Məhkəmə qərarları › İş №2-2(103)-221/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-221/2022

24.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-221/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh2 ASC-yə və Cavabdeh1 qarşı əqdlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-154/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə və qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanıldığı qeyd olunan və Cavabdeh1 tərəfindən imzalanan 20.11.2007-ci il tarixli üzləşmə aktının, 02.05.2007-ci il tarixli 1 nömrəli, 18.01.2008-ci il tarixli 2 nömrəli və 06.01.2011-ci il tarixli 2 nömrəli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.04.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın 2-2(103)-803/2021 nömrəli iş üzrə 23.06.2021ci il tarixli qərardadı ilə apellyasiya şikayəti, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmədiyi üçün, qeyri-mümkün hesab edilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi KK-nın 2-2(102)-384/2021 nömrəli iş üzrə 05.10.2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi KK-nın 23.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı 19.04.2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.11.2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Qərardadın əsaslarına görə, “İddiaçı-nin nümayəndəsi Vəkil tərəfindən apelyasiya şikayəti 25.05.2021-ci il tarixdə “Qumru-D” adlı sürətli (gün ərzində çatdırılma nəzərdə tutulur) poçta təhvil verilmiş və həmin sənəd 2 gün gecikməklə 27.05.2021-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə təhvil verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 23.06.2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və həmin qərardad 25.06.2021-ci il tarixdə imzalanmışdır. İddiaçı-nin nümayəndəsi Vəkil Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-154/2021 nömrəli, 19.04.2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayət verilməsi üçün buraxılmış müddətin bərpası ilə 29.06.2021-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. ... Göründüyü kimi apelyasiya şikayətinin verilməsinin son müddəti 24.05.2021-ci il tarix olsa da, apelyasiya şikayəti 1 gün, Bakı Apelyasiya Məhkəməsinin qərardadından isə sonra 4 gün gecikməklə (ərizənin verilmə tarixi) verilmişdir.” Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.12.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin verilməsinin son müddəti 24.05.2021-ci il tarix olsa da, apelyasiya şikayəti 1 gün gecikməklə verilmişdir. Məhkəmə nəzərə almamışdır ki, prosessual müddətin axımı hadisənin baş verməsindən, yəni məhkəmə aktının verildiyi gündən deyil, sonrakı gündən başlanır. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. İşdən görünür ki, iş üzrə qətnamə 24.04.2021-ci il tarixdə iddiaçının vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. MPM-in:

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İstinad olunan normaların tələbinə görə, iş üzrə qətnamədən apellyasiya şikayəti vermə müddəti 25.04.2021-ci il tarixdə başlamaqla, 25.05.2021-ci il tarixdə, iş günündə, saat iyirmi dörddə başa çatmışdır. MPM-in 129.3-cu maddəsinə əsasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İşdə olan, “Qumru-D” Ekspresin 393131 nömrəli qaiməsindən məlum olur ki, apellyasiya şikayəti 25.05.2021-ci il tarixdə həmin poçt təşkilatına təhvil verilmiş, bununla da apellyasiya şikayəti ilk dəfə müddət ötürülmədən verilmişdir. MPM-in: 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İddiaçı qərardadı aldıqdan sonra qısa müddətdə yenidən apellyasiya şikayəti vermiş, həmin şikayət elektron kabinet vasitəsilə təqdim edilmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, müddətin buraxılması üzrlü səbəblərdən baş verdiyi üçün, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 133, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-154/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilsin. İddiaçının Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-154/2021 nömrəli iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilsin. Buraxılmış müddət bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar