur, yəni o, müstəqil olaraq həyata keçirdiyi mülki hüquqlara, o cümlədən öz əmlakına, eləcə də hüquqi şəxs tərəfindən onun balansına verilmiş əmlak üzərində sərəncam vermək hüququna malik deyil, eləcə də müstəqil olaraq mülki vəzifələr, o cümlədən müqavilə öhdəliklərini icra etmək vəzifəsi daşımır. Filial mülki dövriyyədə müstəqil şəkildə iştirak edə bilmədiyindən filialın fəaliyyəti nəticəsində əldə olunan bütün hüquqlar filialın aid olduğu hüquqi şəxsə məxsusdur, eləcə də yaranan bütün öhdəliklər həmin hüquqi şəxs tərəfindən icra edilməlidir.

32. Hazırkı işdə podrat müqavilələrində tərəf qismində Cavabdeh MMC-nin Kürdəmir, Ucar, Qazax, Ağstafa, Gədəbəy telekommunikasiya qovşaqları göstərilsə də, qovşaqlar həmin müqavilələri mülki dövriyyənin müstəqil iştirakçısı qismində deyil, Cavabdeh MMC-nin struktur bölmələri qismində, yəni Cavabdeh MMC-nin adından bağlamışlar.

33. Odur ki, həmin müqavilələr üzrə sifarişçi tərəfin öhdəliklərini icra etməli olan şəxs Cavabdeh MMC-dir. Telekommunikasiya Qovşaqlarının bazasında yaradılmış Cavabdeh MMC-nin Kürdəmir, Ucar, Qazax, Ağstafa, Gədəbəy filialları isə hazırkı iddiaya cavab verməli şəxslər olmadıqlarından onlara münasibətdə iddia rədd edilməlidir.

34. Həmçinin kollegiya hesab edir ki, Cavabdeh MMC-yə aid hissədə də iddia rədd edilməlidir.

35. Belə ki, xx.xx.2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən Ucar rayonu Bağman kəndinin daxili telefon şəbəkəsinin və birləşdirici FO-8 kabel xəttinin çəkilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 32.067,92 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir.

36. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

37. 27.11.2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Qazax rayonu Daş-Salahlı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 23.156,32 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir.

38. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

39. 26.12.2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Qazax rayonu Çaylı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 45.399,56 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir.

40. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

41. 26.12.2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Qazax rayonu Çaylı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 20.650 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir.

42. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

43. 2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Ağstafa rayonu Vurğun EATS-dan Həsənsu EATS-a birləşdirici magistral FO-12 kabelinin çəkilişi və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 10.919,10 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir.

44. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

45. 28.11.2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Ağstafa rayonu Sadıxlı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 39.659,45 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir.

46. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

47. 2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Ağstafa rayonu Köçəsgər kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 39.111,57 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir.

48. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

49. 28.11.2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Ağstafa rayonu Köçəsgər kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 36.430,97 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir.

50. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

51. 2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Gədəbəy rayon Mərkəzinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 38.637,45 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir.

52. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

53. İddiaçı mübahisəli podrat müqavilələrinə əsasən cavabdeh üçün işlərin görülməsini və görülmüş işlərə görə cavabdehlərin onlara borcunun mövcud olmasını sübuta yetirmək üçün 2013-ci ilin noyabr-dekabr ayları üzrə Ucar rayonunun Bağman kəndinin daxili telefon şəbəkəsinin və birləşdirici FO-8 kabel xəttinin çəkilməsi üçün 32.067,92 (18% ƏDV daxil) manat dəyərində, Qazax rayonu Daş-Salahlı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün 23.156,32 (18% ƏDV daxil) manat dəyərində, Qazax rayonu Çaylı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün 45.399,56 (18% ƏDV daxil) manat dəyərində, Qazax rayonu Çaylı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün 20.650 (18% ƏDV daxil) manat dəyərində, Ağstafa rayonu Vurğun EATS-dan Həsənsu EATS üçün birləşdirici magistral FO-12 kabelinin çəkilişi üçün 10.919,10 (18% ƏDV daxil) manat dəyərində, Ağstafa rayonu Sadıxlı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün 39.659,45 (18% ƏDV daxil) manat dəyərində, Ağstafa rayonu Köçəsgər kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün 39.111,57 (18% ƏDV daxil) manat dəyərində, Ağstafa rayonu Köçəsgər kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün 36.430,97 (18% ƏDV daxil) manat dəyərində tikinti və quraşdırma işlərinin və Gədəbəy rayon Mərkəzinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün 38.637,45 (18% ƏDV daxil) manat dəyərində tikinti və quraşdırma işlərinin yerinə yetirilərək təhvil verilməsinə dair təhvil-təslim aktlarını, eləcə də ƏDV daxil 9.651,30 manat dəyərində görülmüş işlərə (Altıağac-Xızı EATS-ları arasında FO- 12 kabelinin çəkilişi) dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 678928 saylı; ƏDV daxil 256.253,18 manat dəyərində görülmüş işlərə (tikinti işləri) dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 678378 saylı və ƏDV daxil 75.933 manat dəyərində görülmüş işlərə (Ucar rayonu Qaracallı kənd EATS daxili xətt şəbəkəsinin tikintisi) dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 678467 saylı elektron qaimələri məhkəməyə təqdim etmişdir.

54. Kollegiya ilk olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında sözügedən elektron qaimələrin 2013-cü ildə bağlanmış müqavilələr üzrə tərtib edilib-edilməməsini, eləcə də həmin qaimələrin məhkəməyə təqdim edilmiş təhviltəslim aktlarında qeyd olunmuş işlərlə bağlı tərtib edilib-edilmədiyini, yəni qaimələrin ümumiyyətlə hazırkı mübahisəyə aid olub-olmadığını müəyyən etmək mümkün deyil.

55. Digər tərəfdən həmin elektron qaimələrin tərəflər arasında bağlanmış müqavilələr üzrə görülmüş və təhvil-təslim aktları ilə əhatə olunmamış işlərlə bağlı tərtib edildiyi ehtimal edilsə belə, iddiaçı həmin elektron qaimələrdə qeyd edilmiş işlərin həqiqətən də görülməsinə dəlalət edən əlavə sübutları (təhvil-təslim aktlarını, qaimələr üzrə qismən ödəniş edilməsi barədə sənədləri və s.) məhkəməyə təqdim etməmişdir.

56. Bununla bağlı kollegiya qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3, 2.2, 3.7-ci bəndlərinin məzmunundan göründüyü kimi elektron qaimə-fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir.

57. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

58. Odur ki, hazırkı halda iddiaçının təqdim etdiyi elektron qaimələr əsasında işlərin görülməsinə dair hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktları və ya digər ilkin sənədlər durmadığından həmin qaimə-fakturalar müvafiq qaimələrdə göstərilmiş işlərin görülməsi faktının təsdiq edilməsi üçün kifayət etmir.

59. Bununla yanaşı iş materiallarında olan və yuxarıda təsvir olunan təhvil-təslim aktlarına əsasən iddiaçı "xxxx" MMC tərəfindən mübahisəli podrat müqavilələri üzrə Cavabdeh MMC-nin X9 (hazırda Ucar filialı) üçün 32.067,92 manat məbləğində, Cavabdeh MMC-nin X8 (hazırda Qazax filialı) üçün 89.205,88 manat məbləğində, Cavabdeh MMC-nin X4 (hazırda Ağstafa filialı) üçün 126.121,09 manat məbləğində və Cavabdeh MMC-nin X5 (hazırda Gədəbəy filialı) üçün 38.637,45 manat məbləğində işlərin görüldüyü müəyyən edilir, həmin işlərin dəyərinin cavabdeh tərəfindən ödənilməsini təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir.

60. Göründüyü kimi X9 üçün görülmüş işlərə görə 32.067,92 manat, X8 üçün görülmüş işlərə görə 89.205,88 manat, X4 üçün görülmüş işlərə görə 126.121,09 manat və X5 üçün görülmüş işlərə görə 38.637,45 manat məbləğində borcun Cavabdeh MMC-dən tutulması hissəsində iddia əsaslı hesab edilə bilər.

61. Bununla yanaşı kollegiya hesab edir ki, həmin hissədə də iddia təmin edilə bilməz.

62. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının ödənilməsini tələb etdiyi borc 2013-cü ilin noyabr-dekabr aylarında görülərək təhvil verilmiş işlərə görə yaranmışdır.

63. Göründüyü kimi iddiaçının istinad etdiyi hallara əsasən iddia müddətinin axımı da həmin tarixdən başlanmışdır.

64. Müqavilələrdə görülmüş işlərin dəyərinin ödənilməsi öhdəliklərinin icrası müddətinin nəzərdə tutulmaması, bu halda isə iddia müddətinin axımının iddiaçının hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu gündən hesablanmalı olması barədə iddiaçının dəlilləri isə əsassızdır.

65. Belə ki, mülki qanunvericiliyin tələblərinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır.

66. Odur ki, hazırkı halda iddia müddətinin axımı iddia müddətinin axımı iddiaçının öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi vaxtdan – yəni iddiaçı tərəfindən görülmüş işlər cavabdehə təhvil verildiyi andan (sonuncu təhviltəslim aktı xx.xx.2013-cü il tarixlidir), yəni ən geci 2013-cü ilin dekabrın 28-dən başlamalıdır.

67. Hazırkı iddia ərizəsi isə 18 avqust 2022-ci il tarixdə, yəni sonuncu təhvil-təslim aktı tarixindən hesablandıqda təxminən 8 il 8 ay keçdikdən sonra verilmişdir.

68. Halbuki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

69. Göründüyü kimi iddiaçı tərəfindən həmin maddədə göstərilən 3 illik iddia müddəti ötürülmüşdür.

70. Eyni zamanda, hazırki işdə iddia müddətinin axımının kəsilməsi halı da müəyyən edilmir.

71. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ərzində cavabdehin etirafedici hərəkətlər edilməsi ilə bağlı hallara istinad edilməmiş və sübutlar təqdim edilməmişdir.

72. İddiaçının istinad etdiyi hallar, yəni xx.xx.2018-ci il tarixli elektron qaimələrə görə cavabdeh tərəfindən həmin tarixdə ödənişlərin edilməsi isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur.

73. Belə ki, əvvəla yuxarıda da qeyd edildiyi kimi nə sözügedən qaimələrin 2013-cü ildə bağlanmış mübahisəli podrat müqavilələri üzrə görülmüş işlərlə bağlı tərtib edilməsi, nə də həmin elektron qaimələr üzrə hər hansı ödəniş edilməsi barədə sübutlar təqdim edlməmişdir.

74. Odur ki, həmin qaimələrin borcu etirafedici hərəkət kimi qəbul edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.

75. Bundan əlavə həmin qaimələr borcu etirafedici hərəkət kimi qəbul edilsə belə, bu hərəkət iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır.

76. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinin mənasına görə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur.

77. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır.

78. Mülki Məcəllənin 383-cü maddəsi də qanunun bu şəkildə təfsirini təsdiq edir.

79. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, X9 üçün görülmüş işlərə görə 32.067,92 manat, X8 üçün görülmüş işlərə görə 89.205,88 manat, X4 üçün görülmüş işlərə görə 126.121,09 manat və X5 üçün görülmüş işlərə görə 38.637,45 manat məbləğində borcun Cavabdeh MMC-dən tutulması barədə iddia tələbi iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

80. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4843/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Məmməd Məmmədov

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar